Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-76/2025 24.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X2 (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və X5 ibarət tərkibdə, Nağızadə Nanə Vüsal qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: 5 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Qoxmuq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Rəsulov X11 Nazirliyinin Hərbi X9 rayonunun Yaşma qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsinin qərargah və təchizat bölüyünün rabitə taqımının telefon manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin yanvar ayında «Tik-tok» sosial şəbəkəsi vasitəsi ilə tanıdığı və sonradan aralarında sevgi münasibətləri yaranmış Abşeron rayonunun Masazır qəsəbə sakini Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayından etibarən borc qismində ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə pul və qızıl zinət əşyaları aldıqdan sonra həmin ilin iyul-avqust aylarında bir neçə dəfə Zərərçəkmiş şəxs yüksək məbləğdə pul istəmiş, sonuncu hər hansısa məbləğdə pulu verə bilməyəcəyini bildirdikdə, o, pula ehtiyacı olduğundan 23 avqust 2024-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhərində olarkən qeydiyyatdan keçdiyi «İnstagram» sosial şəbəkəsi üzərindən «həyalət55» istifadəçi adı ilə mobil telefonla ismarıc yazaraq Zərərçəkmiş şəxs tələb etdiyi pul məbləğini verməyəcəyi təqdirdə haqqında rüsvayedici məlumatlar yayacağını, yəni rəsmi nikahda olan ərinə və oğluna aralarında baş tutmuş görüşlər zamanı onunla birlikdə çəkilmiş şəxsi xarakterli fotoşəkillər göndərməklə münasibətləri barədə həmin şəxslərə məlumat verəcəyini bildirib hədə-qorxu gələrək Zərərçəkmiş şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədilə, yəni 15000 (on beş min) manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs isə çarəsizlikdən, Təqsirləndirilən şəxs tərəfindən mobil telefon vasitəsilə çəkilmiş birgə foto şəkillərinin ailə üzvləri tərəfindən bilinməsi nəticəsində onların münasibətlərinin aşkara çıxacağından ehtiyatlanıb çıxılmaz vəziyyətdə qalaraq 24 avqust 2024-cü il tarixdə yaşadıqları evdən əri ilə birgə nikahları zamanı topladıqları puldan 5000 (beş min) ABŞ dollarını götürüb həmin pulları Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin filialında manatlıq əskinaslara dəyişərək Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni Bakı» yaşayış massivində yerləşən «Zeytun» marketin qarşısındakı «Million» ödəniş terminalı vasitəsi ilə həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs əvvəlcədən təqdim etdiyi "xxxx" ASC-yə məxsus «4169 7377 0452 6884» nömrəli bank kartına 5000 (beş min) manat və "xxxx" ASC-yə məxsus «4127 2081 1670 1425» nömrəli bank kartına 3450 (üç min dörd yüz əlli) manat, yəni ümumilikdə 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pul göndərmiş, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə qorxu gələrək Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını tələb etməklə ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildə «Tik-tok» sosial şəbəkəsində X3 ilə tanış olmuşdur. Sonra Zərərçəkmiş şəxs ilə görüşməyə başlamış və aralarında sevgi münasibətləri yaranmışdır. Münasibətləri müddətində o, ara-sıra Zərərçəkmiş şəxs borc pullar almış və qaytarmışdır. 2024-cü ilin əvvəllərindən etibarən o, internet şəbəkəsi üzərindən xarici saytlarda kazino, yəni qumar oyunları oynamağa başlamış, bununla bağlı müəyyən məbləğdə pul uduzduğuna görə borcları yaranmışdır. 2024- cü ilin fevral ayından etibarən o, qeyd olunan maddi problemləri ilə əlaqədar Zərərçəkmiş şəxs borc qismində aldığı pullan qismən qaytarmağa, daha sonra isə ümumiyyətlə qaytarmamağa başlamış, 2024-cü ilin aprel ayında onun Zərərçəkmiş şəxs 1000 manata borcu yaranmışdır. Daha sonra müxtəli bəhanələr gətirib Zərərçəkmiş şəxs inandırmaqla borc qismində 29 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qızıl və zinət əşyalarının bir hissəsini almış və 30 may 2024-cü il tarixdə qeyd olunan zinət əşyalarını Sumqayıt şəhəri, 2-ci mikrorayonunda yerləşən lombarda təhvil verib ümumilikdə 10000 manat məbləğində nağd pul götürmüş, 01 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qızıl və zinət əşyalarının digər hissəsini almış və həmin gün Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən lombarda təhvil verib ümumilikdə 5120 manat məbləğində nağd pul götürmüş, 2024-cü ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs 2000 manat məbləğində borc pul almışdır. Lakin o, Zərərçəkmiş şəxs qiymətli əşyaları müqabilində lombarddan aldığı pulları, habelə borc qismində Zərərçəkmiş şəxs aldığı pulların bir hissəsini borclarına və kreditlərinə xərcləmiş, digər hissəsini isə mərc oyunlarında uduzmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında olan söhbətlər zamanı Zərərçəkmiş şəxs ona ailəsi haqqında məlumat vermiş, həmçinin ərinin əməkhaqqısının yüksək olduğunu, həmin ərəfələrdə torpaq satdıqlarını, evin pullarını kiçik seyfdə saxladıqlarını demişdir. O, yüksək məbləğdə borclarının olduğunu nəzərə alıb müxtəlif yollarla yenidən Zərərçəkmiş şəxs pul istəməyə başlamış, gah yalvarmaqla, gah da xoş sözlər deməklə Zərərçəkmiş şəxs ona pul verməsinə çalışmışdır. Zərərçəkmiş şəxs isə ona pul verə bilməyəcəyini söyləmişdir. Bundan sonra 23 avqust 2024-cü il tarixdə axşam saatlarında o, pula ehtiyacı olduğundan «heyalet55» adlı profil hesabı üzərindən «instagram» sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs əvvəlcə yalvarış, daha sonra hədə-qorxu xarakterli mesajlar yazmağa başlamış, həmin mesajlarda o, Zərərçəkmiş şəxs 14000 manat, daha sonra isə 15000 manat məbləğində pul göndərməsini, əks halda birlikdə olan şəkillərini oğluna və ərinə göndərəcəyini demişdir. Həmin gün gecə saatlarında Zərərçəkmiş şəxs onun mesajlarını oxuduqdan sonra əvvəlcə etdiyi hərəkətlərə görə ona iradlarını bildirmiş, lakin çıxılmaz vəziyyətdə qalaraq onunla razılaşmışdır. 24 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evlərində olan puldan 5000 dollar məbləğində pul götürmüş, həmin pulları Abşeron rayonunun Xırdalan şəhərində yerləşən banklardan birində manat əskinasa dəyişmiş, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «million» ödəniş terminalı vasitəsi ilə həmin gün saat 13 radələrində onun əvvəlcədən təqdim etdiyi özünə məxsus "xxxx" ASC-yə aid olan «4169 7377 0452 6884» nömrəli bank kartına 5000 manat, "xxxx" ASC-yə aid olan «4127 2081 1670 1425» nömrəli bank kartına isə ümumilikdə 3450 manat məbləğində pul göndərmişdir. O, həmin pulları Zərərçəkmiş şəxs hədə-qorxu gəlməklə tələb edib alsa da, növbəti mesajlarında aldığı pulları 2024-cü ilin sentyabr ayının əvvəllərində qaytaracağını bildirmiş, həqiqətdə isə işdən sonra taksi fəaliyyəti ilə məşğul olub həmin pulları az-az Zərərçəkmiş şəxs qaytarmağı düşünmüşdür. Lakin həmin pulları da şəxsi ehtiyaclarına və borclarına xərcləmiş, Zərərçəkmiş şəxs aldığı pulları və zinət əşyalarını qaytara bilmədiyindən artıq sonuncunun zənglərinə və mesajlarına gec-gec cavab verməyə, daha sonra isə ümumiyyətlə cavab verməməyə başlamışdır. Zərərçəkmiş şəxs oğlu və ərini şəxsən tanımamış, Zərərçəkmiş şəxs sözlərindən bilmişdir ki, əri Akif xasiyyətcə çox ciddi olmuş, yəni Akif onların Zərərçəkmiş şəxs ilə münasibəti barədə biləcəyi halda Zərərçəkmiş şəxs qisas alacağını, habelə Zərərçəkmiş şəxs qohum və tanışların arasında rüsvay edəcəyini bilmişdir. Əslində gələcəkdə pilu alandan sonra qaytarmaq fikri olmuşdur. Onun mobil telefonunda Zərərçəkmiş şəxs ilə münasibətdə olduqları evlərdən birində ev paltarında və ya gecəlik paltarında birgə şəkilləri olmuşdur. İstintaq müddətində yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs aldığı pullar tam şəkildə qaytarılmış, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayında «Tik-tok» sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir müddət yazışdıqdan sonra Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğunu və haqqında digər məlumatları öyrənmiş, Araz Rəsulov daim onunla xoş danışmış ailə həyatında olan problemlər onu Araz Rəsulova bağlamış və onlar görüşməyə başlamışdır. Bir neçə ay sonra Araz Rəsulovun ailəli olduğunu öyrənmiş, münasibətlərini kəsmək istəsə də, Araz Rəsulov ondan əl çəkməmişdir. Münasibətləri müddətində Araz Rəsulov ara-sıra ondan borc pullar almış və qaytarmışdır. 2024-cü ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs əvvəlcə borclarını qismən qaytarmağa, daha sonra isə ümumiyyətlə qaytarmamağa başlamış, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona 1000 manata yaxın borcu yaranmışdır. Həmçinin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu inandırmaqla borc qismində 29 may 2024-cü il tarixdə ondan qızıl və zinət əşyalarının bir hissəsini, 01 iyul 2024-cü il tarixdə isə qızıl və zinət əşyalarının digər hissəsini almış, 2024-cü ilin iyul ayının ortalarında ondan 2000 manat məbləğində borc pul almışdır. Söhbətlər zamanı Təqsirləndirilən şəxs öz ailəsi haqqında məlumat vermiş, həmçinin ərinin əmək haqqısının yüksək olduğunu, həmin ərəfələrdə torpaq satdıqlarını, evin pullarını kiçik seyfdə saxladıqlarını demiş, Təqsirləndirilən şəxs isə müxtəlif yollarla yenidən ondan pul istəməyə başlamış, gah yalvarmaqla, gah xoş sözlər deməklə dediklərini etməsinə çalışmışdır. O, isə Təqsirləndirilən şəxs borc vermək iqtidarında olmadığını bildirmişdir. 23 avqust 2024cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ona «instagram» sosial şəbəkəsi vasitəsi ilə əvvəlcə yalvarış, daha sonra hədə-qorxu xarakterli mesajlar yazmağa başlamış, həmin mesajlarda Təqsirləndirilən şəxs ona 14000, daha sonra isə 15000 manat məbləğində pul göndərməsini, əks halda birlikdə olan şəkillərini oğlu Ağalara və əri Akifə göndərəcəyini söyləmiş, o, da məcbur olub 24 avqsut 2024-cü il tarixdə evlərində olan puldan 5000 dollar məbləğində pul götürmüş, həmin pulları Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin filialında manatlıq əskinaslara dəyişmiş, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni Bakı» yaşayış massivində yerləşən «Zeytun» markerin qarşısındakı «million» ödəniş terminalı vasitəsi ilə həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs əvvəlcədən təqdim etdiyi "xxxx" ASC-yə məxsus nömrəsini xatırlamadığı bank kartına 5000 manat, "xxxx" ASC-yə məxsus bank kartına isə ümumilikdə 3450 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs həmin pulları ondan hədə-qorxu gəlməklə tələb edib alsa da, növbəti mesajlarında aldığı pulları 2024-cü ilin sentyabr ayının əvvəllərində qaytaracağını da bildirmiş, lakin sonradan Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməməyə başlamışdır. 06 sentyabr 2024-cü il tarixdə ailə üzvləri 5000 dollar məbləğində pulun onun tərəfindən götürüldüyünü bilmiş, o, müxtəlif bəhanələr gətirsə də, əri ona inanmadığından mübahisə başlanmış və o, məcbur qalıb yaşadığı evdən çıxıb getmişdir. O, baş vermiş hadisə ilə bağlı şikayət etdikdən və Təqsirləndirilən şəxs həbs olunduqdan sonra sonuncunun qohumları əvvəlcə ona 10000 manat məbləğində pul vermiş, daha sonra isə pulların qalan hissələrini və qızıl zinət əşyalarının dəyərində pul məbləğlərini ona qaytarmışlar. Bu səbəbdən də, pulların qaytarılmasını, həmçinin Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, valideynlərinin xəstə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxsla barışmış, hər hansı maddi və sair tələbi toxdur, məhkəmədən ona mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində didndirlimiş Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin qərargah və təchizat bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini-bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş leytenant Şahid ifadəsində göstərdi ki, həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs 2021 -ci ilin mart ayında tanımış, Təqsirləndirilən şəxsla münasibətləri xidməti olmuşdur. Zərərçəkmiş şəxs tanımamışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində digər xidmət yoldaşlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs münasibətdə olduğu «Gülnar» adlı qadından külli miqdarda pullar almış, daha sonra həmin pulları qaytarmamışdır. Pulların bir hissəsini isə həmin qadına hədə-qorxu gələrək almış, bu səbəbdən də «Gülnar» adlı şəxs Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, 08 oktyabr 2024-cü il tarixdə Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 182.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilrək ona tərəfimdən həmin maddə ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin 4-1(093)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 18 sentyabr 2024-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna ərizə ilə müraciət edərək hərbi qulluqçu Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından etibarən ondan 20000 (iyirmi min) manat məbləğində borc pullar, həmçinin hədə-qorxu ilə 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pul aldığını və geri qaytarmadığını göstərmişdir. Zərərçəkmiş şəxs 15 yanvar 2024-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin hissə-hissə olmaqla tam şəkildə Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona qaytarıldığını, Təqsirləndirilən şəxs şikayətinin, maddi və sair tələbinin, habelə mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə verdiyi ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, heç bir çikayət və tələbi yoxdur. Vətəndaş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd diskə və üç ədəd ödəniş qəbzinə keçirilmiş 24 sentyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin diskdə 2 ədəd «MP4» formatlı, «VİD-20240921-WA0000» və «VİD-20240921- WA0001» adlı videogörüntülər vardır. «VİD-20240921-WA0000» adlı videogörüntüyə baxdıqda məlum olur ki, Təqsirləndirilən şəxs «həyalət55» adlı «instagram» sosial şəbəkəsi hesabından digər şəxsə aşağıdakı mətnli mesajlar göndərmişdir: Gülü mənim evimə gəlsələr pis olacaq, hər şey bizdə bir həyətdə 3 ev var, qohumlar, hamının yanında hörmətsiz olacam, yanında hörmətsiz olacam, heryerimdən olacam, onsuzda axırım yoxdur, bir yol tapıb ödəniş edib ayın 1i qaytarmalıyam borcları, qaytaracamda kredit alıb verecey iş yoldaşım. Seni canımdan çox sevirəm vallah mecbur bir şey edəcəm. Çarəm yoxdu, çıxış yolum yoxdu. Hər yola əl atıram alınmır. Heçkesi tapmıram ayın 1nə kimi. Mene sabah 3e kimi ata bilirsense bir yolun tap ondan 14 min at. Başqa yolum yoxdu, Ağalardan isteyecem, ona bir iki bizim pastel sekilerindən atacam, o sene çox bağlıdır, deyəcəm verməsən, atana atacam sekilləri, sən aça bilməsəndə, o, seyfi açıb verər. Ya da tapar hardansa, istəməz sənə bir şey olsun. Ede bilirsənsə sən et, at. Sonra qaytarım ayin 1i 2si. O vaxta kimi də əyər bilsə denən oyun oynamışam, biraz uduzdum, sonra yenə oynadım ki, qaytarım. Qorxmuşdum, sonra hamısını uduzdum. Mən sənə qəpiyinə kimi o pulu qaytaracam, qızıllarını da. 1-ci gün qızılı da ödəniş etməliyəm, yoxsa satışa çıxar. Sən götürə bilirsənsə götür, bir risk et. Bilmirsənsə Ağalar etsin. Bağışla məni bu sözlərimlə bizi bitirdim. Sevgimizə şərəfsizlik etdim. Amma məcburam. Qeyd olunan mesajlardan sonra Təqsirləndirilən şəxs üç ədəd bank kartının pan nömrə hissələrinin fotoşəkillərini göndərmiş, həmin fotoşəkillərdən iki ədəd fotoşəkildəki bank kartının üzərindəki pan nömrələri vizual baxış vasitəsi ilə oxunmasa da, bir ədədinin üzərində **********872243 pan nömrəsi olması müəyyən edilmiş, həmçinin həmin fotoşəkillər göndərildikdən sonra Təqsirləndirilən şəxs aşağıdakı mətndə mesajlar göndərməyə davam etmişdir: Boğulmuşam. Bilmirsən çox çarəsizəm. Hər şeyə əl atıram tapım qutarım sora bağlayım. Bağışla hər şey üçün. Mənim başqa yolum yoxdu. Ya sən bağla aramızda həll edəy. Vallah çarəsizlikdən edirəm. Başqa heç bir yolum yoxdur. Sabah 3də karta baxacam. 2də baxacam. Gəlsə heç, gəlməsə Ağalarla danışacam, Akifində, Ağalarında nömrəsi, tik-toku var. Gəl risk elə. İkimizdə normal yaşayaq. Məndə ayın 1i sənə qaytarım. Qurtarsın hər şeydən. Qızıllarda, qızın pulu da, bu da. Utanıram etdiyimdən, amma məcburam. Çarəsizlik insana hər şeyi etdirir. Bağışla ikimizə də pisliyim üçün. Bilirəm bu sözlərdən sonra mənə nifrət edəcən. Ama çarəsizlik məni dəli edir, hər şey edərəm çıxım deyə. Çox pis gündəyəm, pis vəziyyətdəyəm. Anla məni də. Söndürürəm telefonu, tək çıxış yolum budur, ya sən ya Ağalar. O, sənə bağlıdır, edər anasına görə. Sabah 2də baxacam, gəlməsə onunla həll edəcəm. Bağışla hər şey üçün. Atıram kart, edə bilsən hərəsinə 5 min at, ayın 1i sənə qaytaracam. Ondan sonra da bilirəm ki, daha məndən ayrılacan, məndən nifrət edəcən. Ağalar da etməsə, Akiflə edəcəm. Yəqin istəməz adı çıxsın. Ömrüm. Bağışla. Hər şey üçün. Səni sevirəm amma məcburam. Çarəsizəm. Bundan əlavə üç ədəd ödəniş qəbzinə baxış keçirdikdə müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, «Zeytun» market ünvanında yerləşən «Million» ödəniş terminalı vasitəsi ilə 24 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin müştərisi olan «R*** A*** A*** oğlu» inisiallı şəxsin adına qeydiyyatdan keçmiş «416973******6884» pan nömrəli bank hesabına saat 13:13-də 5000 (beş min) manat məbləğində, "xxxx" MMC-nin müştərisi olan «RA*** AY*** AR*** oğlu» inisiallı şəxsin adına olan bank hesabına saat 13:15-də 2000 (iki min) manat məbləğində, saat 13:17-də isə 1450 (min dörd yüz əlli) manat məbləğində pul köçürmələri icra edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd fotoşəkilə keçirilmiş 08 oktyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, fotoşəkil «Whatsapp» mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmanın mobil telefonun «ekran görüntüsü» funksiyasının köməkliyi ilə əldə edilmişdir. Fotoşəkildə olan mesajı göndərən şəxsin mobil nömrəsi +**********42-dir. Göndərilmiş mesajda aşağıda göstərilən söz və ifadələrdən istifadə edilmişdir: Salam naz guluye denen mene yazsın tez anam onlara gedecey sikayetini ceri cekmey ucun xais etmeye nolar de mene yazsın men dediyim vaxti evde olmasinlar birde problem yaranmasin. Vətəndaş Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC- nin Mübadilə əməliyyatlarının aparılması barədə çıxarışdan görünür ki, həmin bankın ünvan 3 ünvanında yerləşən filialına 24 avqust 2024-cü il tarixdə 5000 (beş min) dollar məbləğində pul təqdim edilməklə valyuta mübadiləsi həyata keçirilmiş və müraciət edənə 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pul verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli 83 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, matros Təqsirləndirilən şəxs həmin hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının telefon manqasının komandiri vəzifəsinə təyin edildiyindən həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 180 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, matros Təqsirləndirilən şəxs «kiçik çavuş» növbəti hərbi rütbəsi verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandirinin N iyun 2024-cü il tarixli 158 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət müddəti 25 mart 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in mərkəzləşdirilmiş uçotlarındakı məlumat və elektron prokurorluq informasiya sistemindən 15 yanvar 2025-ci il tarixə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2016-ci il təvəllüdlü və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, iş üzrə toplanılıb tədqiq edilmiş digər sübutlarla təsdiq olunduğundan, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə düzgün ittiham verildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədilən zaman himayəsində olan iki uşağın azyaşlı olduğunu (CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirildiyindən, ona Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsinin sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza həddi müəyyən edilərkən təqsirləndirlən şəxsin cəzasını yüngülləşdirən hallar və CM-nin 60.1-ci maddəsinin tələbləri məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edimiş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzasının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə onun şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs öz hesabına vəkillə müqavilə bağlasa da, məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmə iclaslarının bir hissəsində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 hər iş saatı 06 (altı) manat olmaqla 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən bir ədəd disk və ödəniş qəbzlərini özündə əks etdirən bir ədəd vərəq, habelə "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 12 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Zaur Hacıyev (sədrlik edən), Fikrət Əliyev, Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1-1(093)-76/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-76/2025
24.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver