Məhkəmə qərarları › İş №1-1(1-8)-6/2026

Ali Məhkəmə Qərar — İş №1-1(1-8)-6/2026

13.05.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(1-8)-6/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2025-ci il tarixli, 1- 1(104)-71/2025 nömrəli hökmündən məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İlqar Quliyev (sədrlik edən), Əhməd Sarıyev (məruzəçi) və Tağı Qənbərov) 20 may 2025-ci il tarixli, 1-1(098)-14/2025 nömrəli hökmü ilə 04 noyabr 2003-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 06-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən 172 nömrəli hərbi hissəsinin 5-ci taborunun 13-cü bölüyünün 3-cü taqımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi hissə komandirinin 04.08.2024-cü il tarixli əmri ilə 10 (on) gün müddətinə Bakı şəhərində keçirməklə qısa müddətli məzuniyyətə buraxılaraq valideynlərinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən nömrəsiz mənzilə getmiş, 13.08.2024-cü il tarixdə istifadəsində olan “Huawei” markalı smartfon tipli mobil telefon vasitəsilə daxil olduğu “İnstagram” sosial şəbəkəsindən qeydiyyatdan keçmiş olduğu “fa1id_011" istifadəçi adı ilə şəxsiyyəti istintaqa məlum olmayan “behroz_tavasoli_” istifadəçi adlı şəxslə tanış olaraq sosial şəbəkə üzərindən aralarında danışıqlar zamanı narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğunu öyrənib şəxsi istifadəsi üçün narkotik maddə istədikdə, sonuncu Ağcabədi rayonu ərazisində ona məxsus narkotik vasitə olduğunu, həmin narkotik vasitəsini oradan götürüb Bakı şəhərində sonradan deyəcəyi ünvana aparması müqabilində həmin narkotik vasitədən “bir ovuc qədər”, təxminən 200 qram özünə götürməsini demişdir. Məhkum bu məqsədlə əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxslə razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan cinayətkar sövdələşməyə əsasən həmin gün saat 18 radələrində Beyləqan rayonu Yuxarı Kəbirli kəndinə qohumlarının yaşadığı evə gedərək dayısı X1 istifadəsində olan “Samsung” markalı smartfon tipli mobil telefon vasitəsilə “Azercell” mobil operatoruna məxsus 051-765-74-87 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” mobil tətbiqi üzərindən “behroz_tavasoli_” istifadəçi adlı şəxsin +989351914544 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Ağcabədi rayonunda olduğu barədə məlumat vermişdir. Daha sonra, elə həmin gün saat 23 radələrində şəxsiyyət istintaqa məlum olmayan, “behroz_tavasoli_” istifadəçi adlı şəxsin tapşırığına əsasən o, Ağcabədi rayonu istiqamətində hərəkət etmək üçün taksi fəaliyyəti ilə məşğul olan Beyləqan rayonu Örənqala kənd sakini, şahid3 ilə onun istifadə etdiyi VAZ-2106 markalı **BC*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüş, yolda olarkən şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsin “Whatsapp” üzərindən ona göndərdiyi “məkana”, yəni Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində magistral yolun kənarına çatıb maşından düşmüş, piyada kənd qəbiristanlığına tərəf gedib yaxınlıqda olan elektrik transfarmatorunun içərisində istintaqa məlum olmayan şəraitdə satış məqsədi ilə saxlanılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və magistral yolun kənarına qədər daşıyıb gəldiyi avtomobilə tərəf piyada hərəkətdə olarkən, yəni avtomobilə çatmamış, 14.08.2024-cü il tarixdə saat 00:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin kəndin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan sellofan paketdəki digər 1(bir) ədəd sellofan paketdə olan 4(dörd) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketlərdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1000 qram, 1050 qram, 1000 qram, ümumi təmiz çəkisi 4100 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum verilmiş həmin ittihamdan CM-in 234.4.1-ci maddəsini və həmin maddəyə aid xüsusatları xaric etmiş və belə nəticəyə gəlmişdir ki, Məhkum “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsin təşkilatçılığı ilə, cinayətin icraçısı kimi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlamış və daşımışdır. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən 172 nömrəli hərbi hissəsinin 5-ci taborunun 13-cü bölüyünün 3cü taqımının 3-cü manqasında atıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi hissə komandirinin 04.08.2024-cü il tarixli əmri ilə 10 (on) gün müddətinə Bakı şəhərində keçirməklə qısamüddətli məzuniyyətə buraxılaraq valideynlərinin yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən nömrəsiz mənzilə getmiş, 13.08.2024-cü il tarixdə istifadəsində olan “Huawei” markalı smartfon tipli mobil telefon vasitəsilə daxil olduğu “İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “fa1id_011” istifadəçi adı ilə şəxsiyyəti istintaqa məlum olmayan “behroz_tavasoli_” istifadəçi adlı şəxslə tanış olaraq sosial şəbəkə üzərindən aralarındakı danışıqlar zamanı narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğunu öyrənib şəxsi istifadəsi üçün narkotik maddə istədikdə, sonuncu Ağcabədi rayonu ərazisində ona məxsus narkotik vasitə gizlədildiyini, həmin narkotik vasitəsini oradan götürüb Bakı şəhərində sonradan deyəcəyi ünvana aparması müqabilində həmin narkotik vasitədən bir ovuc, təxminən 200 qram özünə götürməsini deyərək Məhkum cinayət törətmək qətiyyəti yaratmaqla cinayətin törədilməsini təşkil etmiş, bundan sonra Məhkum şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsin bu təklifi ilə razılaşaraq həmin gün saat 8 radələrində Beyləqan rayonu Yuxarı Kəbirli kəndinə qohumlarının yaşadığı evə gedərək cinayət barədə xəbərsiz olan dayısı X1 istifadəsində olan “Samsung” markalı smartfon tipli mobil telefon vasitəsilə “Azercell” mobil operatoruna məxsus 051-765-74-87 saylı mobil telefon nömrəsi ilə “Whatsapp” mobil tətbiqi üzərindən “behroz_tavasoli_” istifadəçi adlı şəxsin +989351914544 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Ağcabədi rayonunda olduğu barədə məlumat vermişdir. Daha sonra, Məhkum elə həmin gün saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan, “behroz_tavasoli_” istifadəçi adlı şəxsin tapşırığına əsasən cinayətin icraçısı kimi Ağcabədi rayonu istiqamətində hərəkət etmək üçün taksi fəaliyyəti ilə məşğul olan və cinayət barədə xəbərsiz olan Beyləqan rayonu Örənqala kənd sakini, şahid3 ilə sonuncunun istifadə etdiyi VAZ-2106 markalı **BC*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüş, yolda olarkən şəxsiyyət istintaqa məlum olmayan həmin şəxsin “Whatsapp” üzərindən ona göndərdiyi “məkana”, yəni Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində magistral yolun kənarına çatıb maşından düşmüş, piyada kənd qəbiristanlığına tərəf gedib yaxınlıqda olan elektrik transfarmatorunun içərisində istintaqa məlum olmayan şəraitdə satış məqsədi ilə saxlanılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və magistral yolun kənarına qədər daşıyıb gəldiyi avtomobilə tərəf piyada hərəkətdə olarkən, yəni avtomobilə çatmamış, 14.08.2024-cü il tarixdə saat 00:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində elə həmin kəndin ərazisində şübhəli şəxs qismində saxlanılmış, sonra Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan sellofan paketdəki digər 1 (bir) ədəd sellofan paketdə olan 4(dörd) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketlərdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1000 qram, 1050 qram, 1000 qram, ümumi təmiz çəkisi 4100 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Faiq Mahmudov) 11 sentyabr 2025-ci il tarixli, 1- 1(104)-71/2025 nömrəli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1- 1(098)-14/2025 saylı hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablanmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2025-ci il tarixli, 1-1(104)-71/2025 nömrəli hökmünün dəyişdirilməsini, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi, barəsində daha ədalətli və yüngül cəza təyin edilməsini, həmçinin əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilmədiyindən ona elan edilmiş ittihamdan həmin bəndin xaric edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi ona cəza təyin edərkən onun əvvəllər heç vaxt məhkum olunmadığını, gənc olduğunu, onun narkotik vasitələri satmaq və ya üzərində daşımaq niyyəti olmadığını nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız, ədalətsiz olduğundan dəyişdirilməli, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli, həmin maddənin sanksiyası həddində ona aşağı həddə ədalətli cəza təyin edilməli, əməli “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş” cinayət sayıla bilmədiyindən ona elan edilmiş ittihamdan həmin bənd, yəni ittihamın CM-in 234.4.1-ci maddəsi ilə olan hissəsi Azərbaycan Respublikası CPMin 318.1-ci maddəsinin tələblərinə əsasən ittihamdan xaric edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarına əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq külli miqdarda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satılması, yaxud satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması və ya göndərilməsi həmin maddələr üzrə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə” və “satış və ya satış məqsədi” Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlamətləri olmaqla, həmin əməlləri CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlindən fərqləndirən əsas meyarlardır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Buna görə də şəxsin əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tətbiqi üçün həm narkotik vasitənin və ya psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması, göndərilməsi və ya satılması mötəbər sübutlarla təsdiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və iş hallarına uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuş hallar, o cümlədən narkotik vasitənin miqdarı, habelə Fərid Məmmədovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan cinayət əlaqəsinə girərək sonuncunun narkotik vasitənin daşınması ilə bağlı verdiyi göstərişləri icra etməsi onun əməlində təqsirli bilindiyi cinayətlərin bütün zəruri tərkib əlamətlərinin mövcud olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara və müəyyən olunmuş iş hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında verilmiş izahlar baxımından düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Məmmədov Fərid Mayis oğlu üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı külli miqdarda satış məqsədi ilə və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz əldə etmiş və saxlamışdır. Beləliklə, məhkum F.M.Məmmədovun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Məhkum Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri işin yuxarıda qeyd edilən halları ilə tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır. Məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2025-ci il tarixli, 1-1(104)-71/2025 nömrəli hökmündən məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2025-ci il tarixli, 1-1(104)-71/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar