Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-67/2023 31.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlu, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru X2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında, 4 fevral 1995-ci il tarixdə Qusar rayonunun Piral kəndində anadan olmuş, Qusar rayonunun Piral kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maddi texniki təminat bölüyünün təsərrüfat taqımının səhra camaşırxanasının rəisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 20 noyabr 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Hyundai” markalı, “Tucson” modelli, “** BJ ***” dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonunun Piral kəndindən Qusar şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin «Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər» tələbini, habelə həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni «Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» kimi tələblərini kobud surətdə pozaraq Qusar-Həzrə yolunun 9-cu kilometrliyində Qusar rayonunun Hil kəndinin ərazisindən keçərkən 60 km/saat sürətlə hərəkət etməli olduğu halda 70 km/saat sürətlə hərəkət edərək yolun döngəli və eniş olan hissəsində idarəetməni itirmiş, bu zaman avtomobil sola tərəf istiqamətlənib əks hərəkət zolağına çıxaraq qarşıdan gələn, yəni Həzrə kəndi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21070” markalı, “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxsaylı qapalı sınıqları, sol ağciyər və qaraciyər toxumalarının cırılıb dağılması” xəsarətlərini alaraq ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam olaraq təqsirli bilərək göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər kimui 20 noyabr 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus “Hyundai” markalı, “Tucson” modelli, “** BJ ***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı Qusar rayonunun Piral kəndindən saatda 70 kilometr sürətlə Qusar şəhəri istiqamətində, Qusar-Həzrə yolunun 9-cu kilometrliyində hərəkət edən zaman 250-300 metr məsafədə qarşıdan saatda 60-70 kilometr sürətlə hərəkət edən “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini görüb özünü itirmiş, “Vaz 21070” markalı avtomobilin arxasında isə təxminən 100 metr məsafədə “Hyundai” markalı, “HD-78” modelli, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili də Həzrə kəndi istiqamətində hərəkətdə olmuş, “Vaz 21070” və “Hyundai” markalı hər iki avtomobil yolun onlar üçün müəyyən edilmiş hissəsində hərəkət etmiş, yol eniş olduğundan və döngəni döndüyünə görə özünü itirmiş, bu zaman idarə etdiyi avtomobilin yarısından çox hissəsi əks hərəkət zolağına çıxmış, həmin vaxt həyəcanlı olduğundan əyləci basmamış, avtomobili kənara çəkməmiş, həmin vaxt əyləci basıb avtomobili kənara çəkmək üçün kifayət qədər imkanı olsa da həyəcandan və özünü itirdiyi üçün əyləci basmamış, “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, hadisə vaxtı görüş bucağı aydın olmuş, “Vaz 21070” markalı, habelə digər hər hansı avtomobil onun avtomobillə hərəkətinə hər hansı maneçilik törətməmiş, idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, idarəetməni itirdiyindən qəzanın qarşısını ala bilməmiş, hadisə baş verdikdən dərhal sonra sol tərəfində ağrı hiss etmiş, qəzadan sonra hadisə yerində qalmış, ağrıdan hərəkət edə bilməmiş, təcili tibbi yardım maşını ilə o biri avtomobilinin sürücüsü xəstəxanaya aparılmış, sonra o da təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs göstərilən cinayətin törədilməsində təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, 20 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən qəzadan öncə, yəni Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasından öncə Təqsirləndirilən şəxs ilə oğlunun və onun arasında hər hansı tanışlığı və münasibəti olmamış, hadisədən bir müddət sonra bu barədə məlumatı olmuş, 27 aprel 2022-ci il tarixdən Zərərçəkmiş şəxs “Vaz 21070” markalı avtomobili idarə etmiş, həmin tarixdən etibarən Zərərçəkmiş şəxs avtomobillə əlaqədar hər hansı şikayəti olmamış və avtomobil saz vəziyyətdə olmuşdur. Şahid göstərmişdir ki, o, 20 noyabr 2022-ci il tarixdə saat 16 radələrində “Unimak” tikinti şirkəti tərəfindən etibarnamə ilə ona təhkim olunmuş “Hyundai” markalı, “HD-78” modelli, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda 40-50 kilometr sürətlə Qusar şəhərindən Həzrə kəndi istiqamətində hərəkət etmiş, həmin yolun 9-cu kilometrliyində hərəkət edən zaman idarə etdiyi avtomobili saatda 60-70 kilometr sürətlə “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili eyni istiqamətdə ötüb heç bir avtomobilə, habelə digər yol hərəkət iştirakçılarına mane olmadan öz hərəkət zolağına qayıdaraq Həzrə kəndi istiqamətində təxminən eyni sürətlə yolunu davam etdirmiş, həmin vaxt “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə aralarında 100 metrə yaxın məsafə olmuş, həmin avtomobil öz yolu ilə hərəkətini davam etdirmiş, “Vaz 21070” markalı avtomobil onu ötmə əməliyyatı ilə keçdikdən sonra başqa ötmə əməliyyatı həyata keçirməmiş və aralarında hər hansı avtomobil olmamış, qəflətən “Vaz 21070” markalı avtomobilin hərəkətdə olduğu yerdə toz-duman qalxdığını görmüş, sürətini azaldıb hadisə yerinə yaxın dayanaraq avtomobilindən enmiş, qəza baş verən yerə gəldikdə “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Vaz 21070” markalı avtomobilin toqquşması nəticəsində “Vaz 21070” markalı avtomobilin sürücüsünün gözləri açıq formada avtomobildə sıxılıb qaldığını və xırıltılı səslə nəfəs aldığını görmüş, “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün isə hadisənin şokunda olduğunu görmüş, “Tucson” modelli avtomobilin sürücüsü qəza baş verdikdən sonra hadisə yerini tərk etməmiş, hadisə vaxtı Qusar şəhəri istiqamətdinə gedən yolda, yəni “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxasında hər hansı avtomobil olmamış, “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı və ”Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində hadisə baş verən zaman sürücüdən başqa avtomobildə hər hansı şəxs olmamışdır. Bir müddət sonra təcili tibbi yardım avtomobili ilə “Vaz 21070” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü xəstəxanaya aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən təqdim edilmiş 20 noyabr 2022-ci il tarixli 79 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xarici müayinə zamanı bədənin çoxsaylı yara və sıyrığı, sol diz sümüyü, sol bud sümüyü və sağ diz qapağının açıq qəlpəli sınıqları, daxili müayinəsi zamanı isə boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxsaylı qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağciyərin toxumasına qansızma, qaraciyərin toxumasının cırılıb dağılması xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir ki, baş verməsi 20 noyabr 2022-ci il tarixinə uyğun gəlir. Xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır, həmin xəsarətlərin qərarda göstərilən yol-nəqliyyat qəzası nəticəsində, yəni 20 noyabr 2022-ci il tarixdə alınması mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş avtoqəza zamanı döş qəfəsinin travmasından qabırğaların hər iki tərəfdən çoxsaylı sınması nəticəsində sol ağciyərin toxumasının və qaraciyərin cırılıb dağılmasından törənən kəskin daxili qanaxma olmuş, ölümü 20 noyabr 2022-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən təqdim edilmiş 24 noyabr 2022-ci il tarixli, 1005 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sağ gözün bayır bucağında qançır, sol aşağı ətrafda qamış sümüyünün bayır kondilusunun qapalı xətti sınığı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 20 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 fevral 2023-cü il tarixli 8/346 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Hyundai” markalı, “Tucson” modelli, “** BJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin «Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər» tələbinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən 13 fevral 2023-cü il tarixli 9/749 nömrəli ekspert rəyindən görünür ki, X5 məxsus 2006-cı il buraxılışlı, qara metallik rəngli, “Vaz 21070” markalı, “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada 5000 (beş min) manat müəyyən edilmiş, avtomobilin salamat qalmış hissələri qeyd olunan avtomobilin dəyərinin təxminən 10 faizini təşkil etməklə zədələnmə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 4500 (dörd min beş yüz) manat olaraq müəyyən edilmişdir. AZ-İİ seriyalı 314599 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs “Ağciyərin digər travmaları” səbəbindən 20 noyabr 2022-ci il tarixdə ölmüşdür. 20 noyabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş hadisə sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Qusar-Həzrə yolunun 9-cu kilometrliyində Qusar rayonu istiqamətindən Həzrə kəndi istiqamətində baş vermiş, hava müsbət 8 dərəcə selsi temperaturda və günəşli olmuş, yol-nəqliyyat hadisəsinin baş vermə yeri yaşayış məntəqəsi (Qusar rayonunun Hil kəndi) olmuş, yolun örtüyü asfalt, örtüyün vəziyyəti quru olmuş, yol örtüyünün eni 6 metr, hərəkət zolaqlarının sayı 2, işlək hissənin eni 6 metr olmuş, toqquşan avtomobillərin sayı 2 olmaqla hadisədən öncə “Hyundai” markalı “Tucson” modelli avtomobil Qusar şəhəri istiqamətində, “Vaz 21070” markalı avtomobil Həzrə kəndi istiqamətində hərəkətdə olmuş, toqquşma yeri “Vaz 21070” markalı avtomobilin hərəkətdə olduğu zolaqda baş vermiş yolda işıq dirəkləri mövcud olmamışdır. Hadisə yerində tormozlanma izləri mövcud olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2021-ci il tarixli 370 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2021-ci il tarixli, 018əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün (Q4) operatoru (avtomobil xidmətinin) vəzifəsindən azad edilərək həmin hərbi hissənin maddi texniki təminat bölüyünün təsərrüfat taqımının səhra camaşırxanasının rəisi vəzifəsinə təyin edilmiş, N dekabr 2021-ci il tarixdən vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona təqsirli bilinəcək maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddənin sanksiyalarında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.1-ci maddəsinə görə isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cəzaları İcra Məcəlləsinin 68.1-ci maddəsinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən həbsdə saxlanmayan məhkumun cəzanın icrası müddəti məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə xərcləri təşkil etmuiş yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mülkiyyətində olan “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı və vətəndaş X4 mülkiyyətində olan “Vaz 21070” markalı, “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobillər mülkiyyətçilərinə verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-in 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 1 (bir) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qusar rayonu Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Məhkəmə xərcləri təşkil etmuiş yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mülkiyyətində olan “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı və vətəndaş X4 mülkiyyətində olan “Vaz 21070” markalı, “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobillər mülkiyyətçilərinə verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-67/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-67/2023
31.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver