Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-9/2023 15.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- “Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, polkovnik-leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin (rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsi) informasiya texnologiyaları sistemləri və kibertəhlükəsizlik idarəsinin informasiya kommunikasiya texnologiyaları sistemləri şöbəsinin videokonfrans bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olarkən 28 noyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən yolun kənarında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə rastlaşdıqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sol qoluna, dirsəyi ilə sol sinə nahiyəsinə bir zərbə vurub ona “sol bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması - hemartrozu” xəsarətini yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyə ifadə verib göstərdi ki, o, 23 aprel 2009-cu il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahlarından xx xxxxxx 2010-cu il tarixdə bir qız övladı dünyaya gəlmişdir. Aralarında olan ailə daxili münaqişələrə görə o, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə arvadı Zərərçəkmiş şəxs boşanmış və məhkəmə azyaşlı övladı Şahid1 anasının himayəsinə verdiyi üçün o, keçmiş arvadını və qızını evli ikən yaşadıqları, qardaşı X1 məxsus, ünvan 4 ünvanında yerləşən evdən çıxarmamışdır. Zərərçəkmiş şəxs qızı Şahid1 ilə birlikdə təxminən üç il həmin evdə yaşamış və bu müddət ərzində Zərərçəkmiş şəxs onu ləkələməsi, həmçinin yaşadıqları evi ələ keçirməsi üçün dəfələrlə əsassız məlumatlarla onun barəsində Müdafiə Nazirliyinə şikayət etdiyi üçün daha sonra o, Zərərçəkmiş şəxs evli ikən yaşadıqları evdən çıxmasını tələb etmişdir. Zərərçəkmiş şəxs evdən çıxmadığı üçün qardaşı R.Əbdüləzimov bununla bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə sonuncunun xeyrinə qətnamə çıxardığı üçün 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs həmin evdən çıxarılmışdır. Sonrakı vaxtlarda Zərərçəkmiş şəxs həmin evdən ona pay verilməsi ilə bağlı bir neçə dəfə məhkəməyə müraciət etsə də, bunun heç bir faydası olmamış və məhkəmə Zərərçəkmiş şəxs iddiasını təmin etməmişdir. 28 noyabr 2021-ci il tarixdə o, evli ikən yaşadıqları, qardaşı R.Əbdüləzimova məxsus, yuxarıda qeyd edilən ünvanda yerləşən evə baş çəkməyə getmiş və evin giriş qapısında nasazlıq olduğuna görə həmin gün qapını təmir etməsi üçün evə usta dəvət etmişdir. Usta evin giriş qapsını təmir etdikdən sonra o, oradan ayrılmış və həmin evin yerləşdiyi binanın yaxınlığında saxladığı avtomobilinə tərəf gedən zaman arxadan qışqırıq səsi eşitmişdir. O, çevrilib arxaya baxan zaman bunun keçmiş arvadı Zərərçəkmiş şəxs olduğunu görmüş və həmin vaxt sonuncu ona tərəf gələrək yüksək səslə onun ünvanına “Müdafiə Nazirliyinin şərəfsiz zabiti, övladını atan ata” sözlərini işlətmişdir. Zərərçəkmiş şəxs qışqıraraq gələn zaman əlindəki mobil telefonu ona tərəf tutaraq videoçəkiliş aparmış və o, ünsiyyətdə olmaması üçün iti addımlarla avtomobilinə tərəf hərəkət etsə də, Zərərçəkmiş şəxs qaçaraq gəlib önünə keçmişdir. Qarşısını kəsən zaman Zərərçəkmiş şəxs yenə də, mobil telefonunu ona tərəf istiqamətləndirərək videoçəkiliş aparmış və onun ünvanına təhqiramiz sözlər işlətmişdir. O, Zərərçəkmiş şəxs bu sözlərinə yenə də əhəmiyyət verməmiş və bu zaman qaçaraq arxadan yanlarına gələn azyaşlı qızı Şahid1 ağladığını görüb təsəlli etməsi üçün yaxınlaşaraq qızını qucaqlamaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qızının qolundan tutub çəkərək onun qucaqlamasına imkan verməmiş və bundan sonra o, oradan ayrılaraq avtomobilinə oturmuşdur. Zərərçəkmiş şəxs onun ünvanına təhqiramiz sözlər işlətməsi ona pis təsir etdiyi, həmçinin gələcəkdə yenə də, bu kimi əməllərə yol verəcəyini düşündüyü üçün şikayət etmək qərarına gəlmiş və bu məqsədlə ərazi üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şölməsinə getmişdir. Həmin gün Zərərçəkmiş şəxs da, yalandan onun tərəfindən fiziki zorakılığa məruz qalaraq xəsarət alması barədə 18-ci Polis şöbəsinə şikayətini bildirmiş və daha sonra faktla bağlı araşdırma aparılmışdır. Məhkəmədən cinayət törətmədiyini nəzərə alıb ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahlarından bir qız övladı dünyaya gəlmişdir. Evli olduqları müddət ərzində onlar əri Təqsirləndirilən şəxs məxsus, qayınatası Vilayət Ələsgərovun adına rəsmiləşdirilmiş, ünvan 5 ünvanında yerləşən evdə yaşamış və bir neçə il sonra həmin mənzil qayınatası tərəfindən qaynı Rahib Əbdüləzimova bağışlanmışdır. Əri Təqsirləndirilən şəxsla aralarında mütəmadi olaraq ailə daxili münaqişləri olduğu üçün onlar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə boşanmış və məhkəmə azyaşlı qızı Şahid1 onun himayəsinə vermişdir. Boşandıqdan sonra bir neçə il o, yenə də, qızı Şahid1 ilə birlikdə həmin evdə yaşamış və daha sonra həm keçmiş əri Təqsirləndirilən şəxs, həm də sonuncunun valideynləri onu həmin evdən çıxarmaq istədikdə o, evdən çıxmamışdır. O, evdən çıxmadığı üçün keçmiş qaynı R.Əbdüləzimov bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə sonuncunun xeyrinə qətnamə çıxardığı üçün 2021-ci ilin iyul ayında o, qızı ilə birlikdə həmin evdən çıxarılmışdır. Ailə həyatı qurmamışdan əvvəl, yəni nişanlı olduqları zaman atası İlham İsmayılov həmin evin təmirinə 25.000 manat pul verdiyi üçün daha sonra o, həmin pulun qaytarılması, yaxud evdən ona pay verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və atası İ.İsmayılovun evin təmirinə pul verməsinə qonşuluqda yaşayan Gülçöhrə Əliyeva şahid olduğu üçün sonuncu məhkəmədə onun xeyrinə ifadə vermişdir. G.Əliyeva məhkəmədə onun xeyrinə ifadə verdikdən bir müddət sonra, yəni 28 noyabr 2021-ci il tarixdə saat 13-14 radələrində onunla telefon vasitəsilə əlaqə saxlamış və keçmiş əri Təqsirləndirilən şəxs həmin gün yaşadıqları evin yerləşdiyi binanın qarşısına gəlib məhkəmədə onun xeyrinə ifadə verməsini əri Şahid9 dediyi üçün əri ilə aralarında münaqişə yarandığını bildirmişdir. O, telefonla danışdıqdan sonra qızı Şahid1 ilə birlikdə kirayədə yaşadığı ünvan 6 ünvanında yerləşən mənzildən ayrılaraq G.Əliyeva ilə əri Şahid9 münasibətlərini normallaşdırması üçün piyada əvvəl yaşadıqları evə tərəf getmiş və həmin vaxt anası Şahid2 evdə qalmışdır. O, qızı Şahid1 ilə birlikdə əvvəl qaldıqları evin yerləşdiyi binanın yanına gəldikdə keçmiş əri Təqsirləndirilən şəxs orada olduğunu görmüş və yaxınlaşaraq sakit şəkildə ev məsələsini söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla söhbət etmək istəmədiyini demiş və yanında olan qızı Şahid1 “niyə gəlib görüşmürsən, tərbiyəsiz, xəstə anan öyrədib səni, mən səni tərbiyə edərəm” deyib, özü ilə aparması üçün qızının qolundan tutaraq çəkmişdir. Qızı Şahid1 getmək istəmədiyi üçün ağlamağa başlamış və bu zaman o, qızının qolundan tutub buna müdaxilə etmək istədikdə Təqsirləndirilən şəxs əvvəlcə yumruqla sol qolunun yuxarı, bayır hissəsinə, daha sonra isə dirsəyi ilə sol sinə nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən o, arxaya gedib yaxınlığında dayandıqları pəncərənin dəmir barmaqlıqlarına dəyərək yerə yıxılmış və ayağa durduqdan sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini qeydə alması üçün mobil telefonunu çıxararaq videoçəkiliş aparmışdır. Həmin vaxt səs-küyə yaxınlıqda olan “Günel” gözəllik salonunda çalışan qadın işçilər bayıra çıxmış və kənardan onlara tərəf gələn anası Şahid2 qışqırdığı üçün Təqsirləndirilən şəxs oradan ayrılmışdır. Həmin gün hər ikisinin qarşılıqlı şikayətləri əsasında araşdırma aparılmağa başlanılmış və mübahisə zamanı Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq etdiyi üçün daha sonra sol qolunda qançır əmələ gəlmişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlamadığını və ona qarşı şikayətçi olduğunu məhkəmədə bildirmişdir. Məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs boşandıqdan sonra bir müddət o, anası ilə birlikdə əvvəl yaşadıqları, ünvan 4 ünvanında yerləşən evdə yaşamış və daha sonra həmin evdən çıxarıldıqları üçün o, anası ilə birlikdə kirayə tutduqları evdə yaşamağa başlamışdır. 2021-ci ilin təxminən payız aylarında o, anası Zərərçəkmiş şəxs və nənəsi Şahid2 ilə birlikdə kirayədə yaşadıqları evdə olan zaman əvvəl onlarla qonşu olmuş Gülçöhrə Əliyeva anasının mobil telefonuna zəng vurmuş və telefon danışığını bitirdikdən sonra anası ona Gülçöhrəgilə gedəcəklərini demişdir. Həmin vaxt o, G.Əliyevanın telefonda anası ilə nə danışdığını bilməmiş və Gülçöhrənin qızı Azəri ilə dostluq etdiyi üçün sonuncunun mobil telefonuna onlara gələcəklərinə dair mesaj göndərmişdir. Daha sonra o, anası Zərərçəkmiş şəxs ilə birlikdə kirayə yaşadıqları evdən çıxaraq yaxın olduğu üçün piyada əvvəl yaşadıqları evə tərəf getmiş və həmin vaxt nənəsi Şahid2 evdə qalmışdır. Onlar əvvəl yaşadıqları evin yerləşdiyi binanın qarşısına gəldikdə atası Təqsirləndirilən şəxs orada tək dayandığını görmüş və bu zaman anası yaxınlaşaraq “niyə belə edirsən” demişdir. O, bir qədər aralıda dayandığı üçün söhbətin nədən getdiyini, nə danışdıqlarını bilməmiş və daha sonra atası Təqsirləndirilən şəxs yaxınlaşıb ona “niyə gəlib görüşmürsən, niyə salam vermirsən, tərbiyəsiz anan səni öyrədib, səni anandan alacam” deyərək qolundan tutub özü ilə aparması üçün özünə tərəf çəkməyə başlamışdır. Həmin vaxt onun getmək istəmədiyini görən anası Zərərçəkmiş şəxs qolundan tutaraq buna imkan verməmiş və bu zaman atası Təqsirləndirilən şəxs yumruqla anasının sol qolundan bir zərbə vurmuşdur. Zərbənin təsirindən anası arxaya gedib yaxınlığında dayandıqları pəncərinin dəmir barmaqlıqlarına dəyərək yerə yıxılmış və ayağa qalxdıqdan sonra mobil telefonunu çıxararaq atasının bu hərəkətlərinə görə videoçəkiliş aparmağa başlamışdır. Bir qədər sonra nənəsi Şahid2 da, oraya gəlmiş və atası yanlarından ayrıldıqdan sonra anası Zərərçəkmiş şəxs şikayət etmək istədiyi üçün onlar polis şöbəsinə getmişlər. Onlar evə qayıtdıqdan sonra o, atasının yumruqla vurması nəticəsində anasının sol qolunun qızardığını görmüş və daha sonra həmin hissədə qaraltı əmələ gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, qızı Zərərçəkmiş şəxs 2018-ci ildə əri Təqsirləndirilən şəxs boşansa da, bir neçə il sonuncuya məxsus, ünvan 4 ünvanında yerləşən mənzildə yaşamış və həmin evdən çıxarıldıqdan sonra keçmiş əri ilə aralarında olan mülki mübahisələrə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 28 noyabr 2021ci il tarixdə təxminən saat 14 radələrində o, qızı Zərərçəkmiş şəxs və nəvəsi Şahid1 kirayədə yaşadığı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 55 ünvanında yerləşən evdə olan zaman qızı ilə əvvəl qonşu olmuş Gülçöhrə qızının mobil telefonuna zəng vurmuş və telefonla danışdıqdan sonra o, nə baş verdiyini soruşduqda sonuncu keçmiş əri Təqsirləndirilən şəxs əvvəl yaşadıqları evə gedərək aralarında olan mülki işə görə qonşusu Gülçöhrənin məhkəmədə onun xeyrinə ifadə verməsini sonuncunun əri Vahidə dediyini bildirmişdir. Qızı Zərərçəkmiş şəxs daha sonra bu məsələyə aydınlıq gətirməsi, Gülçöhrə ilə əri Vahidin münasibətlərini düzəltməsi üçün nəvəsi Şahid1 ilə birlikdə evdən çıxaraq əvvəl yaşadıqları yerə getmiş və həmin vaxt o, qızının istəyi ilə evdə qalmışdır. Təxminən 10-15 dəqiqə sonra o, bu məsələ ilə əlaqədar narahatçılıq keçirdiyi üçün qızının kirayədə qaldığı evdən çıxmış və taksi ilə qızının arxasınca getmişdir. O, qızının yaşadığı evin yerləşdiyi binanın yaxınlığına gəldikdə orada taksidən düşmüş və bu zaman qızının qonşusu olmuş Gülçöhrənin qızı Azəri qaçaraq yanına gəlib qızı Jalə ilə keçmiş əri Sahibin mübahisə etdiyini demişdir. O, piyada binanın tininə gəldikdə keçmiş kürəkəni Təqsirləndirilən şəxs “Günel” gözəllik salonunun yaxınlığında bir əli ilə nəvəsi Şahid1 qolundan tutduğunu, digər əli ilə qızı Zərərçəkmiş şəxs sol qoluna yumruq zərbəsi vurduğunu görmüş və sonuncu aldığı zərbənin təsirindən arxaya gedib pəncərənin dəmir barmaqlılarına dəyərək yerə yıxılmışdır. Qızı Zərərçəkmiş şəxs ayağa durduqdan sonra Şahid1 atası Təqsirləndirilən şəxs əlindən almağa çalışmış və eyni zamanda sonuncunun etdiyi qanunsuz hərəkətləri mobil telefonu vasitəsilə videoçəkiliş aparmaqla qeydə almışdır. Ayağında olan problemlərə görə o, yeriməkdə çətinlik çəkdiyi üçün dərhal yanlarına gedə bilməmiş və həmin vaxt mübahisənin baş verdiyi yerdən təxminən 12-15 metr aralıda olmuşdur. Bu zaman o, qışqıraraq nəvəsi Aylini çağırmış və bundan sonra Təqsirləndirilən şəxs oradan ayrılmışdır. Daha sonra qızı Jalə və nəvəsi Aylin onun yanına gəlmiş və həmin gün qızı və keçmiş kürəkəni qarşılıqlı olaraq bir-birlərindən Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə şikayət etmişlər. Onlar evə gəldikdən sonra o, Təqsirləndirilən şəxs vurması nəticəsində qızı Zərərçəkmiş şəxs sol qolunda qızırtı yarandığını görmüş və daha sonra həmin hissədə qaraltı əmələ gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, o, uzun illər Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Səriyə” və “Günel” gözəllik salonlarında saç ustası işləmişdir və Zərərçəkmiş şəxs təxminən 12-13 il əvvəl həmin gözəllik salonlarına gəldiyi zaman tanımışdır. Zərərçəkmiş şəxs onun müştərisi olduğu üçün o, bəzən sonuncunun istəyinə əsasən saçını boyaması, düzəltməsi üçün yaşadığı, “Günel” gözəllik salonunun yaxınlığında yerləşən evinə getmiş və orada əri Sahibi görsə də, onunla heç vaxt ünsiyyətdə olmamışdır. 2021-ci ilin təxminən noyabr ayının sonlarında gündüz saatlarında Bakı şəhəri Nərimanov rayonunda yaşayan, hazırda kim olduğunu xatırlamadığı müştəsi saçını boyaması üçün onu evinə dəvət etmiş və o, Nərimanov rayonuna gəlib saç boyası alması üçün piyada əvvəl çalışdığı “Günel” gözəllik salonunun yaxınlığında yerləşən “Zeyn” adlı mağazaya gedərkən təxminən 10-15 metr aralıda, yolun kənarında Zərərçəkmiş şəxs ilə keçmiş əri Sahibin mübahisə etdiklərini görmüşdür. Həmin vaxt azyaşlı qızları Aylin də, yanlarında olmuş və Sahib qızı Aylinin qolundan tutaraq özünə tərəf çəkmişdir. O, əvvəlcə müdaxilə etmək istəsə də, bunun ailə daxili münaqişə olduğunu fikirləşib yaxınlaşmamış və Sahib qolundan dartan zaman Aylin “burax, əl çək” deyə qışqırmağa başlamışdır. Aylin qışqırdığı üçün anası Jalə buna müdaxil etmiş və bu zaman o, Sahibin sol əli ilə Aylini tutub dartdığını və sağ əli ilə onlara müdaxilə edən Jalənin sol qol, sol kürək nahiyəsinə tərəf yumruq zərbəsi vurduğunu görmüşdür. Zərbənin təsirindən Zərərçəkmiş şəxs arxada olan pəncərənin dəmir barmaqlıqlarına dəyərək yerə yıxılmış və daha sonra ayağa qalxaraq Aylini yenidən özünə tərəf çəkmişdir. Həmin vaxt qonşuluqda yaşayan Vahidin azyaşlı qızı Azəri də, orada olmuş və bu zaman o, Jalənin adını və soyadını bilmədiyi anasının da, axsayaraq onlara tərəf getdiyini görmüşdür. Bundan sonra o, saç boyası alması üçün mağazaya getmiş və mağazadan çıxan zaman mübahisənin hələ də davam etdiyini, Zərərçəkmiş şəxs mobil telefonu ilə videoçəkiliş apardığını görmüşdür. Həmin vaxt “Günel” gözəllik salonunda çalışan qadınlar da, səs-küyə çıxmış və o, müştərisinin evinə getdiyi üçün daha sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib göstərdi ki, əvvəllər onlarla birlikdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qızı Şahid1 onun rəfiqəsidir və Aylin 2021-ci ildə, xatırlamadığı tarixdə onun mobil telefonuna mesaj göndərərək anası ilə birlikdə onlara gələcəyini demişdir. Bundan sonra o, anası Gülçöhrə Əliyevaya bu barədə məlumat verərək onları qarşılaması üçün həyətə çıxmış və bir qədər sonra yaşadıqları binanın altında yerləşən “Günel” gözləllik salonunun yaxınlığında səsküy gəldiyini eşidib yaxınlaşdıqda Aylinin anası Jalə ilə atası Sahibin bir-birləri ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Aylin də, orada olmuş və atası Sahib qolundan tutub dartdığı üçün Aylin “əl çək, burax” deyib qışqıraraq ağlamağa başlamışdır. Sahib qızı Aylini qolundan tutub dartan zaman Jalənin qoluna yumruq zərbəsi vurmuş və Jalə aldığı zərbənin təsirindən arxaya gedib pəncərənin dəmir barmaqlıqlarına dəyərək yerə yıxılmışdır. Həmin vaxt Aylinin nənəsi Tavat təxminən 10-15 metr aralıda, əvvəllər “Günel” gözəllik salonunda çalışan İlahə isə həmin salon ilə üzbə-üz səkidə olmuş və bir qədər sonra salonda çalışan digər qadınlar da, səs-küyə çölə çıxmışlar. Daha sonra Sahib oradan ayrılmış və həmin gün Aylinin anası Jalə baş vermiş hadisə ilə bağlı polisə şikayət etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 234 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 045 nömrəli əmri ilə Müdafiə Nazirliyinin rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik baş idarəsinin (N nömrəli hərbi hissə) informasiya texnologiyaları sistemləri və kibertəhlükəsizlik idarəsinin informasiya kommunikasiya texnologiyaları sistemləri şöbəsinin videokonfrans bölməsinin rəisi vəzifəsinə təyin edilmiş polkovnik-leytenant Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatalara qoyulmuşdur. Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə çəkilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı qızı Şahid1 tutaraq qucaqlamaq, özünə tərəf çəkmək istəsə də, sonuncu qışqıraraq buna imkan vermir və həmin vaxt Zərərçəkmiş şəxs ətrafdakı insanlara Təqsirləndirilən şəxs qızı Şahid1 psixoloji travma yaşatdığını bildirir. xx.xx.2021-ci il tarixli 2996 nömrəli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs həmin gün keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 mərkəzinə məlumat vermişdir. 28 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs həmin gün saat 14 radələrində onunla mübahisə etməsi və mübahisə zamanı sol qoluna yumruqla vuraraq ona xəsarət yetirməsi barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinə şikayətini bildirmişdir. 29 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs 28 noyabr 2021-ci il tarixdə heç bir səbəb olmadan küçədə onun ünvanına təhqiramiz sözlər işlətməsi barədə Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsinə şikayətini bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır və hadsənin baş verdiyi yerdə, birinci mərtəbədə yerləşən pəncərənin bayır tərəfində dəmir barmaqlıqlar vardır. xx.xx.2021-ci il tarixli 168 nömrəli göndərişin surətindən görünür ki, Zərərçəkmiş şəxs həkim-travmatoloq tərəfindən müayinəsi zamanı onda “sol bazu oynağının yumşaq toxumalarının əzilməsi, hematoması və hemartrozu, dəri səthində qançırlar” xəsarəti aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertin 29 noyabr 2021-ci il tarixli 898 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda “sol bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması - hemartrozu” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə tarixi 28 noyabr 2021-ci il tarixə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin yumruqla vurulma və Zərərçəkmiş şəxs bədənin sol bayır-arxa səthi ilə maneəyə dəyərək öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi ekspert trəfindən istisna olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət-prosessual qanunvericiliyində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi, sübutların kifayət etməsi qaydaları müəyyənləşdirilmişdir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. (AR CPM-nin 143, 144, 145-ci maddələri). Məhkəmə tərəfindən hüquqi müstəvidə həqiqətə nail olmaq məqsədi daşıyan ədalət mühakiməsinin aparılması üçün təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməyərək, zərərçəkmiş şəxsə xəsarət yetirməməsi ilə bağlı izahatına hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan izahatlar, o cümlədən ekspertiza rəyinin məzmunu, habelə iş materiallarında olan sənədlərin tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan, habelə digər sübutların məcmusu ilə ziddiyyət təşkil edən ifadəsi özünümüdafiə xarakteri daşıdığı üçün tərəfindən törədilmiş cinayət əməlini təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Təqsirləndirilən şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, işin digər materialları ilə tam sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə cəza təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-9/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-9/2023
15.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver