Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-28/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən, məruzəçi hakim), X1 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X7, Dövlət ittihamçısı, X2nun iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair Cəlilabad Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli 1-1(096)-08/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarından təqsirləndirilən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında ilkin məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli 1-1(096)-08/2021 saylı saylı hökmü ilə (sədrlik edən hakim Vüqar Əhmədov, hakimlər İslam Neymanov və Bədəl Əliyev) xx xxxxxxxx 2001-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin patrul taborunun 1-ci patrul bölüyünün 3-cü patrul tağımının 2-ci manqasının atıcısı vəzifəsində xidmət etmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan X8 Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X2 vəsatətlə Cəlilabad Hərbi Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti veriməsi müddəti üzürlü səbəblərdən ötürülmüşdür. Belə ki, hüquqi savadsızlığından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməmişdir. Ona görə də qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarı ilə X2nunu vəsatəti təmin edilməmişdir. X2 apellyasiya şikayət verərək, iştirakı təmin edilməklə Cəlilabad Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli 1-1(096)-08/2021 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına köməklik edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm hüquqi savadsızlığından həm də maddi imkanı zəif olduğundan vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə məhkum tərəfindən verilən vəsatətdə qeyd edilənlərin hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas saymadığından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan qəbzin surətindən görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli 1-1(096)-08/2021 saylı hökmü xx.xx.2021-ci il tarixdə qəbzə imza etdirməklə X2na təqdim edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən təxminən 2 il 3 aydan artıq müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Maddənin mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası X2nun apellyasiya şikayətində əks olunan səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Cəlilabad Hərbi Məhkəməsinin 07 may 2021-ci il tarixli 1-1(096)-08/2021 saylı hökmünun nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda şərh olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, X2 qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən keçirməklə apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, X2nun apellyasiya şikayətinin dəlilləri Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxılması zamanı apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti rədd etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və CPM-nin 202, 203, 384.1 və 384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarından təqsirləndirilən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Hərbi Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1-1(096)-08/2021 saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(106)-28/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-28/2023
11.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver