Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-88/2023 22.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X11 Qurban oğlunun sədrliyi, Abbasov Rafiq Qaraxan oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Naxçıvan MRnın Şərur rayonunda doğulmuş, Naxçıvan MR-nın Şərur rayonunun Çərçiboğan kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursunun 3-cü bölüyünün Orduda və Hərbi Dəniz Qüvvələrində tərbiyəvi işə rəhbərlik ixtisası üzrə dinləyicisi, leytenant, barəsində 30 mart 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış və insanların kütləvi şəkildə zərhərlənməsinə səbəb ola biləcək terrorçuluq əməlinin törədiləcəyi barədə bilə-bilə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursunun 3-cü bölüyünün Orduda və Hərbi Dəniz Qüvvələrində tərbiyəvi işə rəhbərlik ixtisası üzrə dinləyicisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətə başladığı xx.xx.2022-ci il tarixdən bir neçə gün sonra Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, ehtiyatda olan general-mayor Şahid2 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsi 24 ünvanında yerləşən "xxxx" MMC-nin 2-ci korpusunda oğlu Məhəmməd Orucova toy mərasimi keçirəcəyini eşidib, həmin liseydə orta hərbi təhsilini başa vurduğu ərəfədə, 2018-ci ilin aprel ayında ixtisas seçimi zamanı general-mayor Şahid2 onun hərbi təhsilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Akademiyasında davam etdirmək arzusunda olmasına baxmayaraq, bu arzusunu reallaşdırmasına maneçilik törətdiyini zənn edərək, eləcə də onun ali hərbi təhsilini həmin vaxt istəmədiyi Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında davam etdirməsinə səbəb olduğunu düşünüb toy mərasimi keçirilən şadlıq sarayının işinə, toy mərasimi keçirilən yerdə olan ictimai təhlükəsizliyə, törədəcəyi əməl nəticəsində toy mərasimində iştirak edən şəxslər arasında gərginlik, vahimə, qorxu hiss yaratmaqla, bununla da oğlunun toy mərasimi zamanı Şahid2 əhvalının pozulmasına nail olmaqla ondan qisas almaq qərarına gəlmişdir. Bundan bir neçə gün sonra, yəni 16 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində o, ünvan 2 ünvanına gəlib orada olan kafelərin birində yemək yedikdən sonra çölə çıxıb gəzişməyə başlamış, Bakı metropoliteninin Nəriman Nərimanov stansiyası yaxınlığında dayanıb siqaret çəkərkən yaxınlıqda taksafon olduğunu görüb Şahid2 qisas almaq niyyətini özündə qətiləşdirmişdir. Bu məqsədlə o, "xxxx" MMC-yə məxsus (012) ***-**-** nömrəli həmin taksofona yaxınlaşıb Daxili İşlər Nazirliyinin“102” xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq özünü və əlaqə nömrəsini təqdim etmədən, verdiyi məlumatın həqiqətə uyğun olmadığını dərk edərək, general-mayor Şahid2 oğlu Məhəmmədin "xxxx" MMC-nin 2-ci korpusunda keçirilən toy mərasimində dəqiq bilinməyən yerə partlayıcı maddə qoyulması, həmin zalın qısa müddət ərzində partladılacağı və qonaqlara verilən yeməklərin içində zəhərli maddələrin olduğu barədə operatora yalan məlumat verərək polis əməkdaşlarının təcili olaraq, həmin yerə getmələrini israrla bildirməklə insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış və insanların kütləvi şəkildə zərhərlənməsinə səbəb ola biləcək terrorçuluq əməlinin törədiləcəyi barədə bilə-bilə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası CM-nin 216-cı maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, 2015-ci ilin sentyabr ayında könüllü olaraq müraciət edib Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyə qəbul edilmiş və 2018-ci ilin iyun ayınadək həmin liseydə orta hərbi təhsil almışdır. Hərbi təhsilini davam etdirmək üçün müvafiq razılıq ərizəsi yazdıqdan sonra 2018-ci ilin avqust ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmaqla Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixədək orada ali hərbi təhsil aldıqdan sonra ona leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Seyfəli təlim mərkəzində komando kursu keçmişdir. Bakı şəhərinə qayıtmış və 10 ay müddətində dinləyici zabit kursu keçməli olduğundan həmin tarixdən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursunda xidmətə başlamışdır. O, 2018-ci ilin aprel ayının sonlarında, Heydər Əliyev adına hərbi liseyi bitirən ərəflərdə ixtisas seçimi zamanı həmin liseyin rəisi, general-mayor Şahid2 bütün kursantlarla hansı ixtisası seçmələri barədə fərdi söhbət aparmışdır. Növbə ona çatdıqda general-mayor Şahid2 təhsilini DİN-in Daxili Qoşunlarının Hərbi Akademiyasında davam etdirmək istədiyini demişdir. Şahid2 həmin Akademiyaya seçimin 2017-ci ildən sonra dayandırıldığını bildirmişdir. Arzusu xidmətini Daxili Qoşunlarda davam etdirmək olduğundan, Şahid2 başqa hansı ixtisası istəməyini soruşmasına cavab verməmişdir. O, heç olmasa təhsilini mühəndis aviasiyası üzrə davam etdirmək istəmiş, buna baxmayaraq, bu istəyi barədə heç kimə, o cümlədən Şahid2 deməmişdir. Liseydə təhsil aldığı müddətdə general-mayor Şahid2 hər zaman onu tərifləmiş, idmanla məşğul olmağını, intizamlı olmağını bildirib, onu digər kursantlara nümunə gətirmişdir. Eyni zamanda həmin ərəfələrdə onun gözündə bir qədər zəiflik olduğundan eynəkdən istifadə etmişdir. Bütün bunlara görə də, fərdi söhbət zamanı Şahid2 onu bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında gördüyünü deyib, həmin ixtisasın tağım komandiri ixtisasına nisbətən daha elit olduğunu qeyd edib, özünün də gənc zabit kimi xidmətə həmin ixtisasla başladığını bildirmişdir. Şahid2 ali rütbəli zabit olması səbəbindən ona hər hansı bir formada etiraz etməmişdir. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini istəmədiyini, təhsilini mühəndis aviasiyası üzrə davam etdirmək istədiyini ona deməmişdir. Öz daxilində Şahid2 ona haqsızlıq etdiyini düşünmüş, lakin bu barədə ona, o cümlədən digər başqa şəxsə hansısa formada bildirməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit ixtisası üzrə kursuna başladıqdan bir neçə gün sonra xatırlamadığı tanışları ilə ümumi mövzularda söhbət edərkən general-mayor Şahid2 yaş həddi ilə əlaqədar təqaüdə çıxdığını, 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "xxxx" MMC-nin 2-ci korpusunda oğlu Məhəmmədə toy mərasimi keçirəcəyini öyrənmişdir. Şahid2 onu 2018-ci ilin aprel ayında istədiyi ixtisasa deyil, başqa ixtisasa böldüyü yadına düşdüyündən qisas almaq niyyətinə düşmüşdür. Lakin bunu hansı formada edəcəyini bilməmiş, qisasını ifşa olunmayacağı, Şahid2 ondan şübhələnməyəcəyi formada almaq istəmişdir. Qisas alarkən Şahid2 və ya hansısa qohumuna xəsarət və ya digər ağır əməl törətmək kimi niyyəti olmamışdır. Niyyəti az da olsa, Şahid2 əhvalını pozmaq olmuş, bu niyyəti barədə hər hansı bir şəxsə hansısa formada məlumat verməmişdir. 16 oktyabr 2022-ci il tarixdə, həftənin bazar günü olduğundan gəzmək üçün şəhərə çıxmışdır. Şəhərdə tək olaraq bir qədər gəzişdikdən sonra Bakı metropoliteninin Nəriman Nərimanov stansiyası yaxınlığına gəlib kafelərin birində yemək yemişdir. Saat 19 radələrində kafedən çıxmış, bir qədər gəzişdikdən sonra metronun yaxınlığında dayanıb siqaret çəkməyə başlamışdır. Orada yerləşən taksafonu görüb DİN-in “102” zəng mərkəzinə zəng vuraraq general-mayor Şahid2 oğlu Məhəmmədin "xxxx" MMC-nin 2-ci korpusunda keçirilən toy mərasiminə partlayıcı maddə qoyulması, zalın qısa müddət ərzində partladılacağı və yeməklərdə zəhərli maddələrin olduğu barədə məlumat verməklə Şahid2 qisas almaq qərarını qətiləşdirmişdir. Dərhal taksafona yaxınlaşıb “102” zəng mərkəzinə zəng etmiş, telefonu bir nəfər cavan qız götürmüşdür. Operatora “Koroğlu tərəfdə yerləşən Ay İşığı restoranında hal-hazırda general-mayor Şahid2 oğlunun toyu olduğuna görə, oradakı toyda verilən yeməklərdə zəhərli maddə və bir də partlayıcı maddə var xahiş edirəm tez təcili gəlin ora” demişdir. Operator taksafonla zəng edib-etmədiyini soruşduqda, sonuncuya “bəli, tez gəlin ora təcili” demişdir. Operator ondan mobil nömrəsini və adını soruşduqda, “yoxdur” deyərək adını restorana gələcək polis əməkdaşlarına deyəcəyini bildirmişdir. Bir qədər də operatorla danışıb polislərin cəld getmələrini təkrar-təkrar demişdir. Danışığın sonunda operator bəzi dəqiqləşdirmələr aparmağa çalışmış, sonuncuya partlayıcı maddənin Şahid2 oğlunun toy mərasiminə qoyulduğunu, zəhərli maddələrin isə yeməklərin içində olduğunu demişdir. Sonda operator “vətəndaş Siz normal düşünərək bu məlumatı verirsiniz?” demiş, sonuncuya “bəli” cavabını verib dəstəyi asmışdır. Bunu etməkdə məqsədi polislərin toya getməsi və orada qonaqlar arasında qorxu, çaşqınlıq yaranması, nəticədə qonaqların Şahid2 narazı qalmaları, bununla da ondan qisasını almağı olmuşdur. “102” zəng mərkəzinə öz telefonu ilə deyil, taksafonla zəng etməkdə məqsədi isə ifşa olunmaq isməməyi olmuşdur. “102” zəng mərkəzinə zəng etdikdən sonra ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Bolt” mobil tətbiqi ilə zənginin nəticəsində polislərin ora gəlib-gəlməməsini görmək üçün olduğu yerdən Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "xxxx" MMC-nin 2-ci korpusuna getmək üçün taksi sifariş etmiş, bir neçə dəqiqə sonra tanımadığı sürücü yaxınlığına gəlib onu həmin şadlıq sarayına aparmışdır. Çatdıqda tıxac olduğundan bir qədər kənarda düşmüş və taksi sürücüsünün pulunu verib yola salmışdır. Polislər tərəfindən tutulacağından qorxub restorana yaxınlaşmayaraq, 3-4 dəqiqə piyada gəzib Bakı metropoliteninin Azadlıq stansiyası yaxınlığına yeni taksi sifarişi edərək oradan uzaqlaşmışdır. Binəqədi rayonu ərazisində yerləşən parkda bir qədər gəzdikdən sonra Bakı Beynəlxalq Avtovağzalına gedərək Seyfəli təlim mərkəzində keçiriləcək kursda iştirak etmək üçün Şəmkir rayonuna yollanmışdır. 18 oktyabr 2022-ci il tarixdə Təlim və Tədris Mərkəzinin ümumiqoşun təlim poliqonununa qayıtmış, 20 oktyabr 2022-ci il tarixdə həmin poliqonda olarkən oraya gəlmiş polislərə əməlini etiraf etmişdir. Hadisəni törədərkən etdiyi əməlin ictimai təhlükəliliyini tam olaraq dərk etdiyini, lakin sonradan hərbi liseydə təhsil alarkən, ixtisas seçimi zamanı general-mayor Şahid2 ona qarşı hansısa pislik etmək niyyətində olmadığını başa düşdüyünü, hazırda ixtisasından razı olduğunu, etdiyi əməldən çox peşman olduğunu, Azərbaycan Ordusunda zabit kimi xidmətini davam etdirmək istədiyini bildirib, bütün bu halları, eləcə də cavan olmasını nəzərə alıb, onu bağışlanılmasını xahiş edir. Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, o, 2016-cı ildən ünvan 3 ünvanında yerləşən, 4 korpustan ibarət olmaqla, məclis təşkil etmək üçün 8 zaldan ibarət olan "xxxx" MMC-nin 2-ci korpusunun meneceri işləyir. "xxxx" qeyd edilən MMC-nin 2-ci korpusu olmaqla, həmin korpusda məclis təşkil etmək üçün 1 ədəd zal olmuş, o, həmin korpusunda keçirilən toy, ad günü və digər mərasimlərinin təşkili və keçirilməsinə cavabdeh olmuşdur. Leytenant Təqsirləndirilən şəxs əvvəllər tanımamış, adını ilk dəfə iş üzrə izahat verərkən eşitmişdir. 16 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin 2-ci korpusunda oğluna toy etmiş ehtiyatda olan general-mayor Şahid2 toyun keçirildiyi tarixdən bir müddət əvvəl toyun təşkili üçün söhbət etdikləri zaman tanımışdır. Şahid2 2022-ci ilin təxminən sentyabr ayının əvvəllərində restorana gəlib oğlu Məhəmmədə toy etmək istədiyini, toyda 350-400 nəfər şəxsin iştirak edəcəyini bildirmiş, razılıq əldə edildikdən sonra Məhəmmədin toyu yüksək səviyyədə təşkil edilmişdir. 16 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində toy başlamışdır. Toy başladıqdan bir müddət sonra, saat 19 radələrində təxminən 4-5 nəfər mülki geyimli şəxs zala daxil olmuşlar. O, ilk öncə həmin şəxslərin qonaq olduğunu düşünüb onlara yaxınlaşmışdır. Onlar polis əməkdaşları olduqlarını təsdiq edən xidməti vəsiqələrini təqdim edərək özünü təqdim etməyən bir nəfərin Bakı şəhəri Nərimanov rayon ərizsində olan taksafonla DİN-in “102” xidməti-zəng sisteminə zəng vuraraq, “Ay işığı” şadlıq sarayının Şahid2 övladının toy mərasimi keçirilən zalına partlayıcı maddə qoyulması, zalın qısa müddət ərzində partladılacağı və yeməklərdə zəhərli maddələrin olduğu barədə məlumat verməsi səbəbindən gəldiklərini dedilər. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin və həmin idarənin 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən şəxslər olduqlarını bildirmişlər. O, dərhal bu barədə "xxxx" MMC direktor müavini Ədalət Bəxtiyarova məlumat vermişdir. Qayıdıb polislərin toy mərasimi olan zalda olan masaların altına, bəy-gəlin kürsüsünə, müsiqiçilərin olduğu yerə baxdıqlarını görüb bu prosesdə onlarla birlikdə iştirak etmişdir. Polislər toy mərasimi davam edən zala baxış keçirərkən toy sahibi Şahid2, bəy Məhəmməd Orucovun və bəzi qonaqların narahat olduqlarını görüb digər restoran əməkdaşları ilə birlikdə onlara narahat olmamalarını demişdir. Polislər zaldan çıxıb resporanın digər yerlərinə, foyeyə, qardiroba, çay güşəsinə, mətbəxə, anbara və digər yerlərə baxış keçirmişlər. Onlara narahat olmamalarını, şadlıq sarayında təhlükəsizliyin fasiləsiz olaraq təmin edildiyini desə də, polislər bütün yerlərə baxış keçirmişlər. O, şadlıq sarayından çölə çıxdıqda, orada da 3-4 nəfər digər polis əməkdaşının olduğunu görmüş, söhbət zamanı onların Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını öyrənmişdir. Onlardan niyə bu qədər çox sayda əməkdaş gəldiklərini soruşduqda, ona verilən məlumatda terror aktının ordunun sabiq general-mayorunun oğlunun toy mərasimi zamanı törədiləcəyi bildirirdiyi üçün toyda ali rütbəli şəxslərin iştirak etməsinə görə məlumatın olduqca inandırıcı və real ola biləcəyini düşündüklərini və buna görə də mümkün qədər çox əməkdaşla gəldiklərini izah etmişlər. Polis əməkdaşları baxış keçirdikdən sonra, şadlıq sarayının ərazisinə hansısa bir partlayıcı maddə, şübhəli əşya qoyulmadığını, yeməklərdə hər hansı bir zəhərli maddə olmadığını, “102” xidməti-zəng sisteminə verilən məlumatın yalan olduğunu dəqiqləşdirmişlər. Toy normal şəkildə davam etmiş, polislər zalı tərk edib çöldə gözləməyə başlayaraq, toyun sonunadək restoranın giriş qapısı, eləcə də restoran ətrafında gözləyib, yalnız toy qurtardıqdan sonra çıxıb getmişlər. Şahid ehtiyatda olan general-mayor Şahid2 məhkəməyə ifadə verərək göstərdi ki, o, 2013-cü ilin dekabr ayından 2019-cu ilin aprel ayınadək olan müddət ərzində Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseyin rəisi vəzifəsinə xidmət etmişdir. Təqsirləndirilən şəxs Hərbi liseyin rəisi vəzifəsində xidmət edərkən kursant kimi tanımışdır. 16 oktyabr 2022-ci il tarixdə oğlu Məhəmməd Orucovun Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Ay işığı-R” MMC-nin 2-ci korpusunda toy mərasimi olmuşdur. Uzun illər yüksək vəzifədə işlədiyi üçün oğlunun toyunda bir neçə ali rütbəli, eləcə də yüksək vəzifəli şəxslər də daxil olmaqla, 400 nəfərə yaxın qonaq iştirak etmişdir. Həmin gün saat 18 radələrində toy mərasimi başlamış, toy başlayan zaman valideyn olduğu üçün o, qonaqların qarşılanması, yerləşdirilməsi işləri ilə məşğul olmuşdur. Bir qədər keçdikdən sonra, saat 19 radələrində toyda 3-4 nəfər tanımadığı mülki geyimli şəxsin restoranın administratoru ilə birlikdə zalda stolların altına, bəy-gəlin kürsüsünə və digər yerlərə baxdıqlarını görüb onlara yaxınlaşmışdır. Həmin şəxslər ona narahat olmamağını deyib oğlunun toyu olan zalı tərk etmişlər. Həmin vaxt administrator Şahid3 həmin şəxslərin polis əməkdaşları olduqlarını, hansısa şəxsin taksafonla “102” xidməti-zəng sisteminə zəng vuraraq oğlunun toy mərasimi keçirilən şadlıq sarayına partlayıcı maddə qoyulması, zalın partladılacağı və yeməklərdə zəhərli maddələrin olduğu barədə məlumat verdiyini, polislərin də məhz bu məlumat əsasında gəldiklərini qeyd edib, polislərlə özünün maraqlanacağını deyib, ona narahat olmamasını bildirmişdir. Bu səbəbdən o, toyda olan, əsasən toy mərasimi olan zalda axtarış aparmasından narahat olan qonaqlarla maraqlanmışdır. Bir müddət sonra o, zaldan çölə çıxdıqda restoran əməkdaşları ilə söhbət zamanı polislərin toy mərasimi olan zala baxış keçirdikdən sonra restoranın foyesinə, qardirobuna, çay güşəsinə, personallar üçün nəzərdə tutulmuş yerə, mətbəxə, anbara baxış keçirdiklərini, lakin heç bir şübhəli hal, əşya, habelə yemək-içməkdə zəhərli maddə aşkar olunmadığını, buna baxmayaraq, polislərin restoranı nəzarətdə saxladıqlarını, restoran ətrafında qalıb gözlədiklərini öyrənmişdir. Oğlunun toyu olduğundan, buna görə də, bir ata kimi toyun gedişi və qonaqlarla maraqlanmalı olduğu üçün, eləcə də polislərlə restoran əməkdaşlarının maraqlandığını görüb bu məsələ ilə həmin vaxt ətraflı maraqlanmamışdır. 16 oktyabr 2022-ci il tarixdə oğlunun toy mərasimi keçirilən şadlıq sarayında partlayış törədiləcəyi barədə məlumat verən şəxsin leytenant Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. 2018-ci ilin aprel ayında liseyi bitirən kursantların ixtisas bölgüsü zamanı Təqsirləndirilən şəxs həqiqətən də ona təhsilini DİN-in Daxili Qoşunlarının Hərbi Akademiyasında davam etdirmək istəyi barədə demişdir. Akademiyaya ixtisas seçimi dayandırıldığından Təqsirləndirilən şəxs onu ora göndərə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs idmana meyilli, dərslərini orta səviyyədə oxuyan, gözləri bir qədər zəif olduğu üçün eynəkdən istifadə edən, səliqəli geyinməyi xoşlayan, sakit təbiətli bir kursant olduğu üçün həmin vaxt ona, gənc zabitlər üçün hər zaman elit başlanğıc hesab edilən, nisbətən rahat şəraitdə xidmət edən, özünün də zabit kimi xidmətə həmin ixtisasdan başladığı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq, başqa arzusu, hər hansı digər ixtisası istəməsi barədə ona bildirməmişdir. Təqsirləndirilən şəxs bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasına bölərkən əslində sonuncuya yaxşılıq etmişdir. Təqsirləndirilən şəxs bu səbəbdən ondan qisas almaq niyyətinə düşməsinə çox təəccüblənmişdir. Təqsirləndirilən şəxs bu əməli nəticəsində oğlunun toy mərasimində bir qədər gərginlik yaransa da, polis əməkdaşları və restoran işçilərinin peşəkarlığı nəticəsində toyda hansısa ciddi problem baş verməmiş, toy sonadək davam etmiş, ona hansısa maddi və ya mənəvi ziyan dəyməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı hansısa şikayət, tələb və ya iddiası yoxdur. Şahid1 məhkəmədə elan olunmuş ifadəsində görünür ki, o, 2022-ci ilin may ayından oktyabr ayının sonlarınadək “Bolt” sərnişin daşıyıcı şirkətində istifadəsində olmuş ***-***- **-** nömrəli mobil nömrə ilə qeydiyyatdan keçməklə müqavilə əsasında sürücü işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu cəmi bir dəfə, 16 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində sərnişin kimi görmüşdür. 16 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində “Bolt” sərnişin daşıyıcı şirkəti onlayn şəkildə ona növbəti sifariş kimi ünvan 4 ünvanından ünvan 5rayına sərnişin aparmağı təklif etmişdir. O, həmin şifarişi qəbul etmişdir. Qısa müddət sonra sifarişi vermiş 20-22 yaşlarında olan orta boylu, əynində idman tipli qara gödəkcə olan, qısa səliqəli saçlı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi oğlan avtomobilə əyləşmişdir. O, “Ay işığı” şadlıq sarayı istiqamətində hərəkətə başlamışdır. Yolda tıxac olduğundan Təqsirləndirilən şəxslə söhbət etmək istəmiş, lakin sonuncunun onun sözlərinə ötəri cavablar verməsini görüb, eləcə də onun sankı nədənsə həyacanlı olmasını, fikrinin başqa yerdə olmasını hiss edib əlavə söz deməmişdir. Təqsirləndirilən şəxs idman tipli geyinməsinə baxmayaraq, onun “Ay işığı” şadlıq sarayı istiqamətində getməsinin səbəbini bilməmişdir. Onun ilə bu barədə nəsə danışmamışdır. Təxminən yarım saat ərzində yol getdikdən sonra “Ay işığı” şadlıq sarayına yaxınlaşmışlar. Həmin yerin yaxınlığına çatdıqda tıxac olması səbəbindən yolun əks istiqamətində dayanıb Təqsirləndirilən şəxs şadlıq sarayının qarşısına yolu piyada keçməklə getməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək gediş haqqını ödəyib maşından düşmüşdür. O, digər sifarişi qəbul edib oradan uzaqlaşmağa başlamış, ona maraqlı olmadığından Təqsirləndirilən şəxs hara getdiyinə, nə etdiyinə fikir verməmişdir. Təxminən üç gün sonra izahat verməsi üçün Nərimanov RPİ-nə dəvət edilmiş, orada izahat verərkən bir neçə gün əvvəl sərnişin kimi “Ay işığı” şadlıq sarayına apardığı Təqsirləndirilən şəxs DİN-in “102” zəng mərkəzinə zəng edərək həmin şadlıq sarayına partlayıcı qoyulması və həmin vaxt keçirilən toy mərasimində verilən yeməklərdə zəhərli maddələr olması barədə yalan məlumat verməsini bilmişdir. Şahid Nizami Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin Cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 məhkəmədə elan olunmuş ifadəsində görünür ki, 16 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində xidmət etdiy 25-ci Polis Bölməsinin rəisi ona zəng edərək özünü təqdim etməyən bir nəfərin Bakı şəhəri Nərimanov rayon ərizsində olan taksafonla DİN-in “102” xidməti-zəng sisteminə zəng vuraraq Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "xxxx" MMC-nin 2-ci korpusunda keçirilən və çoxsaylı ali rütbəli və yüksək vəzifəli şəxslərin iştirak etdiyi toy mərasiminə partlayıcı maddə qoyulması, zalın qısa müddət ərzində partladılacağı və yeməklərdə zəhərli maddələrin olduğu barədə məlumat verdiyini, əraziyə Bakı şəhər Baş Polis idarəsindən, Nizami Rayon Polis İdarəsindən əməkdaşların getdiyini bildirib, kömək üçün onun da qeyd edilən şadlıq sarayına getməli olduğunu demişdir. O, verilmiş göstəriş əsasında "xxxx" MMC-nin 2-ci korpusunda keçirilən əraziyə yaxınlaşmışdır. Bu zaman oraya ondan əlava bir neçə əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis əməkdaşı gəldiyini görmüşdür. Onlar dərhal restoran əməkdaşlarının iştirakı ilə toy mərasimi keçirilən zala, resporanın foyesinə, qardiroba, çay güşəsinə, personallar üçün nəzərdə tutulmuş yerə, mətbəxə, anbara baxış keçirmişlər. Baxış zamanı hər hansı bir partlayıcı və ya digər şübhəli əşya, yeməklərdə hansısa zəhərli və ya təhlükəli maddə aşkar edilməmişdir. Toy mərasimində çoxsaylı qonağın iştirak etməsi, eləcə də məlumatın terror xarakterli olmasına görə məsafədən nəzarət etmişlər. Verilmiş məlumatın yalan olduğu tam təsdiqini tapmış, toy zamanı hər hansı bir cinayət və ya cinayət xarakterli hadisə baş verməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən yalan məlumatı verməsi səbəbindən həmin şadlıq sarayına ümumilikdə, 10-12 nəfər əməliyyat müvəkkili getmişdir. Həmin gün qeyd edilən məlumat əsasında bir neçə saat ərzində "xxxx" MMC-nin yaxınlığında olmaları səbəbindən polisin ümumi işində müəyyən çətinliklər yaranmış, xidməti fəaliyyətlə əlaqədar olan bir sıra işləri təxirə salınmış, yarımçıq qalmışdır. Baxış keçirdikləri zaman restoran əməkldaşları, toyu olan şəxsin atası, eləcə də toyda iştirak edən bəzi qonaqlar arasında müəyyən qorxu, narahatlığın yaranmasını müşahidə etsə də, polisin peşəkar davranması, qonaqların hiss etməməsi üçün baxışı mülki geyimdə həyata keçirməsi səbəbindən hansısa ciddi problem, çaxnaşma baş verməmiş, toy sonadək davam etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin məsul növbətçi tərəfindən qeyd edilən şöbənin rəisinə ünvanlanmış 16 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 19:14-də (012) ***-**-** nömrəli taksofonla özünü təqdim etməyən şəxs tərəfindən DİN-in “102” xidməti-zəng sisteminə “Ay işığı şadlıq sarayında Milli Ordunun general-mayoru Şahid2 oğlunun toyunda zəhərli maddə və partlayıcı maddə var” məzmunlu məlumat verilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən aydın olur ki, həmin tarixdə "xxxx" MMC-yə məxsus (012) ***-**-** nömrəli həmin taksofona baxış keçirilmiş, baxış zamanı həmin taksafonun Bakı metropoliteninin Nəriman Nərimanov stansiyası yaxınlığında, ünvan 2 ünvanına yerləşdiyi və tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən məlum olur ki, həmin tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin 16 oktyabr 2022-ci il tarixdə ehtiyatda olan general-mayor Şahid2 oğlu Məhəmmədin toy mərasimi keçirilən 2-ci korpusuna baxış keçirilmiş, baxış zamanı həmin şadlıq sarayının foyedən, toy mərasiminin keçirilməsi üçün nəzərdə tutulmuş zaldan, qarderob bölməsindən, personal üçün nəzərdə tutulmuş otaqdan, mətbəxdən, anbardan, qadınlar üçün nəzərdə tutulmuş tualetdən, kişilər üçün nəzərdə tutulmuş tualetdən, elektrik bloku yerləşən otaqdan, zirzəmidən ibarət olduğu müəyyən edilmişdir. Cinayət işində olan 20 oktyabr 2022-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, həmin tarixdə DİN-in X5 Xidmətindən daxil olmuş, (012) ***-**-** nömrəli telefonla “102” xidməti-zəng mərkəzi sisteminə daxil olan zəngin audioyazısı olan bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı qeyd edilən audioyazının 02 dəqiqə 43 saniyə ərzində bir nəfər kişi və bir nəfər qadın danışığından ibarət olduğu, qadının (operatorun) telefona cavab verərək özünü təqdim etməsindən sonra kişinin “Koroğlu tərəfdə olan "xxxx" restoranında hal-hazırda general-mayor Şahid2 oğlunun toyu olduğuna görə, oradakı toyda yeməklərdə zəhərli maddə və bir də partlayıcı maddə var, xahiş edirəm tez təcili gəlin ora” dediyi, operatora taksafonla zəng etdiyini, bildirib yenidən “tez gəlin ora təcili” dediyi, əlaqə nömrəsini vermədiyi, özünü təqdim etməyərək, özünü restorana gələcək polis əməkdaşlarına təqdim edəcəyini qeyd edib “deyirəm ay xanım cəld olun, mən yubanıram, tez ora getməliyəm, polis əməkdaşları tez gəlsin ora” dediyi, sonra operatorun restoranın adı, yeri, kimin toyu olması barədə verdiyi dəqiqləşdirici suallara cavab verdiyi, sonda toy mərasiminə partlayıcı maddə və qonaqlara verilən yeməklərdə zəhərli maddə qoyulmasını təkrar edərək məlumatı normal düşünərək verdiyini bildirib bir daha özünü tədqim etmədən telefonu asdığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1756 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Bingo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hisdsədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Bingo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Bingo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda 1 nəfər kişi diktoru, 1 nəfər qadın diktoru olmaqla – ümumilikdə 2 nəfər diktor iştirak etmişdir. X10 Komandanlığının 20 dekabr 2022-ci il tarixli 8423 nömrəli məktubundan müəyyən olunur ki, Əliyev X9 Əliyev adına hərbi liseyin rəisinin xx.xx.2015-ci il tarixli 265 nömrəli əmri ilə kursant heyətinin siyahısına daxil edilmiş və xx.xx.2018-ci il tarixli 180 nömrəli əmri ilə kursant heyətinin siyahısından çıxarılaraq təhsilini davam etdirmək üçün Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin sərəncamına göndərilmişdir. Təlim və Tədris Mərkəzi rəisinin 23 iyul 2022-ci il tarixli 173 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, 2022-ci ilin iyun ayında Heydər Əliyev adına Hərbi insitutu bitirərək Müdafiə nazirinin 21 iyun 2022-ci il tarixli 0508 nömrəli əmrinə əsasən ixtisas kurslarında təhsil almaq üçün Azərbaycan Ordusunun TTM-nə göndərilmiş leytenant Təqsirləndirilən şəxs gəlmiş hesab edilərək Orduda və Hərbi Dəniz Qüvvələrində tərbiyəvi işə rəhbərlik ixtisası üzrə kursa cəlb edilməklə, şəxsi heyətin siyahısına daxil edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 14 yanvar 2023-cü il tarixli 234 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir.Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur .ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəx Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 216-cı maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər məhkum olunmadığını, ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, yaşayış və xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran ha müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə işin hallarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını onun barəsində azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməli olmasını qaçılmaz etdiyindən o, 5 (beş) il müddəttə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Lakin bununla belə məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini (müsbət xarakterizə olunmasını, işə, xidmətə vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması və s.), onun gəncliyini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini, onun hərbçi olmağa yüksək marağının və vətənpərvərlik ruhunun olmasının müşayiət edilməsi hazırda müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş əraziləridə hərbi infrastrukturun möhkəmləndirilməsində hərbçilərin rolu nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunması qənaətini qaçılmaz edir. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələri). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunması əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdar edici rolunu oynaya bilər. Belə ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməsini deyil, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın şərti tətbiq olunmaqla şüur altı olaraq üzərində azadlıqdan məhrumetmə cəzasının olması da təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə yerinə düşə bilmə təhdidi təsiri onun qanunlara hörmət ruhunda tərbiyə olunması və bu əsasda islah olunması da cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 70.5-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti xidmət müddətində hazırda xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə edilmiş zəngin audioyazısı olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, cinayət işi üzrə aparılmış ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi hərbi hissə komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə-fonoskopik ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12 (sədrlik edən), Rafiq Abbasov, Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-88/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-88/2023
22.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver