Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-7/2024 02.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X7 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət 333.1, 333.4, 234.1 və 328.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 saylı hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 saylı hökmü ilə (hakim Əhməd Sarıyev) xx.xx.2002-ci il tarixdə Lənkəran rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, N nömrəli hərbi hissənin keçmiş hərbi xidmət hərbi qulluqçusu, ünvan 1 ünvanında daimi qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1, 333.4, 234.1 və 328.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 328.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-nin 333.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-nin 333.4-cü maddəsi ilə 7 (yeddi) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-nin 234.1ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə cəzasının şərti hesab olunması, sınaq müddəti ərzində onun davranışına nəzarətin hərbi qulluq keçdiyi hərbi hissənin komandanlığına, hərbi xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması, hərbi xidmət müddətində nümunəvi xidmət etmək, hərbi xidmət müddətini başa vurduqdan sonra davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, narkomaniyadan ambulator qaydada müalicə kursu keçməyin ona bir vəzifə olaraq həvalə olunması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 saylı hökmündən dövlət ittihamçısı X4 apellyasiya protesti verərək hökmün CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə və təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X5 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə əməlində cinayət tərkibi olmadığından ittiham olunduğu CM-in 333.1, 333.4 və 328.1-ci maddələri ilə bəraət verilməsini, CM-in 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həbsdə saxlanıldığı müddətin nəzərə alınaraq onun həmin cəzadan azad edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Ç.B.Məmmədov, hakimlər E.İ.Xasməmmədov və S.B.Hüseynov) 24 oktyabr 2022-ci il tarixli, 1(104)-56/2022 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 nömrəli hökmü apellyasiya prosestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 1(104)-56/2022 saylı qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və N.R.Mövsümov) 26 aprel 2023-cü il tarixli, 1- 1(102)-28/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 1(104)-56/2022 saylı qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunda dislokasiya olunmuş N №-li hərbi hissəsinin 3-cü tabor, 9-cu bölük, 2-ci taqım, 2-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 13:40 radələrində xidmət yerini özbaşına tərk edərək yaşadığı Lənkəran şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş, xx.xx.2021-ci il tarixdə hərbi polis tərəfindən saxlanılaraq hərbi hissəsinə təhvil verilmişdir. Bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa, Məhkum xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2021-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Bundan başqa, Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş və xx.xx.2021-ci il tarixdə Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər Baş polis idarəsinin müvəqqəti saxlanma təcridxanasına təhvil verilmişdir. Bununla da o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində bir aydan artıq, lakin üç aydan çox olmayaraq, xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa, Məhkum xx.xx.2021-ci il tarixdə satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıda” təsbit olunmuş naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik maddəni- 0,242 qram metamfetamin və 0,34 qram qurudulmuş marixuananı qanunsuz olaraq daşıyaraq üzərində saxlamışdır. Bundan başqa, Məhkum yuxarıda göstərilən vəzifədə və rütbədə həmin hərbi hissəsinin ərazisində hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə ona rəis hesab olunan 3-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant X1 9-cu bölüyün nəzarətində olan «Murov zirvəsi» adlanan yüksəklikdə yerləşən xidmət yerinə getməsi barədə qanuni əmrini yerinə yetirməkdən açıqcasına imtina etməklə V.Həsrətovun taborda nüfuzunun sarsılmasına, digər əsgərlərdə də onun əmrlərinə, qanunların tələblərinə qarşı laqeydlik yaranmasına, həmçinin, həmin yüksəkliklərdə xidmətin təşkilində, komplektləşdirmədə bir sıra çətinliklər yaranmasına gətirib çıxaran hərəkətlər etməsi nəticəsində hərbi xidmət mənafelərinə mühüm zərər vurmuşdur. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət itttihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, şərti məhkum etmə ilə bağlı çıxarılmış bu hökm hüquqi əsas kimi bütünlüklə məhkəmə tərəfindən təqsirdəndirilən şəxsin səmimi peşmançılığına söykənmişdir. Halbuki, bu kökündən yanlış mövqe olmuş, işin halları ilə daban-dabana ziddiyət təşkil edir. Belə ki, CM-in 234.1-ci maddəsi istisna olmaqla, digər maddələrlə özünü təqsirli bilməyən Məhkum səmimi peşmançılığının nədə ifadə olunmasını məhkəmə heç cür hökmdə açıqlaya bilməmiş və ya bunu bacarmamşdır. Məhkum hərbi xidmət əleyhinə törətdiyi əməllərdən heç birinə görə özünü təqsirli bilməyərək hərbi hissə komandanlığını ona qarşı laqeyd münasibətdə ittiham etmiş, xidmət etmək arzusunda olmadığını bildirmişdir (bu hal hətta valideyninin ifadəsi ilə də təsdiq olunur). Təqsirləndirilən şəxsin xidmət yerini dəfələrlə özbaşına tərk etməsi, bu əməlləri ilə bağlı barəsində cinayət işi istintaq olunsa da, çağırışlarada gəlməyərək sonuncu dəfə əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaq orqanına təqdim olunması, məhkəmə istintaqında da hərbi xidmətə həvəsinin olması ilə ifadə verməməsi məhkəmənin bu mövqeyinə əks olan tutarlı sübutlardır. Məhkəmə istintaqında səsləndirilmiş ifadələrdə Məhkum xidmət etmək arzusunda olması ilə bağlı heç bir fikir diqqəti cəlb etmədiyi və yuxarıda sadaladığımız xüsusatlar olduğu halda, məhkəmə yalnız özünə bəlli olan səbəblərdən bu iddianı irəli ataraq şərti məhkumetmənin əsası kimi qeyd etmişdir. Hökmə nəzər yetirdikdə, təqsirləndirilən şəxsin həm də CM-n 328.1, 333.1. 333.4-cü maddələri ilə deyil, yalnız həmin Məcəllənin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilməsi qənaəti yaranır. Şərti məhkumetməni uğursuz olsa da, əsaslandırmağa çalışan işə baxan hakim Məhkum narkomaniyadan artıq əzab çəkməməsini, 7 ay həbsdə saxlanılmasını, bu müddət ərzində həbsdə saxlama yerində kamera yoldaşları ilə ünsiyyət qurmağı bacarmasını, eyni zamanda daxili rejm qaydalarının tələblərinə və təcridxana əməkdaşlarının göstərişlərinə əməl etdiyi üçün həbsdə saxlama yerinin müdiriyyəti tərəfindən müsbət xasiyyətləndirilməsini önəmliklə vurğulamışdır. Nə qədər qəribə olsa da, bir o qədər də qanunsuz mövqe nümayiş etdirən hakim Əhməd Sarıyev Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən Vətəni müdafiə kimi bir vəzifə daşıyan əsgərin birbaşa tabeliyində olan komandirinin əmrini icra etməməsinə, hərbi xidmətkeçmənin qaydalarını tənzimləyən müvafiq hərbi nizamnamələrin, əmrlərin və təlimatların tələblərinə riayət etməməsinə, xidmət zamanı intizamsızlığı ilə diqqət çəkməsinə (cinayət əməlləri ilə yanaşı 7 dəfə intizam qaydasında cəzalandırılıb), nəhayət hərbi hissə komandanlığı tərəfindən mənfi xasiyyətləndirilməsinə təndqini yanaşmamış, ümumiyyətlə hüquqi əhəmiyyət verməkdən yan keçmişdir. Bunlardan əlavə digər bir məqama baxdıqda hakimin nə qədər «hümuanist» olması bir daha diqqət çəkir. Təqsirləndiirlən şəxsin əmrini icra etmədiyi rəisi hesab olan 3-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant Vüsal Həsrətovla barışmaması, hətta onunla barışmağa cəhd etməməsi, məhkəmə istintaqının gedişində də zərərçəkmiş şəxsin ona qanun çərçivəsində cəza təyin edilməsini xahiş etməsi kimi mühüm amillərə hakim görməzdən gəlmişdir. Hərbi hissədə intizamsızlıq etmiş və dəfələrlə hərbi xidmət əleyhinə cinayət törətmiş, ümumbəşəri bəla olan narkomaniyadan əziyyət çəkmiş şəxsin (onun tərəfindən narkotikin hərbi hissədə təbliğinin aparılması halı istisna olunmur!!!), ən əsası hərəkəti ilə birbaşa rəisini şəxsi heyət arasında nüfuzdan salmış, hətta buna görə üzrxahlıq etməyərək özünü təqsirli bilməmiş, dolayısı ilə «düz etmişəm» iddiasında olan əsgərin şərti məhkum edilərək yenidən xidmət yerinə qaytarılması hərbi məhkəmənin hakiminin Ordu quruculuğuna, Müzəffər Ordumuza «töhfəsi» kimi qəbul edilməlidir. Yuxarıd qeyd olunanlardan bir daha açıq-aşkar aydın olur ki, bu hökm cəzanın məqsədinə xidmət etməyən, hərbi hissədə nizam-intizamın aşağı düşməsinə, yuxarı komandanlığa qarşı sayqısızlığın təşəkkül tapmasına rəvac verən prosessual sənəddir. Məhkəmə, təqsirləndirilən şəxsin 7 ay həbsdə saxlanılmasını özəlliklə qabardaraq bu müddəti faktı sonuncunun təyin olunacaq 1 il azadlıqdan məhrum etmə cəzasının yarısından çox çəkməsi kimi dəyərləndirmişdir. Təqsirdəndirilən şəxsin ittiham olunduğu 4 maddə üzrə cəmi 1 il azadlıqdan məhrum etmə cəzasının təyini, hökmdəki bu əsaslandırmaya görə elə hakimin əvvəlcədən hazırladığı planına, cəzanın yarısından çox çəkilməsinin vurğulanmasına hesablanan addım olmuşur. Bu hissədə məhkəmə şərti məhkumetmə təyininə qanuni don geyindirmək üçün hüquq tətbiqetmə praktikasında digər bir «yenilik» yaratmağa çalışmışdır. Hökmdə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətmiş şəxslər təyin olunmuş cəzanın azı yarsını çəkdikdən sonra və onun cəzasının qalan hissəsini çəkməsinə lüzum qalmadığı məhkəmə qaydasında müəyyən edilərsə məhkum cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad oluna bilər. CM-nin göstərilən maddəsi, barəsində hökm çıxarılaraq artıq məhkum olunmuş şəxslərə aid olsa da, qanunvericinin cəzasının yarıdan çoxunu çəkmiş şəxslər barəsində humanist mövqeyni əks etdirməklə yanaşı, həm də cəzasının yarıdan çoxunu çəkmiş şəxslərin artıq islah olunduqlarına əminliyini, bu səbəbdən onlaırn cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasınını mümkünlüyü barədə mövqeyini ifadə edir. Məhkəmə burada qanunlara şərh vermək səlahiyyətli olmadığını unutmuş, CM-in 76-cı maddəsi ilə 70-ci maddədə uzlaşma axtarmaqla qanunsuz analogiya aparmağa cəhd etmişdir. İşə baxan hakim bu hökmün bu hissəsində bir qədər də irəli gedərək əməllərini etiraf etməyib peşmançılıq hissi olmayan təqsirləndirilənin artıq islah yoluna qədəm qoymasını xüsusilə qeyd etmişdir. Buradan bir daha aydın olur ki, cəzanın yarısından çoxunun çəkilməsi və Məhkum islah yoluna qədəm qoyması ilə bağlı hökmdəki əsaslandırmalar məhz hakimin əvvəldən qurduğu subyektiv baxışı ilə şərtlənmiş, işin halları ilə uyğun olmamış, əksinə işin faktiki hallarına, təqsirəndirilənin şəxsiyyətinə tamamilə ziddiyət təşkil emiş, çoxsaylı təkzib sübutları olsa da, təqsirləndirilən şəxsin artıq islah yoluna başlanmasının müəyyən edilməsi isə yəqin ki, hakimin ona vizual baxışı zamanı üz cizgilərindəki ifadələrin təhlilinin nəticəsi olmuşdur. Məhkum törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyindən biridə ondan ibarətdir ki, o, narkotik vasitələri qəbul etməkdən başqa xidmət yerinə də gətirmiş və xidmət yoldaşlarının yanında qəbul etməklə onlara pis nümunə olmuşdur. Bu hal cinayətlərin ən təhlükəlisi hesab edilir və təhlil edilən əmələrin törədiməsi Silahlı Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabliyyətinin zəifləməsinə səbəb olur. Beləliklə qeyd olunanlara əsasən, Tərtər hərbi məhkəməsinin Məhkum CM-in 234.1, 328.1, 333.1 və 333.4-cü maddələri ilə məhkum edilməsinə dair 19 may 2022-ci il tarixli hökmü, CM-nin 70-ci maddəsi tətbiq olunması barədə müddəanın hökmdən xaric olunmaqla cinayət qanununun müddəalarına uyğun ona azadlıqdan məhrumetmə ilə bağlı cəza növü təyin edilməklə dəyişdirilməlidir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibi olmamışdır. Belə ki, təqsirləndiilən şəxsin atası vəfat etdikdən sonra 16 yaşından mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş, bunun nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, hərbi qulluğa çağırılarkən və qulluq dövründə bu xəstəlyini gizlətmiş, lakin narkomaniyadan asılı olduğundan dözə bilməyərək narkotik vasitə qəbul etmək üçün mütəmadi olaraq hərbi hissəni özbaşına tərk etmiş, hətta hərbi hissəyə narkotik vasitə gətirmiş, özünə xəsarətlər yetirmişdir. İş üzrə keçirilmiş espertiza rəyi ilə onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin hərbi hissəni özbaşına tərk etməsi, özünə xəsarət yetirməsi ona dəlalət edir ki, onda narkomaniya xəstəliyindən yaranmış pozuntular olmuş, yəni hərbi xidmətə yararsız olmuşdur. Belə olan halda onun hərbi cinayətlərin subyekti olubolmamasının aydınlaşdırılması zərurəti yaranır. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağrılmalı olmayan şəxslər hərbi qulluqçu statusu əldə etmirlər. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bu hala diqqət yetirilməmiş, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, özünə xəsarətlər yetirməsi, digər hərbi qulluqçularla dalaşması, habelə narkotik asılılığı ilə əlaqədar ruhi pozuntuya dəlalət edən digər halların olması nəzərə alınmamış, onun hərbi cinayətlərin subyekti olmaq məsələsi araşdırılmamışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin belə bir cinayət törətməsi ittiham tərəfinin təqdim etdiyi sübutlarla təsdiq olunmamış və məhkəmə iclasında belə bir mötəbər sübutlar əldə olunmamışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən bu hallar nəzərə alınmamış, nəticədə qanunsuz və ədalətsiz hökm çıxarılmışdır. Ona görə də hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından ittiham olunduğu CM-in 333.1, 333.4 və 328.1-ci maddələri ilə bəraət verilməsini, CM-in 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həbsdə saxlanıldığı müddətin nəzərə alınaraq onun həmin cəzadan azad edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, apellyasiya şikayətinə etiraz etdi, protestdə göstərilən məzmunda çıxış etdi, protestini təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxsin cəza çəkmədən islah edilməsini mümkün hesab edib onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməsi cəzanın məqsədlərini təmin edə bilməz. Göstərilənlərə əsasən, hökmün CMin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə və təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 234.1 və 333.4-cü maddələr üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, eyni zamanda təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 333.1 və 328.1-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən qanunamüvafiq qərar qəbul edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya protestinə etiraz etdilər, apellyasiya şikayətini müdafiə edərək Məhkum ittiham olunduğu CM-in 333.1, 333.4 və 328.1-ci maddələri üzrə təqsirliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından ittiham olunduğu CM-in 333.1, 333.4 və 328.1-ci maddələri ilə bəraət verilməsini, CM-in 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həbsdə saxlanıldığı müddətin nəzərə alınaraq onun həmin cəzadan azad edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxs barəsində şərti məhkumetmənin tətbiqinin əsassız olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması barədə müddəanın hökmdən xaric edilməsindən, apellyasiya şikayətinin dəlilləri isə təqsirləndirilən şəxslərə ittiham olunduğu CM-nin 333.1, 333.4 və 328.1-ci maddələri üzrə bəraət verilməsindən, CM-nin 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin və apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddələr üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddələr ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəza hissəsində dəyişdirilməlidir. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi xahiş edilmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-in 8.1, 9.2, 41.2, 58, 59 və 61-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları (Məhkum gənc olmasını, xidmətini davam etdirmək arzusunda olmağını, əməlindən səmimi peşmanlıq çəkməsini, həbsdə saxlandığı yerin müdriyyəti tərəfindən müsbət xarakterizə olunduğunu, ailə vəziyyətini, yəni atasının vəfat etməsini, beləliklə natamam ailədə böyüməsini, digər ailə üzüvlərinin yalnız anasının himayəsində olmaqla ağır ailə şəraitinin olmasını) və cəzasını ağırlaşdıran halı (cinayətin təkrar törədilməsini), habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, məhkumun törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Belə ki, məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası bu halı xüsusilə vurğulamağı zəruri hesab edir ki, Məhkum törətdiyi cinayət əməli ictimai təhlükəliliyə malik olan əməl olmaqla Silahlı Qüvvələrdə mövcud olan hüquq qaydasına ciddi zərər vurur, hərbi intizamı zəiflədir, şəxsi heyətin döyüş hazırlığını və döyüş qabiliyyətini pozur. Belə halların mövcudluğu isə öz növbəsində qoşun hissələrində nizam-intizamın aşağı düşməsinə səbəb olur, şəxsi heyətdə normal qarşılıqlı münasibətlərin inkişafına zərər vurur. İşin bu halı təqsirləndirilən şəxsin və onun törətdiyi əməlin ictimai təhlükəliliyini artıran haldır və məhkuma bu qaydada güzəşt edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərini təmin etməyəcəkdir. Məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin təsir gücünün məhkumun islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və şərti məhkumetmənin tətbiqinə dair müddəaların hökmdən çıxarılması qənaətinə gəlinməsinə məhkəmə kollegiyasına əsas verir. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-in 41.2-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün cəzanın real olaraq çəkilməsinə zərurət aradan qalxır. Belə hallarda cəzanın real olaraq çəkilməsinə lüzum qalmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən halları Məhkum islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və şərti məhkumetmənin tətbiqinə dair müddəalar hökmdən çıxarılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində cinayətlərin təsnifatı müəyyən edilmiş, əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölündüyü təsbit olunmuşdur. CM-nin 15.2-ci maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, təqsirləndirilən şəxs Məhkum qarşı elan olunmuş ittiham üzrə CM-nin 328.1 və 333.1-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Apellyasiya məhkəməsində işə baxılarkən müəyyən edildi ki, Məhkum CM-nin 328.1 və 333.1-ci maddələri ilə olan cinayət əməllərini 2021-ci ilin aprel ayında törətmişdir ki, həmin vaxtdan hazırki vaxtadək 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.1 böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2 az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3 ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4 xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş, davam edən və ya uzanan cinayətlər üçün fərqli qayda müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 15, 75 maddələrinin birgə təhlilindən görünür ki, təqsirləndirilən şəxs Məhkum qarşı elan olunmuş CM-nin 328.1 və 333.1-ci maddələri üzrə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və bunun üçün iki il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan, cinayət əməllərinin törədildiyi gündən hazırki günədək iki ildən artıq müddət keçdiyindən qeyd olunan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. İş materiallarından və məhkəmə iclaslarındakı izahatlarından görünür ki, təqsirləndirilən şəxs Məhkum onaistinad edilən CM-nin 328.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini etiraf etməmiş və cinayət məsuliyyətinə cəlb etməmüddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsini xahiş etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi CM-nin 328.1 və 333.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr üzrə ona cəza təyin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu CM-nin 328.1, 333.1 və 333.4-cü maddələri üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkum istinad olunan CM-nin 328.1, 333.1 və 333.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin ifadələri və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1, 333.1 və 333.4-cü maddələri dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxsin CPM-in 91ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs CM-nin 328.1, 333.1 və 333.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, iş üzrə araşdırılmış sübutlardan göründüyü kimi Məhkum müddətli həqiqi hərbi xidmətdə olarkən üç gündən artıq, lakin on gündən çox olmayaraq, bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmiş, naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və istehlak miqdarından artıq olmayan miqdarda narkotik maddəni qanunsuz olaraq daşıyaraq üzərində saxlamış, rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri yerinə yetirməkdən açıqcasına imtina edərək, hərbi xidmət mənafelərinə mühüm zərər vurmuşdur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Məhkum ittiham olunduğu CM-in 328.1, 333.1 və 333.4-cü maddələri ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu CM-in 328.1, 333.1 və 333.4-cü maddələri üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Məhkum həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum ittiham olunduğu CM-nin 234.1-ci maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların olmasına baxmayaraq hökmdə məhz nəyə görə onun barəsində azadlıqdan məhrum etmə cəzasının seçilməsini konkret sübutlarla əsaslandırmamışdır. İş materiallarından görünür ki, Məhkum ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətmişdir, cinayət əməlini qismən etiraf edib əməlindən səmimi peşman olduğunu bildirmişdir, narkomaniyadan məcburi müalicə zərurəti aradan qalxmışdır, bir daha belə hərəkətlərə yol verməyəcəyəni dair vəd vermişdir, cinayətin törədilməsindən xeyli müddət keçmişdir, hazırda ordu sıralarından tərxis olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ittiham olunduğu CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi üçün onun barəsində olan yüngülləşdirici hallar kimi qanuni əsaslar vardır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma CM-nin 333.4-cü maddəsi ilə cəza təyin edərkən barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 2-3-cü bəndində göstərilir ki, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Göründüyü kimi CM-in 333.4-cü maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzasının təyin edilə bilməsi göstərilmişdir. Məhkum həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan və hərbi qulluqçu statusuna malik olmadığından artıq ona intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilə bilmədiyindən, eləcə də onun barəsindəki cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ona daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 2-3-cü bəndinin tələblərinə uyğun olaraq onun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsi tətbiq edilməməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin hökmü təyin olunmuş cəzaya aid hissədə dəyişdirilərək, Məhkum azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Məhkəmə kollegiyası Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gələrkən onun şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyinə təsir göstərən cinayətin törədilməsi zamanı məqsədini, ailə vəziyyətini, həmçinin məhkəmə iclasında davranışlarını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, törədilmiş cinayətə görə az ciddi cəza növünün tətbiqinin mümkün olub-olmamasını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq və ədalətlidir. İşdə olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Məhkum 20 oktyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və aiddiyyəti üzrə təhvil verilmişdir. İşdə olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Məhkum 31 yanvar 2024-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və aiddiyyəti üzrə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.8.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi Məhkum həbsdə saxlama müddəti onun həbsdə olduğu 6 ay 29 gün və apellyasiya məhkəməsinin qərarı ilə axtarışla tutularaq həbsdə olduğu 3 gün- cəmi 7 ay 2 gün təşkil edir. Ona CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasının icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli Məhkum həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə kollegiyası Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəldiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, saxlamaq, daşımaq, göndərmək, istehlak etmək və satmaqdan çəkinmək və bu hərəkətlərə yol verməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməli, hökmdən CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməli, Məhkum təqsirli bilindiyi CM-in 234.1 və 333.4-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təqsirli bilindiyi CM-nin 328.1 və 333.1-ci maddələri ilə ona cəza təyin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət 333.1, 333.4, 234.1 və 328.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(098)-44/2022 saylı hökmü məhkuma təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1 və 333.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr üzrə CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza təyin olunmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 20 oktyabr 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək həbsdə saxlandığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün və 31 yanvar 2024-cü il tarixdən 2 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Məhkum üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Məhkum üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, saxlamaq, daşımaq, göndərmək, istehlak etmək və satmaqdan çəkinmək və bu hərəkətlərə yol verməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-7/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-7/2024
02.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver