Məhkəmə qərarları › İş №1-1(104)-18/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-18/2023

07.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-18/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X6 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 333.2 və 333.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «29» noyabr N22-ci il tarixli, 1(098)-284/N22 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tərtər Hərbi Məhkəməsinin (hakim Əhməd Sarıyev) 29» noyabr N22-ci il tarixli, 1(098)-284/N22 nömrəli hökmü ilə xx xxxxx N00-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şabran rayonunun Qorğan kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 28 iyul N21-ci il tarixdə SHXÇDX-nin Şabran rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hazırda hərbi xidmətdən ehtiyata tərxis olunmuş, Təqsirləndirilən şəxs CM-in 333.2 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 333.2-cü maddəsi ilə 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-nin 333.4-cü maddəsi ilə 05 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 66.2ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə eləmək yolu ilə üzərində qəti olaraq 5 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının saxlanması, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə yerləşdirilməsinin N nömrəli hərbi hissəninin komandanlığına həvalə edilməsi hökm edilmişdir. Hökmə əsasən, Əliyev X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü minaatanında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən tibb məntəqəsində müalicə olunduğu vaxt 17 yanvar N22-ci il tarixdə, saat N:50 radələrində hərbi hissəni özbaşına tərk edib N fevral N22-ci il tarixdə, saat N radələrində hərbi hissəyə qayıtmaqla müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən xidmət etdiyi hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən tibb məntəqəsində müalicə olunduğu vaxt N fevral N22-ci il tarixdə, saat N radələrində hərbi hissəni özbaşına tərk edib N aprel N22-ci il tarixdə, saat 17:30 radələrində hərbi hissəyə qayıtmaqla müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək məhkuma təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum törətdiyi əməli səmimi etiraf etmiş, bu əməlləri törədərkən psixi vəziyyətinin yerində olmadığını və tibbi müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Bu halı təsdiqləyən nəticə isə iş materiallarında olan sənədlərlə sübut edilir. N aprel N22-ci il tarixdə o, hərbi hissəyə qayıtdıqdan sonra N may N22-ci il tarixdə Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xəstə kimi 1 ay qalmış və nəticədə müvəqqəti yararsız olduğu təsdiq edilməklə 15 gün müddətinə məzuniyyət verilmişdir. Hazırda da tam olaraq yararlı olmamaqla bərabər sıradankənar xidmətə yararlıdır. Təqsirləndirilən şəxs ifadəsində maddi imkanlarının çox aşağı olduğunu, heç bir qohumunun onlara yardım etmədiyini, hazırda atasının olmadığını, anasının isə xəstə olduğunu və evə qazanc gətirə bilmədiyini qeyd etmişdir. İkinci dəfə hərbi hissəni tərk edərkən işləyərək evlərinin kirayə pulunu ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs “İkinci Qarabağ” müharibəsi zamanı yaşı az olmasına baxmayaraq könüllü olaraq döyüşən əsgərlərə yemək aparılmasında iştirak etmiş, vətənpərvərlik nümayiş etdirmişdir. Təqsirləndirilən şəxsin ailə vəziyyəti çox ağırdır. Digər tərəfdən, cəza təyin edilərkən həmin cəza şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza isə onun islah edilməsinə xidmət edə bilməz. Birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini və Tərtər Hərbi Məhkəməsinin «29» noyabr N22-ci il tarixli, 1(098)-284/N22 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Dövlət ittihamçısı etirazı onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını peşmançılıq hissi çəkməsini, habelə ailə vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddədə göstərilən həddən daha da aşağı həddə cəza təyin etmişdir. Ona görə də hökmü qanuni, əsaslı və ədalətli hesab edir, qüvvəsində saxlanılmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini, məhkum barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, məhkum hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur və qanunun tələbinə uyğun olaraq məhkuma intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilə bilməz. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, əməlindən səmimi peşman olmuş, həqiqi hərbi xidmət müddətini yanvar ayında qurtarmış, ehtiyata tərxis olunmuş və ona köməklik edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə münasibət bildirərək qeyd etdi ki, məhkum Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunmuş və ona CM-in 54-cü maddəsinin tələbləri baxımından intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi mümkün deyildir. Ona görə də Qanunun tələblərinə uyğun qərar qəbul edilməsini, ona təqsirli bilindiyi hər iki maddə üzrə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və onun qəti olaraq 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkəti ona istinad edilmiş qeyd olunan maddələrin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür və bu da birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilməkdə haqlı olduğunu göstərir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsi, şahid ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir və verilən apellyasiya şikayətində də təqsirlilik məsələsi, işin faktiki halları və əməlin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın şərti müəyyən edilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan hallar məhkumun islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası eyni zamanda məhkuma təyin edilmiş cəzanın növü ilə də razılaşmır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N21-ci il tarixli 282 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə 2-ci taborun minaatan batareyasının 1-ci taqımının 3cü minaatanının heyət nəfəri vəzifəsinə təyin edilmiş və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 9662 nömrəli Arayışından görünür ki, Əliyev X2 hərbi xidmətə yararlıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılmış və tərxis olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlukəlilik dərəcəsini, cinayətlərin törədilməsində iştirakının xarakterini və dərəcəsini, cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, xidmətini davam etdirmək arzusunda olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi hər iki maddə ilə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsini və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N03-cü il 25 iyun tarixli 4 №- li qərarının 2-3-cü bəndində göstərilir ki, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Göründüyü kimi CM-in 333.2-ci maddəsinin sanksiyasında intizam xarakterli hərbi hissədə saxlama, CM-in 333.4-cü maddəsinin sanksiyasında isə hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan və hərbi qulluqçu statusuna malik olmadığından artıq ona intizam xarakterli hərbi hissədə saxlama və hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları təyin edilə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, ona təqsirli bilindiyi maddələrlə daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməli, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N03-cü il 25 iyun tarixli 4 №- li qərarının 2-3-cü bəndinin tələblərinə uyğun olaraq onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməməli, təyin edilmiş cəzalar CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq toplanmalıdır. Məhkəmə kollegiyası məhkuma təyin olunacaq cərimənin məbləğini müəyyən edərkən belə hesab edir ki, məhkumun ailə və maddi vəziyyəti, məhkumun özünün həqiqi hərbi xidmətdən yenicə ehtiyata tərxis olunması da nəzərə alınmalıdır. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407-410 və 4N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2 və 333.4cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «29» noyabr N22-ci il tarixli, 1(098)-284/N22 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə N0 (iki yüz) manat miqdarında, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar