Məhkəmə qərarları › İş №1-1(105)-17/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(105)-17/2022

03.08.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1-1(105)-17/2022 03.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1 və 335.1-cimaddələriilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin SDS-68/2022 saylı, 11 may 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Hərbi Məhkəməsinin 109/2003 saylı, 31 mart 2003-cü il tarixli hökmü (hakim Ə.Qasımov) ilə xx.xx.1980-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, Tər-tər rayonu, Bəyim-sarov kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1 və 335.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə, CMnin 335.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların tamamilə toplama yolu ilə qəti 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın şərti hesab edilməklə 1 (bir) il sınaq müddətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs davranışına nəzarətin N saylı hərbi hissə komandanlığına həvalə edilməsi hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməklə apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinihn SDS-68/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı (hakim E.Allahverdiyev) ilə məhkum Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 31 mart 2003-cü il tarixli 109/2003 saylı hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bəra olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi üçün əsas, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəblərə əlaqədar olmasıdır. Bunun üçün prosessual müddətin bərpa edilməsini xahiş edən şəxs, həmin müddətin onun iradəsindən asılı olmadan buraxılmasını sübut etməlidir. Məhkum mübahisələndirilən hökmü xx.xx.2003-cü il tarixdə qəbzə imza etməklə qəbul etməklə yanaşı, həmin hökmün surətinin hərbi hissəyə təqdim edilməsindən ötrü əldə etməsinə dair qəbz yazmışdır. Bu isə həmin hökmün surətinin onun tərəfindən qəbul edildiyini qaçılmaz edir. Bununla da onun həmin hökmdən apellyasiya şikayəti verməsi üçün prosessual müddətin axımı başlamasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində deyil, 19 ildən sonra həmin hökmdən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verməsi üçün prosessual müddətin ötürülməsini müxtəlif vaxtlarda məhbus həyatı yaşaması onun apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsi anlamını istisna edir. Məhkumun 19 il barəsində ittiham xarakterli hökmlə razılaşmayaraq susması inandırıcı olmamaqla, onun prosessual müddətin bərpa edilməsi üçün göstərmiş olduğu əsaslar formal mülahizə kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzurlü vəsatətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddətin bərpa etmemisdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Hərbi Məhkəməsinihn SDS-68/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 386, 391 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Hərbi Məhkəməsinihn SDS-68/2022 saylı, 11 may 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edlməsin. Bakı Hərbi Məhkəməsinihn SDS-68/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar