Məhkəmə qərarları › İş №1-1(093)-92/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-92/2023

22.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-92/2023 22.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclasının katibli X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi:-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Şabran rayonunun Ağbaş kəndində anadan olmuş, Siyəzən rayonunun Sədan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin yanğından mühafizə taqım komandirinin müavini, gizir Təqsirləndirilən şəxs1 və .xx xxxxxx 1995-ci il tarixdə Quba rayonunun 1-ci Nügədi kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Quba şəhərində yerləşən “Şahdağ” otelində işləyən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin yanğından mühafizə taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 27 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində arvadı, Təqsirləndirilən şəxs2, azyaşlı övladları: Əli İsayev və Bilnur İsayeva, tanışları Şahid1 ilə birlikdə Quba rayonunun ərazisində istirahət etmək barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs2 özünə məxsus olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə ailəvi tanışları olan Şahid2 məxsus olan ***-***-**-** saylı mobil telefona zəng edərək şəxsi avtomobilləri olmadığı üçün istifadəsində olan avtomobillə onları Quba-Qəçrəş avtomobil yolunun kənarında «Qəçrəşyolu» yaşayış massivində yerləşən istirahət mərkəzlərinin birinə aparmasını xahiş etmiş, Şahid2 onunla razılaşıb istifadəsində olan “Mercedes” markalı, “**-BP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə yaşadıqları ünvan 1 ünvanına gələrək onları həmin gün saat 21 radələrində Quba rayonunun «Qəçrəşyolu» yaşayış massivində yerləşən «Ailəvi» adlı istirahət mərkəzinə aparmışdır. İstirahət mərkəzinin işçiləri tərəfindən onların istəyinə uyğun olaraq istirahət mərkəzinin həyətində, yəni vətəndaşların kütləvi formada istirahət etdiyi açıq ərazidə yerləşən masalardan birində yer ayrıldıqdan sonra onlar həmin yerdə əyləşib spirtli içki və yemək sifariş verərək yeyib-içdikdən sonra Şahid1 yaşlı olduğuna görə, Şahid2 isə ac vəziyyətdə spirtli içki qəbul etdiyinə görə özlərini pis hiss etdiklərini əsas gətirib hər ikisi həmin yeri tərk etmişlər. Həmin gün saat 22:30 radələrində Təqsirləndirilən şəxs1 digər masada müştəri qismində əyləşmiş, qabaqcadan tanımadıqları Quba rayon sakini, vətəndaş-Zərərçəkmiş şəxs2 mobil telefonla onların video çəkilişlərini aparmasından əsassız olaraq şübhələnərək bu barədə arvadı Təqsirləndirilən şəxs2 bildirmiş, sonra Zərərçəkmiş şəxs2 video çəkiliş aparmasından şübhələndiyi üçün bunu bəhanə edib heç bir səbəb olmadan Təqsirləndirilən şəxs2 ilə birlikdə çoxsaylı müştərilərin gözləri önündə həmin vətəndaşlara qışqıraraq etiraz əlaməti olaraq ünvansız nalayiq söyüşlər və sözlər işlətmiş, ətrafda olan insanların diqqətlərini üzərilərinə çəkdikdən sonra Təqsirləndirilən şəxs2 müştərilərə yüksək səslə «hara baxırsız? konsertə baxırsız?» deyib ünvansız nalayiq ifadələr və söyüşlər işlədərək əyləşdikləri masanın üzərində olan boşqabları, stəkanları və digər qabqacağı etiraz əlaməti olaraq insanların gözləri qarşısında çırpıb sındıraraq məhv etmiş, həmin vaxt Aygül İsayevə nalayiq söz və söyüşlər işlədə-işlədə boşqabları qırarkən Təqsirləndirilən şəxs1 isə qışqıraraq ünvansız nalayiq söyüş və sözlər işlətməyə davam etmiş, bu zaman istirahət mərkəzinin fəaliyyətinin və insanların istirahətinin iflic olduğunu görən həmin istirahət mərkəzini icarə əsasında işlədən, Quba rayon sakini, vətəndaş- Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq ətrafdakı insanların istirahətlərini pozduqlarını, həmin insanların bir çoxunun ailə formasında istirahət etdiklərini, içlərində uşaq və yaşlıların olduğunu, çoxsaylı müştərilərin onların qərəzli hərəkətlərindən şikayət etdiklərini, həmçinin müştərilərin bir neçəsinin onların hərəkətlərindən narahat olaraq istirahət mərkəzini tərk etdiklərini bildirmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara edilmiş iradlardan nəticə çıxarmayaraq qanunsuz hərəkətləri davam etdirərək. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 istirahət mərkəzinin müştərilərin ödəniş etməsi üçün nəzərdə tutulan yerində olduğunu görüb üzərinə hücum edib əli ilə sonuncunun boğazından tutmaqla üz nahiyəsinə iki sillə zərbəsi vuraraq zor tətbiq etmiş və ardınca əli ilə Zərərçəkmiş şəxs2 köynəyinin yaxasını dartıb cırmış, Təqsirləndirilən şəxs1 isə hadisə yerinə Quba rayon polis əməkdaşlarının gəlməsinə əsəbiləşib Zərərçəkmiş şəxs1 kobud formada qışqıraraq «polis çağırmısan?» deməklə həmin vaxt sahibinin kim olduğunu bilmədiyi avtomobilə hücum edərək Zərərçəkmiş şəxs1 məxsus 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək sındırmış, hadisə yerinə gələn Quba rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1lə arvadı Təqsirləndirilən şəxs2 istirahət mərkəzinin əşyalarını sındırmağa, istirahət mərkəzində istirahət edən vətəndaşların qarşısında nalayiq söz və söyüşlər işlətməyə, habelə vətəndaşlara qarşı zor tətbiq etməyə davam etdiklərini görüb onları Quba rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin yanğından mühafizə taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən arvadı Təqsirləndirilən şəxs2, uşaqları-Əli İsayev və Bilnur İsayeva, tanışı Şahid1 ilə birlikdə 27 iyul 2022-ci il tarixdə Quba rayonunda istirahət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 həmin gün, saat 20:30 radələrində yaşadıqları evdə əvvəllər usta işləmiş və uzun müddət tanışları olan Şahid2 zəng edərək istifadəsində olan “Mercedes” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avomobillə onları ailəlikcə Quba-Qəçrəş avtomobil yolunun kənarında yerləşən istirahət mərkəzinə aparmasını xahiş etmişdir. Şahid2 idarə etdiyi avtomobillə onu, yoldaşı Təqsirləndirilən şəxs2 və iki azyaşlı uşağını yaşadığı evin qarşısından götürüb Quba rayonunun Qəçrəş kəndi istiqamətində yola düşmüşdür. Yolda olarkən Şahid1 də avtomobilə əyləşmiş, ümumilikdə altı nəfər olmaqla saat 21 radələrində Quba-Qəçrəş avtomobil yolunun kənarında, Quba şəhəri, Qəçrəşyolu yaşayış massivində yerləşən “Ailəvi” istirahət mərkəzinə gedərək istirahət mərkəzinin həyətində olan masalardan birinin arxasında müştəri qismində əyləşib yemək və spirtli içki olan araq sifariş etmişlər. Digər masaların arxasında da xatırlamadığı müştərilər əyləşmişlər. Təqsirləndirilən şəxs2, Şahid1, Şahid2 və o, yemək yeyib araq içəndən sonra Şahid1 istisna olmaqla saat 22:30 radələrində ayağa durub öz masalarının yanında oynamağa başlamışlar. Şahid1 artıq yorulduğunu və ürəyində də xəstəlik olduğunu əsas gətirərək onlarla sağollaşıb həmin yeri tərk etmişdir. Şahid2 ac olduğu halda çox araq içdiyini və buna görə özünü pis hiss etməyə başladığını bildirib istirahət mərkəzinin həyətində saxladığı avtomobilə mindikdən sonra bir daha həmin avtomobildən düşməmişdir. Rəqs edən zaman içkili olduqlarına görə o və Təqsirləndirilən şəxs2 aralarında yüksək səslə danışmağa başlamış, ətrafda ən yüksək səslə danışan onlar olmuş, rəqs etdikdən sonra həmin masada əyləşdikdə bu zaman ətrafda bir nəfərin əlində mobil telefonu görüb onların videosunu çəkdiyini düşünmüşdür. Əsəbiləşərək yaxınlaşıb nəyə görə onların videosunu çəkdiyini ondan soruşmaq qənaətinə gəlmişdir. Bu barədə arvadı Təqsirləndirilən şəxs2 bildirdikdə sonuncu da içkili olduğundan əsəbiləşib qışqıraraq masanın üzərində olan boşqabları masaya çırparaq sındırmağa başlamışdır. Təqsirləndirilən şəxs2 ətrafda olan şəxslərə “hara baxırsız? konsertə baxırsız?” kimi ifadələr işlətmiş, həmin istirahət obyektinin sahibi olan və sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs əyləşdikləri masaya yaxınlaşaraq onu və Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışsa da, onlar daha da özlərindən çıxmışlar. Ətrafdakı şəxslərə narahatçılıq yaratdıqlarının, cəmiyyət içində olduqları halda ictimai qaydanı pozduqlarının fərqində olsalar da sərxoş olduqlarına və özlərindən çıxdıqlarına görə buna əhəmiyyət verməmişlər. Bu zaman onların video çəkilişini apardığını zənn etdiyi şəxsin əyləşdiyi masasından qalxaraq ödənişin edildiyi yerə gəlib gözlədiyini görmüşdür. İçkili olduğuna görə həqiqətən həmin şəxsin video çəkiliş aparıb-aparmadığını araşdırmadan həmin şəxsə yaxınlaşıb qışqıraraq nəyə görə ailəsinin video çəkilişini apardığını soruşmuşdur. Sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrənmiş həmin şəxs isə cavabında hər hansı video çəkmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2la mübahisəni davam etdirsə də həmin şəxs cavab olaraq heç bir əlavə söz deməmişdir. Təqsirləndirilən şəxs2 stolun üzərindəki əşyaları sındırmağı yekunlaşdırıb yüksək səslə ünvansız nalayiq söz və söyüşlər işlədərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb bu barədə onunla mübahisə etsə də Təqsirləndirilən şəxs2 video çəkiliş aparmadığını və pul ödəmək üçün burada gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 əsəbi halda özündən çıxaraq Məhməmməd Məmmədovun boğazından yapışıb digər, əli ilə Zərərçəkmiş şəxs2 sifətinə iki sillə zərbəsi vuraraq köynəyinin yaxasını cırmışdır. Təqsirləndirilən şəxs2 həmin hərəkətləri edərkən o da ünvansız nalayiq söz və söyüşlər işlətməyə davam etmişdir. O, kənardan polis əməkdaşlarının gəldiyini görüb Zərərçəkmiş şəxs1 qışqıraraq nəyə görə polis çağırdığını bildirmiş, polislərin gəlməsinə əsəbiləşib özündən çıxaraq sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrəndiyi 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək həmin şüşəni sındırmışdır. Polis əməkdaşları onu və arvadını sakitləşdirib onları Quba rayon polis şöbəsinə aparmışlar. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş 20 manat məbləğində ziyan, habelə Zərərçəkmiş şəxs1 əmlakları olan qab-qacaqlara dəymiş 50 manat məbləğində və avtomobilinə dəymiş 300 manat məbləğində olmaqla ümumilikdə 370 manat məbləğində ziyan o və arvadı tərəfindən tamamilə ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs2 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, əri Təqsirləndirilən şəxs1, azyaşlı övladları- Əli İsayev və Bilnur İsayeva, ailəvi tanışları Şahid1 ilə birlikdə 27 iyul 2022-ci il tarixdə Quba rayonunun ərazisində istirahət etmək qərarına gəlmişdir. Şəxsi avtomobilləri olmadığına görə həmin tarixdə saat 20:30 radələrində əvvəllər evlərində usta kimi təmir işləri ilə bağlı işləmiş tanışı Şahid2 mobil telefonuna zəng edərək istifadəsində olan “Mercedes” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avomobillə onları ailəlikcə Quba-Qəçrəş avtomobil yolunun kənarında yerləşən istirahət mərkəzlərindən birinə aparmasını xahiş etmişdir. Şahid2 razılaşaraq avtomobili ilə yaşadıqları ünvana gələrək onu, Təqsirləndirilən şəxs1 və iki azyaşlı uşaqlarını yaşadıqları evin qarşısından götürmüşdür. Məqsədləri orada ailəsi və tanışları ilə birlikdə istirahət etmək olmuşdur. Yolda Şahid1 də həmin avtomobilə minmiş, cəmi altı nəfər olmaqla saat 21 radələrində Quba-Qəçrəş avtomobil yolunun kənarında, Quba şəhəri, Qəçrəşyolu yaşayış massivində yerləşən “Ailəvi” istirahət mərkəzinə gedərək istirahət mərkəzinin həyətində olan 10-15 masadan birinin arxasında müştəri qismində əyləşib yeyib içmişlər. Həmin istirahət mərkəzi müştərilərə açıq havada xidmət göstərmiş və masaların hamısı açıq havada torpaq örtüyünün üzərində olmuşdur. Əyləşdikdən sonra ətrafı müşahidə edərkən masaların demək olar ki, hamısının arxasında müştərilərin ailələri ilə və digər şəxslərlə əyləşdiyini görmüşdür. Şahid1 artıq yorulduğunu və ürəyində də xəstəlik olduğunu əsas gətirərək sağollaşıb həmin yeri tərk etmişdir. Şahid2 isə çox araq içdiyini və buna görə özünü narahat hiss etməyə başladığını bildirib istirahət mərkəzinin həyətində saxladığı avtomobilə doğru gedərək həmin yeri tərk etmiş, rəqs edən zaman içkili olduqlarına görə danışarkən həmin vaxt səsləri çox yüksək çıxmış, ətrafda ən yüksək səslə danışan onlar olmuşdur. Ətrafdakı insanları narahat etsələr də, bunu önəmsəməyərək öz hərəkətlərinə davam etmişlər. Həmin gün saat 22:30 radələrində ətrafda bir nəfərin əlində mobil telefonu görüb əsəbiləşərək ona yaxınlaşmış, nəyə görə onların videosunu çəkdiyini həmin şəxsdən soruşacağı barədə Təqsirləndirilən şəxs1 ona bildirmişdir. İçkili olduğuna görə, həm də insanların diqqətlərin dağıtmaq üçün əsəbiləşib qışqıraraq əyləşdikləri masanın üzərində olan boşqabları etiraz olaraq masaya çırpmaqla sındırmağa, habelə ətrafda olan şəxslərə qışqıraraq “hara baxırsız? konsertə baxırsız?” kimi ifadələr işlətməyə başlamışdır. Bununla ətrafdakı insanlara səbəbsiz yerə etirazını göstərmiş, həmin istirahət obyektinin sahibi olan və sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs əyləşdikləri masaya yaxınlaşaraq onları sakitləşdirməyə, ətrafda əyləşən insanlara narahatlıq yaratdıqlarını bildirərək ictimai qaydanı pozmamağa dəvət edib bu hərəkətlərdən onları çəkindirməyə çalışsa da onlar daha da özlərindən çıxmışlar. Ətrafdakı şəxslərə narahatlıq yaratdıqlarının, insanların içində olsalar da sakitliyi pozduqlarının fərqində olsalar da özlərindən çıxdıqları üçün Təqsirləndirilən şəxs1lə birlikdə buna əhəmiyyət verməmişdir. Əksinə həmin insanların diqqətinə etiraz əlaməti olaraq hərəkətlərini əri ilə birlikdə davam etdirmişlər. Qeyd etdiyi hərəkətləri edərkən Təqsirləndirilən şəxs1 ünvansız nalayiq söz və söyüşlər işlətmiş, bu zaman onların video çəkilişini apardığını zənn etdikləri şəxsin əyləşdiyi yerdən qalxaraq həmin obyektdə müştərilərin ödəniş etməsi üçün nəzərdə tutulan yerə gəlib gözlədiyini görmüşdür. Təqsirləndirilən şəxs1 həmin şəxsə yaxınlaşıb qışqıraraq nəyə görə ailəsinin video çəkilişini apardığını soruşmuş, həmin şəxs isə cavabında hər hansı video və ya foto çəkmədiyini bildirmişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu öyrənmiş, bu zaman masanın üzərindəki bütün əşyaları sındırmağı yekunlaşdırıb yüksək səslə ünvansız nalayiq söz və söyüşlər işlədərək Zərərçəkmiş şəxs2 üzərinə gedib bu barədə onunla mübahisə etsə də video çəkiliş aparmadığını və pul ödəmək üçün burada gözlədiyini bildirən Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək sol əli ilə boğazından yapışıb digər əli ilə Zərərçəkmiş şəxs2 sifətinə iki sillə zərbəsi vuraraq köynəyinin yaxasını cırmış, məqsədi onun əmlakına ziyan verməklə ona olan etirazını bildirmək olmuşdur. Zərərçəkmiş şəxs2 qarşı başqa hər hansı qanunsuz hərəkət etməmiş, kənardan polis əməkdaşlarının gəldiyini görən əri Təqsirləndirilən şəxs1 istirahət mərkəzini idarə edən sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndikləri şəxsə qışqıraraq nəyə görə polis çağırdığını bildirib polislərin çağrılmasına əsəbləşərək özündən çıxmaqla sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrəndikləri 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək həmin şüşəni əli ilə sındırmışdır. Bu zaman polis əməkdaşları onu və ərini çətinliklə də olsa sakitləşdirmişlər. Hadisə nəticəsində ətrafda əyləşmiş bütün ailələr də narahat olub istirahətlərini yarımçıq qoyaraq həmin yeri tərk etmişlər. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş 20 manat məbləğində ziyan, habelə Zərərçəkmiş şəxs1 əmlakları olan qab-qacaqlara dəymiş 50 manat məbləğində və avtomobilinə dəymiş 300 manat məbləğində olmaqla ümumilikdə 370 manat məbləğində ziyan o və əri tərəfindən tamamilə ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını cahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, 27 iyul 2022-ci il tarixdə Quba-Qəçrəş avtomobil yolunun kənarında, Quba şəhəri, Qəçrəşyolu yaşayış massivində yerləşən “Ailəvi” istirahət mərkəzinə gedərək həmin istirahət mərkəzini icarə əsasında işlədən şəxs olaraq müştərilərə xidmət etmiş, Şahid3 ona həmin işdə köməklik etmiş, yay fəsli olduğundan istirahət mərkəzində müştərilərin əyləşməsi üçün nəzərdə tutulan masalar açıq havada qoyulmuşdur. Həmin gün fərdi və ailəli olmaqla çox sayda istirahət edən müştərilər olmuş, hər hansı problem, narahatlıq və şikayət müşahidə etməmişdir. Həmin gün saat 21 radələrində masaların birində ümumilikdə altı nəfər əyləşmiş, həmin şəxslərdən ikisi azyaşlı uşaq olmuş, digər üç kişi və bir qadın isə yemək və spirtli içki olan araq sifariş verərək yeyib-içmişlər. Dörd nəfər şəxsin sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 adında şəxslər olduqlarını öyrənmişdir. Digər masaların arxasında da ailəvi və fərdi qaydada adlarını xatırlamadığı çoxsaylı müştərilər əyləşmişlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid2 təxminən bir saat yemək yeyib araq içəndən sonra saat 22:30 radələrində ayağa durub əyləşdikləri masanın yanında oynamağa, yüksək səslə danışmağa başlamışlar. Şahid1 və Şahid2 başqa digər şəxslər yəni, ər-arvad ətrafda narahatlıq yaratmaqla, qışqıraraq danışmaqla insanların istirahət etmələrinə mane olmuşlar. Şahid1 və Şahid2 digər şəxslərlə vidalaşıb həmin yeri tərk etdiyini görmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rəqs edən zaman sərxoş olmuş və danışarkən səsləri yüksək çıxmış, digər şəxslərə, müştərilərin istirahətinə narahatlıq yaratmış, ən yüksək səslə danışanlar onlar olmuş, bir neçə müştəri onların bu saymazyana hərəkətlərini görüb hesabı ödəyərək ərazini tərk etmişlər. Təqsirləndirilən şəxs1 əsəbiləşərək yoldaşı Təqsirləndirilən şəxs2 nə isə dediyini görmüş, Talıb və Təqsirləndirilən şəxs2ların əsəbləşmələrinə səbəb sonradan tanıdığı Zərərçəkmiş şəxs2 onların video çəkilişini apardığını zənn etmələri olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt heç bir şəxsin və ərazinin video çəkilişini və fotoçəkilişini aparmamış, müştəri qismində orada olmuş, Zərərçəkmiş şəxs2 ora gəldikdən sonra yalnız çay içmiş və spirtli içki qəbul etməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək səslə əsəbi halda birbiriləri ilə qışqıraraq danışarkən və ünvansız nalayiq söz və söyüşlər işlədərkən qəflətən Təqsirləndirilən şəxs2 ətrafdakı insanlara etiraz əlaməti olaraq masanın üzərində olan boşqabları və qab-qacağı masaya çırparaq sındırmağa başlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 müştərilərin diqqətini öz üzərinə çəkdiyini görüb ətrafda olan müştərilərə qışqıraraq “hara baxırsız? konsertə baxırsız?” kimi ifadələr, habelə ünvansız nalayiq söz və söyüşlər işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs1 də etiraz əlaməti olaraq hadisə zamanı ünvansız nalayiq ifadələr və söyüşlər işlətmiş, artıq adlarını və üzlərini xatırlamadığı müştərilər baş verən hadisələri səbəb gətirərək ərazini kütləvi şəkildə tərk etməyə başlamış və digər hər kəs narahat olaraq təşviş içində baş verənlərə baxmağa davam etmişdir. Bu zaman həmin istirahət obyektinin sahibi kimi Aygül və Təqsirləndirilən şəxs1lərin olduqları masaya yaxınlaşaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışsa da onlar daha da özlərindən çıxmış, dəfələrlə onlara sakitləşmələri və insanların istirahətlərini pozmamaları üçün bildirdiyi iradlara, xahişlərə və tələblərə məhəl qoymamışdır. Artıq vəziyyətin təhlükəli hal aldığını və onları sakitləşdirə bilmədiyini anlamış, bu zaman Zərərçəkmiş şəxs2 içmiş olduğu çayın pulunu ödəyib getmək üçün kassada onu gözləyərkən Təqsirləndirilən şəxs1 içkili halda Zərərçəkmiş şəxs2 video çəkiliş aparıb-aparmadığını araşdırmadan sonuncuya yaxınlaşıb qışqıraraq nəyə görə ailəsinin video çəkilişini aparmasını soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə cavabında hər hansı video çəkmədiyini bildirmiş, stolun üzərindəki əşyaları sındırmağı bitirərək Təqsirləndirilən şəxs2 yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs2 yanına yaxınlaşıb bu barədə ilə kobud formada mübahisə etsə də Zərərçəkmiş şəxs2 ona heç bir əlavə söz deməmiş, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 özlərindən çıxıb ətrafdakı şəxslərə qorxu yaratmaqla etiraz əlaməti olaraq sakitçiliyi kobud pozmuş və müştərilərin istirahət etməsinə maneçilik törətmişlər. Zərərçəkmiş şəxs2 onlara video çəkiliş aparmadığını və pul ödəmək üçün burada gözlədiyini bildirsə də Təqsirləndirilən şəxs2 əsəbi halda özündən çıxıb Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək boğazından yapışıb digər əli ilə Zərərçəkmiş şəxs2 sifətinə iki sillə zərbəsi vuraraq köynəyinin yaxasını tutub dartaraq cırmış, köynək yararsız vəziyyətə düşmüş, Təqsirləndirilən şəxs1 kənardan polis əməkdaşlarının gəldiyini gördükdə ona doğru qışqıraraq nəyə görə polis çağırdığını soruşmuşdur. Polis əməkdaşlarının çağrılmasına etiraz edib Təqsirləndirilən şəxs1 əsəbiləşərək özündən çıxmaqla ona məxsus 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək həmin şüşəni sındırmışdır. Təxminən 30-60 dəqiqə davam edən hadisə yekunlaşdıqdan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən Quba rayon polis şöbəsinə dəvət olunmuşlar. Hadisə nəticəsində qab-qacaqlarına dəymiş 50 manat məbləğində və avtomobilinə dəymiş 300 manat məbləğində olmaqla ümumilikdə 350 manat məbləğində ziyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona ödənilərək tamamilə aradan qaldırılmışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayət tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verərək göstərdi ki, 27 iyul 2022-ci il tarixdə saat 21 radələrində Quba-Qəçrəş avtomobil yolunun kənarında, Quba rayonunun Qəçrəşyolu yaşayış massivində yerləşən “Ailəvi” istirahət mərkəzinə gedərək istirahət mərkəzinin həyətində olan masalardan birinin arxasında müştəri qismində tək əyləşib çay sifariş etmişdir. Ətrafdakı masalarda çoxlu ailəvi şəkildə insanlar əyləşmiş, hava isti olduğuna görə müştərilər açıq havada qoyulan masalarda əyləşmişlər. Yemək və ya spirtli içki qəbul etməmiş, məqsədi sakit və təmiz havada istirahət edərək çay içmək olmuşdur. Masalardan birində altı nəfər əyləşmiş, iki azyaşlı uşaqdan başqa digər üç kişi və bir qadın yemək və spirtli içki qəbul etmiş, həmin şəxslərin sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 adında şəxslər olduqlarını öyrənmişdir. İstirahət mərkəzində müştərilər üçün nəzərdə tutulmuş masaların sayı təxminən 10-15 olmuşdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid2 yemək yeyib araq içmiş, Ramık Ağasiyevdən başqa digər şəxslər saat 22:30 radələrində ayağa durub əyləşdikləri masanın yanında oynamağa başlamışlar. Ramik adlı şəxs onlara nəsə deyərək sağollaşıb həmin yeri tərk etmişdir. Şahid2 isə bir qədər sonra istirahət mərkəzinin həyətində saxladığı avtomobilə doğru getdikdən sonra onu görməmişdir. Talıb və Təqsirləndirilən şəxs2lar rəqs edən zaman sərxoş olmuş və qışqıraraq danışmışlar. Bu hal o, daxil olmaqla müştərilərdə narahatlıq yaratmış, bir neçə ailə bu vəziyyətdən narahat olduqlarından istirahətlərini yarımçıq qoyaraq həmin obyekti tərk etməyə başlamışlar. Təqsirləndirilən şəxs1 əsəbiləşərək yoldaşı Təqsirləndirilən şəxs2 nə isə demiş, sonradan Talıb və Təqsirləndirilən şəxs2ların əsəbləşmələrinə səbəbin onun həmin şəxslərin video çəkilişlərini aparmasını zənn etmələri olduğunu öyrənmişdir. Heç bir şəxsin və ərazinin video çəkilişini və fotoçəkilişini aparmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək səslə əsəbi halda bir-birləri ilə qışqıraraq danışarkən qəflətən Təqsirləndirilən şəxs2 stolun üzərində olan boşqabları və qab-qacağı stola çırparaq sındırmağa başlamışdır. Təqsirləndirilən şəxs2 diqqətləri öz üzərinə çəkdiyini görüb ətrafda əyləşmiş müştərilərə qışqıraraq “hara baxırsız? konsertə baxırsız?” kimi ifadələr işlətmiş, hərkəs narahat olmağa, təşviş içində onlara baxmağa başlamışdır. Bu hərəkətləri edərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvansız nalayiq ifadələr və söyüşlər işlətməyə başlamışdır. İstirahət obyektinin sahibi olan və sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs onların olduqları masaya yaxınlaşaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışsa da onlar daha da özlərindən çıxmış, vəziyyətin təhlükəli hal aldığını və artıq istirahət etmək istəmədiyindən içmiş olduğu çayın pulunu ödəyib getmək üçün ödəniş edilən yerdə dayanmışdır. Zərərçəkmiş şəxs1 ödəniş etmək üçün gözləyərkən Təqsirləndirilən şəxs1 içkili halda onun video çəkiliş aparıb-aparmadığını araşdırmadan ona yaxınlaşıb qışqıraraq nəyə görə ailəsinin video çəkilişini apardığını soruşmuş, cavabında hər hansı video çəkmədiyini bildirmişdir. Aygül və Təqsirləndirilən şəxs1lər sərxoş və əsəbi olduqlarından dediklərinə məhəl qoymamış, baş verənlər nəticəsində istirahətləri pozulan müştərilərin əksəriyyəti obyektən getmişdir. Stolun üzərindəki əşyaları sındırmağı yekunlaşdırmış Təqsirləndirilən şəxs2 yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ona doğru yaxınlaşıb mübahisə etsə də heç bir əlavə söz deməmişdir. Aygül və Təqsirləndirilən şəxs1lərə video çəkiliş aparmadığını və pul ödəmək üçün orada gözlədiyini bildirsə də Təqsirləndirilən şəxs2 əsəbi halda özündən çıxıb onun üzərinə hücum edərək boğazından yapışıb sağ əli ilə sifətinə iki sillə vuraraq köynəyinin yaxasını cırmışdır. Təqsirləndirilən şəxs1 kənardan polis əməkdaşlarının gəldiyini gördükdə Zərərçəkmiş şəxs1 yüksək səslə nəyə görə polis çağırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 polislərin çağrılmasına etiraz əlaməti olaraq özündən çıxıb Zərərçəkmiş şəxs1 məxsus 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək həmin şüşəni sındırmışdır. Təqsirləndirilən şəxs1 həmin hərəkətini polis əməkdaşları da görmüş, polis əməkdaşları Talıb və Təqsirləndirilən şəxs2ları çətinliklə də olsa sakitləşdirmişdir. Polis əməkdaşlarına ilkin olaraq narazılıqlarını bildirsələr də hər hansı müqavimət göstərmədən sakitləşmiş və Quba rayon polis şöbəsinə dəvət olunmuşlar. Hadisə nəticəsində ona dəymiş 20 manat məbləğində və Zərərçəkmiş şəxs1 dəymiş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamamilə aradan qaldırılmışdır. Hal-hazırda təqsirləndirilən şəxsləri bağışlamış, onlara qarşı şikayət və tələbi yoxdur. Şahid4 məhkəməyə ifadə verərək göstərdi ki, 27 iyul 2022-ci il tarixdə saat 23.55 radələrində işlədiyi bölmənin polis nəfəri Şahid5 ilə birlikdə xidmət apararkən “Ailəvi” istirahət mərkəzində münaqişə və dava-dalaş olması barədə məlumat verilərək, əməliyyat qrupu üzvləri gələnə kimi hadisə yerinə gedib oranı nəzarətdə saxlamağı bildirildi. Onlar Növbətçi hissənin göndərişi ilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda görmüşlər ki, bir nəfər qadın və bir nəfər kişi sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməklə ünvansız söyüş söyərək, həmin istirahət mərkəzini işlədən Zərərçəkmiş şəxs1 onları sakitləşməsinə məhəl qoymurlar. Hətta adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 onların gəlişini görüb Zərərçəkmiş şəxs1 istifirahət mərkəzinin həyətində saxladığı avtomobilin arxa sol yan şüşəsini yumruq zərbəsi ilə vuraraq çındırmışdır. Tanımadıqları müştərilər onlara bildirdilər ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əyləşdikləri masa arxasında yeyib-içib sərxoş vəziyyətində olandan sonra ər-ərvad olaraq öz aralarında nalayiq ifadələr işlətməklə mübahisə edərək digər müştərilərə narahatçılıq yaratmışlar. Aygul İsayeva əvvəlcə əli ilə masanın üzərində olan yeməkləri və əşyaları sındırıb yerə salmış və sonra isə müştəri kimi gəlmiş, adını sonradan bildikləri Şahid3 boğazından əli ilə tutmuş, digər əli ilə Məhəmmədin sifətindən iki dəfə silli ilə vurmuş və sonra da köynəyinin yaxasından tutub özünə tərəf dartaraq köynəyini cırmışdır. Sonra Quba RPŞ-dən həmin gün növbədə olan əməliyyat qrupunun üzvləri gəlmişlər. X6 və Təqsirləndirilən şəxs1 çətinliklə çakitləşdirib polis avtomobilinə əyləşdirmiş və üç şəxsi Quba RPŞ-yə gətirmişlər. O, onları gətirdikləri barədə raport yazmşdır. Sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışı Ramin adlı şəxs də onlarla birlidə gəlib eyni masada əyləşərək yeyib-içmişlər. Lakin o, sonradan çıxıb getdiyi üçün biz onu hadisə yerində görməmişlər. Şahid5 məhkəməyə Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Şahidlər Şahid3, Şahid1, Şahid2 məhkəmədə elan olunmuş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə verərək, 27 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində qərəzli və cəmiyyətə etiraz əlaməti olaraq ünvansız nalayiq söz və söyüşlər işlətməklə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus qab-qacağı sındırmasını, Zərərçəkmiş şəxs2 iki sillə zərbəsi vurub köynəyinin yaxasını cıraraq zədələməsini və Təqsirləndirilən şəxs1 2000-ci il istehsalı olan, “Chrysler PT Cruiser” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə yumruq zərbəsi endirərək həmin şüşəni sındırmaqla Zərərçəkmiş şəxs1 əmlakını zədələməsini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan 28 iyul 2022-ci il tarixli sərxoşluğun müayinəsinə dair alkotestr qəbzlərinin surətindən görünür ki, 28 iyul 2022-ci il tarixdə, saat 01:57-də Təqsirləndirilən şəxs2 orqanizmində alkoqolun miqdarı 0,71 faiz, 28 iyul 2022-ci il tarixdə, saat 01:59-da Təqsirləndirilən şəxs1 orqanizmində alkoqolun miqdarı 0,73 faiz təşkil etmişdir. 28 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, hadisə yeri Quba şəhəri “Qəçrəşyolu” yaşayış massivində, Quba-Xınalıq yolunun sağ tərəfində yerləşən “Ailəvi” istirahət mərkəzidir. İstirahət mərkəzinin ərazisində üstü açıq masalar vardır. Hadisə yerində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman onun əmlaklarına ziyan vurmalarını əyani olaraq göstərmişdir. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2018ci il tarixli, 201 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 Mülki müdafiə qoşunlarının komandanının N noyabr 2018-ci il tarixli 191/ş nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin yanğından mühafizə taqım komandirinin müavini vəzifəsində təyin edilmiş və həmin tarixdən işlərini və vəzifəsini qəbul etmiş hesab edilərək vəzifələrinin icrasına başlamışdır. 07 fevral 2023-cü il tarixli və 25 mart 2023-cü il tarixli ərizələrdən, habelə zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş 350 (üç yüz əlli) manat və Zərərçəkmiş şəxs2 dəymiş 20 (iyirmi) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və onlar, həmin maddə ilə nəzərdə tutulan cinayət əməllərin törədilməsində təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrini, ailəli olmaqla himayələrində iki az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törtməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri əvəzinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törtməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. . iş üzrə maddi sübut- Sumqayıt Hərbi prokurorluğunun maddi sübut otağında saxlanılan 1 (bir) ədəd açıq qırmızı rəngli qısaqol yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır.. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aylıq pul təminatından dövlət nəfinə 5% (beş faiz) məbləğdə pul tutulmaqla 1 (bir) il müddəttə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı hökm icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5% (beş faiz) məbləğdə pul tutulmaqla 3 (üç) ay müddəttə islah işləri cəzası təyin edilsin. Cəzəçəkmə müddətinin başlanğıcı hökm icraya yönəldiyi gündən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Hərbi prokurorluğunun maddi sübut otağında saxlanılan 1 (bir) ədəd açıq qırmızı rəngli qısaqol yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar