Məhkəmə qərarları › İş №1-1(096)-16/2024

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-16/2024

13.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-16/2024 13.08.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs – xx xxxxxxx 1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin 1-ci əməliyyat taborunun, 1-ci əməliyyat bölüyünün, 4-cü əməliyyat taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, 09 iyul 2024-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin 1-ci əməliyyat taborunun 4-cü əməliyyat taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etdiyi dövrdə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən 58-ci kilometrliyində hərəkətdə olan zaman gəldiyi hərəkət istiqamətinin sol tərəfində yerləşən yanacaqdoldurma məntəqəsinə dönmək üçün qarşıdan gələn avtomobili gözləmədən hərəkətə başlamışdır. Bu səbəbdən də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin, yəni “yolayrıcından kənarda sola və geriyə dönərkən relssiz nəqliyyat vasitələrin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir” tələblərini pozaraq qarşıdan gələn “Dacia Sandero” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hənun toqquşmanın nəticəsində “Dacia Sandero” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vətəndaş Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid “C3 boyun fəqərəsinin qapalı sınığı” xəsarətini almasına səbəb olmuşdur. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, hərbi hissədən Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalına müalicə olunmaq üçün göndəriş əsasında getmişdir. 13 oktyabr 2024-cü il tarixdə yekun müayinələrdən keçdikdən sonra 14 oktyabr 2024-cü il tarixdə səhər saatlarında xidmət etdiyi hərbi hissəyə qayıtmaq üçün yola çıxmışdır. O, N saylı hərbi hissəyə getmək üçün Salyan-Biləsuvar yolundan istifadə etdiyindən 14 oktyabr 2023-cü il tarixdə köhnə Ələt- Astara maqistral yolu ilə hərəkətdə olan zaman avtomobilinin sığorta müqaviləsinin müddətinin bitməyinə az bir müddət qaldığından Salyan rayon mərkəzinə gedərək orada “Atasığorta” şirkətində etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili sığortalatdırdıqdan sonra geriyə maqistral yola qayıtmışdır. Salyan dairəsindən sağa dönərək maqistral yol istiqamətində təxminən 10-20 km/saat sürətlə hərəkət etməyə başlamış, avtomobilində yanacağın az miqdarda qaldığını görüb Salyan dairəsi adlanan yerə yaxın yolun sol istiqamətində olan yanacaqdoldurma məntəqəsinə dönmək üçün avtomobilini döndərmiş və dönmə əməliyyatını icra edib düz yolun ortasında olarkən “Dacia Sandero” markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ hissəsinə orta hissədən toqquşaraq çırpılmışdır. Onun idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili isə sürüşərək yolun kənarında dayanmış olan qırmızı rəngli “VAZ 2106” markalı avtomobilə dəyərək hərəkətsiz qalmış və nəticədə hər üç avtomobil zədələnmişdir. Avtomobildə olan şəxslərdən “Dacia Sandero” markalı avtomobilin sürücüsü xəsarət almış və təcili tibbi yardım maşını ilə xəstəxanaya təxliyyə olunmuşdur. Hadisənin baş verməsinə səbəb kimi anidən qarşıdan gələn avtomobil yoluna gözləmədən çıxmasını göstərmişdir. Maddi imkanının aşağı səviyyədə olması ilə əlaqədar olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək iqtidarında olmadığını bildirmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir. Vətən müraribəsi zamanı hərbi əməliyyatlarda iştirak etmişdir. Cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, “Dacia Sandero” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, təxminən 2 ildir ki, həmin avtomobili idarə edir, xx.xx.2023cü il tarixdə, təxminən saat 12:00-12:30 radələrində Salyan rayonu, Arbatan kəndinin yolundan çıxıb sağa dönərək işıqforda gözlədikdən sonra Ələt-Astara maqistral yolunun Salyan rayonu ərazisindən keçən 58-ci km-də Salyan dairəsi istiqamətində ona məxsus olan “Dacia Sandero” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qabaqda yolun sağ tərəfində yanacaqdoldurma məntəqəsi olmuşdur. Həmin vaxt təxminən sürəti 50 km/saat olmuş, yanacaq doldurma məntəqəsinə çatan zaman birdən qarşıdan məntəqəyə dönmək məqsədilə “VAZ 2106” markalı avtomobil anidən onun hərəkət zolağına çıxmış, dərhal hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib və sükanı sağa yanacaqdoldurma məntəqəsinin həyətinə salmaq istəmiş, lakin “VAZ 2106” markalı avtomaşının sürücüsü yenidən hərəkətini davam etdirib qarşısına çıxmış, nəticədə idarə etdiyi “Dacia Sandero” markalı avtomaşının ön hissəsi ilə “VAZ 2106 markalı avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşmüş, toqquşma nəticəsində boyun nahiyəsindən xəsarət almış, aldığı xəsarətlə bağlı özünü pis hiss etdiyindən ilk öncə Salyan rayon mərkəzi xəstəxanasına, daha sonra Neftçala rayon mərkəzi xəstəxanasına MRT müayinəsindən keçirilmək üçün göndərilmişdir. Bundan başqa qeyd etmişdir ki, Salyan rayon dairəsinə tərəf hərəkət edərkən avtomobili işıqfordan 1-ci sürət pilləsi ilə qaldırıb ardınca 2-ci sürət pilləsinə keçirib hərəkətə gətirib yoluna davam edən zaman sürəti 40 km/saat sürətə qaldırıb 3-cü pilləyə atan zaman yanacaq doldurma məntəqəsinin qarşısında “VAZ 2106” markalı “**- BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə idarə etdiyi “Dacia Sandero” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobillə çırpılmışdır. Həmin yerdən keçəndə ətrafda çoxlu avtomobillər olduğundan “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili çox yaxın məsafədən görmüş, yəni təxminən 5-6 metr məsafədə üzbəüz öz yolu ilə gəlməsini müşahidə etmiş, lakin, ona çatmağına təxminən 2-3 metr qalmış “VAZ 2106” markalı avtomobil onu gözlədikdən sonra dönmə əməliyyatını yerinə yetirməli olduğu halda bunu etməyərək onun yoluna dönmüş, əyləcdən istifadə etmək istəsə də, lakin buna macal tapmamışdır. Həmin vaxt “VAZ 2106” markalı avtomobil hərəkətini davam etdirdiyindən avtomobili “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Salyan rayon sakini Şahid öz ifadəsində göstərmişdir ki, “VAZ 2106” markalı “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobili “Etibarnamə” əsasında idarə etmişdir. O, 14 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Bəydili kəndindən Salyan şəhərinin mərkəzinə qohumunun vəfat etməsi səbəbindən ailə üzvləri ilə birlikdə gül sifariş vermək üçün gəlmişdir. 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 12:00-12:30 radələrində o, “VAZ 2106” markalı “**-TT-***” dövlət qeydiyyat nişanlı qırmızı rəngli avtomobili Salyan rayonunun dairəsinə yaxın yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında saxlayaraq ailə üzvləri ilə birlikdə avtomobildən düşüb gül sifariş vermək üçün getmişdir. O, gül sifariş verib geri avtomobilə doğru qayıdan zaman avtomobilin ətrafında çoxlu insanların toplaşdığını görmüş və avtomobilin olduğu yerə yaxınlaşanda “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Dacia Sandero” markalı “**-EM- ***” dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu, həmçinin ağ rəngli “VAZ 2016” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında saxladığı “VAZ 2106” markalı “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəyib zədələdiyini görmüşdür. Hadisə baş verən zaman avtomobildə olmadığından hadisənin birbaşa şahidi olmamışdır, lakin sonradan hadisə iştirakçılarından öyrənmişdir ki, hadisənin baş vermə səbəbi sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlığı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 531 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət “C3 boyun fəqərəsinin qapalı sınığı” küt əşya təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş, Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3619 nömrəli və təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1614 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim olunan məlumatlara əsasən “VAZ-2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələbinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, 18 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Köhnə Ələt-Astara magistral yolunda Salyan dairəsi yaxınlığında yerləşən yanacaq dolduqma məntəqəsi ərazisində Salyan istiqamətində yanacaq doldurma məntəqəsi içərisində “Dacia Sondero” markalı, “**-EM- ***” dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 2106” markalı, “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobil, üzü Salyan dairəsi istiqamətində, “VAZ 2106” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil isə “**-TT-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxasında üzü yanacaq doldurma istiqamətində dayanmış, hər üç avtomobil zədələnmişdir. İş materiallarında olan və ekspertiza tədqiqatına təqdim edilmiş, “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, “VAZ 2106” markalı, ağ rəngli avtomobil saat 12:07:33-də sol tərəfə dayanıb gözləmədən dönməyə başlamışdır. Həmin avtomaşın yola perpendikulyar istiqamətdə olan vəziyyətə sürüb çatdıqda, saat 12:07:34də göy rəngli “Dacia Sandero” markalı avtomobil ağ rəngli “VAZ 2106” markalı avtomobilin orta hissəsindən toqquşmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 158 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı alkoqol qəbulu müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BDYPİnin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-89327/2024 nömrəli məktubundan görünür ki, DİNnin BDYPİ Qeydiyyat İmtahan idarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan AE 903599 nömrəli vəsiqə əsasında) “BC 903469” nömrəli “B1”, “BC1”, “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 03 oktyabr 2022-ci il tarixli, 295 saylı əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 4-cü əməliyyat taqımının komandiri vəzifəsinə təyin edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlanmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 09 iyul 2024-cü il tarixdə istintaq orqanı tərəfindən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şücaətə görə” medalı, “Cəbrayılın azad edilməsinə görə” medalı, “Qubadlının azad edilməsinə görə” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan RİH-in Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi tərəfindən Zərərçəkmiş şəxs adına tərtib olunmuş xidməti xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuş, barəsində hər hansı şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəlil gətirməklə araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, saatda 10-20 km/saat sürətlə hərəkət edərək yanacaq doldurma məntəqəsinə yaxınlaşıb sola dönmə işıq siqnalını yandırmış, dayanıb gözləmiş, qarşıdan gələn avtomobil ona yol vermişdir. Odur ki, o, da dönməyə başlayıb, həmin vaxt sağ tərəfdən “Dacia Sandero” markalı avtomobil gələrək ona toqquşmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş “DVD”-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verərkən “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil anidən yolun hərəkət hissəsinə çıxmış onun qarşısında heç bir avtomobil gözləmək üçün dayanmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, əvvəlki izahatında qeyri dəqiqliyə yol vermiş, hadisənin şokunda olduğundan yanlış izahat vermişdir. O, yanacaq doldurma məntəqəsinə dönmək istəyərkən demək olar ki, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna anidən çıxmış və onu gözləməmişdir. Buna görə də hadisə ehtiyatsızlıqdan baş vermişdir. Odur ki, həmin xüsusat üzrə təqsirləndirilən şəxsin araşdırma zamanı verdiyi izahat iş materiallarında olan digər sübutlarla təkzib olunduğundan təqsirləndirilən şəxsin həmin xüsusatla bağlı verdiyi izahatı cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından özünü müdafiə kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, habelə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı, “Cəbrayılın azad edilməsinə görə” medalı, “Qubadlının azad edilməsinə görə” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi iştirakçısı” medalı və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsi, “Şücaətə görə”, habelə ölkə başçısı tərəfindən “Cəbrayılın azad edilməsinə görə” medalı, “Qubadlının azad edilməsinə görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza növündə cəzaçəkməklə islah olunmasını mümkün sayaraq ona Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış– xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyi zaman idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və onun sahibliyinə qaytarılmış hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş hadisənin baş verməsini özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası və təkrar məhkəmə yol-nəqliyyat ekspertizası üzrə tədqiqatının dəyərinə görə 128 (yüz iyirmi səkkiz) manat və 128 (yüz iyirmi səkkiz) manat olmaqla, ümumilikdə cəmi-256 (iki yüz əlli altı) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilsin və həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri əvəzinə hər ay pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs pul təminatından tutulma aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış– xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyi zaman idarə etdiyi “VAZ 2106” markalı “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və onun sahibliyinə qaytarılmış hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş hadisənin baş verməsini özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası və təkrar məhkəmə yol-nəqliyyat ekspertizası üzrə tədqiqatının dəyərinə görə 128 (yüz iyirmi səkkiz) manat və 128 (yüz iyirmi səkkiz) manat olmaqla, ümumilikdə cəmi- 256 (iki yüz əlli altı) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar