Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-19/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ əti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili – X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.1, 333.1 və 333.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 1-1(095)-205/2022 saylı hökmü ilə (hakimlər V.K.Məmmədov (sədrlik edən), N.N.Hüseynli (məruzəçi) və K.N.Muxtarov) xx xxxx 2000-ci ildə Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Qarahəsənli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 156.1, 182.1, 333.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 156.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzası, CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 333.1-ci maddəsi ilə 3 (üç) ay müddətə intizam xarakteri hərbi hissədə saxlama cəzası, CM-in 333.2-ci maddəsi ilə 6 (altı) ay müddətə intizam xarakteri hərbi hissədə saxlama cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları əks etdirən videoçəkilişi materialını qanunsuz toplamış, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq üzrlü səbəblər olmadan vaxtında hərbi hissəyə gəlməmiş, on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Goranboy rayonunun Goran qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı batareyasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olduğu müddətdə, 04 sentyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəsinin (hərbi hospitalın) “Yoluxucu xəstəliklər” şöbəsində stasionar müalicədə olan zaman, 06 oktyabr 2021-ci il tarixdə istifadəsində olmuş smartfon tipli mobil telefonuna yüklədiyi mobil tətbiqlə “İnstagram” sosial şəbəkəsində ünvan 1 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan, eləcə də, hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, 300 nömrəli əmrinə əsasən xəstəliyə görə 15 gün məzuniyyətə buraxılmaqla ailəsinin yaşadığı Ağstafa rayonunun Qarahəsənli kəndində məzuniyyətdə olarkən, Zərərçəkmiş şəxs ilə həmin sosial şəkəbəkədə, habelə mobil telefonuna yüklədiyi və istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsi ilə mesajlaşaraq, eləcə də, istifadəsində olmuş digər, yəni ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs ilə telefonda danışaraq, onu ciddi sevgi münasibətləri qurmaq istədiyinə inandırmış, buna nail olduqdan sonra 13 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs ilə istifadəsində olmuş smartfon tipli mobil telefonla “whatsapp” tətbiqi vasitəsilə görüntülü danışarkən, intim məzmunlu söhbətlər edərək onu ehtiraslandırmış, Zərərçəkmiş şəxs onun istəyini yerinə yetirib əynindəki üst geyimini çıxarıb sinə nahiyəsini çılpaq şəkildə ona göstərən zaman, sonradan onu hədələmək üçün istifadə etmək məqsədilə Zərərçəkmiş şəxs məlumatı olmadan gizli şəkildə həmin görüntüləri telefonda olan funksiya vasitəsilə video şəkilində qeydə alaraq telefonunun yaddaşında saxlamaqla, şəxsi həyatın sirri olan məlumatları əks etdirən videoçəkilişi materialını qanunsuz toplamışdır. Bir qədər sonra, xx.xx.2021-ci il tarixdə saat 00 radələrindən etibarən həmin videogörüntünü “İnstagram” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs göndərib onun intim görüntülərini çəkdiyi barədə məlumatlandırmış, tələblərini yerinə yetirməyəcəyi təqdirdə həmin videogörüntünü ailə üzvlərinə və yaxınlarına göndərəcəyi, habelə sosial şəbəkələrdə və internet saytlarında paylaşacağını bildirərək, Zərərçəkmiş şəxs özündən asılı vəziyyətə salmış və həmin asılılıqdan istifadə etməklə, soyunub tam çılpaq şəkildə fotosunu ona göndərməsini tələb etmiş, Zərərçəkmiş şəxs qəti şəkildə imtina etməsini görüb qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edib Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə ona hədə-qorxu gələrək, videogörüntünü paylaşmaması və silməsi müqabilində 200 manat pul verməsini tələb etmiş, ailəsinin və yaxınlarının yanında rüsvay olmaqdan qorxaraq həmin məbləğdə pulu verməyə razı olan Zərərçəkmiş şəxs kart hesabından elektron qaydada 203 manat məbləğində pul köçürməsi etmiş, sonuncunun qorxub tezliklə tələb etdiyi pulu verməsindən həvəslənib, ondan əlavə olaraq 100 manat tələb etmiş, Zərərçəkmiş şəxs maddi imkanı olmadığını bildirib daha pul verə bilməyəcəyini dedikdə isə 50 manat pul verməsini tələb etmiş, lakin sonuncu pulu olmadağından ona əlavə pul verə bilməmiş, həmin gün səhər saatlarında 200 manat pulu Ağstafa rayonu ərazisində yerləşən "xxxx" ASC-yə aid bankomatdan çıxararaq, Zərərçəkmiş şəxs hədəqorxu gələrək vahid niyyətlə 350 manat pul tələb etməklə və 203 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Goranboy rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci divizionun 6-cı batareyasının 2-ci taqımının 5-ci topunun baş tuşlayıcısı vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən, 20 may 2022-ci il tarixdə Ağstafa rayonunda keçirməklə 10 (on) gün müddətinə növbəti məzuniyyətinə getmiş, 30 may 2022-ci il tarixdə saat 15:00-da məzuniyyətdən qayıtmalı olduğu qayıtmamış, yalnız 05 iyun 2022-ci il tarixdə saat 15:00-da hərbi hissəyə gəlməklə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq üzrlü səbəblər olmadan vaxtında hərbi hissəyə gəlməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatanının baş tuşlayıcısı vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən, Şəmkir hərbi prokurorluğunun müraciətinə əsasən, iştirakı ilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün ezam olunduğu Müdafiə Nazirliyinin Şəmkir şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsini N iyul 2022-ci il tarixdə saat 16:30 radələrində tərk edib 16 avqust 2022-ci il tarixdə saat 21:25-də barəsində olan axtarış qərarına əsasən Ağstafa rayonu polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək ona təyin edilmiş cəzanın şərti hesab olunmasını xahiş etmişlər. Məhkum edilmiş şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərini eyni dəlillərlə əsaslandıraraq qeyd etmişlər ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Həmçinin onun əməlində cəzasını ağırlaşdıran hal mövcud deyildir. Təqsirləndirilən şəxs cəzası şərti hesab ediləcəyi təqdirdə hərbi xidmətini başa vurmaq, ölkəmizə layiqli vətəndaş olmaq arzusundadır. Ona görə də barəsində olan yüngülləşdirici halları və cəzasını ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsini və cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etmişlər. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayətlərini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər və Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək ona təyin edilmiş cəzanın şərti hesab olunmasını xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ədalətli cəza təyin etdiyini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi va cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmadan, Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiya işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun edilmiş şəxsin barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətlərin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsii və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 156.1, 182.2.2, 333.1 və 333.2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.2.2, 333.1 və 333.2-ci maddələrinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 156.1, 182.2.2, 333.1 və 333.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Apellyasiya şikayətlərində müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəzasının şərti hesab edilməsini xahiş etsə də, iş üzrə CM-in 70ci maddəsinə uyğun olaraq onu cəzasını real olaraq çəkmədən islah olunmasının mümkünlüyü müəyyən edilməmişdir. CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası hazırki vəziyyətdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün hesab etmir və cəzasının şərti tətbiq edilməsi üçün əsas görmür. Bu səbəbdən onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması qanuni və əsaslı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 1-1(095)-205/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.1, 333.1 və 333.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 1-1(095)-205/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-19/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-19/2023
22.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver