Məhkəmə qərarları › İş №1-1(1-8)-3/2026

Ali Məhkəmə Qərar — İş №1-1(1-8)-3/2026

13.05.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(1-8)-3/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin (Hakimlər X11 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2022ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə ## #### 1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Tanrıqulular kəndində daimi yaşamaqla qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R hərbi rütbəsində xidmət etmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmış, sınaq müddəti ərzində xidmət etdiyi hərbi hissə komandanlığının icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa, davranışı üzərində nəzarəti həyata keçirən orqana, daimi yaşadığı yer üzrə rayon icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Məhkum bir vəzifə olaraq tapşırılmış, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X9 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, Məhkum ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində icraat zamanı ## #### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 9 (doqquz) ay 20 (iyirmi) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ümumi cəza müddətinə hesablanıb hökmlə təyin olunan cəzadan çıxılaraq üzərində 4 (dörd) il 2 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum hazırki qərarla üzərində saxlanılan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ####### 2025-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. IŞIN HALLARI: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədəqorxu ilə tələb etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 1-ci mühafizə tağımının komandiri vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən ## ###### 2021-ci il tarixdə saat 21 radələrində atasının əmisi oğlu, Yevlax rayon sakini X6 arvadı ilə ünvan 1 ünvanında yerləşən «SKY» hoteldə görüşən zaman sonuncu rəfiqəsi şahid2 vasitəsi ilə tanış olduğu, Bakı şəhər sakini Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini, sonuncunun maddi imkanının yaxşı olduğunu, lakin özünün buna razılıq vermədiyini dedikdə, Məhkum ona həmin şəxslə telefonla danışıb görüşməyə razılıq verməsini tapşıraraq, Zərərçəkmiş şəxs hədə-qorxu ilə xeyli miqdarda pul tələb edib alması üçün telefonun səsyazma funksiyası vasitəsi ilə onların telefon danışığını qeydə almış və telefon danışığı zamanı qeyrisi Zərərçəkmiş şəxs təklifini qəbul edərək səhəri gün, yəni ## ###### 2021-ci il tarixdə Nərimanov metrostansiyasının yaxınlığında görüşməyi planlaşdırmışlar. Telefon danışığı bitdikdən sonra Məhkum qeyrisinə planını, yəni səhəri gün Zərərçəkmiş şəxslə görüşdükdən sonra özünün onları izləyəcəyini, qeyrisinin Zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaq üçün yaşayış mənzilinə getməsini, özünün isə onların ardınca mənzilə daxil olub Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar, yəni aralarında aparılmış intim məzmunlu söhbətlərə dair səs yazısının, həmçinin yaşayış mənzilində görüşmələrinə dair videogörüntünün olduğunu deyib, həmin məlumatları yayma hədəsi ilə Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində pul tələb edib alacağını deyib aralarında vəzifə bölgüsü aparmış və qeyrisi onun bu təklifini qəbul etmişdir. Bundan sonra, qeyrisi ## ###### 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən Nərimanov metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxslə görüşüb, sonuncuya məxsus “Hyundai Santafe” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq onunla cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs qohumuna məxsus, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən yaşayış mənzilinə getmiş, Məhkum isə həmin vaxt taksi ilə onları izləmişdir. Aralarında olan razılaşmaya əsasən qeyrisi SMS vasitəsilə Məhkum yaşayış mənzilinin neçənci mərtəbədə yerləşəməsi, mənzilin nömrəsi haqqında məlumat verib, içəriyə daxil olduqdan sonra hamam otağına keçib, üzərində olan paltarların bir neçəsini çıxararaq, yarıçılpaq vəziyyətdə Məhkum mənzilə daxil olmasını gözləmiş və bir neçə dəqiqə sonra qapının döyüldüyünü görənZərərçəkmiş şəxs qapını açdıqda Məhkum içəriyə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra Məhkum əlindəki mobil telefonla videoçəkiliş apararaq, özünü qeyrisinin ərinin dayısı oğlu “Zaur” kimi təqdim edib sonuncunun evli olduğunu bildirməklə, Zərərçəkmiş şəxs özündə onların bir-biri ilə aralarında apardıqları intim məzmunlu söhbətlərə dair səs yazısının, həmçinin görüşmələrinə dair videogörüntülərin olduğunu demiş və həmin materialları onun arvadına, övladlarına göndərəcəyini, habelə “Instagram” sosial şəbəkəsi vasitəsilə yayacağını elan etdikdən sonra Zərərçəkmiş şəxs qorxduğuna əmin olub, həmin materialları yaymaması müqabilində ondan 10.000 (on min) manat məbləğində pul tələb etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs həmin məlumatların yayılacağı təqdirdə özünün ləkələnəcəyindən, rüsvay olacağından qorxaraq ## ###### 2021-ci il tarixdə saat 12 radələrində həmin yaşayış binasının yaxınlığında özünə məxsus “Hyundai Santafe” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Məhkum 3500 ABŞ dolları və 50 manat olmaqla ümumilikdə 6000 manat məbləğində pul vermişdir. Məhkum iki gün sonra, yəni ## ###### 2021-ci il tarixdə saat 13 radələrində Zəngilan rayonunda olarkən cinayətkar məqsədinə nail olmaqdan ötrü əvvəlcədən əldə etmək istədiyi məbləği, yəni 10.000 manatı tam olaraq Zərərçəkmiş şəxs alması üçün qanunsuz hərəkətlərini davam etdirib, Bakı şəhərində olan Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq, özündə olan materialları telefonundan silmədiyini, onları yaxınlarına göndərəcəyini, sosial şəbəkədə yayacağını bildirməklə ona hədə-qorxu gələrək həmin gün bank vasitəsilə köçürmə yolu ilə əlavə 1700 (min yeddi yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul tələb edib almış, ilkin olaraq aldığı 3500 ABŞ dollarının 1000 ABŞ dollarını, yəni 1700 manatını, həmçinin növbəti dəfə aldığı 1700 manat pulun 780 manatına satın aldığı bir ədəd “XIOMI MI 11” markalı mobil telefonu qeyrisinə vermiş, bir neçə gün sonra yenidən Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlayıb eyni üsulla hədə-qorxu gələrək ilkin olaraq istədiyi məbləğin, yəni 10.000 manatın qalan 2300 manatını istəsə də, sonuncu həmin məbləğdə pulu verməkdən imtina etmiş və bununla da, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı çıxarılarkən təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinin müddəaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiya məhkəməsi cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini də araşdırmadan bu hala yalnız səthi münasibət bəsləmişdir. Müdafiə tərəfi olaraq məhkum Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirmir, məhkəmənin məhkuma təyin etdiyi cəza ağırlığına görə açıqdan-açığa onun əməlinə və şəxsiyyətinə uyğun olmadığından, həmin hissədə məhkəmənin hökmü ədalətsiz hesab edilərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək daha yüngül cəza ilə dəyişdirilməsi məqsədə müvafiq hesab edilməlidir. Belə ki, hökmdən görünür ki, məhkəmə məhkum Məhkum təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində olsa da, beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, ona ağırlığına görə açıqdan-açığa ədalətsiz cəza təyin etmişdir. Məhkəmə məhkuma cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmiş, əksinə kifayət qədər cəzasını yüngülləşdirən, həm qanunla müəyyən edilmiş, həm də CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun halların olduğunu müəyyən etsə də, faktiki olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum Məhkum artıq islah olunmuşdur və o, cəmiyyətdən təcrid edilmədən də islah oluna bilən şəxsdir. Ona görə də məhkəmə məhkuma təyin etdiyi cəzanı şərti olaraq tətbiq edilməsini mümkün və əsaslı hesab etmiş, məhkuma təqsirli bilindiyi əmələ görə maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az və ya daha yüngül cəza növünün tətbiq edilməsinin mümkünlüyü məsələsini ümumiyyətlə müzakirə etməmişdir. Belə ki, cinayət işinin materiallarından və hökmdən görünür ki, məhkum Məhkum əməlindən peşiman olmuş, istintaqa səmimi ifadələr vermiş, zərərçəkmişlə tam barışıq əldə etmiş və ona vurduğu ziyanı ödəmiş, bu səbəbdən də zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmadığı barədə ərizə təqdim etmişdir. Məhkum Məhkum zərərçəkmişə qarşı etdiyi hərəkətin məsuliyyətini dərk etməsi, heç bir kənar təsir olmadan zərərçəkmişlə barışıq əldə edilməsinə nail olması onun şəxsiyyətinin cinayət törətməyə meyilli olduğunu deyil, əksinə islah olunmağa meyilli olduğunu, daha doğrusu artıq islah olunduğunu təsdiq edir. Məhkum ailənin yeganə qazanc gətirənidir, anası və şagird olan qardaşı onun himayəsindədirlər, atası ##.##.2022-ci ildə vəfat etmişdir. Məhkəmə məhkumun cəzasını ağırlaşdıran halların olmaması, işdə mövcud olan və hökmdə sadalanan məhkum Məhkum cəzasını yüngülləşdirən həm ayrı-ayrı halları, həm də həmin yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü müzakirə edərək, ona maddənin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza növü olan cərimə cəzasının, yaxud da həmin maddənin tətbiq edilərək, onun hazırkı iş üzrə həbsdə olduğu 10 aya yaxın müddətin nəzərə alınaraq cəzadan azad olunması məsələsinə ümumiyyətlə münasibət bildirməməklə, iş üzrə düzgün olmayan nəticəyə gəlmiş və bu da nəticədə məhkumun əməlinə və şəxsiyyətinə açıqdan-açığa uyğun olmayan sərt cəza təyin edilməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı şikayətə bir kəlmə ilə şikayətin əsassız hesab edildiyini göstərsə də, bunun əsassızlığının nədən ibarət olduğunu qərarda əsaslandırmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-cü il ## ###### tarixli 1-1(103)- */**** saylı qərarının dəyişdirilməsini, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzadan azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməsə də məhkəmə kollegiyası hesab edir ki, ittihamı təsdiq edən dəlillər məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona, təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddinda ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cəzasını yüngülləşdirən hallar, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün deyil, məhkuma sanksiyanın ən aşağı həddində cəza təyin edilməsi üçün əsas kimi qiymətləndirilə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 2022-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-*/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar