Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-81/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/2024 nömrəli, 30 may 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya ş ikayətinə və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, tibb xidməti leytenantı, Ağdam rayonunun Böyükbəyli kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-11/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 311.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan Məhkum tərəfindən ödənilmiş 5300 (beş min üç yüz) manat pul vəsaitinin ona geri qaytarılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CMnin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/2024 nömrəli, 30 may 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-11/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 may 2024-cü il tarixdən hesablanması hökm edilmiş, xüsusi müsadirə, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir.
6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayətini və ona əlavənin geri qaytarılmasını xahiş etmişdir.
7. Eləcə də, Məhkum müdafiəçi si Cavadov Əjdər Əmrah oğlu “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, kassasiya şikayəti və ona əlavənin geri qaytarılmasını xahiş etmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-inin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
9. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
10. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayətini və ona əlavəni geri götürməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyi nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/2024 nömrəli, 30 may 2024cü il tarixli hökmüdən məhkumun müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(106)-7/2024 nömrəli, 30 may 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Cavadov Əjdər Əmrah oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə geri qaytarılsın.