Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-56/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X17 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi X8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1-1(095)-17/2023 saylı (hakimlər V.K.Məmmədov (sədrlik edən), N.N.Hüseynli və K.N.Muxtarov) hökmü ilə xx xxxx 1990-cı ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- çavuş, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 31 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu müddət, yəni 01 (bir) gün ona təyin edilən cəza müddətinə hesablanaraq üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının atəşin idarəetmə tağımının kəşfiyyat manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, aralarında 2018-ci ildən tanışlıq münasibətlərinin olduğu Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının nevrologiya bölməsinin tibb bacısı vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin yay aylarında aralarındakı söhbət zamanı sonuncuya, heç biri tutduqları vəzifəyə və ya tanışlıq əhatəsinə görə hər hansı hərbi qulluqçunun xəstəliklə ordu sıralarından tərxis olunmasını və gələcəkdə onlara xəstəliyə (əlilliyə) görə təqaüd təyin edilməsini təşkil və ya təmin etməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadıqları halda, ayrı-ayrı hərbi qulluqçulara həmin imkanlara malik olmaları barədə qabaqcadan yalan məlumatlar verib inandıraraq, bundan sonra bununla bağlı onlara müraciət edəcək şəxslərə onların yüksək vəzifəli şəxslərin vasitəsi ilə xəstəliklə ordudan tərxis olunmaları və onlara xəstəliyə görə təqaüd təyin edilməsini təşkil və təmin edəcəklərinə dair yalan vədlər verməklə bunun müqabilində həmin şəxslərdən etibardan sui-istifadə və ya aldatma yolu ilə pul alıb həmin pulu ələ keçirməklə qanunsuz qazanc əldə etmələri barədə təklif vermiş və baş çavuş Təqsirləndirilən şəxs2 qanunsuz qazanc əldə etmək məqsədi ilə həmin təklifi qəbul edərək, bu məqsədlə çavuş Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Daha sonra Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin oktyabr ayının əvvəllərində baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarında qohumluq əlaqəsinin olduğu Tovuz şəhər sakini X9 yaxın tanışı olan Müdafiə Nazirliyinin Tovuz rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil tağmının 2-ci avtomobil manqasının baş sürücüsü, kiçik çavuş X11 və sonuncunun qohumu X6 ilə birlikdə baş çavuş Təqsirləndirilən şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evinə gələrək, kiçik çavuş E.İ.Məmmədovun ailə şəraiti ilə əlaqədar olaraq artıq xidmətini davam etdirə bilmədiyinə görə xəstəliklə əlaqədar ordu sıralarından ehtiyata buraxılmasını və tərxis olunaraq xəstəliyə görə təqaüd almaq istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman baş çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Təqsirləndirilən şəxs1lə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə kiçik çavuş E.İ.Məmmədova özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etmiş və onu keçirdiyi xəstəliklər barədə sorğu-sual edib sonuncunun hər hansı ciddi xəstəlikdən əziyyət çəkmədiyini müəyyən etdikdən sonra aralarında yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini, daha sonra isə tərxis olunaraq 6000 (altı min) manat məbləğində sığorta pulunu almasını və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini deyib və kiçik çavuş E.İ.Məmmədova maddi imkanı çatmadığı halda həmin məbləği hissə-hissə də verə biləcəyini bildirmişdir. Kiçik çavuş E.İ.Məmmədov onun dediklərinə inanıb təklifini qəbul etdikdən sonra, baş çavuş Təqsirləndirilən şəxs2 ona ilkin mərhələdə 500 (beş yüz) manat məbləğində pul və müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətini verməli olduğunu bildirmiş və kiçik çavuş E.İ.Məmmədov həmin şərti qəbul edib razılaşaraq, növbəti gün günorta saatlarında vətəndaş Ş.Z.Cəfərovla birlikdə baş çavuş Təqsirləndirilən şəxs2 evinə gəlmişdir. Orada baş çavuş Təqsirləndirilən şəxs2 ilk öncə vətəndaş Ş.Z.Cəfərovun yanında kiçik çavuş E.İ.Məmmədovdan 500 (beş yüz) manat məbləğində pul, eləcə də tapşırığı ilə gətirdiyi müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətini almış və bir qədər sonra oraya gəlmiş, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Təqsirləndirilən şəxs1 kiçik çavuş E.İ.Məmmədova Baş Klinik Hospitalda özünün tabeliyində işləyən işçi kimi təqdim edərək, gələcəkdə ordudan tərxis olunması ilə bağlı ona verməli olduğu pulun qalan hissəsini Təqsirləndirilən şəxs1 verməsini tapşırıb sonuncunun həmin pulu sonradan ona çatdıracağını, özünün isə öz növbəsində həmin pulları aidiyyəti vəzifəli şəxslərə verəcəyini bildirmişdir. Öz növbəsində çavuş Təqsirləndirilən şəxs1 baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, həmin görüş zamanı Baş Klinik Hospitalda müvafiq vəzifədə işlədiyini təsdiq edib kiçik çavuş E.İ.Məmmədova özünün istifadəsində olan 051- ***-**-** mobil danışıq nömrəsini vermiş və ona özü ilə həmin nömrə vasitəsi ilə əlaqə saxlayıb işinin həlli ilə bağlı göndərəcəyi qalan pulu deyəcəyi hesablara göndərməsini tapşırmışdır. Bundan sonra kiçik çavuş E.İ.Məmmədov 2019-cu ilin oktyabr ayından 2020- ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda hər dəfə qabaqcadan çavuş Təqsirləndirilən şəxs1lə mobil telefonla əlaqə saxlayaraq Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən «Malik Market»də və «Auro Market»də, Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən «Ailəm Market»də, Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən «Əsədoğlu Market»də, Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən «Ailəm Market»də, Tovuz rayonunun Qovlar şəhərinin Şəhriyar küçəsində yerləşən «Qovlar Market»də və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Dövlət Universitetinin qarşısında quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Təqsirləndirilən şəxs1, eləcə də sonuncunun nənəsi X3 və babası X1 adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul köçürmüş, habelə Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncuya Qazax-Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü X4 vasitəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində pul göndərmiş, yəni ümumilikdə Təqsirləndirilən şəxs1 11500 (on bir min beş yüz) manat məbləğində pul vermişdir. Bundan sonra çavuş Təqsirləndirilən şəxs1 baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirlərin görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, kiçik çavuş E.İ.Məmmədova ürək ağrısı, tənginəfəslik və ayaqlarının tutulması şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və onun vədlərinə inanmış kiçik çavuş E.İ.Məmmədov həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Anemiya yüngül dərəcə» diaqnozu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip» diaqnozu və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Kəskin bronxit orta dərəcədə. Öd kisəsinin polipi» diaqnozu ilə N nömrəli hərbi hissənin kardiologiya və ümumi terapiya bölmələrində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Təqsirləndirilən şəxs1 və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs2 verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib etibardan sui-istifadə və aldatma yolu ilə kiçik çavuş E.İ.Məmmədova məxsus ümumilikdə 12.000 (on iki min) manat məbləğində özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin oktyabr ayınının ortalarında baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarında qohumluq əlaqəsinin olduğu Tovuz şəhər sakini Ş.Z.Cəfərov istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən ona zəng edib telefonu səsucaldıcı rejimə qoyaraq kiçik çavuş E.İ.Məmmədovun və sonuncu ilə N nömrəli hərbi hissədə eyni bölükdə, mühafizə manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 onun yanında olduqlarını, əsgər E.F.Məmmədovun da xəstəliklə ordu sıralarından ehtiyata buraxılmaq və tərxis olunaraq xəstəliyə görə təqaüd almaq istədiyini deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilibbilməyəcəyini soruşmuşdur. Bu zaman baş çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi çavuş Təqsirləndirilən şəxs1lə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə əsgər E.F.Məmmədova da özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etmiş və aralarında yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini, daha sonra isə tərxis olunaraq 6000 (altı min) manat məbləğində sığorta pulunu almasını və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini bildirmişdir. Həmçinin əsgər E.F.Məmmədova maddi imkanı çatmadığı halda həmin məbləği hissə-hissə də verə biləcəyini bildirib ilkin olaraq 2000 (iki min) manat məbləbində pulu müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və hərbi qulluqçunun şəxsi vəsiqəsinin) surətləri ilə birlikdə ona çatdırması üçün Ş.Z.Cəfərova verməsini, yerdə qalan pulu isə Baş Klinik Hospitalda işləyən işçisi kimi təqdim etdiyi çavuş Təqsirləndirilən şəxs1 verməsini tapşırmışdır. Əsgər E.F.Məmmədov onun dediklərinə inanıb təklifini qəbul etdikdən sonra, vətəndaş Ş.Z.Cəfərovla 15 oktyabr 2019-cu il tarixdə günorta saatlarında Tovuz şəhərinin mərkəzində təklikdə görüşərək orada sonuncuya baş çavuş Təqsirləndirilən şəxs2 çatdırılması üçün 2000 (iki min) manat məbləğində pul, habelə özünə aid müvafiq sənədlərin surətlərini təqdim etmiş və Ş.Z.Cəfərovdan qalan pulun göndərilməsi üçün əlaqə saxlaması məqsədi ilə çavuş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil danışıq nömrəsini almış, öz növbəsində Ş.Z.Cəfərov tərəfindən elə həmin gün Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən «Ailəm Market»də quraşdırılmış «Milliön» ödəmə aparatı vasitəsi ilə çavuş Təqsirləndirilən şəxs1 hesab nömrəsinə 700 (yeddi yüz) manat məbləğində pul göndərilmişdir. Bundan sonra əsgər E.F.Məmmədov 2019-cu ilin oktyabr ayından 2020-ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda baş çavuş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş çavuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib danışaraq özünü Baş Klinik Hospitalda baş çavuş Təqsirləndirilən şəxs2 tabeliyində işləyən işçi kimi təqdim etmiş sonuncunun tapşırığı ilə Tovuz şəhərinin ərazisindəki müxtəlif marketlərdə quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Təqsirləndirilən şəxs1, eləcə də sonuncunun nənəsi F.İ.Quliyevanın və babası A.K.Quliyevin adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul köçürmüş, habelə Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncuya Qazax-Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü M.A.Əzizovun vasitəsi ilə 1700 (min yeddi yüz) manat məbləğində pul göndərmiş, yəni ümumilikdə Təqsirləndirilən şəxs1 4200 (dörd min iki yüz) manat məbləğində pul vermişdir. Bundan sonra çavuş Təqsirləndirilən şəxs1 baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirlərin görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, əsgər E.F.Məmmədova ürək ağrısı və baş gicəllənməsi şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və onun vədlərinə inanmış əsgər E.F.Məmmədov həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Qeyri-spesifik uretrit» diaqnozu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip» diaqnozu və xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Kəskin bronxit orta ağır dərəcədə» diaqnozu ilə N nömrəli hərbi hissənin kardiologiya və ümumi terapiya bölmələrində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Təqsirləndirilən şəxs1 və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs2 verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib təkrarən etibardan suiistifadə və aldatma yolu ilə əsgər E.F.Məmmədova məxsus ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, kiçik çavuş E.İ.Məmmədov və əsgər E.F.Məmmədovla eyni bölükdə, avtomobil təmiri tağımının texniki xidmət manqasının baş mexanikakumulyatorçusu vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X5 2020-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında N nömrəli hərbi hissənin ərazisində aralarındakı söhbət zamanı onların pul verməklə xəstəliklə ordu sıralarından ehtiyata buraxılacaqlarını və tərxis olunduqdan sonra təqaüd alacaqlarını eşidib, özünün də həmin yolla ordudan tərxis olunub təqaüd almaq istədiyini bildirmiş və kiçik çavuş E.İ.Məmmədovdan çavuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsini alaraq onların yanında sonuncuya zəng etmişdir. Aralarındakı həmin telefon danışığı zamanı çavuş Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, qanunsuz qazanc əldə edib varlanmaq məqsədi ilə kiçik çavuş V.C.Məhərrəmova özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həkim işləyən Təqsirləndirilən şəxs2 işçisi kimi təqdim etmiş və sonuncunun yaxın münasibətləri olan həmin hospitalın adını demədiyi polkovnik hərbi rütbəli və Tibbi Sosial Ekspert komissiyasında işləyən adını demədiyi yüksək vəzifəli şəxslərin köməkliyi ilə 13000 (on üç min) manat məbləğində pul verilməsi müqabilində onun səhhətində ciddi şikayətləri olmasa belə, bir neçə dəfə Baş Klinik Hospitalda hər hansı xəstəliklə əlaqədar stasionar müalicədə olduqdan sonra xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsini və xəstəliyə görə ona təqaüd təyin edilməsini təşkil və təmin edə biləcəyini demişdir. Kiçik çavuş V.C.Məhərrəmov onun dediklərinə inanıb təkliflərini qəbul etdikdən sonra, aralarındakı razılaşmaya əsasən, çavuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib danışaraq sonuncunun tapşırığı ilə 2019-cu ilin yanvar ayından 2020-ci ilin noyabr ayınadək olan müddət ərizində ayrı-ayrı vaxtlarda ünvan 2 ünvanında yerləşən «Fresco Market»də və Tovuz şəhərinin ərazisindəki müxtəlif marketlərdə quraşdırılmış «MilliÖn» və «E-Manat» ödəmə aparatları vasitəsi ilə Təqsirləndirilən şəxs1, eləcə də sonuncunun nənəsi F.İ.Quliyevanın və babası A.K.Quliyevin adlarına rəsmiləşdirilmiş «Kapital Bank»a məxsus kart hesablarına ümumilikdə 4000 (dörd min) manat məbləğində pul köçürmüş, habelə Təqsirləndirilən şəxs1 tapşırığı ilə sonuncuya Qazax- Tərtər avtobus marşrut xətti üzrə hərəkət edən sürücü M.A.Əzizovun vasitəsi ilə 2100 (iki min yüz) manat məbləğində pul göndərmiş, yəni ümumilikdə Təqsirləndirilən şəxs1 6100 (altı min yüz) manat məbləğində pul vermişdir. Bundan sonra çavuş Təqsirləndirilən şəxs1 baş çavuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, verdikləri vəd üzrə xeyrinə müvafiq tədbirlərin görülməsi görüntüsünü yaratmaq məqsədi ilə, kiçik çavuş V.C.Məhərrəmova ürək ağrısı şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsini tapşıraraq, bununla bağlı ona xidmət yerinə yaxın olduğuna görə Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə (hərbi hospitala) göndəriş veriləcəyini və həmin şikayətlərlə hospitalda stasionar müalicəyə qəbul olunacağını, bir neçə dəfə bu şəkildə stasionar müalicədə olduqdan sonra isə sənədlərinin Baş Klinik Hospitala təqdim olunacağını və bundan sonra onun xəstəliklə ordu sıralarından ehtiyata buracılacağını bildirmiş və onun vədlərinə inanmış kiçik çavuş V.C.Məhərrəmov həmin qaydada xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Neyrosirkulyator asteniya kardial tip. Açıq dişləm birinci dərəcə» diaqnozu ilə N nömrəli hərbi hissənin kardiologiya bölməsində stasionar müalicədə olsa da, sonrakı tarixlərdə çavuş Təqsirləndirilən şəxs1 və onunla bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş baş çavuş Təqsirləndirilən şəxs2 verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə kiçik çavuş V.C.Məhərrəmova məxsus ümumilikdə 6100 (altı min yüz) manat məbləğində özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilərək, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının daha yuxarı həddə təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini nəzərə almamış və məhkumun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs1 dəfələrlə məhkəmə iclaslarında iştirak etməkdən boyun qaçırmış, yalnız barəsində həbs qətimkan tədbiri seçilməklə, axtarış elan olunduqdan və həbs edildikdən sonra onun məhkəmə iclaslarında iştirakı təmin edilmişdir. Bu bir daha onun islah olunmaq yolunda olmadığını və peşmançılıq hissi keçirmədiyini göstərir. Məhkəmə məhkumun şəxsiyyətini araşdırarkən, obyektiv mövqe tutmamış, Təqsirləndirilən şəxs1 komandanlıq tərəfindən müsbət səciyyələndirildiyinə tənqidi yanaşmamış, bunun törədilmiş cinayətin xarakteri və məhkumun şəxsiyyəti ilə uzlaşmadığına düzgün qiymət verməyərək, cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 üç epizod üzrə üç zərərçəkmiş şəxs ümumilikdə 23000 manat miqdarında ziyan vurmuş, həmin ziyanı ödəməmiş və ödəmək fikrində olmamışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya protesti ilə razı olmadığını bildirdi və qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 ailədə yeganə qazanc gətirən şəxsdir, eləcə də 2 azyaşlı uşağı onun himayəsindədir. İİ Qarabağ müharibəsi zamanı döyüşmüş və yaralanmışdır. Buna görə apellyasiya protestinin təmin edilməməsini, hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində araşdıran məhkəmə kollegiyası cinayət prosesinin tərəflərini dinləyib hesab edir ki, hökm cəza hissəsində dəyişdirilməlidir. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya protestinin dəlillərindən, habelə ittiham və müdafiə tərəfinə aid proses iştirakçılarının mövqeyindən aydın olur ki, ittiham tərəfi əsasən cəza məsələsini mübahisələndirmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının daha yuxarı həddə təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cəza məsələsinə keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifi mübahisələndirilməsə də kollegiya CPM-nin 397-ci maddəsinin tələbləri baxımından əməlin tövsifi məsələsini yoxlamış və istintaq orqanının və birinci instansiya məhkəməsinin tövsiflə bağlı hissədə düzgün nəticəyə gəldiyini müəyyən etmişdir. Apellyasiya protestinin dəlillərinə uyğun olaraq kollegiya cəza ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab etmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılmasının səbəb və əsasları barədə qeyd etməyi zəruri hesab edir ki, işin hallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs1 törətdiyi əməl nəticəsində üç şəxsə 23000 manat ziyan dəymişdir. Eləcə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etməklə düzgün nəticəyə gəlməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmaması və zərərçəkmiş şəxslərə dəymiş ziyandan heç bir məbləğ ödəməməsi onun islah olunmadığını göstərir. Belə ki, həm cinayət qanunun müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbətyönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Belə ki, apellyasiya instansiyasında araşdırma zamanı tərəflərin izahatlarından görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət etməmiş və zərərçəkmişlərlə barışığa cəhd belə etməmişdir. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkuma yüngül cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar yüngül cəza təyin edilməsi ilə bağlı inam yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3 -cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, törədilən əməl üzrə aşağı həddə cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, hökm cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddə üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 3 il həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1-1(095)-17/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 3 (üç) il həddində müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-56/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-56/2023
03.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver