Məhkəmə qərarları › İş №1-1(098)-3/2023

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-3/2023

17.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-3/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Dədə Qorqud küçəsi ev 26, mənzil 27 qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq əsgəri, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2003-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi qulluğa çağırılıb N saylı hərbi hissəyə göndərilərək, hərbi hissə komandirinin N saylı N aprel 2003cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və həmin hərbi hissədə müddətli həqiqi hərbi qulluqda olarkən 11 sentyabr 2004-cü il tarixdə on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerindən özbaşına getmiş, 11 oktyabr 2004-cü il tarixdə N saylı hərbi hissəyə qayıtmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə (1 may 2020-ci ilədək olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 30 oktyabr 2004-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində cinayət işi baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, iş məhkmənin hazırlıq iclasında baxılması üçün 11 noyabr 2004-cü il tarixə təyin edilsə də, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməmiş, olduğu yer məlum olmadığından, 11 noyabr 2004-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin 1- 245/04 saylı qərarı ilə axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Qərar icra olunması üçün Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər D.Qorqud küçəsi bina 27 mənzil 26 yaşamış əsgər Təqsirləndirilən şəxs hal-hazırda həmin ünvanda yaşamır. 8 ildir ki, həmin ünvan satılıb. Təqsirləndirilən şəxs hal-hazırda hansı ünvanda qeydiyyatda olması məlum deyil. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, N saylı hərbi hissənin əsgəri Gəncə şəhər D.Qorqud küçəsi bina 26 mənzil 27-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində olan Gəncə Şəhər Kəpəz rayon Polis Şöbəsində axtarışda olması barədə 17993 saylı axtarış işi vardır. Barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Murmanski şəhərində həbs edilmişdir. Təqsirləndirilən şəxs RF-da həbs olunduğu üçün onun barəsində olan 17993 saylı axtarış işi xx.xx.2005-ci il tarixdə xitam edilmişdir. Eyni zamanda iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RF-nın ərazisində cinayət törətdiyindən RF CM-nin 158 h.2, 161 h.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 4 il müddətində azadlıqdan məhrum edilərək, RF-nın Amur vilayətinin Blaqoveşensk şəhərində 1 nömrəli istintaq təcridxanasında saxlanılır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RF-nın Amur vilayətində cəza çəkir. Gəncə şəhər 8 saylı MİS-in xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər D.Qorqud küçəsi bina 27, mənzil 26-da pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs mənzillərini 1996-cı il tarixdə satmışlar. Ailə üzvlərinin hamısı pasport qeydiyyatından çıxmışdır. Ancaq Təqsirləndirilən şəxs bu mənzildən pasport qeydiyyatından çıxmamışdır. Təqsirləndirilən şəxs bu mənzildə yaşamır, yaşadığı yer onlara məlum deyil. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati ərazidə bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin yeri və vaxtı barədə bildirişlər göndərilsə də, təqsirləndirən şəxs məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda göstərilənlər, yəni təqsirləndirilən şəxsin barəsində axtarış elan olunmaqla, axtarış tədbirləri nəticəsində onun Rusiya Federasiyasında olması və Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Murmanski şəhərində həbs edilməsi, Təqsirləndirilən şəxs RF-da həbs olunduğu üçün onun barəsində olan 17993 saylı axtarış işi xx.xx.2005-ci il tarixdə xitam edilməsi, habelə cinayət işinin icraatı təzələndikdən sonra təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasından kənarda olmaqla məhkəməyə gəlməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsinin tələblərinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxıla bilər. Belə ki, CPM-nin 299.9 və 299.9.1-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aparıla bilər. Eyni zamanda həmin Məcəllənin 299.11-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi də işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, habelə vəsatət verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.2-ci maddəsində iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası müəyyən edilmişdir, yəni həmin maddə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 2 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bütün bunları nəzərə alıb cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı vəsatətə qarşı etirazını bildirib, Təqsirləndirilən şəxs CM-nin 333.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından vəsatətin rədd olunmasını, onun barəsində axtarış elan edilməklə cinayət işinin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəçinin cinayət təqibinə xitam verilməsinə dair dəlillərini və buna dövlət ittihamçısının etirazlarını iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, müdaftəçinin vəsatəti təmin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yaxud qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsinə görə nəzərdə tutlmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsində iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası müəyyən edilmişdir, yəni həmin maddə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Yuxarıda şərh olunanlardan isə görünür ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 2 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Araşdırılmış sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli 2004-cu ilin sentyabr ayında törətmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmə iclasına gəlmədiyindən, qaçıb gizləndiyindən Tərtər Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilməklə barəsində olan cinayət işinin icraatı dayandırılmış, barəsində Gəncə Şəhər Kəpəz rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs RF-da həbs olunduğu üçün onun barəsində olan 17993 saylı axtarış işi xx.xx.2005-ci il tarixdə xitam edilmişdir. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin mənasına görə cinayət işi üzrə dayandırılmış müddətin axımı şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. «Polis haqqında» Qanunun tələblərinə əsasən cinayət törətmiş şəxslərin axtarılması və tutulması barədə məhkəmə qərarları polis orqanları tərəfindən icra olunur. Yuxarıda şərh olunanlardan isə görünür ki, təqsirləndirilən şəxs polis orqanları tərəfindən axtarılıb olduğu yer müəyyən edilsə də, onun Azərbaycan Respublikasına verilməsi mümkün olmamış, xx.xx.2005-cı il tarixdə axtarış işinə xitam verilmiş, bunla da təqsirləndirilən şəxsin axtarışından və tutulmasından imtina edilmişdir. İşin bu halları belə nəticəyə gəlməyə əsas verir ki, Cinayət Məcəlləsinin 75.3-cü maddəsi dayandırılmış müddətin bərpa olunması üçün «şəxsin tutulmasını və ya könüllü gəlib təqsirini boynuna almasını» əsas götürsə də, həmin şəxsin tutulması üçün tədbir görməli olan orqanların obyektiv səbəblərdən belə tədbiləri görməsinin mümkün olmaması və axtarış işinə xitam verməsi, axtarış işinə xitam verildiyi vaxtdan faktiki olaraq müddətin axımının bərpa olunmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri polisin axtarış işinə xitam verdiyi xx.xx.2005-ci ildən obyektiv olaraq bərpa olunmuşdur. Müddətin axımının bərpa olunması isə cinayət işinin dayandırılması üçün əsasları aradan qaldırır. Məhkəmənin fikrincə axtarış işinə xitam verilməsi, polis orqanları tərəfindən cinayət törətmiş şəxsin tutulub məhkəməyə gətirilməsi ehtimalını aradan qaldırmışdır. Şəxsin özünün könüllü məhkəməyə gələcəyi barədə ümidlər isə yalnız güman xarakteri daşımaqla cinayət işinin daha uzun müddətə dayandırılmış saxlanmasına əsas vermir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxtdan 19 ildən, axtarış işinə xitam verildiyi vaxtdan isə 18 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında CPMnin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutlmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Eyni zamanda həmin Məcəllənin 305.2-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prossesual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Beləliklə məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Habelə qətimkan tədbiri ləğv olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar