Məhkəmə qərarları › İş №1-1(102)-46/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-46/2023

19.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-46/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X7 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il t arixli qərarından məhkumun müdafiəçisi verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən hakim Əli Süleymanov) 26 noyabr 2021-ci il tarixli 1-(97)-65/2021 nömrəli hökmü ilə 09 avqust 1996-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətini əvvəli 07 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Muradov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil təmir bölüyünün xüsusi işlər tağımının təxliyyə manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olduğu zaman 04 noyabr 2020-ci il tarixdə saat 18 radələrində düşmən qüvvələrindən tamamilə azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndinin ərazisində həmin bölüyün hərbi qulluqçusu, gizir X11 ilə birlikdə «Ural» markalı avtomobilin mühərrikini işə salmaq üçün dəmir parçası axtararkən həmin vaxt Xocavənd rayonunun Düdükçü kəndinin ərazisində döyüş tapşırığını yerinə yetirmək üçün cəmləşmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tankçılarının hərbi geyim formasında olan N nömrəli hərbi hissənin 2-ci taborunun tank taqımının 1-ci hey ətinin baş mexanik-sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş X5 və həmin taborun əlahiddə tank taqımının komandiri, leytenant X1 yolunda yerləşən mağazadan üzü ikimərtəbəli tikiliyə doğru hərəkət etdiklərini görüb Araz Abdiyevin və Elşən Orucovun arxası ilə gedərək üzbəüz vəziyyətdə onlardan “qaqaş nə axtarırsınız” deyə soruşmuş, sonuncular “duz axtarırıq” deyə cavab vermişlər. Bu zaman Məhkum həmin kəndə düşmən qüvvələri tərəfindən basqın edilməməsinə və basqın edilməsini ehtimal etməyə heç bir əsas olmamasına, o cümlədən Araz Abdiyevin və Elşən Orucovun onun həyat və sağlamlığına heç bir təhlükə yaratmadığı açıq-aşkar görünməsinə, onların hərbi geyim formasında, danışıq ləhcələrində Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçularının və ya vətəndaşlarının olmasına işarə edən əlamətlər əks etdirməməsinə, Araz Abdiyevin və Elşən Orucovun Azərbaycan dilində danışmasına, habelə üzərlərində heç bir silahın olmadığını görməsinə baxmayaraq heç bir dəqiqləşdirmə aparmadan açıq hava şəraitində, iki mərtəbəli tikilinin qarşısında olan Araz Abdiyevin və Elşən Orucovun dayanmalarını, özlərini tanıtmalarını tələb etmədən, həmin şəraitdə odlu silahın tətbiq edilməsi üçün zərurət olmadığı halda səbəbsiz olaraq üzərindəki özünə təhkim olunan «AKMS» markalı TD 9819 nömrəli avtomat silahı atəşə hazır vəziyyətə gətirmiş, bu zaman Araz Abdiyev üzərində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tankçılarının hərbi geyim formasını Məhkum işarə edərək “bizik özümüzünkülərik” deməsinə baxmayaraq, Məhkum heç bir səbəb olmadan qəsdən onlar ı öldürmək məqsədi ilə dərhal Araz Abdiyevin və Elşən Orucovun olduğu istiqamətdə avtomat silahından qəsdən avtomatik rejimdə çoxsaylı atəşlər açmış, nəticədə Elşən Orucova «giriş dəliyi döş qəfəsinin sol yan divarında, çıxış dəliyi döş qəfəsinin ön divarının sol yarısında yerləşməklə istiqaməti arxadan-önə, aşağıdan-yuxarı, soldan-sağa gedişi boyunca sol ağciyərin zədələnməsi və İİİ, İV qabırğaların qəlpəli sınıqları ilə müşayiət olunan, sol döş boşluğuna kəskin qanaxma ilə nəticələnmiş, döş qəfəsinin bir ədəd dəlib keçən odlu silah-güllə yarası; giriş dəliyi sağ bazunun orta 1/3-nin arxa səthində, çıxış dəliyi sağ çiyinüstü nahiyədə yerləşməklə, sağ bazu sümüyünün başının açıq sınığı ilə nəticələnmiş odlu silah-güllə yarası; giriş dəliyi sağ bayır topuq, çıxış dəliyi sağ içəri topuq nahi yəsində yerləşməklə baldır sümüklərinin və ayaq daraqarxası sümüklərinin sınıqları ilə müşayiət olunan aşıq-baldır oynağının dəlib-keçən odlu silah-güllə yarası; sol bazunun orta 1/3-nin içəri səthinin toxunub keçən odlu silah-güllə yarası» diaqnozlu xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Elşən Orucovu öldürmüş, Araz Abdiyevi isə qəsdən öldürməyə cəhd etməsinə baxmayaraq, sonuncu dərhal hadisə yerindən qaçdığına görə, iradəsindən asılı olmayan səbəblərə görə cinayətini başa çatdıra bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 16 sentyabr 2022ci il tarixli, 1-1(106)-12/2022 nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 26 noyabr 2021ci il tarixli 1-(97)-65/2021 nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Məhkum qəti olaraq 14 (on dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum müdafiəçiləri X6 və Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı Orxan Quliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif edilməklə onun barəsində həmin maddənin sanksiyası həddində cəza təyin olunması barərə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı Məhkum törətdiyi cinayət əməlin qəsd olduğu, onun mərhum Elşən Orucovu xuliqanlıq niyyəti ilə qəsdən öldürdüyü (CM-nin 120.2.2), Elşən Orucovla birgə hərəkət edən digər hərbi qulluqçu leytenant Araz Abdiyevi də qəsdən öldürməyə cəhd etdiyi (CM-in 29,120.2.7) qənaətinə gəlməsi əsassızdır. Belə ki, hadisə Xocavənd rayonunun erməni hərbi birləşmələrindən azad edildiyi Düdükçü kəndində 04 noyab r 2020-ci il tarixdə, saat 18 radələrində baş vermişdir. Düdükçü kəndi Azərbaycan Ordusu tərəfindən 15 oktyabr 2020-ci il tarixdə azad edilmişdir. İstintaq materiallarında qeyd edilir ki, 04 noyabr 2020-ci il tarixdə kənddə erməni hərbi birləşmələrinin fəaliyyəti olmayıb, ümumiyyətlə kəndə müvəqqəti dislokasiya olunmuş hərbi birləşmələrimizin düşmən diversiya qrupları və ya digər düşmən birlikləri tərəfindən hər-hansı təhlükəyə məruz qalma ehtimalı yox idi. Lakin iş materiallarından görünür ki, həmin kənd snayper atəşi altında olmuşdur. Habelə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi birləşmələrimizə qarşı erməni diversiya qruplarının, terror birləşmələrinin etdiyi hücumlar nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması halları və bunun nəticəsində həmin ərazilərdə keçirilən anti-terror əməliyyatları ilə çox sayda erməni silahlı quldurlarının ələ keçirilməsi hər kəsə məlumdur. Bu hallar cinayət işində istintaqın gəldiyi 04 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Düdükçü kəndində erməni təhlükəsinin olmaması, oraya dislokasiya olunmuş hərbiçilərimizin erməni quldurları ilə qarşılaşmaması nəticəsini alt-üst edir. Hadisənin baş verdiyi tarixdə aktiv döyüş əməliyyatlarının davam etdiyini əlavə etdikdə isə yuxarıda qeyd etdiyi ibtidai istintaqın gəldiyi nəticə sadəcə əsassız hesab olunmalıdır. Hadisənin baş vermə şəraitinə gəldikdə isə bir aydan çox müddətdə düşmənlə üzüzə dayanan, daim düşmən həmləsi, artilleriya mərmisi və düşmən gülləsinə tuş gəlmək təhlükəsi ilə yaşayan bir hərbi qulluqçu qəfildən qarşısında tanımadığı, geyim qaydasını pozmuş və kilsədən çıxan şəxslərlə qarşılaşarkən instinktiv olaraq əlbəttə ki, özünü müdafiə vəziyyətinə keçməli, yaranmış real və ya xəyali təhlükəni ətraf şəraitə uyğun olaraq qiymətləndirməlidir. Müdafiə etdiyi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində ittiham olunur. Məhkum törətdiyi əməlin istintaq tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə töfsiv edilməsi tək təəccüb hiss yox, həmçinin təəssüf hissi də doğurur. Məhkum əməlinə bu cür qiymət verilməsi əsassızdır. Cinayət işi üzrə ibtidai istintaq materiallarında, eyni zamanda, məhkəmə istintaqı zamanı Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə təqsiri heç də sübuta yetirilməmişdir. Belə ki, Məhkum əməlində ümu miyyətlə qəsdən adam öldürmə cinayəti yoxdur. “Qəsdən adam öldürmək” dedikdə, digər şəxsi qəsdən həyatdan məhrum etmə başa düşülməlidir. Adam öldürmənin ehtiyatsızlıqdan törədilib-törədilməməsini müəyyən etmək üçün subyektiv və obyektiv meyarlar nəzərə alınmalıdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ona verilmiş suallara cavab olaraq, “Məhkum ona və mərhum Elşən Orucova hansı səbəbdən atəş açdığını bilmədiyini” qeyd etmişdir. Eyni zamanda, digər şahidlər də, təqsirləndirilən şəxsin öz hərbi qulluqçularımıza atəş açmaq səbəbinin onlara məlum olmadığını bildirmişlər. İttiham tərəfi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə təqsirinin sübuta yetirildiyini bildirdi. Göründüyü kimi Məhkum bilərəkdən, yəni qəsdən Elşən Orucovu öldürməmiş və Araz Abdiyevi öldürməyə cəhd göstərməmişdir. Məhkum əməli tam olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124-cü maddəsinin təsir dairəsinə düşür. Belə ki, aktiv hərbi əməliyyatların getdiyi bölgədə, uzun müddət müharibə şəraitinin spesifik olaraq şəxsin alt şüurunda ölüm qorxusunu, düşmən tərəfindən öldürüləcəyi düşüncəsini yaratdığı psixoloji durum onun üçün məchul olan, naməlum şəxs fikrini yaratdığı qarşısına çıxmış şəxslərin erməni əsgərləri olması anlamınıda özünümüdafiə refleksini yaratmış və Məhkum bu refleksə uyğun hərəkət etmişdir. Bu ehtiyatsızlıqdan adam öldürən Məhkum subyektiv meyarı sayıla bilər. Ehtiyyatsızlıqdan törədilmiş hadisənin müharibə şəraitində, aktiv hərbi əməliyyatarın getdiyi ərazidə, havanın alatoran vaxtında, Məhkum qarşısına qəfil çıxan şəxslərin g eyimləri, üzlərinin saqqallı olması onların düşmən və ya öz hərbi qulluqçularımız olmasını aydınlaşdıra bilməməsi, onlardan kim olduqlarını soruşduqda aydın və başa düşəcəyi dildə cavab ala bilmədikdə ani qərar verməsi və qarşı tərəfə atəş açaraq bir nəfərin ölümünə səbəb olması obyektiv meyardır. İbtidai istintaq “Sübutların qiymətləndirilməsi” qərarında Məhkum heç bir səbəb olmadan atəş açaraq bir nəfəri öldürməsi nəticəsinə gəlmişdir. Lakin bu “səbəbsizlik” əməlin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin təsir dairəsinə düşmür. Beləliklə, hadisənin motivinin olmaması onun qəsd olmadığını sübut edir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Ali Məhkəmənin İcmalına əsasən, xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştir akçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qayda sında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə əlaqədardır. Belə ki, kassator hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin istintaq orqanı və məhkəmələr əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.2 və 29,120.2.7-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Adam öldürmə qəsdən deyil, ehtiyatsızlıq üzündən baş verdikdə cinayət əməli CM-in 124.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsində qeyd edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. İşdən görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 29,120.2.7-ci maddələri ilə, yəni qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə və iki şəxsi öldürməyə cəhd etmə əməlinə görə ittiham verilmiş, birinci v ə apellyasiya instansiyası məhkəmələri məhkumun əməlinin tövsifi ilə razılaşaraq təqsirləndirilən şəxsin həmin maddələrlə təqsirli bilinməsinə dair müvafiq olaraq hökm və qərar çıxarmışlar. Kassator öz şikayətində Məhkum tərəfindən öldürmək məqsədi ilə zərərçəkmiş şəxslərə avtomat silahından atəş açılmasını, həmin atəş nəticəsində zərərçəkmiş şəxs Elşən Orucovun alınmış güllə yaralarından ölməsini inkar etməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilməsinin zəruri olmasını obyektdə səhv edilməsi ilə əlaqələndirmişdir. Belə ki, kassator qeyd edir ki, məhkum zərərçəkmişləri erməni hərbi qulluqçuları kimi qəbul etmiş və düşməni məhv edilməsi üçün onlara atəş açmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsi rləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərba ycan Respublikası CPM-in 353.2.2-ci maddəsinin tələbinə görə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri hökm və qərarda göstərilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum özünü Azərbaycan Respublikasının CM-in 120.2.2-ci və 29,120.2.7-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 noyabr 2020-ci il tarixdə saat 18 radələrində düşmən tərəfindən ələ keçirilmiş “Ural” markalı maşını təmir etmək üçün təmir bölüyünün giziri X11 ilə birlikdə cəmləşdikləri məktəbin həyətindən çıxaraq maşında olan nasazlığı müəyyən etməkdən ötrü kəndin ərazisində yerləşən kilsəyə doğru hərəkət etmiş, kilsənin yanına çatıb geri qayıtmaq üçün fırlandıqları zaman maşın sönərək dayanmış, bu za man Camal Əlizadə yola baxmaq üçün maşından bir qədər aralanmış, daha sonra onu səslədiyi üçün maşından düşərək kilsənin yanından keçib Camal Əlizadənin yanına gəlmişdir. Camal Əlizadə ona maşını işə salmaq üçün dəmir axtarmasını dediyi üçün birlikdə kəndin ara küçəsindəki yol ilə dəmir axtarmağa başlamış, Camal Əlizadə ondan təxminən 5-6 metr arxada olmuş, yol ilə hərəkət etdiyi zaman 2 nəfər mülki geyimdə olan tanımadığı şəxsin qarşıdakı iki mərtəbəli binaya doğru hərəkət etdiyini görüb onlara tərəf “kimsiz, nə lazımdı” ifadəsini işlətmişdir. Həmin şəxslərin hər ikisinin üzü tüklü olmuş, hadisədən sonra adlarının leytenant X9 və kiçik çavuş X10 olduğunu öyrəndiyi şəxslərdən Elşən Orucov ona tərəf dönərək “kori huri” deyə anlaşılmaz söz demiş, bu zaman həmin şəxslərin erməni olduğunu düşü ndüyündən dərhal silahını avtomatik rejimə salaraq atəşə hazır vəziyyətə gətirib ilk əvvəl havaya 2-3 dəfə atəş açmışdır. Həmin anda Araz Abdiyevin dərhal ərazidən uzaqlaşdığını, Elşən Orucovun da qaçmağa cəhd etdiyini gördüyü üçün silahını dərhal ona tərəf tuşlayaraq avtomat rejimdə atəş açmağa başlamış, bundan sonra atəşə davam edərək arxaya doğru qaçmış, ondan bir neçə metr arxada olan Camal Əlizadəyə “starşına qaç ermənidi bunlar” deyə qışqırmış və birlikdə maşının olduğu kilsənin yanına getmişlər. Bu zaman gəldikləri yolun üzərində olan maşından təxminən 250-300 metr aralıda yerləşən tanımadığı hərbi qulluqçuların olduğu yerə gəlmiş və erməni vurduğunu bildirmiş, həmin vaxt şok vəziyyətində olduğu üçün Camal Əlizadə orada olan bir neçə hərbi qulluqçu ilə birlikdə hadisənin baş verdiyi əraziyə getmiş, bundan sonra həmin gün axşam saatlarında hadisə yerinə getdikdə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Elşən Orucovu avtomat silahla atəş açaraq öldürdüyü ona məlum olmuşdur. Hadisə baş verən zaman Araz Abdiyev cəld qaçdığı üçün onu vura bilməmiş, niyyəti hər ikisini də düşmən bildiyi üçün öldürmək olmuşdur. Həmin vaxt üzərilərində silah, erməni bayrağı və ya başqa hər hansı nişan, atribut və ya digər bir əşya olduğunu görməmiş, qeyd olunan hadisə zamanı Araz Abdiyev və Elşən Orucov tərəfindən ona qarşı atəş açılmamış və ya başqa bir şəkildə həyatına təhlükə yaradan hal olmamış, sadəcə olaraq atəş açmağa başladıqda Elşən Orucovun və Araz Abdiyevin özlərini şübhəli aparmaları və başa düşmədiyi dildə danışmaları, Araz Abdiye vin qaçdığını, Elşən Orucovun isə qaçmağa cəhd etdiyini görməsi səbəbindən atəş açmışdır. 04 noyabr 2020-ci il tarixdə Camal Əlizadənin dəmir axtarmaq üçün ondan daha əvvəl avtomobildən düşdüyünü, dəmir axtardıqları zaman Camal Əlizadənin onun arxasında olduğunu, Araz Abdiyevin və Elşən Orucovun mülki geyim formasında olduqlarını, onlara “kimsiz nə lazımdır” sualını verdiyini, Elşən Orucovun bu zaman ona tərəf dönərək “kori huri” deyə anlaşılmaz ifadə işlətdiyini, Elşən Orucovun və Araz Abdiyevin erməni olduğunu düşündüyündən dərhal silahını avtomatik rejimə salaraq atəşə hazır vəziyyətə gətirib ilk əvvəl havaya 2-3 dəfə atəş açdığını, həmin anda Araz Abdiyevin dərhal ərazidən uzaqlaşdığını, Elşən Orucovun da qaçmağa cəhd etdiyini gördüyü üçün silahını dərhal ona tərəf tuşlayaraq avtomat rejimdə atəş açmağa başladığını, bundan sonra atəşə davam edərək arxaya doğru qaçdığını, hadisə vaxtı Elşən Orucovla və Araz Abdiyevlə salamlaşmadığını, onların yanından keçmədiyini, onlara “qaqaş nə axtarırsınız” sualını vermədiyini, həmin hərbi qulluqçuların da ona “duz axtarırıq” ifadəsini işlətmədiyini, Araz Abdiyevin tankçılarının hərbi geyim formasını işarə edərək “bizik özümüzünkülərik” demədiyini, onların geyim formasını tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş leytenant X9 ifadəsində göstərmişdir ki, 04 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Düdükçü kəndinin ərazisində hərbi hissənin digər tankçıları ilə birlikdə cəmləşdikləri evdə olduqları zaman saat 17:50 radələrində yemək bişirmək istəsələr də, duzları olmamış, bu zaman Elşən Orucov qaldıqları ev in yaxınlığında yerləşən mağazada duz gördüyünü, həmin yerə gedib duz götürə biləcəklərini dediyi üçün Elşən Orucovla razılaşaraq evdən çıxıb dediyi istiqamətdə getmişlər. Mağazanın qarşısına çatdıqda sonradan hərbi qulluqçusu olduğunu öyrəndiyi gizir X11 onlar ilə salamlaşmış, onlar da bu zaman Camal Əlizadə ilə salamlaşmış, həmin vaxt onun arxasında başqa bir hərbi qulluqçu da olmuşdur. Bundan sonra Elşən Orucov mağazaya girib duz axtarmağa başlamış, o isə mağazanın qarşısında gözləmiş, bir neçə dəqiqə sonra Elşən Orucov duz tapa bilmədiyindən mağazadan çıxıb qaldıqları ev istiqamətində hərəkət etməyə başlamış, Elşən Orucovun və onun üzərində həmin vaxt avtomat silah olmamış, sadəcə olaraq bel nahiyəsində ona təhkim olunmuş bir ədəd «PM» markalı tapança olmuş, həmin tapança isə əynində o lan qış səhra geyim formasının gödəkcəsinin altında olduğundan görsənməmişdir. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvəllərinin tankçılarının hərbi geyim formasında olmuş, Elşən Orucovun üzərində isə tankçıların geyim formasının şalvarı və mülki təminat tərəfindən verilmiş göy rəngli sviter olmuşdur. Qaldıqları evə doğru gedərkən həmin yolun üzərində olan iki mərtəbəli evin yanına çatdıqları zaman bir az əvvəl mağazanın yanında salamlaşdıqları hərbi qulluçulardan biri onlara “qaqaş nə axtarırsınız?” ifadəsini işlətdiyi üçün hər ikisi arxaya dönərək «duz axtarırıq» ifadəsini cavab olaraq işlətmiş, bundan sonra Məhkum əlində olan avtomat silahı atəşə hazır vəziyyətə gətirib avtomatik rejimdə Elşən Orucova və ona tərəf atəşlər açmağa başlamış, dərhal Məhkum “bizik özümüzünkülərik” deməl ərinə və üzərində olan hərbi geyim formasını işarə etməsinə baxmayaraq Məhkum silahın lüləsini konkret olaraq onlara tərəf tuşlamış və atəşlər açmağa başlamışdır. Bir anda Elşən Orucovun bədən nahiyəsinə güllə dəydiyini gördüyündən canını xilas etmək üçün dayandığı evin sağ tərəfindəki döngəyə qaçmış, Elşən Orucov güllə yarası aldıqdan sonra onun qaçdığı istiqamətdə hərəkət etmək istəyərkən daha bir neçə güllə yarası alaraq yerə yıxılmışdır. Artıq atəş səslərinin dayandığını və onlara atəş açan hərbi qulluqçunun qaçdığını görüb olduğu yerdən çıxaraq Elşən Orucovun yanına tərəf getmiş və öldüyünü görmüşdür. Şahid qismində dindirilmiş gizir X11 ifadəsində göstərmişdir ki, 04 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Xocavənd rayonunun Düdükçü kəndində düşməndən qənimət kimi götürülmüş «U ral» markalı avtomobili təmir etdikdən sonra avtomobili yoxlamaq üçün Məhkum ilə birlikdə avtomobili kəndin içərisində yerləşən dik ərazidə olan kilsəyə tərəf sürmüş, avtomobili dik yerə qaldırdığı zaman mühərrik söndüyü üçün avtomobili həmin yerdə saxlayaraq Məhkumla birlikdə avtomobildən düşərək dəmir axtarmağa başlamış, bunun üçün həmin kilsənin yanında olan kəndin dar küçəsi ilə hərəkət etmişlər. Bu zaman o, Məhkum qarşısında olmuş, küçə ilə bir qədər irəlilədikdən sonra yolun sol tərəfindəki mağazanın qarşısında iki hərbi qulluqçu görmüş, həmin vaxt Məhkum da onun arxasınca gəlmiş, həmin hərbi qulluqçular ilə salamlaşmış, sonradan adının X9 olduğunu öyrəndiyi hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tankçılarının hərbi geyim formasında olmuş və həmin formanın üzərin dən hərbi kamuflyaj tipli gödəkcə geyinmiş, yanında olan sonradan X10 olduğunu öyrəndiyi hərbi qulluqçu isə göy rəngli sviter və tankçıların qara rəngli şalvarını geyinmiş, üzərilərində hər hansı silah olmamışdır. Həmin hərbi qulluqçularla salamlaşdıqdan sonra arxaya doğru hərəkət etməyə başlamış, arxaya dönüb 2-3 addım atdığı zaman Məhkum onun yanından keçib mağazanın yaxınlığında qalmış, Məhkum salamlaşdığı hərbi qulluqçular ilə söhbət etmək istədiyini düşündüyü üçün geri qayıtması barədə heç bir söz deməmişdir. Həmin vaxt arxasında olan Məhkum bir az əvvəl salamlaşdığı hərbi qulluqçulardan “qaqaş nə axtarırsınız?” deyə soruşduğunu eşitmiş, o isə gəldiyi istiqamətdə hərəkət etməyə davam etmiş, Məhkum sualına həmin hərbi qulluqçular duz axtardıqlarını dedikdən sonra kiminsə silahını atə şə hazır vəziyyətə gətirib avtomatik rejimdə atəş açmağa başladığını eşitmiş, bu səbəbdən başını arxaya çevirmək istəyəndə Məhkum atəşlər açdığını, “ermənilər var” deyə qışqıraraq ona tərəf qaçdığını görmüş, qolundan tutub guya onu xilas etmişdir. Məhkum 2 erməni olduğunu və onlara atəş açdığını dedikdə artıq Məhkum bir az əvvəl salamlaşdığı hərbi qulluqçulara atəş açdığını başa düşmüş, həmin vaxt yaxınlıqda olan tanımadığı hərbi hissənin hərbi qulluqçularının cəmləşdikləri yerə getmiş, Məhkum erməni öldürdüyünü onlara dedikdə qeyd olunan hərbi qulluqçular “bəlkə bizimkilərdi? Bizim uşaqlar aşağıdaydılar” bildirdikdə o, artıq Məhkum onun salamlaşdığı hərbi qulluqçulara atəş açdığına əmin olmuşdur. Bu səbəbdən digər hərbi qulluqçulara Məhkum cəmləşmə məntəqəsinə aparmalarını xahiş etmiş, öz ü isə həmin hərbi qulluqçularla hadisənin baş verdiyi yerə getmişdir. Qeyd olunan əraziyə getdiyi zaman Məhkum Elşən Orucovu öldürdüyünü, Araz Abdiyevin isə sağ qaldığını görmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı sübutlara diqqət yetirdikdə Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, zərərçəkmiş şəxs leytenant X9 və şahid gizir X8 ifadələrindən açıq-aydın görünür ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslər Araz Abdiyevi və Elşən Orucovu erməni hərbi qulluqçuları kimi qəbul etməsinə heç bir əsas olmamış və məhkumun ifadəsində bu barədə göstərilmiş xüsusatlar zərərçəkmiş və şahidin yuxarıda qeyd edilən ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə kollegiyası işin hallarını nəzərə alara q Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 126.2.4-cü maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula bil əcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsi rkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə adam öldürmə və ya sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmənin subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ic timai qayda, ümumi qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. İttiham tərəfi məhkumun zərərçəkmiş şəxslərə qarşı törətdiyi cinayət əməlinin xuliqanlıq niyyəti ilə törətməsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2 və 29,120.2.7-ci maddələri ilə tövsif edilmə si anlaşılan deyildir. Belə ki, məhkumun əməlinin bu cür tövsif olunması onun eyni şəraitdə, eyni zamanda və eyni məqsədlə iki şəxsə qarşı yönələn qəsdinin, Elşən Orucova münasibətdə xuliqanlıq niyyəti ilə, digər zərərçəkmiş şəxs Araz Abdiyevə qarşı isə belə bir niyyət olmadan öldürməyə cəhd etməsi anlamına gəlir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və məhkəmələrin Məhkum iki şəxsə qarşı vahid qəsdlə törətdiyi əməlin bir şəxs barəsində xuliqanlıq niyyəti ilə, digər şəxs barəsində isə belə niyyətin olmaması kimi tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb hesab edir ki, məhkəmələr məhkumun zərərçəkmiş şəxsləri qəsdən öldürmək üçün onlara atəş açması barədə düzgün nəticəyə gəlsə də, Məhkum həmin hərəkətləri Elşən Orucova qarşı xuliqanlıq niyyəti ilə törətməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün o lmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, məhkumun zərərçəkmiş şəxs Elşən Orucovu xuliqanlıq niyyəti ilə və ya ehtiyatsızlıqdan öldürməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmur. Belə olan halda məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyəti ilə adam öldürmə müəyyən olunmadığından onun əməli Azərbaycan Respublikası CM-in 120.2.2 -ci maddəsi ilə tövsif edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cinayət işinin faktiki hallarını nəzərə alıb qeyd edir ki, istintaq orqanı və məhkəmələr səhv olaraq nəticəyə gəlmişdir ki, Məhkum qəsdən adam öldürmə cinayətini xuliqanlıq niyyəti ilə törətmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı t ələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxı şı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 1-1(106)-12/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən 120.1-ci maddəsinə tövsif ed ilsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş və Füzuli Hərbi Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 1-(97)-65/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.2.7-ci maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 1-1(106)-12/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar