Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-44/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 332.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «06» aprel 2023-cü il tarixli, 1-1(098)-57/2023 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim Sevindik Əzizov) «06» aprel 2023-cü il tarixli, 1- 1(098)-57/2023 nömrəli hökmü ilə xx xxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 26 aprel 2022-ci il tarixdə SHXÇDX-nin Sumqayıt şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəkməsi, cəzasının başlanğıcının onun intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, hökmün icrasına nəzarətin inzitam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Ağdam rayonunun Əliağalılar kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust 2022-ci il tarixdə saat 11 radələrində xidmət yoldaşı N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs ilə birlikdə 1-ci bölüyün dayaq məntəqəsində mühəndis-istehkam işləri görən zaman Zərərçəkmiş şəxs həmin işləri birlikdə görməyi təklif etdikdə Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmamış, bundan sonra onlar arasında mübahisə yaranmış, bu zaman o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci maddələrinin «hərbi qulluqçular bir-biri ilə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etməli, hərbi nizamnamənin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir» kimi tələblərini pozaraq Zərərçəkmiş şəxs üzərində üstünlüyünü nümayiş etdirmək və onu cəzalandırmaq məqsədilə qəsdən sağ sifət nahiyəsinə bir, sol sifət nahiyəsinə bir, çənə nahiyəsinə bir dəfə olmaqla, ümumilikdə onun sifət nahiyəsinə üç yumruq zərbəsi vuraraq sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol gözaltı nahiyənin hematoması” ilə müşayiət olunan xəsarət yetirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, müdafiəçi apellyasiya şikayətində məhkumun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədə ümumiyyətlə vəkilsiz dindirildiyini, ifadəsini oxumadığını, müstəntiqin ona heç nə izah etmədiyini, o bütün sənədləri imzaladıqdan sonra vəkilin gəldiyini və ona heç bir şey izah etmədiyini, yalnız məhkəmədə saxtalaşdırılmış ifadələrinin üzə çıxdığını və buna görə də, istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadənin əsas alınmasını xahiş etmişdir. Təssüflər olsun ki, məhkəmə təqsirləndirilən şəxsin vəkillə dindirilib-dindirilməməsi məsələsini araşdırmaq bir kənara dursun, təqsirləndirilən şəxsin vəkilsiz dindirilmişəm kimi verdiyi ifadəni hökmdə dəyişdirərək üstünə vurğulaya-vurğulaya vəkillə dindirilməsi kimi göstərmiş və təqsirləndirilən şəxs barəsində məhkəmə istintaqının tamamilə ədalətsiz aparıldığını hökmün başlanğıc hissəsində göstərmişdir. Yəni, təqsirləndirilən şəxsin pozulmuş hüquqlarını bərpa etmək əvəzinə həmin pozuntuları araşdırmadan onlara qanunilik donu geyindirmişdir. Bundan başqa hökmün əsas hissəsini Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs guya “gijd....q” sözü deməsinin sübut edilməsi təşkil etmişdir. Yəni, hadisənin başlanğıcı guya “gijd...q” sözü ilə başlamış və buna Təqsirləndirilən şəxs səbəb olmuşdur. Əsfuslar olsun ki, məhkəmə ümumiyyətlə heç kimin eşitmədiyi və məhkəmə ifadələrində bildirmədiyi sözü bəlkə də, 5-6 yerdə üzərinə basa-basa qeyd etmiş və sonda Təqsirləndirilən şəxs tərəfindən deyilməyən sözü, birsözlə, onun boynuna qoymuşdur. Bunu ifadələri, məhkəmə istintaqını və səsyazıcı vasitəni tədqiq etməklə rahatlıqla görmək mümkündür. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə zamanı ümumiyyətlə bu sözü işlətmədiyini, Şahid1a hadisə zamanı “gicbəsər” sözünü dediyini bildirmişdir. Maraqlısı budur ki, Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadədən görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə zərərçəkmiş şəxsə “gijd...q” sözü deməmişdir. Hətta ifadənin mətnindən görünür ki, Təqsirləndirilən şəxs “gicbəsər” sözünü də deməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərilən və onun tərəfindən eşidilən söz “bu əsgərdə çatmır” sözü olmuşdur. Qəribədir ki, zərərçəkmiş şəxs söyüş eşitmədiyini ifadəsində göstərsə də, məhkəmə söyüşün olmasını istəmişdir. Çünki qərarı əsaslandırmaq üçün məhkəmənin əlində söyüşün olması ehtimalından başqa arqument qalmamışdır. Digər tərəfdən bu məsələ ilə bağlı Şahid1 və Şahid2 söyüş hissəsində ifadələri saxtalaşdırılmışdır. Belə ki, Şahid1 məhkəmə ifadəsində göstərir ki, “gicbəsər”,sözü deyilmişdir. Dəfələrlə başqa söz deyilib-deyilmədiyini soruşulsa da, o “gicbəsər” sözünün ona deyildiyini, başqa heç bir söz deyilmədiyini göstərmişdir. Məhkəmədə həmin hal dəqiqləşdirilmək üçün zalda səs yazısını dinlənilmiş və Şahid1 sadəcə “gicbəsər” sözünü eşitdiyi və ifadəsində göstərdiyi açıqca hamı tərəfindən görünmüşdür. Heyrət doğuran tərəfi odur ki, həm şahid ifadəsində, həm də yenidən ifadənin səsyazma tərəfindən dinlənilməsində açıq formada Şahid1 “gicbəsər” sözünü eşitdiyi məlum olsa da, məhkəmə Şahid1 ifadəsini saxtalaşdıraraq 2 dəfə iştirakları ilə təsdiq olunan halı “gicd...q” sözü kimi hökmə daxil etmişdir. Bundan başqa Şahid2 ifadəsi də söyüş hissəsində saxtalaşdırılmışdır. Çünki Şahid2 hadisə yerinə uzaq olduğundan hadisə bitdikdən sonra ora gəlmişdir. Yəni, bitmiş hadisədən sonra həmin yerə gələn şəxsin kimin kimi vurduğunu, kimin kimə hansı söyüşü dediyi eşidə və görə bilməz. Lakin maraqlı məqamdır ki, Şahid2 hökmə daxil edilmiş ifadəsində “gicd...q” sözünü eşitmiş və hadisəni görmüş kimi daxil edilmişdir. Bundan daha qəribəsi odur ki, guya Şahid2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “gicd...q” sözünü deyərkən Şahid1 buna şahid olmuşdur. Halbuki, Təqsirləndirilən şəxsla Şahid1 öz aralarında danışanda Şahid2 orada olmamışdır. Bu da tamamilə uydurma olan ifadənin yazıldığını sübut edir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs deyilən sözün xülasəsinə gəldiyimiz zaman qeyd edə bilərik ki, necə olur ki, Təqsirləndirilən şəxs söyüş söymədiyini, Zərərçəkmiş şəxs söyüş eşitmədiyini ifadələrində qeyd etdikləri halda, şahidlər Şahid1, ələlxüsus, Şahid2 bu söyüşü eşitmiş olsun? Belə bir məntiq mümkündür mü? Əgər Zərərçəkmiş şəxs söyüş eşitmiş olsaydı, müstəntiq ittihamı təsdiq edəyəci üçün dərhal bu sözü zərərçəkmiş şəxsin ifadəsində göstərməzmiydi? Lakin bu qeyd edilməmiş, çünki belə bir şey olmamışdır. Bu da Təqsirləndirilən şəxs vəkilsiz dindirildiyini, ifadəsini oxumadığını və müstəntiqin onun adından ifadəsinə saxta söyüş əlavə etdiyini sübut edir. Çünki Zərərçəkmiş şəxs ifadəsində söyüş eşitdiyini göstərmədiyi halda, necə ola bilər ki, Təqsirləndirilən şəxs söyüş söymüş olsun və digər şahidlər də bunu eşitmiş olsunlar. Bu sadəcə absurddur. Əlavə olaraq qeyd edir ki, əslində ortada söyüşlə bağlı ümumiyyətlə bir problem və mübahisə olmamışdır. Çünki nə təqsirləndirilən şəxs, nə zərərçəkmiş şəxs, nə də ki, şahidlər söyüş olmadığını açıq formada məhkəməyə bildirmişlər. Hökmdə söyüş və təhqir məsələlərinə xüsusi vurğu edilərək hadisənin başlanğıcını və dalaşma hissəsini Təqsirləndirilən şəxs yönləndirmək cəhdi mövcuddur. İkinci hissədə olan müqayisələrdən aydın formada görünür ki, “gicd...q” sözü ümumiyyətlə hadisə zamanı işlənməmişdir. Bəs hansı söz olmuşdur və bu təhqirdir mi? Bütün ifadələrdən məlum olur ki, hadisə zamanı Təqsirləndirilən şəxs Şahid1 Zərərçəkmiş şəxs barəsində işlətdiyi ifadə “bunun başı çatmır, gicbəsərdi nədi” sözü olmuşdur. Burada çox vacib məqamdır ki, həmin sözün təhqir mənasında, yoxsa başqa tərzdə işləndiyi aydınlaşdırılsın. Hadisədən məlum olur ki, ümumiyyətlə təhqirdən söhbət gedə bilməz. Çünki həmin ifadəni təhqir kimi qəbul edəndə bəzi məsələlər cavabsız qalır. Məhkəmə hökmündən belə məlum olur ki, Təqsirləndirilən şəxs keyfi olaraq adam döymüşdür. Yəni, öz üstünlüyünü nümayiş etdirmək və cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs döymüşdür. Təəssüfvericidir ki, açıq formada məhkəmə iclasında bütün xüsusatlar, ifadələr dəqiqliqlə qeyd edilməsinə baxmayaraq hökmdə fərqli şeylər göstərilmişdir. Bunlardan biri də dalaşmanın başlama anıdır. Qeyd etdiklərindən məlum olur ki, hadisə yalnış anlaşılmadan başlamışdır. Halbuki, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı qanunsuz hərəkətlər etməyə sövq etmişdir və özü güclü olduğundan Zərərçəkmiş şəxs qarşı üstünlüyünü nümayiş etdirmiş və onu cəzalandırmaq istəmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və Şahid1 ifadələrindən açıq formada görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs “gicbəsər” sözünü eşidib geri gəlmiş və Təqsirləndirilən şəxs nəzərdə tutaraq onun üzünə qarşı“mənim arxamca danışanın var-yoxunu s...m” sözünü demiş və Təqsirləndirilən şəxs heç bir münasibət bildirməmişdir. Təqsirləndirilən şəxs bunlardan heç birini etməmişdir. Çünki o polis olmaq istəyir və özünə qətiyyən problemə yaratmaq fikrində olmamışdır. Lakin epizod bununla bitməmişdir. Söyüş söydükdən sonra Zərərçəkmiş şəxs dayanmamış və bir kəllə və bir yumruq zərbəsi ilə Təqsirləndirilən şəxs vurmuş, Bədəlov isə özünü müdafiə etmək üçün ard-arda 3 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs vurmuş, Ağayev yerə yıxılmış, qalxıb yenidən hücüm etmək istərkən Şahid1 araya girmiş və digər Şahid2 da hadisə yerinə gəlmişdir. Göründüyü kimi hadisə tamamilə bundan ibarətdir. Çox qəribədir ki, məhkəmə bunu açıq formada gördüyü halda necə qənaətə gələ bilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı qanunsuz hərəkətlər etməyə sövq etmiş, özü güclü olduğundan Zərərçəkmiş şəxs qarşı üstünlüyünü nümayiş etdirmiş və onu cəzalandırmaq istəmişdir. Bu tamamilə əsassız və ədalətsiz yanaşmadır. Hadisənin başlanmasına və dalaşmaya səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi, sifət nahiyəsinə başı ilə bir və yumruğu ilə bir zərbə vurması səbəb olmuşdur. Bu qədər açıq nüans olmasına baxmayaraq məhkəmə hökmdə israrla epizodun başlanmasını Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəzərdə tutaraq Şahid1 fısıldadığı “gicbəsər” sözündən götürməyə və ittihamedici hökmünü əsaslandırmağa çalışır. Digər diqqət edilməyən məsələ isə tibb məntəqəsi epizodudur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə dalaşdıqdan sonra hər ikisi hərbi hissənin tibb məntəqəsinə daxil olmuş və müayinədən keçmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, onu 3 gün müddətində tibb məntəqəsində saxladıqları halda Zərərçəkmiş şəxs müayinədən sonra dərhal tibb məntəqəsindən azad edərək öz heyətinə qaytarmışlar. Təqsirləndirilən şəxs bununla da əslində Zərərçəkmiş şəxs heç bir xəsarət almadığını bildirmişdir. O, bunu onunla izah etmişdir ki, özü heç bir xəsarət almadığı halda 3 gün tibb məntəqəsində qaldığı halda, necə ola bilər ki, yüngül xəsarət almış Zərərçəkmiş şəxs dərhal tibb məntəqəsindən göndərsinlər. Göründüyü kimi məhkəmə bu məsələyə münasibət bildirmədən keçmiş və bu hissəni ümumiyyətlə aydınlaşdırmamışdır. Müdafiə tərəfi olaraq hesab edirlər ki, Zərərçəkmiş şəxs barəsində gəlinən yüngül xəsarət hissəsi əsassızdır. Hesab edirlər ki, rəydə göstərilən ümumi sözlər sübut əhəmiyyəti daşıya bilməz. Çünki Məhkəmə-tibb ekspertizası şəxsi müayinə etdiyi zaman ona aid bütün izlər itmişdir və əslində müayinə tam əsassızdır. Çünki müayinə edilən şəxs tam sağaldığı və onunla bağlı heç bir şəkil və s. mövcud olmadığı üçün məhkəmə-tibb ekspertinin verdiyi rəy şəxsi müşahidələrinin deyil, kağız üzərində tibb məntəqəsindən gəlmiş sənəd əsasında müəyyən edilir və bu da heç bir əhəmiyyət kəsb edə bilməz. Çünki ekspert əslində olmayan yaranı yüngül xəsarət kimi qiymətləndirir. Yəni, məhkəmə-tibb eksperti sadəcə tibb məntəqəsindən gələn kağıza baxmaqla rəy verir. Müdafiə tərəfi olaraq bu rəyin tamamilə əsassız olduğu qənaətindəyik. Digər tərəfdən bu rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə qərarına da tam ziddir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması zəruri müdafiə vəziyyətində baş verdiyi üçün CM-in 36-cı maddəsinin təsir dairəsinə düşür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisəni hissə-hissə dəyərləndirək. İlk olaraq Təqsirləndirilən şəxs pıçıltı ilə Şahid1 Zərərçəkmiş şəxs “bunun başı çatmır, gicbəsərdi nədi” sözünü deyir. Zərərçəkmiş şəxs bu söz səhv başa düşdüyündən Təqsirləndirilən şəxs tərəf gələrək Təqsirləndirilən şəxs nəzərdə tutaraq onun üzünə qarşı“mənim arxamca danışanın var-yoxunu s...m” sözünü demiş və Təqsirləndirilən şəxs bu söyüşə qarşılıq heç bir münasibət bildirməmişdir. Yəni, Təqsirləndirilən şəxs sözünü təhqir hesab etmişsə, Zərərçəkmiş şəxs də əvəzində çox daha ağır söyüş söymüşdür. Lakin Təqsirləndirilən şəxs bunun müqabilində heç bir şey etməmiş və deməmişdir. Çünki əslində Zərərçəkmiş şəxs təhqir etmək kimi bir fikri olmamış, məsələ səhv başa düşüldüyünün fərqində olduğu üçün Zərərçəkmiş şəxs ağır söyüşünə münasibət bildirməmişdir. Ancaq Zərərçəkmiş şəxs əməlinə davam etmiş və bir kəllə və bir yumruq zərbəsi ilə Təqsirləndirilən şəxs vurmuşdur. Göründüyü kimi burada Təqsirləndirilən şəxs zərbələrdən əvvəl tam passiv vəziyyətdə olmuş, heç bir hərəkət, söz və əməl icra etməmişdir. Müdafiə tərəfi olaraq hesab edirik ki, Təqsirləndirilən şəxs tam zəruri müdafiə vəziyyətində olmuş, Zərərçəkmiş şəxs ona 2 zərbə atdıqdan sonra dalbadal zərbələr vuraraq qarşı tərəfi özündən uzaqlaşdırmış, qarşı tərəf yenidən hücum etmək istəyərkən onları aralaşdırmışlar. Bundan başqa məhkəmə hökmlə yekun cəza təyin edərkən də, tam ədalətsizliyə yol vermişdir. Hesab etsək ki, hakim fərqli qənaətə gəlmişdir. Ancaq verdiyi hökmlə təyin etdiyi cəza çox ağırdır. Belə ki, “Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır” qeyd etsə də, ona CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və göstərdi ki, hadisə vaxtı o, zərərçəkmiş şəxsə söyüş söyməmiş, ilkin olaraq zərərçəkmiş şəxs ona zərbə vurmuş, bundan sonra o, da zərərçəkmiş şəxsə 3 dəfə zərbə endirmişdir. Verilmiş suala cavab olaraq göstərdi ki, bir müddət qaydasız döyüşlə məşğul olmuş və zərərçəkmiş şəxs də onun qaydasız döyüş növü ilə məşğul olduğunu bilmiş, zərərçəkmiş şəxs isə heç bir idman növü ilə məşğul olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını bu mümkün olmadıqda ona təyin edilmiş cəzanın şərti hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, məhkumun əməlinin hüquqi tövsifinin və ona təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bu səbəbdən şikayətin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayət tərkibinin olmamasını iddia edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39 və 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, ibtidai istintaq və birinci instansiya məhkəməsində dindirilmiş çoxsaylı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq materialları, habelə sair iş materialları ilə tamamilə təkzib edilir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi məhkəmənin, məhkəmə istintaqında təsdiq olunmayan ifadələrə istinad edərək ittiham hökmü çıxarmasına və hadisənin zəruri müdafiə vəziyyətində törədilməsinə istinad edərək şəxsə bəraət verilməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 7.0.8-ci maddəsinə görə cinayət mühakimə icraatı CPM-də nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır. Məhkəməyədək icraat cinayət mühakimə icraatının ayrılmaz tərkib hissəsi olmaqla cinayət hadisəsinin müəyyən edilməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunmasını, ittiham irəli sürülməsini və digər bu kimi oxşar məsələləri həll edir. Cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların təməl nöqtəsi, özəyi olan ilkin sübutların toplanılması məhz məhkəməyədək icraat zamanı həyata keçirilir. Məhkəməyədək icraat zamanı toplanmış sübutlar isə işə baxan məhkəmələr tərəfindən mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Eyni zamanda təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPMin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. CPM-in 33-cü maddəsində təsbit olunmuş "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi məhkəmələr həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verməlidir. Eyni zamanda məhkəmə, məhkəməyədək icraat zamanı toplanmış sübutların CPMin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi barədə nəticəyə gəldikdə həmin sübutları sübutlar siyahısından xaric edə bilər. Hazırki cinayət işinin materiallarından isə görünür ki, məhkəməyədək icraat zamanı sübutların toplanılması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmiş, eləcə də toplanmış sübutlar Qanunauyğun olaraq yoxlanılmış və qiymətləndirilmişdir. Müdafiəçi apellyasiya şikayətində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmadan ifadə verdiyini, ifadə verərkən hüquq və vəzifələrinin izah edilmədiyini, bu səbəbdən həmin ifadələrin sübut kimi qəbul edilməsinin mümkün olmadığını göstərmişdir. Halbuki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tanındıqdan sonra ona müdafiəçisinin iştirakı ilə şübhəli şəxsin hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş, həmin bildirişin təqdim olunmasına dair protokol tərtib edilmiş və həm bildirişin, həm də protokolun səhifələrinə şübhəli şəxs və onun müdafiəçisi tərəfindən imza edilmişdir (i.v. 82-85). Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilmiş və həmin istintaq hərəkətində də onun müdafiəçisi iştirak etmişdir (i.v. 98-100). Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qismində tanındıqdan sonra da, ona hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmiş, həmin bildirişin təqdim olunmasına dair protokol tərtib edilmiş, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin prosessual hərəkətlər həyata keçirilərkən yenə də, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı təmin edilmiş, prosessual sənədlərə həm müdafiəçi, həm də təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir (i.v. 118- 126). Bundan başqa cinayət işinin materialları ilə təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış edilmiş, bununla bağlı protokol tərtib edilmişdir (i.v. 132). Göründüyü kimi müdafiəçinin apellyasiya şikayətində göstərdiklərinin əksinə ibtidai istintaq zamanı istintaq və digər prosessual hərəkətlər həyata keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı təmin edilmiş, həmin prosessual sənədlərə həm Təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi tərəfindən müvafiq imzalar edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakının təmin edilməməsinə dair müdafiə tərəfinin heç bir sübuta əsaslanmayan dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, həmin dəlillər cinayət işinin materialları ilə təkzib olunur. Eyni zamanda aparılmış həmin prosessual və istintaq hərəkətlərinin icraatı zamanı müdafiə hüquqlarının pozulması ilə bağlı ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hər hansı bir müraciəti olmamış və bu barədə prosessual hərəkət və qərarlardan şikayət verilməmişdir. Belə olduğu halda heç bir sübuta əsaslanmayan və cinayət işinin materialları ilə təkzib olunan həmin dəlillərin əsaslı hesab edilərək cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinin şübhə altına alınması Qanunamüvafiq deyildir. Bundan başqa müdafiə tərəfi apellyasiya şikayətində tərəflər arasında mübahisənin başlanılması zamanı işlədilmiş ifadələrin məhkəmə tərəfindən təhrif olunduğunu, sübutların düzgün qiymətləndirilmədiyini iddia etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bu hərəkəti onu əsəbiləşdirmişdir. Zərərçəkmiş şəxs ayaqyoluna gedərkən onu uzaqdan səsləyərək “ay gij...q gəl kömək elə, hara gedirsən” deyə bildirmiş, sonuncu ona hər hansı cavab verməmişdir. Təxminən 3-4 dəqiqədən sonra Zərərçəkmiş şəxs işlədikləri yerə gəlmiş, bu zaman o, yanında olan Şahid1 “bu əsgərdə çatmır” sözünü demiş, Zərərçəkmiş şəxs də onun bu sözünü eşitmişdir (i.v. 98-100). Təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v. 124-126). Məhkum Təqsirləndirilən şəxs yalnız məhkəmə istintaqında öz ifadəsində həmin təhqiramiz ifadələri işlətmədiyini göstərsə də, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin mötöbərliyini şübhə altına almağa heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi kimi o, qənaətdədir ki, hadisələrin başlanmasına səbəb məhz Təqsirləndirilən şəxs işlətdiyi ifadələr olmuşdur ki, hadisələrin sonradan intensiv məcra alması hazırki nəticələrə gətirib çıxarmışdır. Daha sonra apellyasiya şikayətində verilmiş ekspertiza rəyinin mötəbərliyi mübahisələndirilmiş, lakin bununla bağlı kifayət qədər əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyinin tibbi sənədlər əsasında verilməsi Qanunun tələbinə zidd kimi qiymətləndirilə bilməz. Belə ki, hadisədən müəyyən müddət keçdikdən sonra şəxslər ekspertizaya təqdim edilərkən onların bədəni üzərində olan xəsarətlər silinə bilir. Bu kimi hallarda ekspertlər nəticəyə gələrkən ilkin tibbi sənədlərdə aparılmış qeydlər əsasında rəy verirlər. Lakin məhz bu hala istinad edərək verilmiş rəyin mötəbərliyini şübhə altına almaq qanunamüvafiq deyildir. Həmçinin qeyd etmək lazımdır ki, istər Təqsirləndirilən şəxs, istərsə də zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 3 dəfə zərbə yetirməsini inkar etmir. Belə olan halda ekspertin gəlmiş olduğu nəticəni şübhə altına alan heç bir dəlil yoxdur. İş materiallarında olan məhkəmə-tibb eskpertizasınin xx.xx.2022-ci il tarixli, 693 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol gözaltı nahiyənin hematoması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.2022) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Göründüyü kimi Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər yüngül zərərvurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs ekspertizadan 29 sentyabr 2022-ci il tarixdə, yəni hadisədən 1 ay 20 gün sonra keçmişdir. Belə olan halda hamıya məlum haldır ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin izlərinin silinməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi təbii prosesdir. Bu halda məhkəmə kollegiyası ekspertin ilkin tibbi sənədlər əsasında rəy verməsini qanunsuz və əsassız hesab etmir. Daha sonra məhkəmə kollegiyası əməlin zəruri müdafiə vəziyyətində törədilməsi dəlili ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-in 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Hazırki işin faktiki hallarından görünür ki, mübahisənin yaranmasına səbəb məhz Təqsirləndirilən şəxs hadisədən əvvəl Zərərçəkmiş şəxs arxasınca səsləyərək “ay gijd...q gəl kömək elə, hara gedirsən”, daha sonra isə Zərərçəkmiş şəxs nəzərdə tutaraq yanında olan əsgər Şahid1 “bu əsgərdə çatmır” kimi təhqiramiz ifadələr işlədərək ləyaqətini alçaltması, bundan sonra Zərərçəkmiş şəxs həmin sözü eşidib özünü təhqir olunmuş hesab edərək Təqsirləndirilən şəxs yaxınlaşaraq ona “niyə mənə söyüş söyürsən, arxamca danışırsan” dedikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş etmədiyini, arxasınca danışmadığını bildirərək, “lap lazım gələrsə üzünə deyərəm” sözünü deyərək təkrarən onu təhqir edərək ləyaqətini alçaltması olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxslə məhkum Təqsirləndirilən şəxs arasında qarşılıqlı dalaşma olmuş, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Hər bir halda dalaşan şəxslər qarşılıqlı olaraq bu və ya digər şəkildə bir-birinə xəsarət yetirir və ya hansısa zor tətbiqedici aktiv hərəkətlər edir. Belə olan halda qarşılıqlı davadalaşla zəruri müdafiə vəziyyətini eyniləşdirmək nə istintaq və məhkəmə praktikasına, nə də hüquq nəzəriyyəsinə uyğun deyildir. Hüquq nəzəriyyəsinə əsasən, dalaşan tərəflərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, məhkumla zərərçəkmiş şəxsin arasında tabelik münasibətləri olmamış, yəni onlardan biri digərinə münasibətdə rəis statusunda olmamışdır. Onlar bir-birinə münasibətdə tabelik münasibətlərində olmayan hərbi qulluqçu olmuşlar. Belə olduğu halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir işi yerinə yetirməsinə dair ona göstəriş və ya əmr vermək hüququ olmamışdır. Zərərçəkmiş şəxs ümumi olaraq verilmiş əmr və ya göstərişi icra etmədiyini görən Təqsirləndirilən şəxs bu barədə onlara faktiki olaraq nəzarət edən Şahid2 məlumat verməli, bu yolla onun kömək etməsinə nail olmalı idi. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs bunu etməmiş, öz üstünlüyünü göstərmək məqsədilə Zərərçəkmiş şəxs ünvanına müxtəlif ifadələr işlətmiş, nəticədə edilmiş hərəkətlər hazırki hadisəyə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi təsdiq olunur və sübuta yetirilir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İlkin Piriyev tərəfindən yuxarıda sadalanan hərəkət və hərəkətsizliklərə yol verilməsi, yekun nəticədə hazırki hadisənin baş verməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin apellyasiya şikayətinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində müdafiəçi məhkuma qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs tərəfindən CM-in 332.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməllərin törədilməsi tam təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan CM-in müvafiq maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibinin olmamasına dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, ibtidai istintaqda və işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Daha sonra apellyasiya şikayətində məhkuma bəraət verilməsi mümkün olmadıqda təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını) halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməklə düzgün nəticəyə gəlmiş, işin hallarını, məhkumun barəsində olan yüngülləşdirici halları kifayət qədər araşdırmış və nəzərə almışdır. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasını təyin etmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs idmançıdır, qaydasız döyüş idman növü ilə məşğul olmuşdur. O, digər hərbi qulluqçulara münasibətdə nəzakətli, təmkinli olmaq, onlara yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək yerinə, əsgər yoldaşı Zərərçəkmiş şəxs üzərində üstünlüyünü nümayiş etdirməyə, onu cəzalandırmağa çalışmış, onun sifət nahiyəsinə 3 yumruq zərbəsi vurmuşdur. Bütün bu qeyd edilən hallar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəyə CM-in 70ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Məhkəmə kollegiyası eyni zamanda təyin edilmiş cəzanın həddi ilə də razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin «06» aprel 2023-cü il tarixli, 1-1(098)-57/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «06» aprel 2023-cü il tarixli, 1-1(098)-57/2023 nömrəli hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-44/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-44/2023
13.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver