Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-5/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Heydər Əliyev adına Hərbi İnstitutda xidmət edən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-154/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əsədov X4 Əliyev adına Hərbi İnstitutun 1-ci kursant taborunun 3-cü kursant bölüyünün kursantı vəzifəsində xidmətdə olarkən 24 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində axşam idman tədbirinə hazırlıq üçün bölüyün yataqxanasına qalxan zaman həmin bölüyün kursantı Zərərçəkmiş şəxs onun ayağını ehtiyatsızlıqdan tapdaladığına görə aralarında sözlü mübahisə yaranmış və sözlü mübahisənin davamı olaraq yataqxanaya qalxdıqdan sonra aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2(iki) yumruq zərbəsi vurmuş və mübahisə zamanı sonuncunun divara dəyməsi nəticəsində Zərərçəkmiş şəxs “sol gözaltı nahiyəsinin hematoması, alt dodağın qançırı və kürəyin sağ yuxarı nahiyəsinin sıyrılmış yarası” ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-154/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 150 (yüz əlli) manat cərimə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi hökm edilmişdir. Hökmdə həmçinin məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-154/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib hökmün ləğv edilərək, cinayət işi üzrə icraata xaitam verilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat zamanı şahid Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Şahid1 məhkəməyə ifadə verib göstərmişdir ki, xidmət etdiyi 1-ci kursant taboru 3-cü bölüyün kursantları ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində 2 nömrəli tədris korpusundan müstəqil hazırlıqdan qayıdaraq idman tədbirinə hazırlıq məqsədilə hərbi geyim formasını dəyişərək idman formasını geyinmək üçün qaldığı kursant yataqxanasınının 3-cü mərtəbəsində yerləşən 13 nömrəli otağa getmişdir. Kütləvi idman tədbirində iştirak etmək üçün hərbi geyim formasını dəyişərkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edə-edə otağa daxil olduğunu, onların üzbəüz söhbət edərkən birbiriylə tutaşaraq yaxalaşdığını və Zərərçəkmiş şəxs divara dəyməsini görmüş və dərhal mübahisəyə müdaxilə etmişdir. İdman formasını geyinən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yenidən üzbəüz dayanaraq söhbət etdiyini, aralarında sözlü mübahisə yarandığını və Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2(iki) yumruq zərbəsi vurmasını görmüşdür. Mübahisəyə müdaxilə edilsə də, artıq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş, zərbə nəticəsində Zərərçəkmiş şəxs sol göz nahiyəsində şişkinlik, göyərmə, eləcə də alt dodaq nahiyəsində partlaq yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. O, baş vermiş hadisə barədə 1 kursant taboru 3-cü bölük 10-cu qrup taqım komandirinin müavini(çavuş kursant) Vüqar Əhmədova, Vüqar Əhmədov isə bölük üzrə cavabdeh baş leytenant Vasif Mürsəlova məlumat vermiş və araşdırma təyin edilmişdir. Şahid Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə ünvanlanan 25 noyabr 2021-ci il tarixli raportdan görünür ki, kursant Zərərçəkmiş şəxs “Sol gözaltı nahiyənin hematoması, alt dodağın qanşırı və kürəyin sağ yuxarı nahiyəsinin sıyrılmış yarası” diaqnozlu xəsarətlə poliklinikaya müraciət etmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 təqdim olunmuş 24 dekabr 2021-ci il tarixli, 1819 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş “Sol gözaltı nahiyənin hematoması, alt dodağın qançırı, kürəyin sağ yuxarı nahiyəsinin sıyrılmış yarası” xəsarəti bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti və şəraitinə görə şəxsin özünün göstərdiklərinə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən təqdim edilmiş arayışdan görünür ki, məktəbin 1-ci kursant taborunun 3-cü kursant bölüyünün kursantı Təqsirləndirilən şəxs ilə eynı taqımın kursantı Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Cinayət işinin materiallarəna əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 9658 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hökm ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Odur ki, apellyasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsi üçün hazırda qanuni əsaslar yaranmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən təsdiq olunmuş ərizəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbnin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, o, Hərbi İnstitutda oxuduğu dövrdə özünü nizam-intizamlı bir kursant kimi göstərmişdir, hərbi nəzakət və davranış qaydalarına riayət edir, xidmət zamanı ona göstərilmiş iradlardan nəticə çıxarır, fiziki və zehni yorğunluğa qarşı dözümlüdür, ona verilmiş tapşırıqları yerinə yetirən zaman etibarlılıq nümayiş etdirməyi, tabe olmağı bacarır, komandir və rəislərlə ünsiyyət qurmağı bilir. Kollegiya iş materiallarını araşdırıb, tərəflərin izahatlarına qiymət verərək, hesab edir ki, hazırki cinayət işi üzrə icraata şəraitin dəyişməsi ilə əlaqədar xitam verilməlidir. Cinayət Məcəlləsinin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə istinad edərək qənaətini onunla izah edir ki, təqsirləndirilən şəxsin hərbi məktəbdə təhsil alması, onun müsbət xarakterizə olunan kursant olması, zərərçəkmiş şəxslə barışması, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsi ona istinad edilən əmələ münasibətdə artıq ictimai təhlükəli olmamasını deməyə əsas verir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxsin müsbət xarakterizə olunan kursant olması, zərərçəkmişin həmin məktəbdən xaric edilməsi, onun hərbçi olmağa yüksək marağının və vətənpərvərlik ruhunun olmasının müşayiət edilməsi hazırda müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş əraziləridə hərbi infrastrukturun möhkəmləndirilməsində hərbçilərin rolu nəzərə alınaraq, şəraitin dəyişməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmçinin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına görə, “...Şəraitin dəyişməsi halı (Cinayət Məcəlləsinin 74-cü maddəsi) cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq cinayət təqibi orqanının mülahizəsinə əsasən xitam verilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara aid olduğundan, qanunverici onun tətbiqinin prosessual əsası qismində yalnız Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsini nəzərdə tutmuşdur.”. Odur ki, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hərbi məktəbdə təhsil alması, zərərçəkmişin həmin məktəbdən xaric edilməsi, onun müsbət xarakterizə olunan kursant olması, zərərçəkmiş şəxslə barışması, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsi, onun hərbçi olmağa yüksək marağının və vətənpərvərlik ruhunun olmasının müşayiət edilməsi hazırda müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş əraziləridə hərbi infrastrukturun möhkəmləndirilməsində hərbçilərin rolu nəzərə alınaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəriatin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.3, 42.2, 43.3, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1-1(093)-154/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyurmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: Qədim Babayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1-1(103)-5/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-5/2023
07.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver