Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-10/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Ə.Sarıyev) 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 hökmü ilə, 12 avqust 1996-cı il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum edilməmiş, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və Şəki şəhərində kirayədə yaşayan, 18 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant rütbəsində hərbi xidmətdə olan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin şəxsi heyət üzrə şöbəsində ezamiyyətdə olmaqla leytenant rütbəsində xidmət edən, 05 fevral 2021ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək bаrəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 1500 (bir min beş yüz) mаnаt cərimə cəzasına məhkum edilməsi, hökmün icrasının Tаlıblı Nаhid Əziz oğlunun yаşаdığı yer üzrə Biləsuvаr rаyоn İcrа və Prоbаsiyа Şöbəsinə həvаlə edilməsi, bаrəsində seçilmiş «Bаşqа yerə getməmək hаqqındа iltizаm» qətimkаn tədbirinin hökm qаnuni qüvvəsini аlаnа kimi dəyişdirilmədən qüvvəsində sаxlаnılması, cinayət işi üzrə maddi sübut olan Qax şəhərində rayon polis şöbəsi ilə üzbəüz yerləşən “fotostudiya”da müşahidə kamerası ilə qeydə alınmış Təqsirləndirilən şəxs orada saxta raport yazdırmasının videogörüntüsü olan bir ədəd DVD diskin iş materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəki rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının rəisi vəzifəsini leytenant hərbi rütbəsində müvəqqəti icra edərkən 29 iyul 2020-ci il tarixdə Qax rayonu ərazisində fəaliyyət göstərən xırdabuynuzlu təsərrüfatın sahibi Şahid1 təsərrüfatında çobanlıq edən X2 “Qıcal” yaylağında olan təsərrüfatdan “Qurban bayramı” ilə əlaqədar satış məqsədi ilə 165 baş xırdabuynuzlu heyvanı Qax rayonu İlisu kəndinə düşürən zaman sürünü sərhəd zastavasında qeydiyyatdan keçirməməsindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək 03 avqust 2020-ci il tarixdə saat 18:30 radələrində Qax şəhərində yerləşən “Fotostudiya”da Orucəli Mirqafarovun 165 baş xırdabuynuzlu heyvanı qeydiyyata salmadan kəndə düşürtməsi səbəbindən guya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yoxlama təyin edilməsini bildirən saxta raport hazırlatdırıb 04 avqust 2020-ci il tarixdə saat 11 radələrində Qax rayonu İlisu kəndinin ərazisində yerləşən “Qədim İlisu” adlı kafedə Şahid1 problemi yoxlamaya gələn şəxslərlə 1500 (bir min beş yüz) manat pul müqabilində özünün həll edəcəyini, həmin şəxsləri tanıdığını deyib xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik edib inandıraraq həmin tarixdə saat 12 radələrində gəldikləri razılığa əsasən “Qədim İlisu” adlı kafedə Şahid1lə təkrar görüşmüş, orada Təqsirləndirilən şəxs Şahid1 danışdıqları kimi 1500 manat pul almaqla qanunsuz olaraq qazanc əldə etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyi üçün onun apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Talıblıya cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün qiymətləndirməmiş, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olmayan və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Odur ki, hökmdən CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar çıxarılmaqla dəyişdirilməsini və təqsirləndirilən şəxsə maddənin sanksiyası həddində cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestinin təmin edilməklə, hökmün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşiman olduğunu bildirərək, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Lakin məhkəmə kollegiyası cəzaya münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, CM-nin 62.1 -ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, məhkəmə təqsirləndirilən şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəza və ya maddədə müəyyən edilmiş cəzanın aşağı həddindən də az cəza təyin edə bilər. Cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar dedikdə isə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəlmiş digər hərəkətlərin edilməsi və s. başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı qərarının 8-ci bəndinə və CM-in 62-ci maddəsinə əsasən CM-nin xüsusi hissəsinin müvafiq maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi, şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar olduqda mümkündür. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət qanunvericiliyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin üç formasını müəyyən etmişdir ki, bunlardan biri də CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin təyin edilməsidir. Digər hallarda oluğu kimi həmin halın tətbiqi zamanı da məhkəmə müəyyən edilən müstəsna halları və daha yüngül cəza təyin edilməsinin əsaslarını hökmdə göstərməyə borcludur. CM-in 62-ci maddəsinin mənası baxımından müstəsnalıq əlaməti hər bir fərdə aid olan onun ailəli olması, azyaşlı övladlarının olması, əməlindən peşiman olması və sair sıradan olan hallarla bağlı deyil, daha çox təqsirkarın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini azaldan və bilavasitə təqsirkarın cinayəti törədərkən və ya bundan sonrakı davranışı ilə bağlı istisna hallarla bağlı olan əlamətləri özündə ehtiva edir. Lakin hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə büruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmdə belə hallara istinad edə bilməmişdir. Qanunun mənasına görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi zərurəti o halda yaranır ki, əməlin tövsif edildiyi maddənin sanksiyasında göstərilən cəzanın aşağı həddində belə, təyin ediləcək cəzanın işin hallarına və təqsirkarın şəxsiyyətinə adekvat olmadığı müəyyən edilir. Bu halda məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq məhkuma CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsinin zəruri olduğunu müəyyən etdikdə CM-in 62ci maddəsini tətbiq edərək, belə cəza təyin etməyi məqsədə müvafiq hesab edə bilər. Lakin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən kifayət qədər əsaslar olmadan CM-in 62-ci maddəsini tətbiq edərək ona həddən artıq yüngül cəza, yəni CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etmişdir ki, bu da törədilmiş əmələ və maddədə nəzərdə tutulmuş cəzaya adekvat deyil. Hansıki, birinci instansiya məhkəməsi Nahid Talibimin ilk dəfə cinayət törətməsini, səmimi peşmançılığını, vurduğu ziyanı ödəməsini, xidmətini davam etdirmək arzusunda olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin konkret halda bu kimi nəticə cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökm CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar çıxarılmaqla dəyişdirilməlidir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən az cərimə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Belə olan halda, məhkəmə kollegiyası Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab edir və uyğun olaraq həmin hökmün dəyişdirilməsini mümükün hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmü dəyişdirilməli, CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmü dəyişdirilsin. Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmündən CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 5000 (beş min) məbləğində cərimə cəzasına məhkum edilsin. Tərtər Hərbi Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(098)-81/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-10/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-10/2021
31.08.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver