Məhkəmə qərarları › İş №1-1(098)-1/2023

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-1/2023

17.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-1/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1968-ci il tarixdə Tərtər rayonu Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs vətəndaşların şəxsi mülkiyyətində olan əmlakını oğurlayıb talamaq məqsədilə qohumları X9 və X10 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərərək 1994-cü ilin avqust ayının 31-də gecə vaxtı Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan X2 həyətindəki xüsusi saxlanc yeri olan mal damından 3 baş qoyun, 13 baş hinduşkanı və 20 baş toyuğu gizli yolla oğurlayıb talamaqla zərərçəkənə külli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Tərtər Qarnizonu Hərbi Tribunalının 30 sentyabr 1995-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından barəsində həbs qətimkan tədbiri seçilmiş, 15 aprel 1996-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Məhkəmənin qərarı icra edilməsi üçün Tərtər rayon Polis Şöbəsinə göndərilmişdir. Habelə iş materiallarında olan Tərtər rayon Polis Şöbəsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindəv Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə RF-nın Altay diyarının X11 Şöbəsinin əməkdaşları tərəfindən tutlaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs RF-nın ərazisində tutlub saxlanılması və onun verilərək Respublikamıza gətirilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğun X5 göndərilmişdir. xx.xx.2004-cü il tarixdə Tərtər RPŞ-nə RF-nın X11 Şöbəsindən daxil olmuş 6/12691 saylı xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2004cü il tarixdən xx.xx.2004-cü il tarixədək İZ-22/1 saylı müəssisəsində saxlanılmışdır. RF-nın Baş prokurorluğunun göstərişi ilə Azərbaycan Respublikasına verilməsi mümkün olmadığından Pavlovsk rayon prokurorluğunun qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə həbsdən azad edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN-nin xx.xx.2004-cü il tarixli 01 saylı əmrin 7.16 bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində olan 33343 saylı axtarış işi xx.xx.2004-cü ildə xitam edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin yeri və vaxtı barədə bildirişlər göndərilsə də, təqsirləndirən şəxs məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda göstərilənlər, yəni təqsirləndirilən şəxsin barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilməsi, axtarış tədbirləri nəticəsində onun Rusiya Federasiyasında olması və Azərbaycan Respublikasında açılmış axatırış işi ilə əlaqədar orada tutulması, lakin müddətlərin keçməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən Azərbaycana verilməsindən imtina edilməsi, bunun nəticəsi olaraq onun axtarış işinə Azərbaycan Respublikasında da xitam verilməsi, habelə cinayət işinin icraatı təzələndikdən sonra təqsirləndirilən şəxsin məhkəməyə glməməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasından kənarda olmaqla məhkəməyə gəlməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 311-ci maddəsinin tələblərinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxıla bilər. Belə ki, CPM-nin 311.2 və 311.2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda onun iştirakı olmadan məhkəmə baxışına yol verilir. Eyni zamanda həmin Məcəllənin 311.3-cü maddəsində göstərilir ki, Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi də işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, habelə vəsatət verərək Təqsirləndirilən şəxs törətdiyi əməl hazırda qüvvədə olan cinayət qanunvericiliyi ilə CM-nin 177-ci maddəsinə tövsif edilməsini və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan cinayət əməlininin hazırda qüvvədə olan CMnin 177-ci maddəsinə tövsif edilməsinə etirazı olmadığını, onun məsuliyyətindən azad edilməsinə gəldikdə isə vəsatətin rədd olunmasını, onun barəsində axtarış elan edilməklə cinayət işinin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəçinin cinayət təqibinə xitam verilməsinə dair dəlillərini və buna dövlət ittihamçısının etirazlarını iş materialları ilə ələaqəli araşdırıb hesab edir ki, müdaftəçinin vəsatəti təmin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə cinayət məsuliyyəti o halda yaranırdı ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi saxlanc yerindən oğurluq etmək külli miqdarda ziyan vurmaqla əlaqədar olsun. Ədalət Əliyevin gizli yolla oğurlayıb taladığı əmlakın dəyəri cinayət törədildiyi vaxt əmlakın mülkiyyətçisinə külli miqdarda ziyan vurma sayılırdı. Tərtər Hərbi Məhkəməsinin sorğusuna cavab olaraq Tərtər "xxxx" MMC tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs oğurladığı 3 baş qoyunun, 13 baş hinduşkanın və 20 baş toyuğun hazırda təxmini bazar qiyməti 1100 (min yüz) manat təşkil edir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsi ilə Ədalət Əliyevin törətdiyi cinayət əməli həmin Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrilə cinayət məsuliyyəti yaradır. Belə ki, CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs tərəfindən xüsusi saxlanc yeri olan mal damından 3 baş qoyun, 13 baş hinduşkanı və 20 baş toyuğu gizli yolla oğurlayıb talamaqla zərərçəkənə hazır ki, bazar qiyməti ilə 1100 (min yüz) manat məbləğdə ziyan vurmuşdur. Bu əməl isə hazırda qüvvədə olan cinayət qanunvericiliyinə görə CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə olan cinayətin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsində göstərilir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, hazırda qüvvədə olan cinayət qanunvericiliyi ilə Təqsirləndirilən şəxs vəziyyəti CM-nin 10-cu maddəsinin tələbləri baxımından yaxşılaşmışdır. Odur ki, onun əməlinin tövsifi 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş CM-nin 143cü maddəsinin 4-cü hissəsindən hazırda qüvvədə olan CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinə dəyişdirilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.2-ci maddələrində göstərilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı beş il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Yuxarıda şərh olunanlardan isə görünür ki, az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Araşdırılmış sübutlarla müəyyən edilir ki, Ədalət Əliyev ona ittiham olunan əməli 1994-cü ilin avqust ayında törətmiş, Tərtər Qarnizonu Hərbi Tribunalının 30 sentyabr 1995-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından barəsində həbs qətimkan tədbiri seçilmiş, 15 aprel 1996-cı il tarixli qərarı ilə Ə. N. Allahverdiyevin barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. RFnın Baş prokurorluğunun göstərişi ilə Azərbaycan Respublikasına verilməsi mümkün olmadığından Azərbaycan Respublikası DİN-nin xx.xx.2004-cü il tarixli 01 saylı əmrin 7.16 bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində olan 33343 saylı axtarış işi xx.xx.2004-cü ildə xitam edilmişdir. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin mənasına görə cinayət işi üzrə dayandırılmış müddətin axımı şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. «Polis haqqında» Qanunun tələblərinə əsasən cinayət törətmiş şəxslərin axtarılması və tutulması barədə məhkəmə qərarları polis orqanları tərəfindən icra olunur. Yuxarıda şərh olunanlardan isə görünür ki, təqsirləndirilən şəxs polis orqanları tərəfindən axtarılıb olduğu yer müəyyən edilsə də, onun Azərbaycan Respublikasına verilməsi Rusiya Federasiyası tərəfindən imtina edildiyindən, xx.xx.2004-cü il tarixdə axtarış işinə xitam verilmiş, bunla da təqsirləndirilən şəxsin axtarışından və tutulmasından imtina edilmişdir. İşin bu halları belə nəticəyə gəlməyə əsas verir ki, Cinayət Məcəlləsinin 75.3-cü maddəsi dayandırılmış müddətin bərpa olunması üçün «şəxsin tutulmasını və ya könüllü gəlib təqsirini boynuna almasını» əsas götürsə də, həmin şəxsin tutulması üçün tədbir görməli olan orqanların obyektiv səbəblərdən belə tədbiləri görməsinin mümkün olmaması və axtarış işinə xitam verməsi, axtarış işinə xitam verildiyi vaxtdan faktiki olaraq müddətin axımının bərpa olunmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri polisin axtarış işinə xitam verdiyi xx.xx.2004-cü ildən obyektiv olaraq bərpa olunmuşdur. Müddətin axımının bərpa olunması isə cinayət işinin dayandırılması üçün əsasları aradan qaldırır. Məhkəmənin fikrincə axtarış işinə xitam verilməsi, polis orqanları tərəfindən cinayət törətmiş şəxsin tutulub məhkəməyə gətirilməsi ehtimalını aradan qaldırmışdır. Şəxsin özünün könüllü məhkəməyə gələcəyi barədə ümidlər isə yalnız güman xarakteri daşımaqla cinayət işinin daha uzun müddətə dayandırılmış saxlanmasına əsas vermir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxtdan 30 ildən, axtarış işinə xitam verildiyi vaxtdan isə 19 ildən çox vaxt keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət işinin bundan sonra da dayandırılmış saxlanması cinayət qanunun məntiqinə uyğun hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Habelə qətimkan tədbiri ləğv olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar