Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-18/2022 06.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Əsəkərov Sənan Adil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində X5 şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02- 2022 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti üzrə işə apelyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmü ilə (sədrlik edən hakim Əmrah Nəcəfov) xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi, ev 11, mənzil 2-də daimi qeydiyyatda olan, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant, barəsində barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə təqsirli bilinməsi və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, hökmün icrası N saylı hərbi hissənin komandanlığına həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni quvvəyə minənə kimi dəyişdirilməməsi, cinayət işi üzrə mərhum X7 məxsus "xxxx" ASC-yə aid **********002267 nömrəli əmək haqqı plastik kartının, həmçinin "xxxx" ASC-nin 25 dekabr 2020-ci il tarixli 157000/2-5373 və 157000/2-5374 nömrəli məktubları ilə göndərilmiş üzərində müvafiq olaraq 11866 və 11867 yazılan 2 (iki) ədəd CD disk maddi sübut hesab edilmiş, həmin əşyalar qablaşdırılmış və möhürlənmiş halda cinayət işində saxlanılması hökm edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən apelyasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən, təxminən 25 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan X4 şəhid olacağı təqdirdə ailəsinə çatdırmaq üçün ona verdiyi sonuncuya məxsus əmək haqqı plastik kartını və kartın PİN kodunu götürüb heç kimə bu barədə məlumat verməyərək özündə saxlamış, 27 sentyabr 2020-ci il tarixdə işğalçı Ermənistan Respublikasının ölkəmizə qarşı təxribatı ilə əlaqədar olaraq əks-hücum əməliyyatları başladıqdan sonra ordumuzun apardığı “Vətən Müharibəsi”ndə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 31 oktyabr 2020-ci il tarixdə K.H.Axundzadənin şəhid olduğunu bildikdən sonra özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə aid **********002267 nömrəli əmək haqqı plastik kartını və kartın 4200 nömrəli PİN kodunu 31 oktyabr 2020-ci il tarixdə saat 19:22-də Füzuli rayonu Horadiz şəhəri ərazisində yerləşən “Elçin” marketin qarşısında quraşdırılmış həmin bankın A ******* nömrəli bankomatına daxil edərək, bankomatın kompüter sistemi vasitəsi ilə iki dəfə əməliyyat aparmaqla K.H.Axundzadənin kart hesabında olan 1953 (min doqquz yüz əlli üç) manat məbləğində puldan birinci dəfə 1930 (min doqquz yüz otuz) manat məbləğində pulu öz adına olan **********174588 nömrəli plastik əmək haqqı kartına köçürməklə, ikinci dəfə isə 23 (iyirmi üç) manat məbləğində pulu nağd şəkildə çıxarıb elektron məlumat daşıyıcısından istifadə etməklə gizli yolla talayaraq oğurlamışdır. APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar çıxarılaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində törətmiş olduğu cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini obyektiv qiymətləndirməyib cinayət qanununun normasını düzgün tətbiq etməməklə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz və yüngül cəza təyin etmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs "Vətən Müharibəsi"ndə iştirak etməsini, "Füzulinin azad olunması", "Xocavəndin azad olunması", "Qüsursuz xidmətə görə 3-cü dərəcə", "Şücayətə görə və "Cəsur döyüşçü" medalları ilə təltif olunmasını qabarıq şəklildə ön plana çəkib bu halları xüsusi formada vurğulamağa çalışmışdır. Lakin məhkəmə nədənsə mərhum Kənan Axundzadənin baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət etməklə "Vətən Müharibəsi"ndə birbaşa iştirak etməsini, 31 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmasını, ölümündən sonra cənab Ali Baş Komandan tərəfindən "Füzulinin azad olunması", "Xocavəndin azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunmasını nəzərə almamışdır. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, Təqsirləndirilən şəxs ifadələrində "Vətən Müharibəsi"ndə N nömrəli hərbi hissənin 3-cü tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində arxa cəbhədə olmaqla döyüşlər gedən ərazilərdə olan taborun şəxsi heyətinə ərzaq və döyüş sursatı apardığı və düşmənlə birbaşa döyüşlərdə iştirak etmədiyi halda, mərhum K.Axundzadənin 25 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək həmin taborun 8-ci bölüynün 2-ci tağımının 1-ci manqasında tuşlayıcı vəzifəsində ön xətdə olmaqla düşmənə qarşı gedən qızğın döyüşlərdə iştirak etməsini və qəhrəmancasına şəhid olduğunu etiraf etmişdir. Məhkəmənin təyin olunacaq cəzanın əsaslandırılması üçün gətirdiyi və yuxarıda qeyd edilmiş dəlillərlə əlaqədar olaraq bildirilməlidir ki, Təqsirləndirilən şəxs məhz bu ölkənin vətəndaşı kimi Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin "Vətəni müdafiə hər bir vətəndaşın borcudur" müddəasının tələblərinə əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə iştirak etməklə öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. Bununla yanaşı, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmləndrilməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Hərbi qulluqçu döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Sözsüz ki, Təqsirləndirilən şəxs "Vətən Müharibəsi"ndə iştirak etməsi və Ali Baş Komandan tərəfindən təltif olunması təqdirə və ehtirama layiq bir haldır, lakin məhkəmə heç də bu xüsusatlara istinad edib qanunsuz və əsassız qərarlarını qəbul edilməsinə rəvac verməməlidir. Bununla yanaşı, mehkeme ceza təyin edərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən, cinayəti hərbi vəziyyət şəraitində törətməsinin onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edildiyini qeyd etsə də, məlum olmayan səbəblərdən bu halı cəza təyin edərkən, yəni CM-nin 62-ci maddəsini tətbiq etməmişdən əvvəl nəzərə almamışdır. Bundan başqa, məhkəmə hökmdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə deymiş maddi ziyanı könüllü olaraq tam şəkildə ödəməsini və əməlindən səmimi peşman olmasını cezasının yüngülləşdirən hal kimi nəzərə almışdır. İbitidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilerek hadisə baş verən zaman özünün başqa şəxslərə borclu olduğunu və borclarını qaytarmaq məqsədi ilə K.Axundzadənin əmək haqqı kartında olan pulları oğuraldığını etiraf etsə də, məhkəmə baxışında iştirak edən mərhum K.Axundzadənin ailə üzvlərindən üzr istəmək, onlarla barışıq əldə etməyə cəhd etmək əvəzinə, istintaq zamanı verdiyi ifadəsinde olan xüsusatları təkzib edərək həmin vaxt öz kartında kifayət qədər pulunun olduğunu, K.Axundzadəyə məxsus kartda olan pulları çıxarmaqda məqsədinin güya kartin müddətinin keçməsindən ehtiyyat etdiyini, pulu çıxarıb nağd şəkildə K.Axundzadənin ailəsinə təhvil vermək istədiyini, lakin müharibə getdiyinə görə pulu vaxtında verə bilmədiyini, sonradan həmin pulu könüllü olaraq Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin əməkdaşına təhvil verdiyini göstərmişdir. Lakin, cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, K.Axundzadə döyüşə getməmişdən az əvvəl komandiri kimi etibar etdiyi, inandığı və güvəndiyi baş leytenant Təqsirləndirilən şəxs şəhid olacağı təqdirdə əmək haqqı kartında olan pulunun ailəsinə çatdırılmasını vəsiyyət etmiş, sonuncu K.Axundzadədən kartı və şifrəni götürməklə sonuncunu pulunun ailəsinə çatdıracağına əmin etmiş, lakin sonradan verdiyi zabit sözünə əməl etməyərək K.Axundzadənin ölüm xəbərini eşidən kimi elə həmin gün xidmət yoldaşı kimi onun cənazəsinin ailəsinə təhvil verilməsinə köməklik etmək əvəzinə əmanət edilmiş pulu gizli olaraq talamaq qərarına gəlmiş və heç kimə xəbər vermədən mərhum K.Axundzadənin kartında olan pulların bir hissəsini öz hesabına köçürmüş, qalan hissəsini isə nağdlaşdıraraq öz xərcləri üçün istifadə etmiş, digər xidmət yoldaşları mərhum K.Axundzadəyə məxsus əşyaları qaytarmaqlarına baxmayaraq o, K.Axundzadənin pulunu ailəsinə qaytarmağa cəhd belə göstərməmiş, təxminən 18-20 noyabr 2020-ci il tarixlərin birində mərhum K.Axundzadənin ailə üzvlərinin şikayəti əsasında Lənkəran şəhər polis şöbəsində araşdırma başlanmış, daha sonra həmin şikayət ərizəsi aidiyyəti üzrə Füzuli rayon polis şöbəsinə göndərilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədliməsi müəyyən edilmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs artıq ifşa olunduğunu, gizli olaraq törətmiş olduğu cinayətin üstünün açıldığını və yalan danışmağın ağır nəticələnməsindən qorxduğu üçün məcburiyyət qarşısında pulu hakimiyyət nümayəndəsinə geri qaytarmışdır. Bundan belə başa düşülür ki, zərərçəkmiş şəxsin ailə üzvləri müvafiq dövlət orqanlarına rəsmi qaydada şikayət etməyəcəkləri təqdirdə Təqsirləndirilən şəxs oğurladığı pulları mərhum K.Axundzadənin ailə üzvlərinə qaytarmaq fikrində olmamışdır. Odur ki, bu da ziyanın könüllü ödənməsi kimi qəbul edilə bilməz. O cümlədən Əlavə etmək lazımdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi mərhum K.Axundzadənin anası Rəhimə Axundova ifadəsində Təqsirləndirilən şəxsla barışmadığını bildirərək onun törətmiş olduğu cinayət əməlinə görə qanun qarşısında cavab verməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, Təqsirləndirilən şəxs yüksək eqoizm motivlərini nümayiş etdirməklə mərhum K.Axundzadənin məhkəmə baxışında iştirak edən ailə üzvlərinə zabitə yaraşmayan hörmətsizlik və qeyri-səmimiyyət göstərməklə öz çirkin əməlini etiraf etməmiş, qeyri-obyektiv, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli ifadə verib özünü maraqlı şəxs kimi göstərmiş, göstərdiyi Xüsusatlar məsuliyyətdən boyun qaçırmağa, məsuliyyətini yüngülləşdirməyə, törətdiyi əməllərə bəraət qazandırmaq niyyəti ilə verilən ifadələr olmuşdur. Belelikle do, aydın olur ki, O.N.Ohodov oğurladığı pulu heç də könüllü olaraq qaytarmamış, lakin məhkəmə qəbul edəcək qərarına "don geyindirmək" üçün bu halı sassız olaraq Təqsirləndirilən şəxs cezasının yüngülləşdirən hal kimi hesab etmişdir. Həmçinin, məhkəmə hökmdə təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs ailəsinin həyat şeraitinə təsirini qeyd etsə də, bu halı açıqlamamış və əsaslandırmamışdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs subay olduğu, himayəsində azyaşlı uşağının və ya işləməyən həyat yoldaşının olmadığı, həmçinin daimi qayğıya ehitiyacı olan xəstə və ya ahıl yaşında vaildeynlərinin olmadığı müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmənin cəza təyini zamanı Təqsirləndirilən şəxs ailə şəraitinin təsirini qabartması sual doğurur. CPM-in 28.2-ci maddesine göre, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, «cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi barədə>> cəzanın məqsədini müəyyən edən CM-in 41.2-ci maddəsinin tələbi də nəzərə alınmamış, əsassız olaraq barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona təqsirləndirildiyi CM-in 177.2.3-1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı qərarının 8-ci bəndinin ve CM-nin 62-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayətə görə müəyyən edilmiş cezadan daha yüngül cəza təyin edilməsi, şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar olduqda mümkündür. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstesna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qeyd edilməlidir ki, məhkəmə CM-in 62-ci maddəsinin nəzərdə tutduğu hallar Sırasına daxil olan əsasların mövcudluğuna deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını və səbəblərini lazımınca asaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, məhkumun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını, onun şəxsiyyətini, işin vəziyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları lazımi qaydada nəzərə almamış, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə əməl etməmiş, kifayət qədər əsaslar olmadan, habelə hansı halların müstəsna hal hesab edilməsi yekun məhkəmə qərarında göstərilmədən CM-in 62-ci maddəsini tətbiq edərək təqsirləndirilən şəxsə əsassız olaraq CM nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının tələblərini pozmuş, habelə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən məhkumun faktiki olaraq hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun mülkiyyət əleyhinə cinayət törətməkdə təqsirli olması, cinayəti hərbi vəziyyət zamanı törətməsi, habelə əməlinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmişdir. Qanunun mənasına görə CM-in 62-ci maddəsinə əsasən maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan daha yüngül cəza növü təyin etmək zərurəti o halda yaranır ki, əməlin tövsif edildiyi maddənin sanksiyasında göstərilən yüngül cəzanın aşağı həddində belə, təyin ediləcək cəzanın işin vəziyyətinə və təqsirkarın şəxsiyyətinə adekvat olmadığı müəyyən edilir. Bu halda məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq məhkuma maddənin sanksiyasında göstərilən cəzadan daha yüngül olan cəza növünün təyin edilməsinin zəruri olduğunu müəyyən etdikdə CM-in 62-ci maddəsini tətbiq edərək belə cəza təyin etməyi məqsədəmüvafiq hesab edə bilər. CM-in 62-ci maddəsinə əsasən ilk növbədə cinayətin məqsədi və motivi, təqsirkarin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Yəni, iş üzrə elə müstəsna hallar olmalıdır ki, məhkəmə məhkuma qanunda nəzərdə tutulduğundan yüngül cəza təyin olunmasının qaçılmaz olduğu qənaətinə gəlsin. Bir sözlə CM-in 62-ci maddəsinin mənası baxımından müstəsnalıq əlaməti hər bir fərdə aid ola biləcək onun ailəli olması, azyaşlı övladlarının olması, əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışması və sair sıradan olan hallarla bağlı deyil, daha çox təqsirkarın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini azaldan və bilavasitə təqsirkarın cinayəti törədərkən və ya bundan sonrakı davranışı ile bağlı istisna hallarla bağlı olan əlamətləri özündə ehtiva edir. Lakin hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə biruzə verməsini, təqsirkarın hansi hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmdə belə hallara istinad edə bilməmişdir. Bundan əlavə, məhkəmə cəza təyin edərkən bilavasitə Təqsirləndirilən şəxs şəxsiyyətinə aid olmayan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 58.3-cü maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 13-cü bəndində ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri kimi təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsini ön plana çəkir. Bu zaman təqsirkarın həyat yolu, məişətdə davranışı məhkumluğu və s. məlumatlar kifayət qədər aydınlaşdırılmalıdır. Lakin, burada da məhkəmə Ali Məhkəmənin Plenumunun göstərilən qərarının və CM-in 58-ci maddəsinin tələblərinə riayət etməmişdir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirkarın özünün şəxsiyyəti nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirili olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxsin barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından ve ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmənin Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmirəm. Göstərilənlərlə yanaşı məhkəmə hökmdə cəzanı yüngülləşdirən bəzi halların mövcudluğu barədə gəldiyi nəticələri əsaslandırmamış, bunlar isə mötəbər və yekun nəticǝyǝ gəlməyə imkan verə biləcək həcmdə olmadıqlarına görə məhkuma CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da sübut edilməli halların siyahısına daxil edildiyindən həmin hallar sübutlara əsasən müəyyən edilməlidir. Hazırkı vəziyyətdə Füzuli Hərbi Məhkəməsinin müvafiq hökmü ilə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəza verilməməsi, yəni açıq-aşkar daha yüngül cəzanın verilməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmadığını, qeyd olunan maddənin dispozisyasında göstərilən müstəsna halların təqsirləndirilən şəxsin əməlində olmadığını qeyd edib apellyasiya protestinin təmin edilərək CM-nin 62-ci maddəsi ilə bağlı müddəaların hökmdən xaric edilərək təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək, barəsində olan Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməməsini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödədiyini, hazırda hərbçi olaraq Kəlbəcər rayonu istiqamətində mühüm döyüş tapşırıqlarının icrasında iştirak etdiyini bildirərək apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxsin müdafiəçisi X9 apellyasiya protestinə etiraz edərək onun təmin edilməməsini, Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestini müzakirə edərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. Apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmündən CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar çıxarılaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsindən ibarətdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, məhkum olunmuş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, şahidlər X2, X3, X8 ifadələri, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici halların məcmuyunu müstəsna hal kimi qiymətləndirib, habelə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, əməlindən peşiman olmasını,Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini,Füzuli və Xocavəndin azad olunmasına görə”,”Cəsur döyüşçu”, “Qusursuz xidmətə görə” medalları ilə təltif olunmasını, dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini, ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlukəlilik dərəcəsini nəzərə almış, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali hərbi təhsilli olmasını, «Vətən müharibəsində» iştirak edərək, medallarla təltif olunmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxsin hüqüqi varisinə dəymiş maddi ziyanı könüllü olaraq tam şəkildə ödəməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayət əməlininin hərbi vəziyyət zamanı törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. İş materiallarında əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020ci il tarixli 274 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsinə təyin olunmuşdur. İş materiallarında əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında əlavə edilmiş Cinayət işinə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin 95 illiyi yubleyi medalı ilə təltif edilmişdir. İş materiallarında əlavə edilmiş Cinayət işinə əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Əhədov X10 və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, “Füzulinin və Xocavəndin azad olunmasına görə», «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, «Sücayətə görə» medalı və «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini, həmçinin təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiqi əsaslarını iş materialları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarı ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək həmin məcəllənin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuyan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasını tətbiq edərək cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, yəni,Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici halların məcmuyunu müstəsna hal kimi qiymətləndirib, habelə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, əməlindən peşiman olmasını, xidmət etdiyi hərbi hissənin işğaldan azad edilmiş rayonlarda mövqelənməsini və onun hazırda hərbçi olaraq Kəlbəcər rayonu istiqamətində olan sərhəd zonasında mühüm döyüş tapşırıqlarının icrasında iştirak etdiyini,yaranmış vəziyyətlə əlaqədar onun şəxsi heyətin tərkibində komandanlığın sərəncamında qalmasının zəruriliyini, bundan əlavə, Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini,Füzuli və Xocavəndin azad olunmasına görə”,”Cəsur döyüşçu”, “Qusursuz xidmətə görə” medalları ilə təltif olunmasını, dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini, ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsi barədə birinci instansiya məhkəməsini mövqeyini işin faktiki faktiki hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilərək CM-nin 62-ci maddəsi ilə bağlı müddəaların xaric edilməsi və ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən və CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(097)-02-2022 saylı hökmü Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(106)-18/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-18/2022
06.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver