Məhkəmə qərarları › İş №1-1(104)-21/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-21/2023

07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-21/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 1-1(095)-030/2023 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Hərbi Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 1-1(095)-030/2023 saylı hökmü ilə (sədrlik edən Nurəddin Hüseynli) xx xxxxx 2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, DSX-nin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 12, mənzil 11-də qeydiyyatda olan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 5 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Hərbi Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1-1(095)-030/2023 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində CM-in 62-ci madəsi tətbiq olunmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təminat taqımının yardımçı təsərrüfat qrupunun atıcı-mühafizəçisi vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, 28 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində bölüyün sinif otağında təminat taqımın yanğından mühafizə qrupunun yanğınsöndürəni vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs onu özünə məxsus ətri icazəsiz götürüb istifadə etməkdə günahlandırdığından aralarında yaranmış mübahisə zamanı o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud şəkildə pozaraq, əvvəlcə sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə, daha sonra isə sol əli ilə sağ sifət nahiyəsinə yumruq zərbələri vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “çənə sümüyünün sol şaxədən keçən qapalı, 43-cü diş səviyyəsindən keçən açıq sınığı” xəsarətlərini yetirməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, anası və atası heç bir yerdə işləmir, ailədə yeganə qazanc gətirən şəxsdir, hazırda ordu sıralarından tərxis olunmuşdur, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla barəsində CM-in 62-ci madəsi tətbiq olunmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxılarkən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, özünü təqsirli bilir, əməlindən səmimi peşman olmuşdur, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır, anası və atası heç bir yerdə işləmir, ailədə yeganə qazanc gətirən şəxsdir, hazırda ordu sıralarından tərxis olunmuşdur. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsin xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə tövsif edildiyini, birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsi və ya ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 332.2.5-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməli CM-nın 332.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə baxış iclasında müdafiəçi təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onun cəzasının şərti tətbiq edilməsini və ya ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir ki, cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, 2557 nömrəli məktubdan görünür ki, hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 xidmət müddəti bitdiyi üçün ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən halların dairəsini müəyyən edərkən düzgün nəticəyə gəlmiş, məhkumun cəzasını yüngülləşdirən halları doğru olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası isə həm iş materiallarına əlavə olunmuş sənədləri, həm də müşavirə otağında müzakirə edilən işin hallarını, xüsusilə məhkum Təqsirləndirilən şəxs1 barəsində olan cəzanı yüngülləşdirən halları, həmçinin onun ordu sıralarından tərxis olunmasını nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədəmüvafiq hesab edir. Xüsusilə qeyd olunmalıdır ki, məhkumun məhkəmə kollegiyasının iclasındakı davranışları ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsini mümkünsüz edəcək həddədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd olunan halları onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs1 əməlində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs1 barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs1 özünün davranışları, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində apellyasiya şikayəti verilmiş məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün özünü yetişdirmək, özünü islah etmək vəzifələri qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1-1(095)-030/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs1 davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək, cəmiyyətə yararlı bir vətəndaş olmaq üçün özünü yetişdirmək, özünü islah etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli 7 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar