Məhkəmə qərarları › İş №1-1(104)-20/2023

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1-1(104)-20/2023

13.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1-1(104)-20/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi-vəkil X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1-1(095)134/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Gəncə Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1-1(095)134/2022 nömrəli (hakimlər V.K.Məmmədov (sədrlik edən), K.N.Muxtarov və N.N.Hüseynlidən ibarət tərkibdə) hökmü ilə 22 avqust 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, Fövqəladə Hallar Nazirliyinin X19 sabiq hərbi qulluçusu, baş gizir, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına, CM-nin 32.4,312.1-ci maddəsi ilə isə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cəzanın yüngülləşdirilməsi və üzərində qəti olaraq 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi subutların taleyi məsələsi həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 178.2.2 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrindən CM-in 178.2.2 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinə tövsif edilməklə, yeni hökm çıxarılmasını və ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən zərərçəkmiş şəxs X4 apellyasiya şikayəti verərək hökmü dəyişdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa hökmdən Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti verərək hökmü yüngüllüyünə görə dəyişdirib, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası daxilində ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi-vəkil X5 apellyasiya şikayəti verərək hökmü dəyişdirərək Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1-ci maddəsindən CM-in 32.4, 312.2-ci maddəsinə tövsif edilməklə, həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Eyni zamanda hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi-vəkil X6 apellyasiya şikayəti verərək hökmü dəyişdirərək Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1-ci maddəsindən CM-in 32.4, 312.2-ci maddəsinə tövsif edilməklə, həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. İbtdai istintaq orqanının gəldiyi nəticə İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, Fövqəladə Hallar Nazirliyinin Yevlax şəhəri, Bakı prospekti 30 ünvanında yerləşən X19 Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin baş xilasedicisi vəzifəsində, baş gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən qanunsuz qazanc əldə etmək məqsədi ilə özünü Fövqəladə Hallar Nazirliyinin X20 yalandan kapitan rütbəsində təqdim etməklə ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməklə və aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını ələ keçirməyə dair qərara gəlmişdir. Təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə tanışı vətəndaş X12 vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X16 hissəsində, yanğın söndürən vəzifəsində çalışan Şahid3 ilə 2020-ci ilin aprel ayının əvvəllərində tanış olmuş və Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya korpusunun qarşısında olan çayxanada sonuncu ilə söhbət edən zaman ona Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə hər hansı bir şəxsi işə düzəltmək imkanının olduğunu və həmin qurumda işə düzəlmək istəyən hər hansı şəxsin olduğu tədqirdə, həmin şəxsləri ona yönəldə bilcəyini demişdir. Həmin görüş zamanı Şahid3 ona tanışı Şahid2 Bəxdiyar oğlunu Fövqəladə Hallar Nazirliyinin Goranboy rayonu X16 hissəsində yanğınsöndürən kimi işə düzəltmək istədiyini bildirmiş, o isə özünü kapitan rütbəsində təqdim edərək yalandan vəd edərək guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə Şahid2 işə düzəldə biləcəyini demişdir. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs Şahid3 və onun tanışları olan Zərərçəkmiş şəxs1 və Şahid2la Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya korpusunun binasının qarşısında olan çayxanada görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs1 ona Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X16 hissəsində yanğınsöndürən kimi işə düzəlmək arzusunda olduğunu deyərək və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs aldatma yolu ilə vətəndaş Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə baş gizir Təqsirləndirilən şəxs həmin görüş vaxtı Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X16 hissəsində yanğınsöndürən kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə onun vasitəsi ilə 13000 (on üç min) manat pulu rüşvət verməsi müqabilində vətəndaş Şahid2 Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon X16 hissəsində yanğınsöndürən kimi işə düzəldəcəyinə dair vətəndaş Zərərçəkmiş şəxs1 yalan vəd verərək, həmin 13000 (on üç min) manat puldan 3000 (üç min) manat pulu qabaqcadan verməli olduğunu, qalan 10000 (on min) manat pulu isə vətəndaş Şahid2 guya işə düzəldikdən sonra verməli olduğunu deməklə, Zərərçəkmiş şəxs1 inandırıb, razılığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs1 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra 2020-ci ilin aprel ayının ortalarında saat 17 radələrində Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya korpusunun binasının qarşısında olan çayxanada görüşdükdə qeyd olunan adla aldatmaqla Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulunu ələ keçirtmək üçün həmin pulu hissə-hissə ondan almağa dair onunla razılığa gəlmiş, əldə olunmuş razılığa əsasən həmin gün qeyd olunan çayxananın qarşısında dayanan VAZ 2107 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs1 3000 (üç min) manat puldan 2500 (iki min beş yüz) manat hissəsini almış, təxminən 2 gün sonra isə qeyd olunan çayxananın qarşısında 3000 (üç min) manat puldan qalan 500 (beş yüz) manat hissəsini ümumilikdə isə vahid niyyətlə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 3000 (üç min) manat dəyərində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, yuxarıda qeyd olunan vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Zərərçəkmiş şəxs4 guya Fövqəladə Hallar Nazirliyinin X20, kapitan rütbəsində xidmət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü ona tanıtmışdır. 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs4 onunla Gəncə şəhərində Dədəqorqud küçəsində söhbət edərkən qızının nişanlısı olan X9 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini demişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs4 yalandan kürəkəni X10 Hallar Nazirliyinin tabeliyindəki qurumlarında işə düzəltmək üçün guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsi ilə Zərərçəkmiş şəxs4 kürəkənini işə düzəldə biləcəyini demişdir. Bundan sonra o Zərərçəkmiş şəxs4la 2021-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhəri, Dədə Qorduq küçəsində görüşmüş, həmin görüş zamanı Zərərçəkmiş şəxs4 ona kürəkəni X8 Hallar Nazirliyinin X17 xilasedici kimi işləmək kimi işə düzəlmək arzusunda olduğunu və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə vətəndaş Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs4 kürərəkəni X10 Hallar Nazirliyinin X17 xilasedici kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə onun vasitəsi ilə əvvəlcə 10000 (on min) manat pulu rüşvət verməsi müqabilində vətəndaş X10 Hallar Nazirliyinin X17 xilasedici kimi işə düzəldəcəyinə dair vətəndaş Zərərçəkmiş şəxs4 yalan vəd verərək, həmin 10000 (on min) manat puldan 3000 (üç min) manat pulu qabaqcadan verməli olduğunu , qalan 7000 (yeddi min) manat pulu isə vətəndaş İlkin İbrahimovu guya işə düzəldikdən sonra verməli olduğunu, bundan əlavə İlkin İbrahimovun həkimlərdən keçərək sənədlərinin tez yığılması üçün müəyyən məbləğdə pul verməsini demişdir. 09 mart 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək daha çox məbləğdə pul almaq məqsədi ilə yalandan kürəkənin işi ilə bağlı guya Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı ilə danışaraq, guya həmin tanışına Zərərçəkmiş şəxs4 yaxın insan olduğunu dediyindən, Təqsirləndirilən şəxs yüksək vəzifəli tanışı isə Zərərçəkmiş şəxs4 ona yaxın şəxs olduğundan əvvəlcədən ona 5000 (beş min) manat verəcəyini tədqirdə İlkin İbrahimovu 1-2 ay ərzində işə düzəldəcəyini deməklə, sonuncunu inandırıb, razlığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs4 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs4 İlkin İbrahimovun vasitəsi ilə Gəncə şəhərində Xan Bağında görüşərkən Təqsirləndirilən şəxs deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə ilkin olaraq 190 (yüz doxsan) manat pulu Təqsirləndirilən şəxs vermiş, 12 mart 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə Gəncə şəhərində, Heydər Əliyev prospektində keçmiş Tikiş fabrik adlanan ərazidə Zərərçəkmiş şəxs4 idarə etdiyi “Wolsvagen Jetta” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobildə sonuncu Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışına verməsi üçün 5000 (beş min) manat pulu vermiş, 2021-ci ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə Gəncə şəhərində Dədəqorqud küçəsində görüşərkən Təqsirləndirilən şəxs deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə 60 (altmış) manat pulu Təqsirləndirilən şəxs vermiş, 17 iyul 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs4 İlkin İbrahimovun vasitəsi ilə Təqsirləndirilən şəxs Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin hospitalının qarşısında hərbihəkim komissiyasının müayinəsinin cavablarını tez alması məqsədi ilə 250 (iki yüz əlli) manat pulu vermişdir. Bununla da Təqsirləndirilən şəxs ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 5500 (beş min beş yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 5500 (beş min beş yüz) manat dəyərində pulunu ələ keçirməklə xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, eyni vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Şahid5 ilə görüşən zaman sonuncuya onun guya X7 işləyən tanışı vasitəsi ilə hər hansı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə qəbul edə biləcəyini demişdir. Şahid5 isə Təqsirləndirilən şəxs dediklərini tanışı olan Şahid1 dediyindən, 2021-ci ilin iyul ayının ortalarında Şahid5 tanışı olan Şahid1 ona zəng edərək, görüşərək danışmaq istədiyini bildirmişdir. Bundan sonra 24 iyul 2021-ci il tarixdə Gəncə şəhərində X23 Hacıyevlə görüşən zaman Şahid1 tanışları olan Zərərçəkmiş şəxs2 Qurbanov və onun oğlu Kamran Qurbanovla birlikdə gəlmiş, Şahid1 ona tanışı olan Kamran Qurbanovu təqdim edərək, Fövqəladə Hallar Nazirliyinin tabeliyində qurumlarda işləmək istədiyini, eləcə də Kamran Qurbanovun ali təhsilli olduğundan zabit kimi işə düzəlmək arzusunda olduğunu və bunu necə edə biləcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs kapitan rütbəsində Fövqəladə Hallar Nazirliyinin geyim formasında gəlməklə, özünü Fövqəladə Hallar Nazirliyinin X20, kapitan rütbəsində xidmət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü tanıtmaqla təkrarən aldatma yolu ilə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs2 oğlu X11 Hallar Nazirliyinin X17 zabit kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda ona guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə və Kamran Qurbanovun xidmətə qəbulu tezləşdirilməsi üçün müvafiq həkimlərdən keçməsi müqabilində ümumilikdə 13000 (on üç min) manat pulu rüşvət verməsi müqabilində vətəndaş X11 Hallar Nazirliyinin X17 zabit kimi işə düzəldəcəyinə dair vətəndaş Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 yalandan vəd verərək, sonuncunu inandırıb, razlığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs2 inandırıb ələ aldıqdan və sonuncu ilə razlışdıqdan sonra Kamran Qurbanovu həkimlərdən sənədlərin tez yığılması məqsədi ilə Şahid1 vasitəsi ilə 03 avqust 2021-ci il tarixdə Gəncə şəhərində Xan Bağında görüşərkən Təqsirləndirilən şəxs deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə ilkin olaraq 300 (üç yüz) manat pulu Təqsirləndirilən şəxs vermiş, 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Fövqəladə Hallar Nazirliyinin hospitalının qarşısında Zərərçəkmiş şəxs2 Kamran Qurbanov vasitəsi ilə sonuncunun guya zabit kimi işə qəbul olunacağı üçün hərbi-həkim komissiyasına vermək üçün Təqsirləndirilən şəxs 300 (üç yüz) manat pul, 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin yanında Zərərçəkmiş şəxs2 oğlu Kamran Qurbanovun qeyd olunan vəzifədə işə qəbul olunması üçün Təqsirləndirilən şəxs yüksək vəzifəli tanışına verməsi ilə əlaqədar Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs 1000 (min) manat pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 (min altı yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 1600 (min altı yüz) manat dəyərində pulunu ələ keçirməklə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, eyni vəzifədə və rütbədə xidmətdə olarkən tanışı Şahid5la görüşən zaman sonuncuya onun guya Fövqəladə Hallar Nazirliyində işləyən tanışı vasitəsi ilə hər hansı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə qəbul edə biləcəyini demişdir. Şahid5 isə Təqsirləndirilən şəxs dediklərini tanışı olan Şahid1 dediyindən, 2021-ci ilin iyul ayının ortalarında Şahid5 tanışı olan Şahid1 ona zəng edərək, görüşərək danışmaq istədiyini bildirmişdir. Bundan sonra 24 iyul 2021-ci il tarixdə Gəncə şəhərində Xan Bağında görüşən zaman Şahid1 tanışları Zərərçəkmiş şəxs2 və onun oğlu Kamran Qurbanovla birlikdə gəlmiş, bir müddət sonra isə Zərərçəkmiş şəxs3 ora gəlmişdir. Həmin vaxtı Şahid1 ona tanışı olan Zərərçəkmiş şəxs3 təqdim edərək, Fövqəladə Hallar Nazirliyinin X17 xilasedici kimi işə qəbul olunmaq arzusunda olduğunu və bunu necə edə bilcəyini ondan soruşmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs kapitan rütbəsində Fövqəladə Hallar Nazirliyinin geyim formasında gəlməklə özünü Fövqəladə Hallar Nazirliyinin X20, kapitan rütbəsində xidmət edən, Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışı olan və həmin şəxsin vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində müxtəlif şəxsləri işə düzəldə bilən şəxs kimi özünü tanıtmaqla Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin X17 xilasedici kimi işə düzəltməyə real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin bu məsələdə ona hər hansı köməklik göstərmək niyyətində olmadığı halda guya Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə xidmət edən səlahiyyətli tanışının vasitəsi ilə həmin şəxsə və Zərərçəkmiş şəxs3 xidmətə qəbulunu tezləşdirilməsi üçün müvafiq həkimlərdən keçməsi müqabilində ümumilikdə 9000 (doqquz min) manat pulu rüşvət verməsi üçün vətəndaş Zərərçəkmiş şəxs3 qeyd olun vəzifədə işə düzəldəcəyinə dair vətəndaş Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yalandan vəd verərək, sonuncunu inandırıb, razılığını almaqla onu rüşvət verməyə təhrik etmişdir. Baş gizir Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 inandırıb ələ aldıqdan və sonuncu ilə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 04 avqust 2021-ci il tarixdə Gəncə şəhərində yerləşən Milli Süfrə restoranında görüşərkən Təqsirləndirilən şəxs deməsinə əsasən guya həkim müayinələrinin cavablarını tez alması məqsədi ilə 300 (üç yüz) manat pulu Təqsirləndirilən şəxs vermiş, 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində isə Gəncə şəhərində Üzeyir Hacıbəyov küçəsində “Sovxoz” adlanan ərazidə icarəyə götürdüyü KİA Optima markalı maşının içərisində Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində işləyən yüksək vəzifəli tanışına verməsi üçün sonuncuya 5000 (beş min) manat pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə 5300 (beş min üç yüz) manat pulunu əvəzsiz və qaytarmaq niyyəti olmadan ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ümumilikdə 5300 (beş min üç yüz) manat dəyərində pulunu ələ keçirməklə xeyli miqdar ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməllərini CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin mövqeyinə görə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təkrarən, qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilsə də, rüşvət verməyə təhrik etməsi əməlləri yanlış olaraq təkrarən şəxsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun özü üçün, birbaşa və şəxsən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə kimi qiymətləndirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, onun təhriki ilə rüşvəti Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 barələrində cinayət təqibinə xitam verilməsi barədə qəbul etdiyi qərarda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 övladlarının, Zərərçəkmiş şəxs4 kürəkəninin və Zərərçəkmiş şəxs3 işə düzəlməsində rüşvət verən şəxslərin, yəni cinayətin icraçılarının hərəkətlərində təkrar rüşvət vermə əlamətlərinin mövcud olmadığı barədə nəticəyə gəlmiş Təqsirləndirilən şəxs də əməlləri təkrarən rüşvət verməyə təhrik etmə kimi deyil, 32.4,312.1-ci maddə ilə, yəni vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun özü üçün, birbaşa və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə sövq edərək təhrik etmə kimi tövsif edilməlidir. Bu cür mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etməsi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsindən həmin Məcəllənin 32.4,312.1-ci maddəsinə tövsif edilməlidir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ittiham tərəfinin mövqeyinə görə, dələduzluq yolu ilə özgəsinin əmlakına qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi təqsirli şəxsin bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan əməllər təkrar törədilmiş hesab edilir. Burada nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özgəsinin əmlakına qanunsuz yiyələnmə və bu əmlakı ələ keçirmək üçün rüşvət verməyə təhrik etmə kimi hərəkətləri ümumi bir məqsəd daşımır, bu əməllərin hər biri bu və ya digər formada müstəqil cinyətlərin tərkibinin əlamətlərini təşkil edir və bir-birindən müəyyən zaman fasiləsinə görə ayrılır. Təqsirləndirilən şəxs başqa-başqa vaxtlarda və müxtəlif şəxsləri rüşvət verməyə təhrik etməklə, onları aldadıb, dələduzluq yolu əmlaklarına yiyələndiyi üçün, hər bir yeni cinayətin törədilməsinə onun təkrar cinayətdə realizə etdiyi yeni, vahid qəsdlə əhatə olunmayan müstəqil qəsd niyyəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin «Qeyd» hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Göründüyü kimi, iittiham tərəfi Konstitusiya Məhkəməsinin şərh etdiyi mövqedən çıxış edərək, hər biri müstəqil olmaqla, təkrar cinayətlər törətmiş Təqsirləndirilən şəxs əməllərini ibtidai istintaq orqanının tövsif etdiyi kimi CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Zərərçəkmiş şəxs Bəxtiyar Mamedov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cəzanın yüngüllüyü baxımından ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs dələduzluq etdiyi şəxslərin dairəsini, onun ictimai təhlükəliliyini, həmçinin hazırkı cərimə cəzası ilə islah oluna bilməməsini nəzərə almamışdır. Hökm ilə təyin edilmiş cəza əslində cəzasızlıq mühiti formalaşdırır. Yəni insanları aldadıb pullarını topla sonra da 6000 manat cərimə cəzası ilə cəzalan. Bu kimi hökm əslində cinayətkarlığın stimullaşdırmaq xarakteri daşıyır, mənfi təsirli president yaradır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişlərlə barışıq əldə etməməsini, vurduğu ziyanı ödəməməsi və hətta belə bir təşəbbüslə çıxış etməməsini cəza təyini zamanı nəzərə almamışdır. Zərərçəkmiş şəxs4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza onun törətdiyi əməllərin ictimai təhlükəliliyinə uyğun olmamaqla yanaşı, eyni zamanda işin hallarına uyğun olmayan yüngül və ədalətsiz cəzadır. Təqsirləndirilən şəxsin təqsirləndiyi maddələrin sanksiyasında daha ağır cəza növləri nəzərdə tutulmasına baxmayaraq, məhkəmə heç bir əsas olmadan onun barəsində ən yüngül cəza olan cərimə cəzasını əsassız və qanunsuz tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs 4 nəfər zərərçəkmiş şəxsə ümumilikdə vurduğu 15400 manat zərərdən nə istintaq müddətində nə də, məhkəmə prosesində heç bir məbləğ ödəməmişdir. Uzun müddətli istintaq və məhkəmə proseslərində təqsirləndirilən şəxs dəfələrlə onlara yalançı vədlər verərək dolamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cərimə cəzası təyin etməklə bilərəkdən qanunsuzluğa yol vermişdir. Belə ki, 4 nəfər zərərçəkmişə vurduğu maddi zərəri ödəyə bilməyən, yaxud ödəmək istəməyən şəxsə, əlavə olaraq pul cəriməsi cəzasının təyin edilməsi qanunsuzluqdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi-vəkil X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət qanunvericiliyinin tələbini pozmaqla əksinə başqa bir cinayətin törədilməsinə şərait yaradan, təqsirləndirilənin islah olunmasına maneə törədən bir ədalətsiz qərar vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən istifadə etməklə törətməsini CM-nin 61.1.12-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qeyd etsə də, cəza təyin edərkən ən yüngül cəza müəyyən etməklə heç də ağırlaşdırıcı halı nəzərə almamışdır. Təqsirləndirilən şəxsin əməlinin yüngül maddəyə tövsif edilməsi ilə də razı deyillər və məhkəmənin təqsirləndirilən şəxsin əməlinin ayrı-ayrı icraçıların əməlinin tövsifi ilə əlaqələndirərək dəyişməsi qanunamüvafiq deyildir. Ona görə ki, təqsirləndirilən şəxs 32.4,312.2-ci maddəyə uyğun olaraq təkrarçılıqla cinayət hadisəsi törətmişdir və ibtidai istintaq orqanı onu düzgün olaraq həmin maddə ilə məsuliyyətə cəlb etmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək cinayət qanunu normasını düzgün tətbiq etməmiş, nəticədə təqsirləndirilən şəxsə əməlinə uyğun olmayan maddəyə tövsif edilməklə, cinayətin ağırlığına uyğun gəlməyən cəza təyin etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi-vəkil X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət qanunvericiliyinin tələbini pozmaqla əksinə başqa bir cinayətin törədilməsinə şərait yaradan, təqsirləndirilənin islah olunmasına maneə törədən bir ədalətsiz qərar vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən istifadə etməklə törətməsini CM-nin 61.1.12-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qeyd etsə də, cəza təyin edərkən ən yüngül cəza müəyyən etməklə heç də ağırlaşdırıcı halı nəzərə almamışdır. Təqsirləndirilən şəxsin əməlinin yüngül maddəyə tövsif edilməsi ilə də razı deyillər və məhkəmənin təqsirləndirilən şəxsin əməlinin ayrı-ayrı icraçıların əməlinin tövsifi ilə əlaqələndirərək dəyişməsi qanunamüvafiq deyildir. Ona görə ki, təqsirləndirilən şəxs 32.4,312.2-ci maddəyə uyğun olaraq təkrarçılıqla cinayət hadisəsi törətmişdir və ibtidai istintaq orqanı onu düzgün olaraq həmin maddə ilə məsuliyyətə cəlb etmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək cinayət qanunu normasını düzgün tətbiq etməmiş, nəticədə təqsirləndirilən şəxsə əməlinə uyğun olmayan maddəyə tövsif edilməklə, cinayətin ağırlığına uyğun gəlməyən cəza təyin etmişdir. Cinayət prosesi tərəflərini mövqeyi Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini, apellyasiya şikayətlərinin qismən təmin edilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Bəxtiyar Mamedov apellyasiya şikayətini müdafiə edərək şikayətin və apellyasiya protestini təmin edilməsini, hökmü dəyişdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs4 apellyasiya şikayətini müdafiə edərək şikayətin və apellyasiya protestini təmin edilməsini, hökmü dəyişdirib Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası daxilində ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi-vəkil X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin və apellyasiya protestini təmin edilməsini, hökmü dəyişdirərək Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1-ci maddəsindən CM-in 32.4, 312.2-ci maddəsinə tövsif edilməklə, həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəza verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya protesti və apellyasiya şikayətləri ilə razı olmadığını, hal-hazırda Kəlbəcər rayonunda yeni işə düzəldiyini və tez bir zamanda borcuyu ödəyəcəyini bildirib hökmün qüvvədə saxlanılmasını, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Müdafiəçi Heydər Fərzəliyev məhkəmə kollegiyasının iclasında apellyasiya protesti və apellyasiya şikayətləri ilə razı olmadığını bildirdi və qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxsdir, eləcə də 3 azyaşlı uşağı və İ qrup əlil bacısı onun himayəsindədir. Buna görə apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilməməsini, hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Əsas Qanunun bu müddəalarından irəli gələrək qanunverici cinayət mühakimə icraatı zamanı həqiqətə nail olmağın prinsiplərini, qaydasını və prosedurunu cinayətprosessual qanunvercilik vasitəsilə müəyyən etmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən, yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsi vəziyyətini protestin və şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini məhkəmə kollegiyasının iclasında dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə iş üzrə yeni hökm çıxarılmalıdır. Apelyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hökmü əsasən iki aspektdən mübahisələndirmişdir. Birincisi hesab etmişlər ki, məhkəmənin CM-nin 32.4, 312.2-ci maddəsindən CM-nin 32.4, 312.1-ə tövsif edilməsi düzgün olmamışdır. İkincisi isə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində təkrar rüşvət verməyə təhrik etmə tövsifedici əlamətin olmasına baxmayaraq, bu halı əsassız olaraq CM-nin 32.4. 312.2-ci maddəsi ilə deyil, 61.1.1-ci maddəsinə cəzasını ağırlaşdırılan hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıdakılar qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə CM-nin 32.4,312-ci maddəsinin düzgün tətbiqi ilə bağlıdır, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin tətbiqi ilə bağlı mübahisə yoxdur. CM-nin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə cinayət məsuliyyəti yaradır. Göründüyü kimi CM-nin 312.2-ci maddəsi həm qanunsuz hərəkətlərə görə, həm də təkrar rüşvət verməyə görə məsuliyyət nəzərdə tutur. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda CM-nin 312.2-ci maddəsinin hər iki dispozitiv əlaməti üzrə, yəni həm qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etmə, həm də təkrar rüşvət verməyə görə təhrik etmə nəzərdə tutulmuşdur. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs təhriki ilə rüşvəti Bəxtiyar Mamedov, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Kamran Qurbanov ayrı-ayrılıqda bir neçə dəfə vermiş, həmçinin yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərin pulunu ələ keçirməsinə görə təkrarən vəzifəli şəxsə rüşvət verməyə sövq edərək, təhrik etməsi və yenidən pul alması Təqsirləndirilən şəxs əməlinin təkrar olduğunu, yəni təkrarən başqa şəxsi rüşvət verməyə təhrik etdiyini sübuta yetirir. Bundan başqa, CM-in 312.2-ci maddəsindən də göründüyü kimi, bu cinayətin təkrar törədilməsi heç də həmin əməllərin hamısının qanunsuz olmasını nəzərdə tutmur. CMnin 312.2-ci maddəsi əvvəla, CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan rüşvət vermənin bütün əlamətlərini özündə ehtiva edir. CM-nin 312.2-ci maddə isə CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərin təkrar törədilməsini özündə nəzərdə tutur. CM-nin 312.2-ci maddəsində qeyd edilən "qanunsuz hərəkətlər" və "təkrar" tövsifedici əlamətlərinin "və ya" bağlayıcısı ilə ayrılması da onu göstərir ki, CM-nin 312.2ci maddə ilə cinayət məsuliyyətinin yaranması üçün ya CM-nin 312.1-ci maddəsində göstərilən hərəkətlərin qanunsuz əməllərə görə törədilməsi tələb olunur, ya da CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərin təkrar törədilməsi tələb olunur. Ona görə də məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hissədə də səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs hərəkətlərində CMnin 32.4, 312.2-ci maddəsinin dipozisiyasında nəzərdə tutulmuş hər iki ağırlaşdırıcı əlamətlər üzrə cinayət tərkibi mövcuddur. İbtidai istintaq orqanı əməlin bu hissədə tövsifi üzrə düzgün nəticəyə gəlsə də birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün şərh etməyərək əsassız nəticəyə gəlmişdir. CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Azərbaycan Respublikası CPM-nin 399.1 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün tətbiq etmədiyindən CPM-nin 403-cü maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin qeyd olunan hökmü ləğv edilməli, iş üzrə yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidir. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıların vurğulamağı zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmaması və zərərçəkmiş şəxslərə dəymiş ziyandan heç bir məbləğ ödəməməsi onun islah olunmadığını göstərir. Belə ki, həm cinayət qanunun müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbətyönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Belə ki, apellyasiya instansiyasında araşdırma zamanı tərəflərin izahatlarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət etməmiş və zərərçəkmişlərlə barışığa cəhd belə etməmişdir. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkuma yüngül cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar yüngül cəza təyin edilməsi ilə bağlı inam yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3 cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzadan, habelə onun törətdiyi əməlin birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirilməsindən narazı qalmışdır. Lakin birinci instansiya məhkəməsi zərərçəkmiş tərəfin qanuni maraqlarını nəzərə almadan yüngül cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar cəzanın onun islah edilməsinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası CPM-nin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut bir ədəd CD disk və əmək haqqı bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat pul köçürülməlidir. Kollegiya hesab edir ki, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356, 410 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1-1(095)134/2022 nömrəli hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus **********0447203 nömrəli əmək haqqı bank kartı cinayət işinin materiallarında saxlanılsın. Birinci instansiya məhkəməsində icraat zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun («Xalq bank» Gəncə filialı:Kod 504023: VÖEN: **********: Müxbir hesab: AZ 24NABZ********************: S.W.İ.F.T.BİK: HAJCAZ22: Hesab № AZ75HAJCHCRAZN**********1001: VÖEN: **********) hesabına 180 (yüz səksən) manat pul köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar