Məhkəmə qərarları › İş №1-1(096)-24/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-24/2022

22.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-24/2022 22.12.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi- Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında N saylı hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant Təqsirləndirilən şəxs – xx xxxxxx 1982-ci il tarixdə Şamxor rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində 1 az yaşlı uşağı olan, məhkumluğu olmayan, N saylı hərbi hissənin artilleriya rəisi vəzifəsində xidmət edən, N saylı hərbi hissənin hərbi şəhərciyində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçılmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin artilleriya rəisi vəzifəsində, polkovnikleytenant hərbi rütbəsində xidmət edərkən, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində “BD 412142” seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaqla baş etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ələt-Astara şossesi yolunun Masallı şəhəri, Digah küçəsindən keçən hissəsində Cəlilabad rayonu istiqamətində təxminən saatda 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qarşıda yolu soldan sağa keçməkdə olan piyada X7 idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə vurması nəticəsində M.L.Quliyev “açıq kəllə beyin travması, kəllə qapağın və kəllə əsası sümüklərinin çox qəlpəli sınığı, baş beynin əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma, 5-ci qabırğanın sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırı” kimi həyat üçün təhlükəli olan, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa “AĞİR” zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən xidmət etdiyi N saylı hərbi hissədən saat N radələrində çıxıb, hərbi şəhərciyə istirahətə yollanmış, həmin gün təxminən saat 21 radələrində ailə üzvləri – həyat yoldaşı Xəyalə Hacıyeva və övladı Hacı Yusifi götürüb baş etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı şəhərinə yollanmışdır. O, şəxsi işlərini bitirdikdən sonra təxminən saat 22-23 radələrində Masallı şəhəri, Digah küçəsində üzü Göytəpə istiqamətində hərəkətdə olarkən avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt o, avtomobil yolunda hərəkət hissədə 1 nəfər piyadanın yolu soldan sağa doğru iti addımlarla keçdiyini anidən görmüş, lakin avtomobilin əyləcini basmağa macal tapmadan, həmin piyadanı gəldiyi kimi, yəni 50 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və piyada zərbənin təsirindən yolun hərəkət hissəsinə düşmüşdür. O, cəld avtomobili saxlayıb düşmüş və yerdə hərəkətsiz vəziyyətdə uzanmış piyadaya yaxınlaşmışdır. Dərhal “X28” xidmətinə zəng olunmuş, hadisə yerinə gələn həkim briqadası tərəfindən piyadanın hadisə yerində öldüyü müəyyən edilmiş və Təqsirləndirilən şəxs iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilmişdir. O, hadisə baş verən anda idarəetdiyi avtomobillə saatda 50 km sürətlə hərəkətdə olarkən həmin yolu soldan sağa keçmək istəyən piyadanı anidən – toqquşma anına təxminən 1-2 metr qalmış gördüyünü, piyadanı vaxtında görə bilmədiyindən sükanı qaçırıb hadisədən yayınmağa və əlyəci basmağa macal tapmadığını, nəticədə sonuncunu avtomobilin sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurduğunu etiraf etmişdir. Həmçinin, bildirmişdir ki, hadisədən öncə və hadisə baş verən zaman sükan arxasında spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini, hadisədən öncə avtomobilin bütün texniki sənədlərinin qaydasında olduğunu, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş piyadanın kimliyi barədə Masallı RPŞ-də istintaq aparılarkən məlumatlandığını, mərhum X7 öncədən tanımadığını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını bildirməklə, törətdiyi yolnəqliyyat hadisəsi ilə bağlı özünü təqsirli bilərək peşmançılıq hissi keçirdiyini bildirmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir və hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. «Vətən müraribəsi» zamanı hərbi əməliyyatlarda iştirak etmişdir. Cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, mərhum həyat yoldaşı Mirzəqulu Quliyevlə 1990-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 oğlan, 1 qız övladı dünyaya gəlmiş, ailəsi ilə birlikdə Masallı rayonu, Digah kəndində yaşamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində evdə olarkən bacısının yaşadığı evə gələrək bir nəfər şəxsin idarə etdiyi avtomobillə X17 şəhəri, Digah küçəsində yerləşən yolda maşınla vurduğunu bildirmişdir. O, qohumlarından baş vermiş hadisə barədə maraqlanarkən yoldaşı M.Quliyevin həmin gün saat 22-23 radələrində Masallı şəhəri, Digah küçəsində yerləşən yolu soldan sağa keçmək istəyərkən Masallı şəhərindən üzü Cəlilabad rayonu istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero” markalı “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün təxminən saatda 50-60 km/saat sürətlə hərəkətdə olarkən yoldaşının yolu keçdiyini gec gördüyünü, buna görə də avtomobilin əyləcini basmağa macal tapmadan onu gəldiyi sürətlə avtomobilin sağ yan hissəsi ilə vurduğunu, yoldaşının da aldığı xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir. O, hadisədən öncə özünün və ailə üzvlərinin hadisəni törədən Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərini tanmadığını, aralarında hər hansı ədavət və ya düşmənçiliyin mövcud olmadığını, yalnız baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sürücünün kimliyi barədə məlumatlandığını bildirmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2022ci il tarixdə saat 22:55 radələrində marketin qapısı önündə üzü yola baxan istiqamətdə siqarət çəkmiş, işçisi Şahid2 isə həmin vaxt marketin içərisində olmuşdur. O, həmin ərəfədə üzü Masallı şəhərindən Göytəpə qəsəbəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan qara rəngli “Mitsubishi Pajero” markalı maşının həmin vaxt yolu soldan sağa keçmək istəyən 1 nəfər kişi cinsli piyadanı gəldiyi surətlə, əyləci basmadan və sükanı qaçırıb hadisədən yayınmağa imkan tapmadan avtomobilin sağ yan hissəsi ilə anidən vurduğunu görmüşdür. Həmin zərbənin təsirindən piyada avtomobilin sağ tərəfinə dəyərək yola yıxılmışdır. O, və ətrafda olan tanımadığı digər şəxslər hadisə yerinə axışaraq yolda hərəkətsiz vəziyyətdə qalan piyadanın uzandığını, ondan bir qədər irəlidə isə “Mitsubishi Pajero” markalı qara rəngli maşını görmüşdür. Dərhal “X28” xidmətinə zəng olunmuş, həmin avtomobilin sürücüsü isə hadisə yerində qalmış, sonuncunun iştirakı ilə polis işçiləri tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş vermə anını əks etdirən video görüntülərin sahibi olduğu marketin müşahidə kameraları vasitəsilə fiksə olunduğunu və həmin görüntüləri disk şəklində Masallı RPŞ-yə təqdim etdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Masallı RPŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Masallı RMX-nin “X28” xidmətinin həkimi Y.Mürsəlov həmin tarixdə saat 22:56-da Masallı RPŞ-nin növbətçi hissəsinə zəng edərək Masallı rayonu, Digah kənd sakini 1964-cü il təvəllüdlü X3 avto-qəza zamanı hadisə yerində ölməsi barədə məlumat vermişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ələt-Astara şosse yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində Cəlilabad rayonu istiqamətində asfalt yolun üzərində yerləşir. Hadisə yerində yolun asfalt hissəsinin ümumi eni 11.5 metr, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 5.75 metrdir. Avtomobil yolunda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Masallı şəhərindən üzü Cəlilabad rayonu istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 2 metr, sol ehtiyat hissəsinin eni də 2 metrdir. Yol asfalt örtüklü, düz, hamar olub qurudur. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuş, hava şəraiti dumanlı olmamış, asfalt yol quru vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerində Mitsubishi Pajero markalı ** KY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, elektron protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs müayinə olunarkən sərxoş olmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1012 nömrəli arayışla müəyyən edilmişdir ki, Hacıyev X6 şəhər Narkoloji xəstəxanasında qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 707 nömrəli arayışla müəyyən edilmişdir ki, Hacıyev X6 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. Cinayət işi materiallarında olan Səhiyyə Nazirliyinin MTE və PA Mərkəzinin Masallı MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19 №li rəyindən görünür ki, 1964-cü il təvəllüdlü X12 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “açıq kəllə beyin travması, kəllə qapağın və kəllə əsası sümüklərinin çox qəlpəli sınığı, baş beynin əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma, 5-ci qabırğanın sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırı” kimi həyat üçün təhlükəli olan canlı şəxslərdə sağlamlığa “AĞİR” zərər vurmaya aid xəsarətlər almışdır. X3 ölümünə səbəb – baş beyin toxumasının əzilməsi və baş beyin qişalarına yayılmış qansızma olmuşdur. Qeyd olunan xəsarətlər qərarda qeyd olunan vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş avtonəqliyyat qəzası zamanı hərəkətdə olan avtomaşının hissələri və zərbənin təsirindən yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8/2099 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verməmişdən öncə Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin tam dayanma yolu 32.1 metr olmuşdur. Habelə, müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölmüş piyada X12 vurulma anına qədər yolun hərəkət hissəsinə doğru 7.8 metrlik məsafə qət etmişdir. O, vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 81.3 metr aralı məsafədə olmuşdur. Bununla da mərhum piyada M.Quliyev vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda Təqsirləndirilən şəxs idarə etdiyi avtonəqliyyat vasitəsinin piyadanın vurulduğu yerdən olduğu məsafəsi Təqsirləndirilən şəxs mövcud şəraitə uyğun tam dayanma yolundan böyük olduğuna görə sonuncunun yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və buna görə də o, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” hissəsinin tələblərini pozmuşdur. Cinayət işinə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cı il buraxılışlı, qara rəngli, “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil X1 mülkiyyətindədir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “BD 412142” seriya və nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “BC” kateqoriyalı sürücülük hüququ vardır. Cinayət işi materiallarına əlavə edilmiş, “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” Etibarnamə ilə müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində sərəncam vermə hüququ xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mülkiyyətçi X4 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2022-ci il tarixdə E.M.Abdullayeva Lənkəran hərbi prokurorluğuna ərizə ilə müraciət edərək “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi (mülkiyyətçisi) kimi hərbi qulluqçu Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maşına dəyən maddi ziyanın sonuncu tərəfindən tam şəkildə ödənildiyini, sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və maddi sübut qismində tanınmış xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində Masallı şəhəri, Digah küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə hadisənin videogörüntüsünün əks olunduğu - ərazidə yerləşən “Aslan” marketin sahibi X25 tərəfindən istintaqa təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, saat 22:55:59-da yuxarıda qeyd edilən ərazidə 1 nəfər kişi cinsindən olan piyadanın avtomobil yolunu soldan sağa doğru keçmək istədiyi görünür. Həmin piyada yolu soldan sağa keçmək istəyərkən saat 22:56:09-da qarşı tərəfdən gələn qara rəngli avtomobil gəldiyi sürətlə əyləci basmadan sağ yan hissəsi ilə piyadanı vurmuş və piyada zərbənin təsirindən yerə yıxılmış, həmin avtomobilin sürücüsü isə maşını bir neçə metr irəlidə saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və həmin tarixli qərarla avtomobil iş üzrə sübuti əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmaqla saxlanılması qanuni sahibi kimi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 13 yanvar 2022-ci il tarixli, 014 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 08 fevral 2022-ci il tarixli, 045 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, N nömrəli əmrinə əsasən hərbi hissənin zabiti, polkovnik-leytenant Hacıyev X2 və döyüş hazırlığı bölməsi (Q3) rəisinin artilleriya ilə qarşılıqlı əlaqəsinin koordinasiyası üzrə baş köməkçisi vəzifəsindən həmin hərbi hissənin artilleriya rəisi – artilleriya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsindən Lənkərən hərbi prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli Arayışla müəyyən edilmişdir ki, hərbi hissənin artilleriya rəisi, polkovnik-leytenant X13 həmin hərbi hissənin tərkibində “2016-cı il Aprel döyüş əməliyyatlarında”, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə “Vətən müharibəsində” Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri istiqamətlərində, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə düşmən təxribatının qarşısının alınması zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş və qüsursuz xidmətinə, döyüş əməliyyatlarında göstədiyi qəhrəmanlıqlara görə o, “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad edilməsinə görə” medal, “Füzulinin azad edilməsinə görə” medal, “Şuşanın azad edilməsinə görə” medal, “Vətən Müharibəsi iştirakçısı” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamə ilə hərbi hissənin artilleriya rəisi, polkovnik-leytenant Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, xidmət müddətində ona çoxsaylı həvəsləndirmələr verilmişdir. N saylı hərbi hissədən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında Arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ailə tərkibi – həyat yoldaşı X19, 2006cı il təvəllüdlü X10 və 2010-cu il təvəllüdlü X8 ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Tələbnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə (01 may 2020-ci il tarixli, 68 VİQD №li Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qəbul edilmiş Azərbaycan Respublikası Qanuna əsasən həmin maddə ləğv edilmişdir) Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli ittiham hökmü çıxarılmışdır. Bundan başqa, Cəlilabad Hərbi Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində cəriməni dövlət hesabına xx.xx.2011-ci il tarixdə tam ödəmiş və barəsində olan xx.xx.2010-cu il tarixli hökm icra edilmiş, bununla da Təqsirləndirilən şəxs məhkumluğu göstərilən hökm üzrə ödənilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin gün onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2820 nömrəli ailə tərkibi haqqında arayışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında ailə üzvləri – 1992-ci il təvəllüdlü, X11, 2007-ci il təvəllüdlü, X14 və 2011-ci il təvəllüdlü, X9 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barışıq əldə etmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış istintaq materialları, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, sənədlər və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X5 himayəsində 1 az yaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, habelə “Vətən müharibəsi iştirakçısı” olmasını, “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Qüsursuz xidmətə görə” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı və digər medallarla təltif olunmasını və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və cinayət əməlini etiraf edib, hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edərkən nəzərə alır ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq və səmimi peşmançılıq kimi hərəkəti, şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdığından törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən belə davranışı yüngülləşdirici hal kimi ona cəza təyin edilməsi zamanı hökmən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü və yuxarıda göstərilən yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərkən idarə etdiyi “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyərinə görə 85 (səksən beş) manat məbləğində olan məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs pul təminatından tutulma aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərkən idarə etdiyi “Mitsubishi Pajero” markalı, “** KY ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyərinə görə 85 (səksən beş) manat məbləğində olan məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar