Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-9/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və X2 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1-1(098)-96/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1-1(098)-96/2023 nömrəli (sədrlik edən İlqar Quliyev) qərarı ilə 09 avqust 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Məhəmməd Füzuli küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan, N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluçusu, əsgər, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmiş Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin ləğv edilməsi qərara alənmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci taborunun rabitə taqımının radiotelefon manqasında radiotelefonçu vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində əsgər yataqxanasında sağ ayağı çarpayıya dəyərək xəsarət alması səbəbindən 18 dekabr 2021-ci il tarixdə ona 20 günlük məzuniyyət verilmiş, 07 yanvar 2022-ci il tarixdə məzuniyyət müddəti bitdiyi üçün Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə gəlmiş, tibb məntəqəsinin rəisi tibb xidməti baş leytenantı X1 tərəfindən ona xidmət yerinə qayıdanadək hərbi hissənin tibb məntəqəsində müayinə olunaraq qalması ilə bağlı icazə verilmişdir və xidmət yerinə qayıdanadək hərbi hissənin tibb məntəqəsində qaldığı zaman 09 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində növbətçi həkimin icazəsi ilə tibb məntəqəsinin daimi heyəti üçün ayrılmış yataq otağında yatdığı zaman, həmin vaxt yeni təyin olunmuş növbətçi tibb məntəqəsinin feldşeri, gizir Zərərçəkmiş şəxs ona irad bildirib, gedib palatada yatmasını demiş, o, isə növbətçi həkimdən icazə aldığını, xəstələrin palatasından xoşagəlməz qoxu gəldiyindən orada yatmaq istəmədiyini gizir Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs yenidən ona irad bildirərək hazırda tibb məntəqəsində növbətçi özünün olduğundan burada yatmasına icazə vermədiyini demiş, təxminən 15 dəqiqə sonra onun həmin otaqda yatmaqda davam etdiyini görüb yenə irad bildirərək xəstələr üçün ayrılmış palataya keçməsini tələb edərək növbətçi həkimin otağına getmişdir. Təqsirləndirilən şəxs gizir Zərərçəkmiş şəxs arxasınca gedib sonuncuya “Niyə imkan vermirsiniz istirahət edim” deyərək sistem köçürmək üçün istifadə olunan ştativi götürüb Zərərçəkmiş şəxs başına vurub ona sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “təpə nahiyəsinin yumşaq toxumalarının əziyi” xəsarətini yetirmişdir. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlini CM-nin 330.1-ci maddəsi ilə qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti verərək cinayət təqibinə xitam verilməsi barədə Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilmsəini və Təqsirləndirilən şəxs CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Lakin nəzərə alınmalıdır ki, CM-nin 330.1-ci maddəsində nəzərdə tutulan əməllər hərbi xidmət əleyhinə olan cinayət kateqoriyasına aiddir. Bu cür cinayətlərin obyekti-şəxsiyyətin sağlamlığı ilə yanaşı, həm də hərbi xidmətçəkmənin nizamnamə qaydalarıdır. CM-nin 330.1-ci maddəsində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab edilsə də, cinayətin digər bir obyektinin (hərbi xidmətkeçmənin nizamnamə qaydaları) mövcudluğu CM-nin 73.1-ci maddəsinin tətbiq olunmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Hazırki qərarı qəbul edən məhkəmə isə, qərarın təsviri-əsaslandırıcı hissəsində CM-in 330.1-ci maddəsində nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını dəfələrlə vurğulamaqla, hadisənin əhəmiyyətini azaltmağa və diqqətin, yüksək intizam tələb olunan bir sferada, yəni Silahlı Qüvvələrdə hərbi nizamnamə tələbləri çərçivəsində rəisin verdiyi əmr və tapşırıqlar əsasında xidmətini qurmağa borclu olan şəxsin məhz rəisə qarşı zorakılığının hərbi xidmət əleyhinə cinayətlər arasında hansı səviyyədə təhlükəli olmasından yayındırmağa çalışmışdır. Qeyd etmək yerinə düşər ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenant X4 CM-in 329.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilərək məhkumun zərərçəkmiş şəxslə barışması ilə əlaqədar CM-in 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən də yuxarıda qeyd etdiyi əsaslarla hərbi xidmət əleyhinə olan cinayətlərlə bağlı bu normanın tətbiqinin mümkün olmaması mövqeyi ortaya qoyulmuş və 12 aprel 2023-cü il tarixli qərarla şikayət təmin edilməmişdir. Hazırki iş üzrə baxan məhkəmə qərarda digər bir normaya da istinad etmişdir. Belə ki, CM-nin 74-cü maddəsi yəni şəraitin dəyişməsi ilə bağlı cinayət işinə xitam verilməsidə göstərilmişdir. Qərarda qeyd olunmuşdur ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən "təpə nahiyəsinin yumşaq toxumalarının əziyi" xəsarəti yetirilməsinin səbəb vermə şəraitini, bundan sonra təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsin barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi cəzadan azad edilməsi barədə müraciətini və bundan sonra keçən müddət ərzində təqsirləndirilən şəxs barəsində bu hərəkətlə bağlı intizam qaydasında həbs olunaraq, intizam məsuliyyətinə cəlb olunmasını, həbsdən qayıtdıqdan sonra xidmət zamanı xəsarət alaraq uzun müddət stasionar şəraitdə müalicə olunmasını, ehtiyyata tərxis olunaraq, pozulmasına səbəb olduğu ictimai münasibətlər dairəsindən çıxdığını, mülki həyatda faydalı əməklə məşğul olmasını və hadisədən keçən 1 il 5 ay ərzində yalnız müsbət xasiyyətləndirilərək, hadisənin törədilmə şəraiti və bundan sonra keçən müddət ərzində şəraitin dəyişməsi və Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən yuxarıda sadalanan amillər törədilmiş əməlin və bu əməli törətmiş Təqsirləndirilən şəxs artıq şəxsiyyətinin ictimai təhlükəli olmamasını təsdiq edən hallar olduğunu nəzərə alaraq CM-nin 74-cü maddəsi tətbiq olunmalıdır. CM-nin 74-cü maddəsi, yəni şəraitin dəyişməsi elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini-ictimai təhlükəliliyini itirir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestinə dəyişiklik edərək Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində CM-nin 330.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllləsinin 39.1.3 və 40.2-ci maddələrinə müvafiq olaraq cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə dəyişikliyin qəbul edilməsini, Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində CM-nin 330.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllləsinin 39.1.3 və 40.2-ci maddələrinə müvafiq olaraq cinayət təqibinə xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməklə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, CM-nin 330.1-ci maddəsində nəzərdə tutulan əməllər hərbi xidmət əleyhinə olan cinayət kateqoriyasına aiddir. Bu cür cinayətlərin obyekti-şəxsiyyətin sağlamlığı ilə yanaşı, həm də hərbi xidmətçəkmənin nizamnamə qaydalarıdır. CM-nin 330.1-ci maddəsində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab edilsə də, cinayətin digər bir obyektinin (hərbi xidmətkeçmənin nizamnamə qaydaları) mövcudluğu CM-nin 73.1-ci maddəsinin tətbiq olunmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Lakin birinci instasniya məhkəməsi tərəfindən cinayətin digər bir obyektinin hərbi xidmətkeçmənin nizamnamə qaydalarının olması nəzərə alınmamışdır. CM-nin 74-cü maddəsi, yəni şəraitin dəyişməsi elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini-ictimai təhlükəliliyini itirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ordu sıralarından təxris olunaraq ehtiyata buraxılması törətdiyi cinayətin ictimai münasibətlər dairəsindən çıxmasına və ictimai təhlükəliliyinin aradan qalxmasına səbəb ola bilməz. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs rəisə qarşı dəmir alətdən istifadə etməklə hazırki əməli törətmiş və şəxsin CM-nin 74-cü maddəsinə əsasən məsuliyyətdən azad olunması cəzasızlıq mühitinin yaranmasına və hərbi qulluqçular arasında intizamsızlığa gətirib çıxara bilər. Eyni zamanda məhkəmə kollegiyası CPM-in 397-ci maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə CM-in 330.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, qeyd olunan cinayət əməli 29 oktyabr 2020-ci il tarixdə törədilmişdir. CM-nin 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 330.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmaqla, cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayətin törədildiyi vaxtdan 2 il təşkil edir. CPM-nin 39.1-ci və 39.1.3-cü maddələrində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçnin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çxarmaqda haqlıdır. CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı CPM-in 403-cü maddələrinin tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, təqsirləndirilən şəxsin CM-nin 330.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1-1(098)-96/2023 nömrəli qərarı ləğv edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-9/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-9/2024
15.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver