Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(104)-15/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1-1(095)-110/2022 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1-1(095)-110/2022 saylı hökmü ilə (sədrlik edən Vüqar Məmmədov) xx xxxx 1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin gəmi inşası və təmiri mərkəzinin baş texniki, kiçik miçman, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının məhkumun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və X4 CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. İbtdai istintaq orqanının gəldiyi nəticə İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində “qrup komandirlərinin hazırlığı kursu”nu başa vurduqdan sonra, kiçik çavuş rütbəsi verilməklə təxminən 2020-ci ilin iyun ayının əvvəllərindən etibarən həmin hərbi hissənin 5-ci sərhəd komendantlığının Biləsuvar rayonu ərazisində yerləşən 26-cı sərhəd zastavasına təcrübə keçməyə göndərilmiş, həmin vaxt orada söhbət əsnasında xidmət yoldaşlarına yalandan qohumlarının yüksək vəzifələrdə, habelə atasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə işlədiyini demiş, bir neçə gün sonra həmin sərhəd zastavasının rəis müavini, leytenant Zərərçəkmiş şəxs2 ona bir neçə il öncə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, lakin heç bir yerdə işləməyən bibisi oğlu X6 atasının vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək edə bilib-bilməyəcəyi ilə maraqlandıqda, leytenant Bəxyiyar Məhərrəmzadəyə bibisi oğlu X7 və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə köməklik edə biləcəyini deyib, onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə işləyən atasının vasitəsi ilə Ehram Əlizadənin həmin nazirlikdə işə düzəlməsini təmin edəcəyinə dair yalan vəd verib, inandırıcı olması üçün bunun müqabilində atasına bir hissəsini əvvəlcədən, qalan hissəsini isə məsələnin həllindən sonra olmaqla, 1000 manat pul verilməli olduğunu bildirib aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla, vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra leytenant Zərərçəkmiş şəxs2 300 manat pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməmişdir. Bundan başqa, o, Dövlət Sərhəd Xidmətinin X5 rayonu Dəllər qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsinin çevik hərəkət taborunun 1-ci bölüyünün 1-ci taqımının 1ci manqasının tuşlayıcı-operatoru vəzifəsində, kiçik gizir rütbəsində hərbi xidmətini davam etdirərkən, 2020-ci ilin təxminən sentyabr ayında xidmət yoldaşı kiçik gizir X9 ailəsinin yaşadığı Siyəzən rayonuna daha yaxın ərazidə xidmət etmək arzusunda olduğunu görüb, ona xidmət yerinin əmək haqqısının daha çox, xidmət şəraitinin daha yaxşı, habelə yaşadığı Siyəzən rayonuna daha yaxın olduğu Bakı şəhərində yerləşən Sahil Mühafizəsinə dəyişdirilməsinə köməklik edə biləcəyini deyib, onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, yəni Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə və “polkovnik-leytenant” rütbəsində xidmət edən qohumu vasitəsi ilə bu məsələni həll edəcəyinə dair yalan vəd verib, bunun müqabilində həmin vəzifəli şəxsə 1000 manat pul verilməli olduğunu bildirərək, kiçik gizir Nicat Əşrəfovu aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, lakin sonuncu hələ maddi imkanı olmadığını və qeyd olunan məbləğdə pulu toplayıb ona məlumat verəcəyini bildirdikdə, planının pozulmaması və onun həmin məbləğdə pulunu ələ keçirə bilməsi üçün fikrindən daşınıb pul verməkdən imtina etməsinə mane olmaq məqsədilə gözləməyə razılıq vermişdir. Bundan sonra o, müxtəlif vaxtlarda bir neçə dəfə kiçik gizir Nicat Əşrəfovdan xidmət yerinin dəyişdirilməsi müqabilində verməli olduğu 1000 manat pulu toplayıb-toplamadığını soruşmuş, nəhayət 2021-ci ilin təxminən fevral ayının əvvəllərində bu barədə soruşduqda, kiçik gizir Nicat Əşrəfov fevral ayında məzuniyyətə buraxılacağını, məzuniyyətdə olarkən ona 1000 manat pul göndərəcəyini demiş, daha sonra kiçik gizir Nicat Əşrəfov onun əvvəlcədən bildirdiyi ******************** hesab nömrəli "xxxx" ASC-yə məxsus əmək haqqı kartına 27 fevral 2021-ci il tarixdə Siyəzən rayonu H.Əliyev prospekti “Oba Siyəzən 2” ünvanda yerləşən “eManat” ödəniş terminalı vasitəsilə 1000 manat pul göndərmiş, beləliklə də, kiçik gizir Nicat Əşrəfovun 1000 manat pulunu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Habelə, o, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin mühafizə təminat bölüyünün çevik hərəkət taqımının 2-ci qrupunun komandiri vəzifəsində, kiçik miçman rütbəsində hərbi xidmətini davam etdirən zaman, 2021-ci ilin təxminən iyun ayının sonlarında N nömrəli hərbi hissənin çevik hərəkət taborunda xidmət edərkən tanıdığı və həmin taborun hərbi qulluqçusu, kiçik gizir Zərərçəkmiş şəxs1 onun xidmət yerinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə dəyişildiyini görüb, istifadəsində olan Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng edib ona da xidmət yerinin Sahil Mühafizəsinə dəyişdirilməsinə kömək edə bilib-bilməyəcəyi ilə maraqlandıqda, kiçik gizir Zərərçəkmiş şəxs1 xidmət yerinin Sahil Mühafizəsinə dəyişdirilməsinə köməklik edə biləcəyini deyib, onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək onun pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda guya şəxsi əlaqələrindən istifadə edib rüşvətxorluqda vasitəçilik edərək, yəni Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə və rütbədə işləyən tanışı vasitəsi ilə onun xidmət yerinin Sahil Mühafizəsinə dəyişdirilməsini təmin edəcəyinə dair yalan vəd verib, inandırıcı olması üçün bunun müqabilində həmin vəzifəli şəxsə bir hissəsini əvvəlcədən, yerdə qalan hissəsini isə məsələnin həllindən sonra olmaqla, 2000 manat pul verilməli olduğunu bildirib aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla, təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək təhrik etmiş, bir neçə gün sonra həmin vaxt xidməti zərurətlə əlaqədar hərbi hissənin Ağstafa rayonu ərazisində yerləşən zastavasında olan kiçik gizir Zərərçəkmiş şəxs1 onun əvvəlcədən bildirdiyi "xxxx" ASC-yə məxsus əmək haqqı kartına hər biri mobil telefonuna yüklədiyi “Birbank” mobil tətbiqi vasitəsilə, "xxxx" ASC-yə məxsus “Birkart” kredit kartından olmaqla, 07 iyul 2021-ci il tarixdə 200 manat, 12 iyul 2021-ci il tarixdə isə 500 manat göndərmiş, beləliklə də ümumilikdə kiçik gizir Zərərçəkmiş şəxs1 700 manat pul alıb verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməllərini CM-nin 178.2.2 və 32.4,312.2-ci maddələri qiymətləndirmişdir. Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin mövqeyinə görə ibtidai araşdırma orqanı tərəfindən rüşvət vermə cinayətinin icraçıları hesab olunan Zərərçəkmiş şəxs2, X9 və Zərərçəkmiş şəxs1 ağırlaşdırıcı əlamətlər olmadan rüşvət verməyə cəhd etdikləri qənaətinə gələrək, onların rüşvət verməyə cəhd etmələri barədə könüllü məlumat verdikləri nəzərə alınmaqla, barələrində CM-nin 29, 312.1-ci maddəsi ilə cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verildiyini, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə ittiham elan etsə də, birinci halda Zərərçəkmiş şəxs2, X9 və Zərərçəkmiş şəxs1 barələrində cinayət təqibinə xitam verilməsi barədə qərarın qəbul edilməsində, ikinci halda isə Zərərçəkmiş şəxs2 qohumunun işə düzəlməsində, X9 və Zərərçəkmiş şəxs1 xidmət yerlərinin dəyişdirilməsində rüşvət verən şəxslərin, yəni cinayətin icraçılarının hərəkətlərində təkrar rüşvət vermə əlamətləri mövcud olmamışdır. Cinayət iştirakçılarının məsuliyyətinin fərdiləşdirilməsi prinsipinə əsasən isə, cinayətin iştirakçılarının hər birinin əməlində məsuliyyətin eyni əsasları mövcud olmaqla, cinayətdə iştirakçılığa görə məsuliyyət fərdi hərəkət edən və cinayət törədən şəxsin məsuliyyətinə bərabər tutulur. Cinayət Qanununun mənasına görə təhrikçi cinayəti bilavasitə icra etməzsə, icraçının əməli Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulduğu maddə ilə, təhrikçinin əməli isə, həmin Məcəllənin 32.4-cü maddəsinə istinad edilməklə icraçının törətdiyi cinayətin təsbit olunduğu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin uyğun maddəsi ilə tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında əks olunmuş təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətlərinin formalaşdırmasından, törədilmiş əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsinin icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilməsindən ibarət mövqeyinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən şəxsləri rüşvət verməyə təhrik etməsi əməlləri CM-nin 32.4, 312.2-ci maddəsi ilə deyil, CM-nin 32.4, 312.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu cür mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında da əks olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, X11 və Zərərçəkmiş şəxs1 rüşvət verməyə təhrik etməsi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsindən həmin Məcəllənin 32.4,312.1-ci maddəsinə tövsif edilməlidir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ittiham tərəfinin mövqeyinə görə, dələduzluq yolu ilə özgəsinin əmlakına qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi təqsirli şəxsin bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan əməllər təkrar törədilmiş hesab edilir. Burada nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özgəsinin əmlakına qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi hərəkətləri ümumi bir məqsəd daşımır, bu əməllərin hər biri bu və ya digər formada müstəqil cinyətlərin tərkibinin əlamətlərini təşkil edir və bir-birindən müəyyən zaman fasiləsinə görə ayrılır. Təqsirləndirilən şəxs başqa-başqa vaxtlarda və müxtəlif şəxsləri rüşvət verməyə təhrik etməklə, onları aldadıb, dələduzluq yolu ilə əmlaklarına yiyələndiyi üçün, hər bir yeni cinayətin törədilməsinə onun təkrar cinayətdə realizə etdiyi yeni, vahid qəsdlə əhatə olunmayan müstəqil qəsd niyyəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Göründüyü kimi, iittiham tərəfi Konstitusiya Məhkəməsinin şərh etdiyi mövqedən çıxış edərək, hər biri müstəqil olmaqla, təkrar cinayətlər törətmiş Təqsirləndirilən şəxs əməllərini ibtidai istintaq orqanının tövsif etdiyi kimi CM-nin 32.4, 312.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən cinayət qanunun normasının düzgün tətbiq edilməməsinə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamasına görə Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs əməli CM-nin CM-nin 32.4, 312.1-ci maddəsindən CM-nin 32.4, 312.2-ci maddəsinə tövsif edilməklə, yeni hökm çıxarılmalı və ona həmin maddə ilə cəza təyin edilməlidir. Cinayət prosesi tərəflərini mövqeyi Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Müdafiəçi məhkəmə kollegiyasının iclasında apellyasiya protesti ilə razı olmadığını bildirdi və qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmiş, qardaşı İİ Qarabağ müharibəsi iştirakçısıdır. Buna görə qərar qəbul edərkən Təqsirləndirilən şəxs barəsində sadalanan halların nəzərə alınmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini məhkəmə kollegiyasının iclasında dinləyərək hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə iş üzrə yeni hökm çıxarılmalıdır. Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, hesab etmişdir ki, məhkəmənin təqsirləndirilən şəxsin əməllərinin CM-nin 32.4,312.2-ci maddəsindən CM-nin 32.4,312.1ə tövsif edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq aşağıdakılar qeyd edir. CM-nin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə cinayət məsuliyyəti yaradır. Göründüyü kimi CM-nin 312.2-ci maddəsi həm qanunsuz hərəkətlərə görə, həm də təkrar rüşvət verməyə görə məsuliyyət nəzərdə tutur. O da qeyd edilməlidir ki, Hasil Talıvova irəli sürülmüş ittihamda CM-nin 312.2-ci maddəsinin hər iki dispozitiv əlaməti üzrə, yəni həm qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etmə, həm də təkrar rüşvət verməyə görə təhrik etmə nəzərdə tutulmuşdur. Bundan başqa, CM-in 312.2-ci maddəsindən də göründüyü kimi, bu cinayətin təkrar törədilməsi heç də həmin əməllərin hamısının qanunsuz olmasını nəzərdə tutmur. CM-nin 312.2-ci maddəsi əvvəla, CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan rüşvət vermənin bütün əlamətlərini özündə ehtiva edir. CM-nin 312.2-ci maddə isə CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərin təkrar törədilməsini özündə nəzərdə tutur. CMnin 312.2-ci maddəsində qeyd edilən "qanunsuz hərəkətlər" və "təkrar" tövsifedici əlamətlərinin "və ya" bağlayıcısı ilə ayrılması da onu göstərir ki, CM-nin 312.2-ci maddə ilə cinayət məsuliyyətinin yaranması üçün ya CM-nin 312.1-ci maddəsində göstərilən hərəkətlərin qanunsuz əməllərə görə törədilməsi tələb olunur, ya da CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərin təkrar törədilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq yolu ilə özgəsinin əmlakına əvəzsiz və qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi təqsirli şəxsin bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan əməllər təkrar törədilmiş hesab edilir. Burada nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özgəsinin əmlakına qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi hərəkətləri ümumi bir məqsəd daşımır, bu əməllərin hər biri bu və ya digər formada müstəqil cinayətlərin tərkibinin əlamətlərini təşkil edir və bir-birindən müəyyən zaman fasiləsinə görə ayrılır. Təqsirləndirilən şəxs başqa-başqa vaxtlarda və müxtəlif şəxsləri rüşvət verməyə təhrik etməklə, onları aldadıb, dələduzluq yolu ilə əmlaklarına yiyələndiyi üçün, hər bir yeni cinayətin törədilməsinə onun təkrar cinayətdə realizə etdiyi yeni, vahid qəsdlə əhatə olunmayan müstəqil qəsdi, müstəqil niyyəti yaranmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında qeyd edildiyi kimi təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Təqsirləndirilən şəxs cinayətin çoxluğunu nəzərdə tutan, eyni növlü, vahid qəsdlə əhatə olunmayan, müstəqil cinayətlərin törədilməsində təqsirli olması onun hərəkətlərində təkrarlıq əlamətinin olmasına dəlalət edir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs hərəkətlərində CMnin 32.4,312.2-ci maddəsinin dipozisiyasında nəzərdə tutulmuş hər iki ağırlaşdırıcı əlamətlər üzrə cinayət tərkibi mövcuddur. İbtidai istintaq orqanı əməlin bu hissədə tövsifi üzrə düzgün nəticəyə gəlsə də birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün şərh etməyərək əsassız nəticəyə gəlmişdir. CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Azərbaycan Respublikası CPM-nin 399.1 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün tətbiq etmədiyindən CPM-nin 403-cü maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin qeyd olunan hökmü ləğv edilməli, iş üzrə yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs CM-nin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıların vurğulamağı zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsinin sanskiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xidməti cəhətdən müsbət xarakterizə olunmasını, qardaşının İİ Qarabağ Müharibəsi zamanı şəhid olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xidməti cəhətdən müsbət xarakterizə olunmasını, qardaşının İİ Qarabağ Müharibəsi zamanı şəhid olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Plenum Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar cəzanın onun islah edilməsinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 32.4,312.2-ci maddəsi ilə cərimə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası CPM-nin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut - “WhatsApp” tətbiqi vasitəsilə yazışmaların əks olunduğu 2 ədəd “A-4” formatlı vərəqlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Birinci instansiya məhkəməsində icraat zamanı dövlət hesabına 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun («Xalq bank» Gəncə filialı:Kod 504023: VÖEN: **********: Müxbir hesab: AZ 24NABZ********************: S.W.İ.F.T.BİK: HAJCAZ22: Hesab № AZ75HAJCHCRAZN**********1001: VÖEN: **********) hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Kollegiya hesab edir ki, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təqbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356, 410 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Apellyasiya protesti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1-1(095)-110/2022 saylı hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “WhatsApp” tətbiqi vasitəsilə yazışmaların əks olunduğu 2 ədəd “A-4” formatlı vərəqlər cinayət işinin materiallarında saxlanılsın. Birinci instansiya məhkəməsində icraat zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsindən vəkil X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülsün. Hökmün icrası məhkum Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökm elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-15/2023
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(104)-15/2023
17.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver