Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-35/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Qubadlı rayonunun Kürd Mahruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, Qubadlı rayonunun Kürd Mahruzlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 284-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-1(093)-112/2025 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-1(093)-112/2025 nömrəli hökmü ilə (hakim Fikrət Əliyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 284-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs dövlət sirri təşkil edən məlumatları və məzmununda dövlət sirri olan sənədləri texniki vasitələrdən istifadə etməklə dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz olaraq təkrar əldə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Mühafizə idarəsində zabit vəzifəsində xidmət etdiyi 2020-ci ilin may ayından 2024-ci ilin noyabr ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 5.1.4-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005- ci il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sirrinə aid edilən məlumatların Siyahısı”nın 34 və 35-ci bəndlərinə əsasən dövlət sirri təşkil edən milli təhlükəsizlik və müdafiə qabiliyyətinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, kəşfiyyat fəaliyyətinin təşkilini, qüvvələrini, iş üsul və metodlarını, mühafizənin təşkili ilə bağlı təlimləri, silahları istifadəsində olan mobil telefon aparatı vasitəsi ilə Xarici Kəşfiyyat Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasında və təlim-tədris mərkəzlərində foto və video çəkilişlər aparmaqla dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz olaraq təkrar əldə etmişdir. Bundan başqa o, 2024-cü ilin fevral ayında “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 5.1.4-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sirrinə aid edilən məlumatların Siyahısı”nın 34 və 35-ci bəndlərinə əsasən məzmununda dövlət sirri olan konkret şəxslərin kəşfiyyat, əkskəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu açıqlayan pul təminatının növləri və normaları əks olunmuş pul təminatı və əmək haqqı cədvəlini istifadəsində olan mobil telefon aparatından istifadə edərək Xarici Kəşfiyyat Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasında foto çəkiliş aparmaqla dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz olaraq təkrar əldə etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-in 284-1-ci maddəsində nəzərdə tutulmuş əməl birbaşa qəsdlə törədilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefonunda aşkar edilmiş fotolar onun həmkarları tərəfindən onun xahişi ilə çəkilmişdir. Həmin obyektlərə giriş zamanı bütün şəxslərdə mobil telefonlar (smartfonlar) olmuşdur. Həmin fotolar aşkar surətdə çəkilmişdir və heç bir məxfilik olmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilən fotolardan da görünür ki, gizli hesab edilən obyektlərlə bağlı İctimai Televiziya və digər TVlərdə həmin obyektlərin bütün parametləri əks etdirilən video materiallar verilmişdir. Təqsirləndirilən şəxs maaş cədvəlini isə digər əməkdaş çəkərək ona göndərmişdir. Bütün fotolar onun telefonunda saxlanılmış və kənar şəxslərə verilməmişdir. CM-in 284-1 maddəsinin tövsif edici əlaməti məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə edilməsini ehtiva edir. Xarici kəşfiyyat qurumuna smartfonlarla giriş qadağan edilməmişdir və fotolar açıq çəkilişlə aparılmışdır. Yəni göstərilən hal cinayət tərkibini istisna edir. Əlavə vurğulamaq olar ki, burada məqsəd (niyyət) yayım və ya ötürmə olmayıb. Bu, cinayət tərkibini formalaşdırmır. Həmçinin iş materiallarından görünür ki, şəxslə bağlı iş materiallarında olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş 07 yanvar 2025-ci il tarixli 13/17 nömrəli məktubda onun dini inancı faktiki olaraq sorğulanmış və həm də bu səbəbdən işdən azad olunduğu etiraf olunmuşdur. Həmin arayışda çoxsaylı hallar təhrif olunsa da faktiki olaraq şəxsə qarşı İnsan Hüquqları və X3 dair Avropa Konvensiyasının 9 və 14-cü maddələri baxımından pozuntu etiraf olunmuşdur və bu pozuntunun baş verməsi mübahisə doğurmur. Eyni zamanda onun məhkum edildiyi maddənin sanksiyası iki ildən beş ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutsa da məhkəmə bir çox yüngülləşdirici halları, o cümlədən 44 günlük müharibə zamanı könüllü olaraq müharibəyə getməyə canfşanlıq edərək can atması, ilk məhkumluğunu, cavanlığını, çoxsaylı təltiflərini faktiki olaraq nəzərə almamışdır. Həmçinin həbslə əlaqədar olmayan cəza təyini məsələsini ümumiyyətlə nəzərdən keçirməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində və apellyasiya baxışı zamanı çıxışında məhkum edilmiş şəxsə bəraət verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onu CM-in 284-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli, dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyini iddia etmiş, məhkəmə iclasında da eyni mövqedən çıxış etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırkı iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş digər danılmaz sübutlarla – təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikası CM-in 284-1-ci maddəsi dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi ilə bağlıdır. Dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda CM-in 284-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bu maddənin əsas mahiyyəti dövlət sirrinin qorunması və qanunsuz yolla əldə edilməsinin qarşısının alınmasıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən o, dövlət sirri təşkil edən məlumatları və məzmununda dövlət sirri olan sənədləri texniki vasitələrdən istifadə etməklə dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz olaraq təkrar əldə etmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Xarici Kəşfiyyat Xidmətinin Mühafizə İdarəsində xidmət etdiyi 2020-ci ilin may ayından 2024-cü ilin noyabr ayınadək olan müddətdə müxtəlif tarixlərdə kəşfiyyat fəaliyyətinin təşkilini, qüvvələrini, iş üsul və metodlarını, mühafizənin təşkili ilə bağlı təlimləri, silahları istifadəsində olan mobil telefon aparatı vasitəsi ilə Xarici Kəşfiyyat Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasında və təlim-tədris mərkəzlərində foto və video çəkilişlər aparmış, eləcə də 2024-cü ilin fevral ayında məzmununda dövlət sirri olan konkret şəxslərin kəşfiyyat, əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu açıqlayan pul təminatının növləri və normaları əks olunmuş əmək haqqı cədvəlini istifadəsində olan mobil telefon aparatından istifadə edərək Xarici Kəşfiyyat Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasında foto çəkilişini aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən 18 mart 2025-ci il tarixli 3- 40/2-14/6/476/2025 nömrəli məktubla daxil olmuş ekspert komissiyasının rəyindən görünür ki, Xarici Kəşfiyyat Xidmətinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş foto və videomaterialların məzmunlarında dövlət sirri təşkil edən məlumatların olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspert komissiyası tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, “M” əməkdaşlarının pul təminatı və əməkhaqqı cədvəli, həmin cədvəldə olan “1514 nömrəli fərmana əsasən” ifadəsi (“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 dekabr tarixli 1514 nömrəli Fərmanİ), Təqsirləndirilən şəxs məxsus xidməti vəsiqə, XKX-nin emblemi və “Yarasa” xüsusi təyinatlı dəstəsinin fərqlənmə nişanı Təqsirləndirilən şəxs, eləcə də cədvəldə soyadı və inisialları keçən şəxslərin XKX-nin kadr heyətinə mənsubiyyətini təsdiqləməklə yanaşı, XKX-nin iş, üsul və metodlarını, pul təminatının (əməkhaqqının) növlərini və normalarını, “VİP” mühafizənin təşkili ilə bağlı təlimləri, onların keçirildiyi hərbi obyektlərin dislokasiya yerlərini və istifadə olunan silahlar barədə məlumatları aşkarlayır. Nəzərə alınmalıdır ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004- cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 5.1.4-cü maddəsini, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın 2-ci hissəsinin 34 və 35-ci hissələrinə əsasən, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, eləcə də kəşfiyyat fəaliyyətinin təşkilini, qüvvələrini, vasitələrini və üsullarını, eləcə də konkret şəxslərin kəşfiyyat, əkskəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu açıqlayan məlumatlar, bu cür fəaliyyət növlərinin maliyyələşdirilməsinə dair göstəricilər dövlət sirri təşkil edir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların müddəalarına, eləcə də XKX-nin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi Metodikası”na uyğun olaraq aparılmış qiymətləndirməyə əsasən Komissiya DTX İstintaq baş idarəsi tərəfindən təqdim edilmiş CD-də olan məlumatların dövlət sirri təşkil etməsi, rəyin 1-ci hissəsində qeyd olunan məlumatların məxfilik dərəcəsinin “məxfi” olması, rəyin 1-ci hissəsində qeyd olunan məlumatların yayılacağı halda Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın ağırlıq dərəcəsinin az ağır olmasına dair rəy vermişdir. Komissiya üzvlərinin Xarici Kəşfiyyat Xidmətinin məxfi əməkdaşları olmasını nəzərə alaraq həmin rəydən çıxarış edilərək iş materiallarına əlavə edilmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs mobil telefonlarından aşkar edilmiş foto və video materialların Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə dövlət sirrinə aid edilmiş məlumatlar olmasını mübahisələndirməmişdir. Apellyasiya şikayətində mübahisələndirilən hallar Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş foto və video materialların gizli deyil, mobil telefondan istifadə edilməklə açıq şəkildə çəkildiyi, smartfon mobil telefonun CM-in 284-1-ci maddəsində nəzərdə tutulan məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitə hesab edilməməsindən ibarət olmuşdur və müdafiə tərəfi həmin hallara isnad edərək təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığını iddia etmişdir. Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş foto və video materialların gizli deyil, açıq şəkildə çəkilməsi ilə bağlı şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 284-1-ci maddəsinin dispozisiyasında həmin cinayətin müxtəlif törədilmə üsulları göstərilmişdir, onlardan biri də dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların “məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə” qanunsuz əldə edilməsidir. Yəni, bu üsul cinayətin predmeti olan məlumatların, sənədlərin və ya əşyaların gizli əldə edilməsini deyil, bu cür məlumatların, sənədlərin və ya əşyaların gizli əldə edilməsini mümkün edən xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da onun dövlət sirri təşkil edən məlumatları və məzmununda dövlət sirri olan sənədləri gizli əldə etməsi deyil, bu cür texniki vasitələrdən istifadə etməklə dövlətə xəyanət və casusluq əlamətləri qanunsuz olaraq təkrar əldə etməsi göstərilmişdir. Smartfon mobil telefonun CM-in 284-1-ci maddəsində nəzərdə tutulan məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitə hesab edilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, dövlət sirri təşkil edən məlumatların, sənədlərin və ya əşyaların “məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə edilməklə” əldə edilməsi dedikdə, gizli şəkildə səsin yazılmasını, foto şəklin çəkilməsini, görüntünün qeydə alınmasını təmin edə bilən istənilən mexaniki və ya elektron qurğu və avadanlıqlar, o cümlədən bu cür funksiyalara malik olan və məlumatın gizli əldə edilməsini təmin edə bilən mobil telefonlardan istifadə edilməklə həmin məlumatın əldə edilməsi başa düşülür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində müdafiə tərəfinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CMin 284-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət hüquq normalarının işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur: Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 284-1-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi hərbi xidmətə münasibətini və xidmət zamanı müsbət xarakterizə olunmasını, idman sahəsindəki təltiflərini, cəzasını ağırlaşdıran hal kimi isə əməli təkrar törətməsini nəzərə alaraq, ona təqsirli bilindiyi normanın orta həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-in 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 284-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə ədalətli olmaqla məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin etmişdir və məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirilməsi üçün əlavə hər hansı hal müəyyən edilməmişdir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 284-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2025-ci il tarixli, 1-1(093)-112/2025 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2025-ci il tarixli, 1-1(093)-112/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(103)-35/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-35/2025
16.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver