Məhkəmə qərarları › İş №1-1(096)-10/2025

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-10/2025

23.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-10/2025 23.04.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx xxx 2006-cı il Bakı şəhərində anadan olmuş, subay tam orta təhsili, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 1-ci sərhəd zastavasının 1-ci manqasının qumbaraatan köməkçisi, vəzifəsində, əsgər rütbəsində xidmət edən, barəsinə “komandanlığın müşahidəsi altına vermə növündə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 5-ci Təlim bölüyünün 2-ci təlim taqımının müdavimi kimi əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat N radələrində səyyar məşğələ yerində məşğələlər arası fasilənin bitməsinə az vaxt qalmış əsgər Şahid1 qol saatının üz şüşəsi qopduğu üçün şüşəni yapışdırmaq məqsədilə alışqan ilə qızdıraraq yapışdırdıqdan sonra saatın üz şüşəsi qoparaq yerə düşmüş, bundan sonra Təqsirləndirilən şəxs, saatın üz şüşəsini yerdən götürərək əlindəki alışqanla şüşəni qızdırdıqdan sonra, heç bir səbəb olmadan xidmət yoldaşı, həmin taqımının müdavimi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs “bax gör istidi” deyərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1-ci və 3cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək» kimi tələblərini kobud şəkildə pozaraq fiziki ağrı yetirmək məqsədilə saatın qızdırılmış üz şüşəsini qəsdən əsgər Zərərçəkmiş şəxs sol said nahiyyəsinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid “Sol said nahiyyəsinin 2-ci dərəcəli termiki yanığı” xəsarəti yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 avqust 2024-cü il tarixdə saat N radələrində hərbi hissənin qarşısında ərazidə səyyar məşğələ yerində “Sərhəd Qoşunları taktikası” fənnindən dərs keçən zaman həmin vaxt əsgər Zərərçəkmiş şəxs ondan sağ tərəfdə, əsgər Şahid1 isə onun arxasında əyləşmişdir. Əsgər Şahid1 valideyn görüşü zamanı qol saatı gətirilmiş və həmin qol saatının üz şüşəsi tez-tez qoparaq düşdüyündən, həmin vaxt Şahid1 saatın üz şüşəsini qızdıraraq alt hissəsində olan saata birləşmiş plastik materiala bərkitməyə çalışmışdır. Dərs-məşğələ zamanı fasilə vaxtı olduğu üçün və əsgər Şahid1 qol saatının üz şüşəsi qopduğu üçün şüşəni alışqanla isidib yapışdırmağa çalışmış, bunun üçün əsgər Şahid1 saatın üz şüşəsini qızdırıb saata yapışdırsa da şüşə qoparaq yerə, oturduğu kətilin yaxınlığına düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs şüşəni yerdən götürüb əlində olan alışqanla isitməyə başlamış, bir neçə dəfə alışqanı yandırıbsöndürdükdən sonra saatın şüşəsinə əl ilə toxunduqda soyuq olduğunu hiss etdiyi üçün, buna baxmayaraq saatın digər tərəfinin alışqanla qızdırıldığını bilərək həmin hissənin isti olacağını bilərək, zarafat etmək məqsədilə əsgər Zərərçəkmiş şəxs ““bax gör istidi” deyib saatın üz şüşəsini onun sol qoluna basmışdır. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs “yandırdı” deyərək əlini geriyə çəkmiş, daha sonra yerindən qalxaraq qolunun Təqsirləndirilən şəxs tərəfindən yandırılması ilə bağlı baş leytenant Elnur Rzayevə məruzə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin onu da qeyd etmişdir ki, əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətin uyğunsuz olduğunu dərk etmiş, sonuncuya xəsarət yetirmək imkanını qabaqcadan bilmiş, lakin hərbi xidmətə yenicə gəldiyindən və uyğunlaşma dövrünü tam keçmədiyindən xidmət yoldaşına qarşı uyğunsuz hərəkət etmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 avqust 2024cü il tarixdə saat N radələrində N nömrəli hərbi hissənin qarşısında ərazidə səyyar məşğələ yerində “sərhəd qoşunları taktikası” fənnindən baş leytenant Elnur Rzayev tərəfindən keçirilən məşğələ zamanı məşğələnin bitməsinə az vaxt qalmış ondan arxa tərəfdə əyləşən əsgər Şahid1 sonuncuya məxsus qol saatının üz şüşəsi qopduğundan alışqanla saatın üz şüşəsini isidərək şüşəsi qol saatına yapışdırmağa çalıışmışdır. Həmin vaxt saatın üz şüşəsi Şahid1 qəflətən əlindən yerə düşmüş, bundan sonra əsgər Təqsirləndirilən şəxs yerə düşmüş üz şüşəsini yerdən qaldıraraq əlindəki alışqanla qızdırmağa başlamışdır. Bir neçə dəfə alışqanla yandırıb qızdırdıqdan sonra “bax gör istidi” deyərək saatın üz şüşəsini onun sol qol nahiyəsinə vurmuş, həmin vaxt şüşənin hərarəti çox olduğundan qolunda ağrı hiss etmiş və bu zaman “yandırdı” deyərək əlini geri çəkmişdir. Bundan sonra yerindən qalxaraq əsgər Təqsirləndirilən şəxs onun qolunu yandırması ilə bağlı baş leytenant Elnur Rzayevə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, Şahid1 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. “Hərbi qulluqçuların andiçmə mərasimi”ndən öncə valideynləri mülki həyatda olarkən istifadə etdiyi qol saatını istifadə etməyi üçün gətirmişlər. Həmin saatın üz şüşəsində problem mövcud olmuş və tez tez yerindən çıxmışdır. Saatın üz şüşəsinin alt hissəsində plastik material mövcud olmuş və adətən o, şüşəni qızdıraraq həmin plastik materiala yapışdırmışdır. 22 avqust 2024-cü il tarixdə saat N radələrində hərbi hissənin qarşısında ərazidə səyyar məşğələ yerində “Sərhəd Qoşunları taktikası” fənnindən keçirilən dərs məşğələ zamanı şəxsi heyət taxta kətillərdə əyləşmiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ondan öndə, Təqsirləndirilən şəxs sağ tərəfdə isə əsgər Zərərçəkmiş şəxs əyləşmişdir. Fasilə vaxtı olduğundan və saatının üz şüşəsi yenidən qopduğundan şüşəni yerinə yapışdırmaq üçün alışqanla qızdırmış, saatın üz şüşəsini qızdırdıqdan sonra yerinə yapışdırsa da qəflətən şüşə qoparaq yerə düşmüşdür. Həmin vaxt bunu görən əsgər Təqsirləndirilən şəxs şüşəni yerdən götürmüş və əsgər Zərərçəkmiş şəxs sol qol nahiyyəsini vurmuşdur. Həmin vaxt sonuncu “yandırdı” deyərək əlini geriyə çəkmişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs yerindən qalxaraq əsgər Təqsirləndirilən şəxs qolunu yandırması ilə bağlı baş leytenant Elnur Rzayevə məruzə etmişdir. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin vaxt şüşə isti olmuş, özü də Təqsirləndirilən şəxs şüşənin isti olmasını və onun əlini yandıra biləcəyini bildirmişdir. Məhkəmə iclasında, Şahid2 da da əsgər Şahid1 ilə oxşar məzmunda ifadə verərək baş verənləri təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X4 Cəlilabad Rayon şöbəsinin eksperti tərəfindən tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 726 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində - “sol said nahiyəsinin 2-ci dərəcəli termiki yanığı” müəyyən olunmuş, müəyyən olunan xəsarət yüksək hərarətin yerli təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə, yəni qızmış şüşənin onun sol qoluna basılması nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. DSX-nin N saylı hərbi hissəsinin tibb məntəqə rəisi, tibb xidməti kapitanı Vasif Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 5-ci təlim bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “sol qolun orta hissəsinin termiki yanığı” diaqnozu ilə tibb məntəqəsinə müraciət etdiyi üçün, baş vermiş zədə halının araşdırılması ilə bağlı N nömrəli hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırılmışdır. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0183 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Qobustan” toplanış məntəqəsindən gəldiyinə görə xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə əsgər hərbi rütbəsi verilmiş, 5-ci təlim bölüyünün 2-ci təlim taqımının müdavimi vəzifəsinə təyin edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0183 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs “Qobustan” toplanış məntəqəsindən gəldiyinə görə xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə əsgər hərbi rütbəsi verilmiş, 5-ci təlim bölüyünün 2-ci təlim taqımının müdavimi vəzifəsinə təyin edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0246 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0199 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissədən gəldiyinə görə xx.xx.2024-cü il tarixdən etibarən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0247 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. DSX-nin N saylıi hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0213 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissədən gəldiyinə görə xx.xx.2024-cü il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0217 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən etibarən hərbi hissənin 18-ci sərhəd zastavasının 3-cü manqasının qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0223 №-li təşkilatsəfərbərlik bölməsi üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissənin 17-ci sərhəd zastavasının baş atıcı snayperi vəzifəsinə təyin edilmişdir. DSX-nin N saylı hərbi hissə komandirinin 11-12 yanvar 2025-ci il tarixli 10 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən etibarən hərbi hissənin 1-ci sərhəd zastavasının 1-ci manqasının qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan DSX-nin N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, N saylı hərbi hissənin 5-ci təlim bölüyünün müdavimləri əsgər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən heç bir tabelilik münasibətləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş DSX-nin Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 309 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək DSX-nin HHK-da şəhadətləndirilmiş və sonuncuda hər hansı patologiyanın aşkar olunmaması ilə yanaşı hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. X1 X2 alt böülümünün məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində sonuncunun məhkumluğu ilə əlaqədar heç bir məlumat aşkarlanmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Lənkəran Hərbi Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı qəsdən xəsarət yetirməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əsgər Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xidməti xasiyyətnamədən görünür ki, sonuncu N saylı hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Lakin hal-hazırda əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü intizamlı göstərməklə hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq etiraf etməsini əməlindən səmimi peşman olmasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını araşdırıb onun xuliqanlıq niyyəti ilə qol saatının şüşəsini qızdıraraq qəsdən Zərərçəkmiş şəxs qoluna “damğa” vurmasını nəzərə alaraq hesab edir ki, onun barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə və böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini və yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsi zəruridir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar