Məhkəmə qərarları › İş №1-1(102)-75/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-75/2021

03.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-75/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Məhkum Sadəddin oğlunun Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işi 28 iyul 2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 01 sentyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası ilkin olaraq 16 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə icraat bir dəfə təxirə düşdükdən sonra 30 sentyabr 2020-ci il tarixdə məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçirilərək, N nömrəli hərbi hissənin zabiti Məhkum Sadəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum Sadəddin oğlunun xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı Fərid Qazıyev tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti vermə müddətinin bərpasına dair vəsatət və apellyasiya protesti verilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 10 mart 2021-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və məhkəmə baxışı 01 aprel 2021-ci il tarixə təyin edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən iş ə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə) 29 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmiş, Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarını ləğv etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət Prosessual qanunvericiliyin tələblərinin pozulmasını irad tutan Apelyasiya məhkəməsinin işə baxan Kollegiyası nəzərə almamışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 29 aprel 2021-c i il tarixli qərarı ilə ləğv etdiyi Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı artıq həmin tarixə qədər, yəni Tərtər Hərbi Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir və işə Apelyasiya məhkəməsi tərəfindən baxılarkən həmin qərarın heç bir hüquqi qüvvəsi olmamışdır və Apelyasiya məhkəməsi ləğv edilmiş qərarı təkrarən ləğv etmişdir. Belə bir qərar qəbul etməyin heç bir hüquqi əsası və izahı yoxdur. Hətta nəzəri baxımdan, Apelyasiya məhkəməsi Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərannı ləğv etməli olsaydı belə, bu halda həmin qərarın ləğv edilməsi ilə bağlı həmin vaxt qüvvədə olan Tərtər Hərbi Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ləğv edilməliydi. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Tərtər Hərbi Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxarkən, artıq 19 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdi və dövlət ittihamçısının etirazına səbəb olmuş hal aradan qaldırılmışdır. Unutmamalıyıq ki, bu proseslərin yaranmasının səbəbi Vətən Müharibəsində yaranan və qanunda nəzərdə tutulmayan hallar idi və hakim düzgün olaraq hüquq yaradıcılığı edərək Vətən üçün döyüşən əsgər barəsində olan cinayət işinin icraatını dayandırmışdır. Artıq məlumdur ki, barələrində cinayət işi olan bir cox hərbiçilər Vətən müharibəsində şəhid və qazi olmuşlar və Ali Baş Komandan tərəfindən dövlət təltiflərinə layiq görülmüşlər. Belə bir şəraitdə fəaliyyət göstərən Tərtər Hərbi Məhkəməsinin hakimləri bu qərarları qəbul edərkən Vətənin və Dövlətin müharibə zamanı maraqların ı yüksək tutaraq və yüksək Vətənpərvərlik göstərərək, icraatda olan və həbslə bağlı olmayan bütün işlərin icraatını dayandırmışdılar. Məlumat üçün bildirməyi zəruri bilirəm ki, məhz həmin dövrdə məhkəmənin sədri başda olmaqla digər hakimlər və əməkdaşlar xidmət yerini tərk etməmişlər və hətta hakim X8 atılmış düşmən mərmisi nəticəsində müharibənin ilk günlərində kontuziya almasına baxmayaraq işinə davam etmişdir və hakimin bir gözünün görməsi itmişdir. Həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Hesab edirəm ki, Məhkum CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəm ə baxışı təyin edildiyindən və iş üzrə icraatın dayandırılması halı artıq aradan qaldırıldığından, yəni artıq cinayət işi üzrə icraatın dayandırılması qərarı icraatın təzələnməsi ilə öz hüquqi əhəmiyyətini itirdiyindən, nəticədə apelyasiya baxışı predmetsiz qaldığından protestin təmin edilməsi üçün əsaslar mövcud deyildi. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını və Şirvan Apelyasiyası Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilmə sində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya i nstansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Məhkum Sadəddin oğlunun Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, lakin məhkəmə 27 sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlanması ilə əlaqədar 30 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin, dövlət ittihamçısının və müdafiəçinin iştirakı olmadan məhkəmə iclası keçirərək cinayət işi üzrə icraatın dayandırılmasına dair qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclası dövlət ittihamçısının və müdafiə tərəfinin iştirakı olmadan keçirilmiş, iş üzrə icraatın dayandırılması haqqında qərarda həmin cinayət prosesi tərəflərinin, yəni çəkişmə tərəflərinin iştirakı olmadan qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. 32.2. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmi n etmək məqsədi ilə: 32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur; 32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir; 32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngüll əşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İV hissəsində qeyd edilmişdir ki, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Konstitusion prinsip olan çəkişmə prinsipinin mahiyyətinə görə hər bir halda ittiham və müdafiə tərəfin cinayət-mühakimə icraatında iştirakı təmin olunmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cinayət-porosessual qanunvericilikdə cinayət mühakimə icraatı zamanı ittiham və müdafiə tərəfin iştirakı olmadan məhkəmə baxışının keçirilməsi nəzərdə tutulmamışdır. Heç bir üzrlü səbəb cinayət mühakimə icraatında dövlət ittihamçısının iştirakını istisna edən səbəb kimi qiymətləndirilə bilməz. Əgər müəyyən səbəblərdən dövlət ittihamçısı məhkəmə iclasına gəlməmiş olsa belə məhkəmə iclası baş tutmamalı və ittiham tərəfin iştirakı təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün CPM-nin 84.6 və 84.7-ci maddələri nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələrini yerinə yetirmək imkanından məhrum olmuşdur. CPM-nin 314.3-cü maddəsinə görə isə dövlət ittihamçısının ictimai və ya ictimaixüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verm əlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. CPM-nin 314.4-cü maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci i nstansiya məhkəməsisinin çəkişmə prinsipinə uyğun olaraq ittiham və müdafiə tərəfinin iştirakını təmin etmədən mühüm cinayət-prosessual qərar qəbul etməklə faktiki olaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz qərar çıxarmasına dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Göstərilənlərə əsasən artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla əsassız hesab edilir və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edil mədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Sadəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2021-ci il tarixli ilkin baxış qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar