Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-10/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2020-ci il qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakim Nurəddin Hüseynli) 1-1(095)-79/2020 nömrəli 13 avqust 2020-ci il tarixli hökmü ilə, 16 aprel 1989-cu il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin əsgəri, Göyçay rayonunun Ləkçıplaq kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2019-cu il tarixdən hesa blanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində dislokasiya edilmiş N №-li hərbi hissənin 2-ci haubitsalı artilleriya batareyasının heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən, 05 avqust 2012-ci il tarixdə saat 10:00 –da hərbi hissədən gün buraxılışına çıxmış və həmin tarixdə saat 17:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə qayıtmamış, 02 oktyabr 2019-cu il tarixdə Rusiya Federasiyasının ərazisində həbs edilməklə 23 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilərək 3 saylı istintaq təcridxanasına gətirilmiş, bununla da üç aydan artıq müddətə xidmət yerinə qayıtmamaqla fərarilik etmişdir. Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1-1(102)-50/20 nömrəli, 02 oktyabr 2020-ci il qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-79/2020 nömrəli 13 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi X3 apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ona yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsizdir. Belə ki, məhkum şikay ətində himayəsində az yaşlı uşağının olmasını və səhhətində olan ciddi narahatçılıqlarının olmasını nəzərə alınaraq yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nə zərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisə predmeti olmamışdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili hökmlə təyin olunmuş cəzasının ağır olması və cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik də rəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəf indən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti tam etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, оnа həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin еdilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəz a təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və ona minimum həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin təyin olunmuş cəzanın ağır olması dəlili ilə razılaşmır. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarınd a qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdir mək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-10/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-10/2022
08.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver