Məhkəmə qərarları › İş №1-1(104)-30/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-30/2023

26.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-30/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Təqsirləndirilən şəxs və müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1-1(095)-45/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Hərbi Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1-1(095)-45/2023 saylı hökmü ilə (sədrlik edən Vüqar Məmmədov) xx xxxxxx 1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, N nömrəli hərbi hissədə qeydiyyatda olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, hər ay aylıq pul təminatından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrasının müddətinin əvvəlinin onun aylıq pul təminatından tutmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Hərbi Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1-1(095)-45/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində, mayor rütbəsində hərbi xidmətdə olarkən, 2022-ci ilin təxminən iyul ayının əvvəllərində, saat 23 radələrində xidməti zərurətlə əlaqədar döyüş postları ilə rabitə vasitəsilə əlaqə yarada bilmədiyi üçün taborun rabitə rəisi, kiçik leytenant Zərərçəkmiş şəxs xidməti otağına çağırtdırmış, lakin sonuncu yeraltı əlaqə xətlərində olan nasazlığı aradan qaldırmaq üçün əraziyə getdiyindən xidməti yerində olmamış, onun göstərişinə əsasən qısa müddət sonra xidməti otağına gələn kiçik leytenant Zərərçəkmiş şəxs məlumat vermədən taborun ərazisini tərk etdiyi üçün kobud şəkildə iradlar bildirmiş və aralarında mübahisə yaranmış, baş vermiş mübahisə zəminində o, sağ əli ilə kiçik leytenant Zərərçəkmiş şəxs burun nahiyəsinə bir yumruq zərbəsi vurub, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burun sümüklərinin qapalı cüzi yerini dəyişmiş sınığı ilə müşayiət olunan burunun qapalıküt travması” xəsarətini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında heç vaxt heç bir problem olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmamışdır, zərərçəkmiş şəxsin burnunda sınıq olmasından belə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xidmətə dəfələrlə laqeyd münasibət göstərdiyi üçün danlamış, lakin onu vurmamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında heç bir əlbəyaxa dava olmamışdır. Bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etdi, təqsirləndirilən şəxsə köməklik göstərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqdirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan CM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmamış, sadəcə ona iradını bildirmişdir, o heç bir cinayət əməli törətməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs rəis kimi xidməti vəzifələrinin icrası zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməklə sağ əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir yumruq zərbəsivurub, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burun sümüklərinin qapalı cüzi yerini dəyişmiş sınığı ilə müşayiət olunan burunun qapalı küt travması” xəsarətini yetirməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölüyün yeraltı əlaqə xəttində daimi nasazlıq olduğundan o, bununla bağlı raport yazmışdır. Həmin xəttlər 3 il əvvəl çəkilmiş və xəttlərdə daimi problemlər olmuşdur. O, tabor komandirinin göstərişi ilə dəfələrlə axşam saatlarında xəttdə olan nasazlığı aradan qaldırmaq üçün əraziyə çıxmışdır. Hadisə baş verən vaxt şəxsi heyətin sayı azlıq təşkil etmiş, iki yerdə xəttlər qırılmışdır. Onun xidmət etdiyi bölükdə 5 rəqəmli ATES-in xətti ilə mini ATES-in xəttini birləşdirmək çətin olduğundan əlaqə yaradılan zaman səs-küy yaranırmış. Həmin vəziyyət hazırkı vaxtda da tam olaraq aradan qaldırılmamışdır. Hadisə günü 2 nəfər xəttlər qırıldığı üçün aşağı postda olmuş, qərargah rəisi isə cavabdeh olmuşdur. Taborun ərazisində əlaqə olmadığından təmir işləri üçün əraziyə o, getmiş, əlaqəni bərpa etdikdən sonra tabor komandiri Təqsirləndirilən şəxs onu çağırdığını, briqadanın qərargah rəisi ilə əlaqənin olmadığını bildirmişlər. O, tabora qayıdaraq Təqsirləndirilən şəxs otağına getmiş, tabor komandiri haradan gəldiyini soruşduqda, cavabında xəttdə nasazlıq olduğunu və həmin xətti düzəltmək üçün əraziyə getdiyini bir neçə dəfə təkrar etsə də tabor komandiri inanmayaraq onu söymüş və vurmuşdur. Tabor komandiri Təqsirləndirilən şəxs onun burnundanbir yumruq zərbəsi vuran zaman burnundan qan gəlməyə başlamış, daha sonra halı pisləşdiyindən olanları xatırlamır. Təqsirləndirilən şəxs hadisə vaxtı ona bir yumruq zərbəsivursa da o, sonuncunu vurmamış, onlar yaxalaşa-yaxalaşa bayıra çıxmamışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 401 nömrəli rəyindən görünür ki, leytenant Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər, yəni “burun sümüklərinin qapalı cuzi yerini dəyişmiş sınığı ilə müşayiət olunan burunun qapalı küt travması” küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənməyə xarakterikdir, məhkəmə tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ixtisaslı müayinəsi zamanı onda aşkar edilmiş “burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi” sərbəstnozolji potologiya olub, xəsarətlə birbaşa əlaqəsi yoxdur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallarını şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 329.1-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissədə təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Göstərilənlərlə yanaşı apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası işdə olan yüngülləşdirici halların nəzərə alınması fonunda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin olunmuş cəza növünün sərt olması qənaətinə gəlir. N saylı Hərbi Hissə komandanlığı tərəfindən apellyasiya məhkəməsinə göndərilmiş 4 aprel 2023-cü il tarixli vəsatətdə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması, onun 20 ildən artıq zabit kimi orduda xidmət etməsi, hazırda düşmənlə təmas xəttində xidmətini davam etdirməsi qeyd olunaraq ona cərimə cəzasının təyin edilməsi xahiş olunmuşdur. Həmçinin zərərçəkmiş şəxs tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, tədsirləndirilən şəxsə daha yüngül cəza növünün təyin edilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 07 mart 2012-ci il təvəllüdlü X5 və 11 aprel 2013-cü il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan halları onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkuma təyin olunmuş cəzanın ağır olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs özünün davranışları, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 329.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona cərimə cəzasının təyin edilməsi mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. CM-in 58.2-ci maddəsinin 2-ci cümləsinə müvafiq olaraq törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1-1(095)-45/2023 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 329.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona cərimə cəzası təyin edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1-1(095)-45/2023 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 500 (beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Qərarın icrası məhkum Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar