Məhkəmə qərarları › İş №1-1(106)-6/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-6/2023

23.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-6/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu, Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmü ilə (sədrlik edən hakim X13), xx xxxxxxx 1992-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, N nömrəli hərbi hissədə qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda N nömrəli hərbi hissədə maddi texniki təminat bölməsinin arxa təminat xidməti rəisi vəzifəsində kapitan hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaq orqannın mülahizəsinə görə, öz qulluq mövqeyindən istifadə etməklə digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni təkrar rüşvət verməyə təhrik edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin arxa təminat xidməti rəisi vəzifəsində xidmətdə olarkən tanışı Anar Mehdiyevlə 2020-ci ilin yanvar ayının əvvəllərində telefonla danışan zaman sonuncunun qardaşı oğlu əsgər X7 N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət etdiyini öyrəndikdən sonra 2020-ci ilin yanvar ayının ortalarında Anar Mehdiyevin qardaşı X11 rayonu Qobustan qəsəbəsində görüşdükdə sonuncuya 500 manat məbləğində pul müqabilində guya tanışı olan adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxsin vasitəsi ilə oğlunun xidmət yerini yaxşılaşdıracağını bildirərək bunun üçün real imkanlara və səlahiyyətə malik olmadığı, həmçinin bununla bağlı hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, Müşfiq Mehdiyevdən həmin məbləğdə, yəni 500 manat pul alaraq vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, N nömrəli hərbi hissədə qeyd edilən vəzifədə xidmətdə olarkən 2020-ci ilin sentyabr ayının əvvəllərində telefonla danışan zaman tanışı Zərdab rayon sakini Zərərçəkmiş şəxs yenidən zabit olaraq hərbi xidmətə qəbul olunmaq istədiyini öyrənmiş, sonuncu ondan zabit olaraq işə qəbul olunmaqla bağlı köməklik göstərə bilibbilməyəcəyini soruşduqda, o, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, hərbi xidmətə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətə malik olmadığı, həmçinin hərbi xidmətə qəbul olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, Zərərçəkmiş şəxs guya tanışı olan adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxsin vasitəsi ilə onu 4000 manat məbləğində pul verməsi müqabilində hərbi hissələrdən birində maliyyə xidmətinə işə düzəldə biləcəyi barədə yalan vəd verib inandıraraq vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona inanaraq təklifini qəbul edən Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa əsasən xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində görüşərək Ağcabədi regional “ASAN xidmət” mərkəzində sonuncudan borc almağı barədə notarius tərəfindən təsdiq olunmuş uydurma kredit müqaviləsi əsasında 4000 (dörd min) manat məbləğində pulu almış və qısa müddət ərzində hərbi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, aşağıdakı səbəblərə görə Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmünün ləğv edilməli olduğunu, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə yanaşı Həmin Məcəllənin 32.4, 312.2-ci maddələri ilə də hökm çıxarılmalı olduğunu hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" 14 iyul 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 No-li qərarında qeyd edilən məsələyə dair münasibət bildirərkən sonda belə bir mövqe sərgiləmişdir ki, barəsində dələduzluq cinayəti törədilmiş şəxs zərərçəkmiş şəxs kimi tanına bilər və yalnız CM-nin 178-ci maddəsinə münasibətdə ona qarşı dələduzluq cinayətini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə və barəsində cinayət təqibinə xitam verilə bilər. Digər məsələlərə, o cümlədən yalançı vasitəçinin (psevdovasitəçinin) CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi məsələsinə isə münasibət bildirməmiş və mahiyyət etibarı ilə Ali Məhkəmənin Plenumunun həmin qərarının, yəni, 11 iyun 2015-ci il tarixli qərarının müddəaları ilə bağlı mövqeyi ilə razılaşdığını nümayiş etdirmişdir. Həmin qərarın 36-cı bəndində isə göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumu yalançı vasitəçinin rüşvət verməyə təhrik kimi görünən hərəkətlərini dələduzluğun üsulu kimi qiymətləndirsə də, heç də həmin şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4. 312-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna etməmiş və Konstitusiya Məhkəməsi Plenumun sözügedən qərarında da belə bir yanaşma mövcud olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı hansısa səbəblərdən "humansit" mövqeyini əsaslandırmağa çalışmaqda israrlı olmuş, lakin tutarlı dəlillər gətirə bilməmiş, hökmün həcmli, daha inandırıcı olması mənzərəsini yaratmaq üçün Konstitusiya Məhkəməsi Plenumunun qərarının mahiyyətini açmaqla deyil, həmin qərarın bütün mətnini hökmə köçürməyi də özünə lazım bilmişdir. Hökmdə Təqsirləndirilən şəxs Azərbayucan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə əməlində cinayət tərkibi olmamasını əsaslandırmağa cəhd göstərilmişdir. Hökmdə qeyd olunan digər bir məsələyə də diqqət yetirilməlidir. Barəsində ittiham hökmü çıxarılmış Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam növündə»> qətimkan tədbirini ləğv edən məhkəmə, hökmün təsviriəsaslandırıcı hissəsində «qətimkan tədbiri ləğv edilməlidir» kimi bir cümlə ilə kifayətlənməklə, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində hansı səbəbdən belə qərar qəbul etməsinin zəruriliyini əsaslandırmamış, bununla da CPM-in 175-ci maddəsinin də tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin hökmü maddi və prosessual normalar pozulmaqla çıxarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs həm ona qarşı, həm də X2 qarşı cinayət əməlini törətməsi aşkar şəkildə sübut olunsa da məhkəmə hökmü çıxararkən səhv nəticəyə gəlmişdir. Məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət vermiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə də maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etmişdir. Təqsirləndirilən şəxs aylarla çəkən məhkəmə prosesi boyunca ona dəymiş ziyanı ödəyəcəyinə söz versə də buna əməl etməmiş, zərərçəkmiş şəxslə barışmağa səy göstərməmişdir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməklə ona daha ağır cəza təyin edilməsini xahiş edir. Şikayət müəllifi yuxarıda göstərilənlərə əsaslanaraq Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs daha ağır cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin onun dələduzluq cinayətini törətməsinin sübutu kimi istinad etdiyi, ona məxsus telefonla Zərərçəkmiş şəxs və X5 məxsus telefon nömrələri arasında xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək çoxsaylı telefon əlaqələrinin olması halı onun həmin şəxslərdən 4000 manat və 500 manat pulu müvafiq olaraq bir halda onu işə düzəldəcəyi, digər halda hərbi xidmət yerini yaxşılaşdıracağı vədi ilə istəməsini təstiq etmir. Hökmdə həmçinin göstərilmişdir ki, “Zərərçəkmiş şəxs məxsus mobil telefona xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında votsap mobil proqramında olan yazışmalar zamanı sonuncu Nurlanı müəyyən məbləğdə pul verməsi müqabilində hərbi xidmətə işə qəbul etdirəcəyi ilə bağlı vəd vermişdir.” Lakin onun Nurlanla arasında olan votsap yazışmaları zamanı o yalnız Nurlana Müdafiə Nazirliyinə müraciəti düzgün yazmadığını, hər bir halda onlara pul verməli olduğunu yazmışdır. Zərərçəkmiş şəxs 4000 manat pulu isə yalnız borc kimi almışdır və yalnız maddi imkansızlığı ilə əlaqədar həmin pulu qaytara bilmədiyi üçün Nurlan pulu ondan guya işə düzəltmək üçün almış olduğunu bildirmişdir ki, ondan istintaq vasitəsi ilə tez bir müddətdə borc məbləğini geri ala bilsin. Şikayət müəllifi yuxarıda göstərilənlərə əsaslanaraq Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmünün ləğv edilməsini, ona bəraət verilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı çıxışında apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmiş əməlinin tövsifini həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsinə dəyişdirməsi düzgün olmuşdur. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi özünün ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər X8, X1, X4 ifadələri, aşağıda sadalanan digər sübutlarla öz təstiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarixli, № 7/645 ərizədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs onu zabit olaraq hərbi xidmətə qəbul etdirməklə işə düzəldəcəyini vəd edib aldadaraq xx.xx.2020-ci il tarixdə 4000 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş vətəndaş A.T.Məmmədov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “qaynar xətt” telefon nömrəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, № 1692 ərizədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs onun qardaşı oğlu N nömrəli hərbi hissənin əsgəri Ənvər Mehdiyevin hərbi xidmət yerini yaxşılaşdıracağına kömək edəcəyini vəd edib aldadaraq 2020-ci ilin yanvar ayında 500 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, notarius tərəfindən təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul vermişdir. Tərtər Hərbi Məhkəməsinin “maliyyə əməliyyatlarına dair məlumatların ələ keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, müxtəlif banklara, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Baş Dövlət Yol Polis idarəsinə sorğular göndərilmiş, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak aşkar edilməmiş, bundan başqa sonuncunun adına bank hesabında hər hansı pul vəsaiti, mülkiyyətdə ola biləcək avtomobil aşkar edilməmişdir. “Azercell Telecom MMC”-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********00 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan **********33 saylı mobil telefon nömrələri arasında və Ülvi Əsgərovun istifadəsində olan **********00 saylı mobil telefon nömrəsi ilə vətəndaş X4 istifadəsində olan **********07 saylı mobil telefon nömrələri arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək çoxsaylı telefon zəngləri qeydə alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən ilkin araşdırma zamanı könüllü olaraq təqdim edilmiş mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Ülvi Əsgərov arasında “Whatsapp” mobil proqramında olan yazışmalar zamanı sonuncu onu müəyyən məbləğdə pul verməsi müqabilində hərbi xidmətə işə qəbul etdirəcəyi ilə bağlı vəd etmişdir. Təqsirləndirilən şəxs məxsus № ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, o, Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli, № 0N əmri ilə N nömrəli hərbi hissənin arxa təminat xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-cı il tarixli, 167 №-li əmrindən çıxarışdan görünür ki, baş leytenant Əsgərov X16 nazirinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin ərzaq xidməti rəisi vəzifəsinə təyin edildiyindən Tərtər rayonundan N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, kapitan Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkməsinin istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2014-2016-cı illər ərzində Müdafiə nazirliyinin Qobustan qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə maliyyə xidmət rəisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etmiş, daha sonra isə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. 2020-ci ilin avqust ayının əvvələrində yenidən hərbi xidmətə qəbul olunmaq üçün Müdafiə Nazirliyinə müraciət etsə də, Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsindən xx.xx.2020-ci il tarixli məktubla müraciətinə müsbət cavab verilməmişdir. Bu barədə maraqlanmaq üçün istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefon vasitəsi ilə N nömrəli hərbi hissədə xidmətdə olarkən tanıdığı zabit yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**- ** nömrəli mobil telefona zəng vurmuş, söhbət zamanı hərbi xidmətə qəbul olunmaq istədiyi barədə Müdafiə Nazirliyinə müraciət etdiyini və müsbət cavab verilmədiyini demişdir. Həmin vaxt Ülvi Əsgərov ondan Müdafiə Nazirliyindən göndərilən cavab məktubunun şəklini çəkib “Whatsapp” mobil proqramı vasitəsi ilə özünə göndərməyi ona demiş, bundan sonra o həmin məktubun şəklini Ülvi Əsgərova göndərmişdir. Daha sonra Ülvi Əsgərovla telefonda danışan zaman sonuncu məktuba düzgün cavab verilmədiyini deyərək Müdafiə Nazirliyinin Kadırlar İdarəsində tanışı olduğunu, müəyyən məbləğdə pul müqabilində həmin şəxsin vasitəsilə yenidən zabit olaraq hərbi xidmətə bərpa olunmasına kömək edə biləcəyini bildirmiş, pul verməyəcəyi təqdirdə müraciətinə müsbət cavab verilməyəcəyi barədə onu inandırıb razı salmışdır. Bunda bir müddət sonra o, Ülvi Əsgərovla yenidən telefonla danışmış, söhbət zamanı sonuncu ona 4000 (dörd min) manat pul verilməsi müqabilində onu Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işləyən tanışı vasitəsilə Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissənin maliyyə xidmət rəisinin köməkçisi vəzifəsinə işə düzəldəcəyini, lazım olan sənədləri hazırlamağı bildirmiş və pulu notarius təsdiqi ilə müqavilə əsasında verməyi təklif etmişdir. Bundan sonra o, Ülvi Əsgərovun onu zabit kimi həqiqətən hərbi xidmətə qəbul etdirəcəyinə inanmış və bu barədə atası Sakit Məmmədova danışmışdır. xx.xx.2020-ci il tarixdə o, X21 rayonunda görüşərək “Asan Xidmət Mərkəzində” təxminən saat 17:30 radələrində aralarında bağlanan borc müqaviləsinə əsasən onu hərbi xidmətə işə qəbul etdirməyi üçün 4.000 (dörd min) manat məbləğində pulu Ülvi Əsgərova vermişdir. O, Ülvi Əsgərovun onu aldadaraq pulunu ələ keçirməsini fikirləşməmişdir. Hal-hazırda Ülvi Əsgərov ondan aldığı 4.000 manat məbləğində pulu ona geri qaytarmamışdır. Ülvi Əsgərovun onu aldadaraq aldığı 4.000 manat məbləğdə pulu geri qaytardığı halda Ülvi Əsgərova qarşı heç bir şikayəti, tələbi və iddiası olmayacaq.Hal-hazırda isə Ülvi Əsgərovla barışmamış və sonuncuya qarşı şikayətçidir. Ülvi Əsgərovun məhkəmə prosesində güya onlara hissəhissə pulları qaytarmağı deməsidə həqiqətə uyğun deyildir. Belə ki, məhkəmə prosesi başlandığdan Ülvi Əsgərov hər ay ona 1.000 (bir min) manat pul ödəməsini söz versədə sözünə əməl etməyərək yalan danışmış və may ayından gedən məhkəmə prosesinin gedişində aldığı pulları ona hissə-hissə qaytarsa idi bu bir necə ay ərzində davam edən məhkəmə prosesi qedişində 4.000 manat pulu geri qaytarmış olardı.Bunu məhkəmədə ona təklif etmiş, lakin Təqsirləndirilən şəxs heç bir məbləğdə ona pul qaytarmamışdır. Təqsirləndirilən şəxs ona pul qaytarmaq barədə söz verməsini növbəti dəfə bu işi uzatmaq və məsuliyyətdən böyun qacırmaq kimi qiymətləndilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş, 2014-cü il tarixdə həmi məktəbi bitirmiş, bir il Silahlı Qüvvələrin TTM-də kurs keçmiş və xx.xx.20215-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədə leytenant hərbi rütbəsində davam etdirmişdir. Daha sonra xidmətini, 005, N və N nömrəli hərbi hissələrdə davam etdirmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin arxa təminat xidməti rəisi vəzifəsində xidmətdə olarkən həmin vaxt müddətli həqiqi hərbi xidmət edən əsgər X7 hərbi xidmətə gəlməmişdən əvvəl Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşadığını öyrənmiş, daha sonra telefonda danışarkən sonuncunun əmisi X9 ilə tanışlığı yaranmış, bir neçə dəfə istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsindən Anar Mehdiyevlə danışmış, sonuncu Qobustan qəsəbəsində görüşməyi təklif etmiş, o da razılaşmışdır. 2020-ci ilin yanvar ayının ortalarında X17 qəsəbəsində görüşərkən tanımadığı kafedə görüşüb yemək yemişlər. 2020-ci ilin mart ayının sonlarında Bakı şəhərində ezamiyyətdə olarkən pula ehtiyacı olduğu üçün zəng edib Anar Mehdiyevdən 500 manat məbləğində borc pul istəmiş, sonuncu da həmin gün nahardan sonra təxminən saat 15-16 radələrində ad və soyadını bilmədiyi şəxsdən 500 manat məbləğində pul göndərmiş, həmin şəxslə Qobustan qəsəbəsində görüşüb pulu qəbul etmişdir. Bundan sonra 2020-ci ilin may ayının sonlarında Anar Mehdiyevdən əlavə 300 manat məbləğində də borc pul almışdır. İyun ayının əvvəllərində xidmət yeri Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəyişdirildiyindən avqust ayının sonlarında Anar Mehdiyev zəng edərək verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Həmin vaxt pulu omadığından Anar Mehdiyevdən aldığı məbləği geri qaytara bilmədiyi üçün sonuncu 2021-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin “qaynar xətt” əlaqə nömrəsinə zəng edərək şikayət etdikdən sonra fevral ayında Anar Mehdiyevlə görüşüb aldığı cəmi 800 manat məbləğində pulu sonuncuya geri qaytarmışdır. 2020-ci ilin iyul ayında istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefona N nömrəli hərbi hissədən birgə xidmət zamanı tanıdığı Zərərçəkmiş şəxs (050) ***-**-** nömrəli mobil telefondan zəng edib danışan zaman yenidən hərbi xidmətə işə qəbul olunmaq istədiyini, ondan kömək edə bilib-bilməyəcəyini soruşduqda tərcümeyi-halını və şəxsi sənədlərini göndərməyi tapşıraraq Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə yenidən telefonda danışarkən maddi imkanının yaxşı olmadığını bildirib borc pul istəmiş, daha sonra bir neçə dəfə zəng edib Zərərçəkmiş şəxs borc verə bilib-bilmədiyi ilə bağlı maraqlanmışdır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Ağcabədi rayonunda görüşmüşlər və həmin gün Ağcabədi regional “ASAN xidmət” mərkəzində aralarında 4000 manat məbləğində borc müqaviləsi imzalanaraq sonuncudan həmin məbləğdə pulu almışdır. Lakin maddi imkanı yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs aldığı 4000 manat pulu geri qaytara bilməmişdir. Ona elan olunmuş ittihamla razı deyil, o, heç vaxt Müşfiq Mehdiyevə 500 manat pul verməsi müqabilində vəzifəli tanışı vasitəsilə oğlunun xidmət yerini yaxşılaşdıracağını bildirməmiş, Zərərçəkmiş şəxs isə 4000 manat məbləğində pul verməsi müqabilində hərbi hissələrdən birində maliyyə xidmətinə işə düzəldə biləcəyi barədə söz deməmiş, onları aldadaraq pullarını almamışdır. Zərərçəkmiş şəxs və Anar Mehdiyevdən almış olduğu pulları maddi imkanı olmadığı üçün borc kimi almış, sonuncudan aldığı 800 manat pulu qaytarsada, Zərərçəkmiş şəxs aldığı borcu maddi imkanı yaxşı olmadığı üçün ödəyə bilməmiş, buna görə xəcalət çəkir, qısa müddət ərzində almış olduğu 4000 manat məbləğində borc pulu Zərərçəkmiş şəxs geri qaytaracağına söz verir. 7 illik xidmət müddətində heç bir qanunsuz hərəkət etməyərək qüsursuz xidmət etmiş, məhkumluq həyatı yaşamağı ona mənəvi əzab verir. Məhkəmə prosesində ona qarşı ifadə vermiş zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş onun atası X14 istintaqda verdiikləri ifadələrini təsdiq edərək, onu dələduzluqda ittiham etsədə, hesab edir ki, belə ifadələri onlar ona müqavilə ilə verilən pulu hissə-hissə yox dərhal almaq üçün vermişlər və onlara pulları hissə-hissə ödəməyi dəfələrlə bildirdikdə, onlar bu təkliflə razı olmamışlar. Eyni zamanda məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınaraq ifadəsi tədqiq edilərək elan edilmiş X6 və onun qardaşı şahid Anar Mehdiyevin ifadələri tədqiq edilərək onların məhkəməyə təkrarən qəlmədiklərindən və onların ifadələrin elan edilməsini etiraz etməyərək, bildirmişdir ki, onlarda istintaqda verdikləri ifadələrini məhkəmədə təsdiq edəcəklər, bununla yanaşı onlardan aldığı 800 manat pulu artıq Müşfiq Mehdiyevə geri qaytarmışdır. Müşfiq Mehdiyevin və Anar Mehdiyevin ifadələrini onu tutdurmaq qorxusu ilə pullarını almaq niyyəti verdiklərindən əmindir, lakin bunu təsdiq edən sübutu yoxdur. Məhkəmədən himayəsində 2016, 2018 və 2020-ci il təvəllüdlü üç azyaşlı qız övladlarının olmasını, arvadının və anasının xəstə olmaqla daim müalicəyə ehtiyacı olmasını, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, həyat yoldaşının heç bir yerdə işləməməsini, 44 günlük Vətən müharibəsi iştirakçısı olaraq Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonları istiqamətlərində aparılan aktiv döyüş əməliyyatlarında iştirak etməsini, döyüşlər zamanı yaxınlığında partlamış mərminin təsirindən ağır kantuziya zərbəsi almasını, uzun müddət düşmənlə üz-üzə yerləşən hərbi hissələrdə xidmət etməsini, hazırda işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirməsinin nəzərə alınıb barəsində bəraət verilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınaraq ifadəsi tədqiq edilərək elan edilmiş X6 ifadəsində göstərmişdir ki, oğlu Ənvər Mehdiyev 2019-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış, 2020-ci ilin yanvar ayından N nömrəli hərbi hissədə xidmət etmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtdan tanımışdır, belə ki, oğlu X29 Əsgərovun mobil telefonundan istifadə etməklə ailə üzvləri ilə danışmışdır. Bundan sonra isə qardaşı X26 Əsgərov arasında yaxın münasibət yaranmışdır. Təqsirləndirilən şəxs Anar Mehdiyevlə görüşən zaman Ənvər Mehdiyevin xidmət yerini yeməkxanaya dəyişdirə biləcəyini vəd edib bunun üçün yuxarı komandanlığa vermək üçün 500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Anar Mehdiyev bu məsələ barədə ona bildirdikdə Təqsirləndirilən şəxs inanıb razılaşmışdır. 2020-ci ilin yanvar ayının ortalarında təxminən ayın 14-15-də Təqsirləndirilən şəxsla Qobustan qəsəbəsində magistral yolun kənarında görüşüb Ənvər Mehdiyevin xidmət yerinin yaxşılaşdırlmasına kömək edəcəyini vəd etdiyi üçün 500 manat məbləğində pul vermiş, sonuncu həmin pulu qəbul etmişdir. Lakin Təqsirləndirilən şəxs ondan 500 manat məbləğində pulunu alsa da, vədi üzrə heç bir hərəkət etməmiş, aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs pulu geri qaytarmasını dəfələrlə tələb etsələr də,sonuncu müxtəlif bəhanələr gətirməklə yayınmışdır. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs bu qanunsuz hərəkəti ilə bağlı Müdafiə Nazirliyinin qaynar xətt əlaqə nömrəsinə zəng edilib şikayət edilmişdir. Təqsirləndirilən şəxs onu inandırmaqla rüşvət verməyə təhrik etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi birinci instansiya məhkəməsində araşdırılmış yuxarıda sadalanan sübutlarla yanaşı onun birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonrakı davranışından da, onun dələduzluq yolu ilə ələ keçirdiyi məbləği və ya onun hər hansı hissəsini belə bu günə qədər ödəməməsi ilə, onun dələduzluqla aldatdığı şəxslərinin iki nəfər olması və onların hər ikisini eyni üsulla aldatması ilə, Zərərçəkmiş şəxs aldığı 4000 manat pulu borc məqsədi ilə almış olmasına, bu halın sanki onun bu pulu qaytarmamasına əsas verə biləcək bir hal kimi stinad etməsi ilə, apellyasiya baxışının son gününədək bu cür davranış göstərməkdə davam etməsi ilə də bir daha öz təstiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməməli olduğunu hesab edir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin də təmin edilməməli olduğunu hesab edir. Belə ki, dövlət ittihamçısı Ülvi Əskərova rüşvət verməyə təhrik etmə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi ilə razılaşmır. Nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Ali Məhkəmənin Plenumu yalançı vasitəçinin əməlinin tövsifi məslələri barədə mövqeyini iki qərarında ifadə etmişdir. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 31 yanvar tarixli Qərarının 7-ci bəndində qeyd olunurdu ki, başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 32, 312-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur. Bu Qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, qeyd olunan bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Bundan başqa həmin Plenum qərarından görünür ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyrikommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər). Ancaq yalançı vasitəçinin əməllərinin dələduzluq kimi tövsif edilməsi zamanı CM-nin 178.1-ci maddəsinin dispozisiyasının məzmunu, habelə CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin birinci cümləsinə əsasən dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərərçəkmiş şəxs mütləq müəyyən edilməlidir. Ali Məhkəmənin Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarında dələduzluqla bağlı işlərdə isə zərərçəkmiş şəxsin psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312-ci maddələri ilə tövsif edilməsi göstərilmiş, onların zərərçəkmiş qismində tanınması istisna olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında Ali məhkəmənin mövqeyindən fərqli mövqe formalaşdırılaraq, hesab edilmişdir ki, CM-nin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməli və şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, CM-nin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında olan yeni hüquqi mövqeyi ilə, Ali Məhkəmənin Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarında göstərilən mövqedən fərqli olan zərərcəkmiş şəxsin hüquqlarını tanımaqla, burada yeni fikir formalaşdırmışdır. Yəni, yalançı vasitəçinin rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığı, ona görə də onun əməlinin korrupsiya cinayətinin obyektinə zərər vura bilmədiyi, dövlət orqanlarını nüfuzdan sala bilmədiyi qənaətinə gəlməklə yalançı vasitəçinin niyyətinin dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəldiyi qənaətinə gəlinmiş, şəxsin rüşvət verməyə təhrik kimi görünən hərəkətlərini dələduzluğun üsulu kimi müəyyən edilmiş, bundan əlavə şəxsin rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məsələyə belə bir yanaşması ilə razılaşır ki, Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında dəyişiklik edilməsi haqqında Ali Məhkəmənin Plenumunun 2023-ci il 20 may tarixli Qərarında 2015-ci il 11 iyun tarixli qərara dəyişiklik edilərək məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında olan münasibətə uyğun olan qərar qəbul edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə bəraət verməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi barədə xahişinin də təmin edilməməli olduğunu hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsində nəzərdə tutulan daha yüngül növdə olan cəza təyin edərkən onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasına, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonları istiqamətlərində aparılan aktiv döyüş əməliyyatlarında iştirak etməsinə, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Füzulinin işğaldan azad olunması”,”Cəbrayılın işğaldan azad olunması və ”Xocəvəndin işğaldan azad olunması” medalları ilə təltif edilməsinə, ailə vəziyyətinə, ilk dəfə məhkum edilməsinə əsaslanmışdır. Cinayət işinə əlavə olunmuş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə X15 ilə nikah bağlamış, xx.xx.2016-ci il təvəllüdlü X22, xx.xx.2018-ci il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü X19 adlı azyaşlı övladları vardır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən Vətən müharibəsində iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlar əsasında belə bir düzgün nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə görə cərimə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, Zərərçəkmiş şəxs və müdafiəçinin çıxışını, dövlət ittihamçısının rəyini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(098)-109/2022 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayil Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar