Məhkəmə qərarları › İş №1-1(107)-3/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-3/2023

07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-3/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Ə.Sarıyev) 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmü ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, xx.xx.2022-ciil tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, cinayət törədilən zaman və hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının 1-ci taqımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində xx.xx.2022-ciil tarixdə“komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 332.1-ci mаddəsi ilə təqsirli bilinib, 03 (üç) аy müddətinə intizаm xаrаkterli hərbi hissədə sаxlаmа cəzаsınа məhkum edilməsi, cəzаsının bаşlаnğıcının intizаm xаrаkterli hərbi hissəyə yerləşdirildiyi vаxtdаn hesаb оlunması, Mustаyаyev Fаmil Xəyyаm оğlunun intizаm xаrаkterli hərbi hissəyə yerləşdirilməsi N nömrəli hərbi hissənin kоmаndаnlığınа həvаlə edilməsi, Mustаyаyev Fаmil Xəyyаm оğlu bаrəsində seçilmiş «kоmаndаnlığın müşаhidəsi аltınа vermə» qətimkаn tədbirinin hökm qаnuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs xx.xx.2022-ciil tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsindən müddətli həqiqi hərbi xidmətdə çağırılıb, 26 mart 2022-ciil tarixdən Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının 1-ci taqımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyi müddətdə xx.xx.2022-ciil tarixdə saat 15:00 radələrində hərbi hissənin avtomobil parkında hərbi avtomobillərə silah-sursat yükləyərkən həmin batareyanın 2-ci taqımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs avtomobilin yük yerini süpürərkən onun üzərinə zibil tökməsi səbəbindən aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman onların sözlü mübahisə etdiklərini görən baş leytenant Şahid3 əsgər Təqsirləndirilən şəxs kitelini geyinib onun yanına gəlməsini tapşırmışəsgər Təqsirləndirilən şəxs oraya gedərkən əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadəişlətmişdir. Zərərçəkmiş şəxs ona cavab qatardıqda Təqsirləndirilən şəxs tаbelik münаsibətlərində оlmаyаn hərbi qulluqçulаr аrаsındа qаrşılıqlı münаsibətlərin nizаmnаmə qаydаlаrını, yəni “hərbi qulluqçulаrın biribirinə münаsibətdə həmişə nəzаkətli və təmkinli оlmаlаrınа, yüksək mədəniyyət, təvаzökаrlıq və təmkin nümаyişi göstərmələrinə” dаir Silаhlı Qüvvələrin Dаxili Xidmət Nizаmnаməsinin 38 və 42-ci mаddələrinin tələblərini pоzаrаq yerdən daş götürüb Zərərçəkmiş şəxs başına atmış və daş Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə dəyərək ona səhhətin qısa müddət pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sağ almacıq nahiyəsinin hematoması”ilə müşayiət olunan bədən xəsarətini yetirib zərrəçəkmişşəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən məhkəmənin hökmünü cəzanın ağırlığı baxımından ədalətsiz hesab edir Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını, ilk dəfə böyük istimai təhlükə törətməyən cinayət əməli törətməsini, səmimi etirafını, peşman olmasını, əməlinin ağır nəticələrə səbəb olmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitini ağırlaşdıracağını, yeni cinayət əməli törətməməsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, gənc olmasını, 1 il xidmət etməsini, yəni xidmətinin başa çatmasına az bir müddət qalmasını və s. kifayət qədər nəzərə almadan, onun barəsində nəzərdə tutulduğundan daha yüngül cəzanın verilməsi əsaslarının müəyyən edilmədiyi qənaətinə gələrək ona mütləq" intizam xarakterli hərbi hissədə saxlama " növündə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfidən yeni cnayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu cinayət hüquq normalarından belə görünür ki, təqsirkar şəxsə təyin olunmuş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir olaraq qiymətləndirilməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanm müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri və ictimai- təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəzanın təqsirkarın şəxsiyyətinə uyğun olduğu aydın görünsün. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan yüngülləşdirici halları müstəsna hal kimi nəzərə almamış, onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Eləcə də həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəməşərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərancammın - 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərancamın 13.3-cü bəndində Məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Sərancamın 13.4-cü bəndində isə qeyd olunmuşdur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Qeyd olunanları nəzərə alınsa intizam xarakterli hərbi hissədə saxlama Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsi onun ailə vəziyətini daha da çətin vəziyyətə salacaqdır. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmünun Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə dəyişdirilməsini və cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X7 Təqsirləndirilən şəxs barəsində Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmünün CM-in 70-ci maddəsini tətbiq etməklə dəyişdirilməsini və cəzasının şərti hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)- 296/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 332.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 332.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs barəsində olan Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmünün CM-in 70-ci maddəsini tətbiq etməklə dəyişdirilməsini və cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini artıran və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki, şikayətin məzmunundan göründüyü kimi şikayətdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürülməmiş və hər hansı bir əsaslandırma aparılmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertinin xx.xx.2022-ciil tarixli, 711 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ almacıq nahiyəsinin hematoması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.2022) vəşəraitdə yetirilməsiinkar olunmur, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 28). Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Vüqar İmanovun xx.xx.2022-ciil tarixli raportundan və zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabıçıxarışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdəilkin tibbi müayinəsi zamanı onda sağ almacıq nahiyəsinin hematoması xəsarəti aşkar edilmişdir. Həmin xəsarət Zərərçəkmiş şəxs xx.xx.2022-ciil tarixdə hərbi hissənin avtomobil parkında əsgər Təqsirləndirilən şəxs tərəfindən atılan daş nəticəsində yetirilmişdir (iş vərəqi 6-7). Bundan başqa iş materialarında olan N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Fаmil Mustаyаyev mənfi xarakterizə olunmuşdur. Xidməti dövrundə həvəsləndirilməmiş, dörd dəfə cəzalandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 332.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Hərbi Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(098)-296/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar