Məhkəmə qərarları › İş №1-1(1-8)-4/2026

Ali Məhkəmə Qərar — İş №1-1(1-8)-4/2026

07.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(1-8)-4/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, MÜƏYYƏN ETDI: Bakı Hərbi Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 1-1(093)-43/2025 nömrəli (hakim: Hacıyev Zaur Arif oğlunun sədrliyi) hökmü ilə ## ######## 2000-ci il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, Bakı Hərbi Məhkəməsinin 7 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.3, 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzanın Bakı Hərbi Məhkəməsinin 7 may 2025-ci il tarixli hökmü ilə CM-in 170.1, 177.2.1, 177.2.3, 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanması və ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 15 aprel 2025-ci il tarixdən 17 iyun 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddətinin təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun çəkəcəyi qəti cəzanın 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17.05.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbirinin seçilməsi, əvvəlki iş üzrə hazırda həbsdə olmasının nəzərə alınması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 1-1(093)-43/2025 nömrəli (hakim: Hacıyev Zaur Arif oğlunun sədrliyi) qərarı ilə Bakı Hərbi Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 1-1(093)-43/2025 nömrəli hökmündə yol verilmiş anlaşılmazlığın aradan qaldırılması, həmin hökmün nəticə hissəsində “Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin” əvəzinə “Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin” kimi oxunması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Əhmədov Zəfər Vahid oğlundan ibarət məhkəmə tərkibində) 20 oktyabr 2025-ci il tarixli 1-1(103)-45/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 1-1(093)-43/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum 15 aprel 2025-ci il tarixdən 17 iyun 2025-ci il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddətinin Bakı Hərbi Məhkəməsinin 17 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilən 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və ona qəti cəza 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15.04.2025-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 333.4-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün 1-ci mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, komandir heyətindən icazə istəmədən 21 avqust 2024-cü il tarixdə saat 08 radələrində xidmət yerini, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri x rayonu x qəsəbəsi ərazisində dislokasiya edilmiş tibb məntəqəsinin ərazisini özbaşına tərk etmiş, yalnız 26 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. KASSASIYA PROTESTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 20 oktyabr 2025-ci il tarixli qərarı qəbul edərkən cəzanın əvvəlinin hesablanmasında yol verilmiş hüquqi səhvi aradan qaldırsa da, 15.04.2025-ci il tarixdən əvvəlini hesabladığı cəzadan, eynilə birinci instansiya məhkəməsi kimi, yəni 15 aprel 2025-ci il tarixdən hökmün çıxarıldığı 17 iyun 2025-ci il tarixinə qədər şəxsin həbsdə saxlama müddətini yenidən təyin edilmiş qəti cəzadan çıxmaqla həmin hüquqi səhvi təkrarlamış, yəni bu müddəti faktiki olaraq cəza müddətinə iki dəfə hesablamaqla cəza təyinində işdəki sübutların tədqiqində səhvə yol vermişdir. Halbuki, CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi 20 oktyabr 2025-ci il tarixli qərarı ilə düzgün olaraq şəxsin cəzasının əvvəlini daha əvvəl tutulduğu 15 aprel 2025-ci il tarixdən hesablasa da, şəxsin fasiləsiz həbsdə olmasını nəzərə alıb 15 aprel 2025-ci il tarixdən hökmün çıxarıldığı 17 iyun 2025-ci il tarixinə qədər olan həbsdə saxlama müddətini yenidən təyin edilmiş qəti cəzadan çıxmağa heç bir ehtiyac olmadığı halda, həmin müddəti qəti cəzadan çıxmaqla bu müddəti faktiki olaraq cəza müddətinə iki dəfə hesablamış və cəza təyinində işdəki sübutların tədqiqində səhvə yol vermişdir. Bu həm də ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən, həm qanunvericiliyin tələblərini, həm də buna dair işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı qərarı çıxararkən məhkum edilmiş şəxsə cəza təyinində mühüm əhəmiyyət kəsb edən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin cəza təyini hissəsində apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən cəza təyininə dair hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar tədqiq edilmədiyi, cəza təyininə dair cinayət qanunvericiliyinin müddəalarının pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində irəli sürülmüş dəlillər həm maddi hüquq normalarının, həm də cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından ətraflı təhlil edildikdə belə nəticəyə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunauyğun və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə cəza təyin edərkən yalnız formal olaraq qanun normalarına istinad etmiş, lakin həmin normaların məzmununu, tətbiq edilmə mexanizmini və konkret hüquqi vəziyyətə uyğunluğunu düzgün qiymətləndirməmişdir ki, bu da nəticə etibarilə səhv hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur. Ilk növbədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin hüquqi mahiyyətinə diqqət yetirilməsi zəruridir. Həmin norma cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin xüsusi halını tənzimləyir və konkret olaraq belə vəziyyətləri əhatə edir ki, şəxs barəsində artıq hökm çıxarıldıqdan sonra onun həmin hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətdə də təqsirli olması müəyyən edilir. Qanunverici bu halda cəza təyin edilməsinin ümumi qaydalarından fərqli olaraq xüsusi yanaşma müəyyən etmiş və qeyd etmişdir ki, belə hallarda cəza yenidən, lakin cinayətlərin məcmusu qaydasında təyin edilməli, eyni zamanda əvvəlki hökm üzrə artıq çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu müddəanın məqsədi ondan ibarətdir ki, şəxs eyni dövr üzrə ikiqat məsuliyyət daşımamalı, lakin eyni zamanda ona əsassız güzəşt də edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi isə bu normanın mahiyyətini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə bir tərəfdən düzgün olaraq cəzaçəkmə müddətinin başlanğıcını şəxsin faktiki olaraq həbs edildiyi 15 aprel 2025-ci il tarixdən hesablamışdır. Bu yanaşma Cinayət-Prosessual Məcəllənin və Ali Məhkəmə Plenumunun müvafiq izahlarına uyğundur. Lakin digər tərəfdən, məhkəmə həmin tarixdən 17 iyun 2025-ci il tarixinədək olan müddəti yenidən qəti cəzadan çıxmışdır. Bu isə hüquqi baxımdan ciddi ziddiyyət yaradır, çünki həmin müddət artıq cəzanın başlanğıcı kimi qəbul edildiyindən, onun əlavə olaraq çıxılması eyni vaxt intervalının iki dəfə nəzərə alınmasına səbəb olur. Bu məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndində də aydınlıq gətirilmişdir. Həmin qərarda göstərilir ki, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 14 iyun 2022-ci il tarixli qərarında CM-in 66.5-ci maddəsinin tətbiqi daha da konkretləşdirilmişdir. Həmin qərarda açıq şəkildə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu hüquqi mövqe də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, nəticədə isə qanunun vahid tətbiqi prinsipi pozulmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şəxsin həbsdə saxlanıldığı müddətin hüquqi statusunu, bu müddətin hansı qaydada cəza müddətinə daxil edilməli olduğunu və bunun hüquqi nəticələrini lazımi səviyyədə araşdırmamışdır. Bu isə onu göstərir ki, məhkəmə sübutların qiymətləndirilməsi mərhələsində də prosessual qanunun tələblərinə tam riayət etməmişdir. Xüsusilə vurğulanmalıdır ki, cəzanın düzgün təyin edilməsi cinayət mühakimə icraatının ən mühüm mərhələlərindən biridir və burada yol verilən hər hansı səhv birbaşa şəxsin hüquq və azadlıqlarına təsir edir. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsinin yol verdiyi səhv nəticəsində məhkumun cəza müddəti faktiki olaraq qanunla nəzərdə tutulduğundan daha az müəyyən edilmişdir. Bu isə cəzanın ədalətliliyi, qanuniliyi və fərdiləşdirilməsi prinsiplərinin pozulması deməkdir. Beləliklə, aparılmış təhlil göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi hüquq normaları (xüsusilə CM-in 66.5-ci maddəsi), həm də prosessual hüquq normaları (CPM-in 143-146-cı maddələri) düzgün tətbiq edilməmiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Dövlət ittihamçısının kassasiya protestində göstərilən arqumentlər bu baxımdan tam əsaslıdır və iş materialları ilə təsdiq olunur. Məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı əsas götürülməli olan fundamental prinsiplərdən biri cəzanın ədalətliliyi və onun məqsədlərinə uyğunluğudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən cəza yalnız törədilmiş əmələ görə məsuliyyət tədbiri olmaqla kifayətlənmir, eyni zamanda sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməlidir. Bu baxımdan, təyin edilən cəzanın nə həddən artıq ağır, nə də əsassız şəkildə yüngül olması yolveriləndir. Belə ki, CM-in 41-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin yol verdiyi hüquqi səhv nəticəsində məhkumun faktiki olaraq çəkməli olduğu cəza müddətindən daha az müddət azadlıqdan məhrum etmə cəzası çəkməsi üçün şərait yaranmışdır. Bu halın hüquqi nəticəsi ondan ibarətdir ki, məhkum qanunvericiliyin tələb etdiyi müddətdən daha az müddətdə cəza çəkmiş hesab olunur. Halbuki, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən qanunverici balanslaşdırılmış yanaşma nəzərdə tutmuşdur: bir tərəfdən şəxsin eyni əmələ görə ikiqat cəzalandırılmasının qarşısı alınmalı, digər tərəfdən isə onun törətdiyi bütün cinayətlərin ağırlığı adekvat şəkildə yekun cəzada əks olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin yanaşması isə bu balansı pozaraq, əksinə, məhkum üçün əsassız üstünlük yaratmışdır. Göstərilənlərə əsasən, belə nəticəyə gəlmək olur ki, yaranmış vəziyyət cəzanın məqsədlərinə zidd olmaqla yanaşı, həm də cinayət qanununun normalarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də yol verilmiş səhvin aradan qaldırılması, yəni məhkəmə qərarının ləğv edilərək cəzanın düzgün qaydada yenidən təyin olunması zəruridir. Yalnız bu halda həm qanunvericiliyin tələbləri təmin edilə, həm də cəzanın qarşıya qoyduğu məqsədlərə real şəkildə nail olunması mümkün olar. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini - CPM-in 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2025-ci il tarixli qərarı cəza təyininə dair hissədə ləğv olunmalı, cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Hərbi Məhkəməsinin 17 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2025ci il tarixli qərarı kassasiya protestinə əsasən cəza təyininə dair hissədə ləğv olunsun və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar