Məhkəmə qərarları › İş №1-1(098)-92/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-92/2024

07.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-92/2024 07.05.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X12 oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə rayonunun Yerli Ağalı kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 2-ci tağımının komandiri, gizir, barəsində 13 iyun N-cü il tarixdə «Həbs» qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmiş və 17 yanvar 2024-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs gizir kimi üç aydan artıq müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Ağdam rayonunun Şelli kəndi ərazisində yerləşən 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 13 may N-cü il tarixdə saat 16 radələrində xidmət yerini özbaşına tərk etmiş və 17 yanvar 2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilənədək xidmət yerinə gəlməməklə gizir kimi üç aydan artıq müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 fevral 2020-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur, gizir hərbi rütbəsindədir. N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının müavini vəzifəsində xidmət edən zaman 13 may N-cü il tarixdə saat 16 radələrində xidmət yerini özbaşına tərk edərək yaşadığı Bərdə rayonunun Yerli Ağalı kəndinə gəlmiş və həmin vaxtdan 17 yanvar 2024-cü il tarixədək xidmət yerinə qayıtmamışdır. 17 yanvar 2024-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Hərbi hissədə olmadığı vaxtlarda Bakı şəhərində və Bərdə rayonunun Yerli Ağalı kəndində olmuş, Bakı şəhərində olanda aradabir gizlincə Bərdəyə gəlib qayıtmış, hər hansı fəaliyyətlə məşğul olmamış və işləməmiş, maddi qazanc əldə etməmiş, vaxtını yaşadığı kənddə keçirərək problemləri ilə məşğul olmuş, hərbi hissəyə qayıtmadığı müddətlərdə hər hansı ciddi ailədaxili münaqişəsi baş verməmiş, hərbi hissəni özbaşına tərk edən zaman hər hansı rəis heyətindən icazə almamış, bu barədə kiməsə məlumat verməmiş, hərbi hissədə hər hansı bir hərbi qulluqçu ilə problemi, ona qarşı fiziki və ya psixoloji təzyiq göstərən olmamış, hərbi xidmət müddətində hərbi hissənin şəxsi heyəti üçün nəzərdə tutulmuş bütün təminatlarla təmin edilmiş və bununla bağlı heç bir problemi olmamışdır. Xidmətlə bağlı heç bir narazılığı və çətinliyi olmamış, xidmət dövründə onu döyən, incidən, təhqir edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. Hərbi hissəni özbaşına tərk etməklə hərbi xidmətdən boyun qaçırmaq kimi məqsədi olmamış, hərbi qulluqçu kimi xidmət etdiyi müddət ərzində həmişə müsbət cəhətdən fərqlənmiş, şəxsi problemlərinin olmasına görə və xidmət yerinin yaşadığı evə uzaq olması ucbatından hərbi hissəyə vaxtında qayıtmamışdır. Belə ki, anası 2-ci dərəcə əlil olmaqla ağır çəkidən və ayaqlarında olan ağrılardan əziyyət çəkir və uşağında qıcolma xəstəliyi vardır. Həmin müddətdə atası X5 da evdə olmuş, lakin atası içkiyə meyilli olduğundan anasının səhhətində hər hansı ağırlaşma ola biləcəyi təqdirdə atası onu hər hansı tibb müəssisəsinə aparmamış və həmin dövrdə anasına qulluq etməmişdir. O, dəfələrlə komandanlığa rəsmi müraciət edərək anasının və uşağının xəstə olmaları səbəbindən onun başqa hərbi hissəyə olmasa belə, əlahitdə yaxın bir əraziyə köçürülməsini və ya xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Arvadı ilə rəsmi qaydada boşanmışdır. Uşağı olandan sonra yoldaşı uşağı götürüb, xəstə və yaşlı valideynlərini evdə qoyub çıxıb getmişdir. Uşağı xəstə olduğundan onu Bərdə şəhərində yerləşən “Ömürdən Pay” klinikasına bir neçə dəfə müayinə və müalicəyə aparmışdır. Ancaq anasını hər hansı həkimə aparmamışdır. X15 kəndində düşmənlə üzbə-üz postda olmuş, həmin postda xidmət etməyə könüllü getmişdir. 2022-ci ilin sentyabr hadisələrində olan döyüş əməliyyatlarında iştirak etmişdir. Onun hərbi xidmətdən boyun qaçırmaq niyyəti olsa idi müharibə vaxtı hərbi hissəni özbaşına tərk edərdi. Vətən müharibəsində iştirak etmiş, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Döyüş əməliyyatlarında Suqovuşan istiqamətində sol bud çanağından yaralanmış və Şəmkirdə xəstəxanada müalicə olunmuşdur. Törətdiyi əməllərdən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Həmçinin ailədə əsas gəlir gətirən şəxs özüdür və gizir olmaqla hərbi xidmətini yaşayış yerinə yaxın məsafədə yerləşən hərbi hissələrdən birində davam etdirmək istəyir. Ahıl yaşda olan valideyinləri onun himayəsindədirlər. Odur ki, məhkəmədən bütün bunların nəzərə alınmasını və barəsində humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid X6 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Ülvi hərbiçi olmağı özü sevib seçmiş, həmçinin müharibə başlamamışdan hərbiçi kursunu oxumuşdur. Ülvi Tərtərdə xidmət edərkən heç bir problemi olmamış, nə də hərbi hissəni tərk etməmişdir. Vətən müharibəsində iştirak edərək, Ülvi yaralanmış, bir ay Şəmkirdə xəstəxanada qalmışdır. 3 medalı var. Müharibə vaxtı xidmət yoldaşları şəhid olmuşdur. Müharibədən sonra Ülvi gizirlik kursunu bitirmiş və müharibədən sonra Ülvinin psixoloqiyası pozulmuşdur, əsəbləşmiş, hirslənmiş, onlarla və ailəsi ilə aralarında problemlər olmuşdur. Bu səbəblərdən Ülvi də özü də xəstə olmuş, artıq yeriyə bilmir, amma Ülvi onu heç bir xəstəxanaya aparmamışdır. Ülvi ən çox ona görə hərbi hissəni tərk etmiş, əvvəllər Ülvi bir dəfə də olsun icazəsiz iş yerini tərk etməmişdir, lakin o ailə problemlərinə görə son vaxtlar bu nöqsanlara yol vermişdir. Həmin müddətlərdə Ülvi onun yanında evdə olmuş, heç yerə getməmiş və arada başqa yerlərdə gedib işlədiyi üçün həmin vaxtlarda evdə qalmamışdır. Mərd oğuldur və həmişə ona kömək olmuşdur. Ülvi ailəli olmaqla bir uşağı vardır. Ülvinin özünün mal-qarası olmuş və evdə olduğu müddətdə mal-qarasını satıb ailəsini dolandırmışdır. Sonradan Ülvi yoldaşı ilə yola getməmiş, belə ki, hayat yoldaşı çox qısqanc olduğundan boşanmışlar. Qızı ailəlidir, başqa kənddə yaşayır, digər oğlu isə ailəlidir, onlarla eyni kəndə yaşayır. Həmçinin digər övladlarının ailəli olmaqla körpə uşaqları olduğu üçün, gəlib ona baxa bilməmişlər. Həyat yoldaşı heç kəslə işi olmuyan yazıq bir adamdır, lakin içki içəndir, xəstədir, danışıq qabliyyəti yoxdur. Hazırda isə yoldaşı ona kömək edir. Bir daha qeyd edir ki, Ülvinin hərbi hissəni tərk etməyinin səbəbkarı ailə problemləri və ona qulluq etməyə görə bir ana kimi o, özü olmuş və günahkardır. Bir ana kimi bütün bunları nəzərə alıb Ülviyə köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs atası X5 şahid X3 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 may N-cü il tarixdə gizir Təqsirləndirilən şəxs tabor növbətçisi təyin edildiyindən saat 18:00-da xidmətə başlamalı olmuşdur. Həmin gün o, saat 12 radələrində gizir Təqsirləndirilən şəxs bölüyün inzibati binasında görmüş və tabor növbətçisi naryadına girəcəyi üçün istirahətdə olduğunu düşünmüşdür. Bundan sonra, həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs bölüyün inzibati binasından çıxaraq getmiş və orada Təqsirləndirilən şəxs naryad təyin edildiyinə görə taborun inzibati binasının yaxınlığında keçirilən təlimata getdiyini düşünmüşdür. Belə ki, bütün növbətçilər saat 18:00-da keçirilən təlimatda iştirak etmək üçün saat 16 radələrindən taborun inzibati binasına getməli olmuşlar. 13 may N-cü il tarixdə saat 19 radələrində taborun qərargah rəisi, mayor X7 ona zəng edərək gizir Təqsirləndirilən şəxs hansı səbəbdən taborun inzibati binasına gedərək növbətçiliyi təhvil almadığını soruşmuş, bu zaman o, Təqsirləndirilən şəxs mobil telefonuna bir neçə dəfə zəng edərək harada olmasını müəyyən etməyə çalışsa da Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyindən buna nail ola bilməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etdiyini müəyyən edərək bu barədə raport tərtib edib komandir heyətinə təqdim etmişdir. Şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Şahid2 Ələddin oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 may N-cü il tarixdə gizir Təqsirləndirilən şəxs tabor növbətçisi təyin olunduğundan saat 18:00-da xidmətə başlamalı olmuşdur. Həmin gün nahar yeməyindən sonra, gizir Təqsirləndirilən şəxs bölüyün ərazisində görməmişdir. 13 may N-cü il tarixdə saat 19 radələrində taborun qərargah rəisi, mayor X7 ona zəng edərək müavini Təqsirləndirilən şəxs hansı səbəbdən taborun inzibati binasına gələrək növbəni təhvil almadığını soruşmuş və bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefonuna bir neçə dəfə zəng edərək harada olmasını müəyyən etməyə çalışsa da Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyindən buna nail ola bilməmişdir. Həmin vaxt bölüyün şəxsi heyətindən Təqsirləndirilən şəxs harada olmasını maraqlandıqdan sonra Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etdiyini, habelə bölük komandirinin bu barədə raport tərtib etdiyini öyrənmişdir. Həmin raport əsasında hərbi hissədə xidməti araşdırma aparılmış, həmçinin Təqsirləndirilən şəxs xidməti yerinə qayıtmamışdır. Şahid N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadəsində şahidlər Şahid1 və Şahid2 ilə anoloji məzmunda ifadə verməsi müəyyən edildi. AA seriyalı ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Ordusunda gizir və miçmanların həqiqi hərbi xidmətinə daxilolma haqqında 07 iyun 2021-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 5 il müddətinə gizir olaraq həqiqi hərbi xidmətə qəbul olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 224 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0209gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 1ci taborunun 1-ci bölüyünün 2-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 142 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının müavini vəzifəsində xidmət edən, gizir Təqsirləndirilən şəxs 13 may N-cü il tarixdə saat 16 radələrində xidmət yerini özbaşına tərk etmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının müavini vəzifəsində xidmət edən, gizir Təqsirləndirilən şəxs 13 may N-cü il tarixdə saat 16 radələrində xidmət yerini özbaşına tərk etmiş və 10 avqust N-cü il tarixədək hərbi hissəyə xidməti yerinə gəlməmişdir. Tərtər Hərbi Məhkəməsinin 13 iyun N-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «Həbs» qətimkan tədbirinə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. Ağdam RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 158 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. DİN-nin BƏSİİ tərəfindən verilmiş məlumatdan və müvafiq məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024cü il tarixli hökmü ilə CM-nin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 333.3-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 333.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Tərtər Hərbi Məhkəməsinin 02 fevral N-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökm 07 may 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət yerindən mənfi xarakterizə olunur. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyü Ağdam rayonunun Şelli qəsəbəsində yerləşir və düşmənlə təmas xəttində deyildir. Azərbaycan Respublikasının medalların vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı”medalları ilə təltif olunmuşdur. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin 2957 nömrəli epikrizindən görünür ki, Təqsirləndirilən şəxs “çanağın yumşaq toxumasının kor qəlpə yaralanmasına görə qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs anası X6 İİ qrup əlildir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 18 noyabr 2021-ci il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il təvəllüdlü Ülviyyə adlı qızı vardır. Tərtər Hərbi Məhkəməsinin sorğusuna “X11”nın 30 mart 2024-cü il tarixli 03/016/202N nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qızı Təqsirləndirilən şəxsyyə Ülvi qızı “X11” da ambulator müalicədə olmamışdır. Tərtər Hərbi Məhkəməsinin sorğusuna N nömrəli hərbi hissə komandanlığının N aprel 2024-cü il tarixli 113N nömrəli cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə ailə vəziyyəti ilə bağlı xidməti yerinin yaşayış yerinə yaxın hərbi hissələrin birinə dəyişdirilməsi və xidmətdən ehtiyata buraxılması barədə raportla komandanlığa müraciət etməmişdir. Tərtər Hərbi Məhkəməsinin sorğusuna N nömrəli hərbi hissə komandanlığının N aprel 2024-cü il tarixli 74N nömrəli cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə ailə vəziyyəti ilə bağlı xidməti yerinin digər hərbi hissələrin birinə dəyişdirilməsi və xidmətdən ehtiyata buraxılması barədə komandanlığa müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunan ittihamla özünü təqsirli bilsə də, verdiyi ifadəsində xidmət yerinə vaxtında qayıtmamasını ailə problemləri ilə əlaqələndirərək göstərmişdir ki, anası ağır çəkidən və ayaqlarında olan ağrılardan əziyyət çəkir və uşağında qıcolma xəstəliyi vardır. Uşağı xəstə olduğundan onu Bərdə şəhərində yerləşən “Ömürdən Pay” klinikasına bir neçə dəfə müayinə və müalicəyə aparmışdır. Ancaq anasını hər hansı həkimə aparmamışdır. O, dəfələrlə rəsmi müraciət edərək anasının və uşağının xəstə olmaları səbəbindən onun başqa hərbi hissəyə olmasa belə, briqadaya yaxın bir əraziyə köçürülməsini və ya xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqında yoxlanılmış və məhkəmənin sorğusuna “X11”nın verdiyi 30 mart 2024-cü il tarixli 03/016/202N nömrəli cavab məktubunda Təqsirləndirilən şəxs qızı Təqsirləndirilən şəxsyyə Ülvi qızının “X11”nda ambulator müalicədə olmaması göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs uşağının xəstəliyi ilə bağlı məhkəməyə hər hansı tibbi sənəd təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində xidmət yerinə vaxtında qayıtmamasını anasının xəstəliyi ilə əlaqələndirməsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünün ifadəsindən göründüyü kimi, o, anasını xəstəliyi ilə bağlı hər hansı həkimə belə aparmamışdır. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs anasının səhhətində onun xidmətinə mane ola biləcək hər hansı müəyyən edilməmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs dəfələrlə rəsmi müraciət edərək anasının və uşağının xəstə olmaları səbəbindən xidmət yerinin başqa hərbi hissəyə olmasa belə, briqadaya yaxın bir əraziyə köçürülməsi və ya xidmətdən ehtiyata buraxılmasını komandanlıqdan xahiş etməsi barədə ifadəsində göstərdiyi xüsusatlar da məhkəmə istintaqında yoxlanılmış və təsdiqini tapmamışdır. Belə ki, Tərtər Hərbi Məhkəməsinin sorğusuna N nömrəli hərbi hissə komandanlığının N aprel 2024-cü il tarixli 113N nömrəli və N nömrəli hərbi hissə komandanlığının N aprel 2024-cü il tarixli 74N nömrəli cavab məktublarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə ailə vəziyyəti ilə bağlı xidməti yerinin yaşayış yerinə yaxın hərbi hissələrin birinə dəyişdirilməsi və xidmətdən ehtiyata buraxılması barədə raportla komandanlığa müraciət etməmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs özünün ifadəsindən göründüyü kimi, onun hərbi hissəyə qayıtmadığı müddətdə hər hansı ciddi ailədaxili münaqişəsi olmamış, hərbi hissədə hər hansı bir hərbi qulluqçu ilə problemi, ona qarşı fiziki və ya psixoloji təzyiq göstərən olmamış, hərbi xidmət müddətində hərbi hissənin şəxsi heyəti üçün nəzərdə tutulmuş bütün təminatlarla təmin edilmiş və bununla bağlı heç bir problemi olmamışdır. Xidmətlə bağlı heç bir narazılığı və çətinliyi olmamış, xidmət dövründə onu döyən, incidən, təhqir edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs xidmətinə mane ola biləcək hər hansı başqa hal olmamışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri sübut növü kimi yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli vardır və bu əmələ istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, bu cinayətin törədilməsində o təqsirli sayılaraq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmasını, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Vətən müharibəsində iştirak etməklə yaralanmasını, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, anasının 2-ci qrup əlil olmasını və ailədə əsas gəlir gətirən şəxs olmaqla ahıl yaşda olan valideyinlərinin onun himayəsində olmaqla, ailə vəziyyətinin ağır olmasınını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və onun CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından və Tərtər Hərbi 16 aprel 2024-cü il tarixli, 1(098)- 4/202N nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1(098)-4/202N nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə, yəni hazırki hökmlə təyin ediləcək cəza ilə, ona Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1(098)-4/202N nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla qəti cəza təyin edilməlidır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərdə CM-nin 15.2 və 15.3-cü maddəsinə əsasən böyük içtimai təhlükə törətməyən və az ağır cinayətlər olduğundan məhkəmə hesab edir ki, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 333.4-1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halı, həmçinin onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 333.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə yaxın təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə, cəzanın məqsədlərinə və nəticədə onun islah olunmasına nail olmaq mümkündür. Həmçinin məhkəmə qeyd edirki, Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1-1(098)-4/202N nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 333.3-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 333.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixli, 1(098)-4/202N nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Tərtər Hərbi Məhkəməsinin 02 fevral N-cü il tarixli, 1(098)-17/N saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin olunası cəzasının əvvəli də 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət əməli az ağır cinayət olduğundan, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə icraatı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspe rtlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 27 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər rayon Vəkil Bürocunun hesabına 162 (bir yüz altmış iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 193.2, 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Tərtər Hərbi Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1-1(098)-4/202N nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 162 (bir yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar