Məhkəmə qərarları › İş №1-1(107)-4/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-4/2020

16.06.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-4/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 335.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayətinə açıq məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim V.Nəsirov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 2001-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qax rayonunun Qorağan kəndində qeydiyyatda olmaqla Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin əsgər yataqxanasında yaşayan, xx xxxxxxx 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinə göndərilmiş, həmin hərbi hissənin təlim-tədris mərkəzində gənc əsgər kimi hərbi xidmət etmiş, hazırda həmin təlim-tədris mərkəzinin komendant bölüyünə ezam olunmuş, əsgər hərbi rütbəsində xidmət edən, barəsində xx xxxxxx 2019-cu il tarixdə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun CM-in 335.1-ci maddəsi ilə təqsirli bilinib, altı ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsi, ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və N nömrəli hərbi hissəyə məsul saxlanışa verilmiş bir ədəd paltar ütüləmək üçün istifadə edilən metal konstruksiyalı stoldan hökm qanuni qüvvəyə mündikdən sonra N nömrəli hərbi hissəyə istifadə hüququnun verilməsi, dövlət büdcəsi hesabından Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod: 805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T.BİK: İBAZAZ2X Hesab №-si AZ89İBAZ********************; VÖEN: **********) 42 (qırx iki) manat pul ödənilməsi, hökmün icrasının intizam xarakterli hərbi hissədə saxlama cəzasına münasibətdə intizam xarakterli hərbi hissənin komandanlığına və hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər Rayon Vəkil Bürosuna həvalə edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs öz sağlamlığına az ağır zərər vurma yolu ilə hərbi xidmətdən boyun qaçırmışdır. Belə ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəki rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin təlim-tədris mərkəzinin 1-ci təlim zastavasında əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət edərkən xx xxxxxxx 2019-cu il tarixdə, saat 07:50 radələrində hərbi xidmətdən boyun qaçırmaq, yəni vaxtından əvvəl ordu sıralarından ehtiyata buraxılmaq məqsədilə1-ci və 3-cü təlim zastavalarına aid məişət otağında sağ əlinin üst hissəsini paltar ütüləmək üçün təyin olunmuş metal stolun kənarına vuraraq özünə dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sağ mil sümüyünün yerdəyişməyən sınığı, sağ bilək oynağı nahiyəsinin dərialtı hematoması və yumşaq toxumasının əzilməsi” xəsarətlərini yetirib hərbi xidmət üzrə vəzifələrini yerinə yetirməkdən azad edilərək xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında ümumilikdə dörd gün müddətinə stasionar müalicəyə yerləşdirilməsinə nail olmuşdur. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Dövlət ittihamçısı apelyasiya şikayətinə qarşı etiraz verərək apelyasiya şikayətinin rədd edilməsi və həmin iş üzrə olan Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə mənə cəza təyin edərkən məsuliyyətimi, cəzanı yüngülləşdirən bir sıra halları, eləcə də təyin edilən cəzanın ailəmin həyat şəraitinə təsirini nəzərə almamışdır. Belə ki, mən elan edilmiş ittihamda özümü təqsirli bilirəm, öz əməlimi etiraf etməklə səmimi peşmançılıq çəkirəm, o cümlədən, cinayətin açılmasına və bütövlükdə ibtidai və məhkəmə istintaqının aparılmasına fəal köməklik göəstərmişəm. Hökmdə səmimi peşmançılıq hissələri keçirməyimin, gənc olmağımın, ailəmin yeganə övladı olmağımın və yaşayış yeri üzrə müsbət xarakterizə olunmadığımın cəzamı yüngülləşdirər hallar olması və cəzamı ağırlaşdıran halların olmaması qeyd olunub. Bundan əlavə, cinayət işinin materiallarında olan sənədlərlə tam təsdiq olunur ki, mən əvəllər məhkum edilməmişəm, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişəm. Həmçinin, qeyd etmək istəyirəm ki, mən qeyd olunan cinayəti törədərkən cəmi dörd gün idi xidmət edirdim, gənc hərbi qulluqçu olduğumdan hərbi xidmət üzrə vəzifələrimdən irəli gələn öhdəliklərimi dərk etmirdim, heç hərbi and da içməmişdim, hərbi andın tələbindən irəli gələn məsuliyyətimi tam başa və mülki həyatdan hərbi xidmətə uyğunlaşa bilmirdim. Hərbi xidmətə çağırıldığım ilkin vaxtlarda qeyd etdiyim xüsusatlar mənim psixologiyama mənfi təsir göstərirdi, xidmətimdə problemlər yaradırdı, tez-tez ailəm üçün darıxırdım. Ancaq, hazırda xidmətimdə dönüş yaratmışam, səhvlərimdən nəticə çıxarmışam və törətdiyim əməldən peşmanam. Gələcəkdə oxşar hallara yol verməyəcəyimə söz verirəm. Mənim hərbi xidmətimdə dönüş yaratmağım, tutulan iradlardan nəticə çıxarmağım, özümü nizam-intizanlı aparmağım və normal hərbi xidmət etməyim cinayət işinin materiallarında olan komandirim baş leytenant X2 ifadəsindən də görünür. Həmçinin, qeyd etmək istəyirəm ki, ailəmin yeganə oğul övladıyam, atam və anam işləmir, mən hərbi xidməti başa vurandan sonra onlara maddi və mənəvi kömək etməliyəm, hazırda mənə təyin olunan cəza ailəmin vəziyyətini daha da ağırlaşdırır. Səmimi peşman olmağım, cinayəti törətdiyim vaxtdan sonrakı xidmət müddətim ərzində bunu davranışlarımla sübut etməyim, ibtidai istintaqın gedişində və məhkəmə istintaqında törətmiş olduğum cinayət əməlimi etiraf etməyim, xidmətimi davam etdirmək arzumun olmağı, cinayət törətdikdən sonra hər hansı qanun pozuntusuna yol verməməyim, qüsursuz xidmət etməyim, davarnışlarımla islah olunduğumu göstərməyim, şəxsiyyətimin ictimai təhlükəli olmadığı Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündə də qeyd olunmuşdur. Mənə təyin edilmiş altı ay müddətə intizam xarakterli hərbi hissədə saxlanılma cəzasının müddəti CM-də nəzərdə tutulmuş cəzalardan ən ciddisi olan azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulur və günə gün hesablanır. Hansıki, mən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişəm və qeyd olunan cinayətlərin ictimai təhlükəliliyinin aşağı olması ilə əlaqədar hətta CM-in 72-ci maddəsində həmin təsnifata aid edilən cinayətləri ilk dəfə törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyü də nəzərdə tutulur. Qeyd etməyi zəruri hesab edirəm ki, göstərdiyim xüsusatlar və bunu təsdiq edən sənədlər cinayət işinin materiallarına əlavə edilməsinə baxmayaraq, Tərtər Hərbi Məhkəməsi müvafiq hökmü çıxararkən həmin halları nəzərə almamışdır. Odur ki, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsi və mənə təyin edilmiş altı ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq olunmasına dair qərar çıxarılmasını apelyasiya instansiya məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mənə elan edilmiş ittihamda özümü təqsirli bilirəm, əməlimdən səmimi peşmanam. Səhv hərəkətlər etdiyimi başa düşürəm. Ancaq mənə təyin edilmiş cəza həddindən artıq sərtdir. Atamın anamın tək oğluyam. Ailəm üçün darıxmışdım, çox sıxılmışdım, hadisə ona görə baş vermişdir. Gələcəkdə oxşar hallara yol verməyəcəyimə söz verirəm. Bütün bunları nəzərə alıb apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Yusif Seyidov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-cü (Sübutların toplanılması), 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün toplanmış sübutlar birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Apelyasiya şikayətində Təqsirləndirilən şəxs təqsirli olması və cəzalanmalı olmaması, ona təyin edilmiş cəzanın növü və həddi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs həmin əməlləri törətməkdə təqsirli bilinməsi və cəzalanmalı olması və cəzanı yüngülləşdirən hallar, ona təyin edilmiş cəzanın növü və həddi barədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barədə CM-in 70-ci maddəsinin tətbiq edilməli olması barədə apelyasiya şikayətinin dəlilini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi iləhansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunu məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquqi tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəlir ki, residiv cinayətə yol verilməsin yaxud da minimum residivlik azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar. Başqa sözlə, cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür. Ona görə də ona cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, CM-in 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair 22 sentyabr 2008ci il tarixli qərarında göstərilmişdir ki, onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən isə məhkumların islah edilməsi – onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. N saylı hərbi hissənin təminat bölüyünün komandiri vəzifəsini icra edən baş leytenant Zülfiqar Əliyev tərəfindən tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin təminat bölüyündə xidmət etdiyi müddət ərzində özünü nizamlı-intizamlı, nümünəvi, çalışqan, bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gələrək verilmiş əmr və tapşırıqları vaxtında yerinə yetirmişdir. O, peşə hazırlığı səviyyəsinin artırılmasına daim səy göstərmiş, hərbi nizamnamələrin tələblərinə uyğun xidmət etməklə yanaşı, döyüş və ictimai hazırlıq üzrə keçirilmiş məşğələlərdə yaxından iştirak etmişdir. Xidməti müddət ərzində əsgər Təqsirləndirilən şəxs komandirlərin və əsgər yoldaşlarının hörmətini qazanmış və onlara həmişə yaxından köməklik göstərmişdir. Vətənpərvərdir, fiziki və mənəvi psixoloji cəhətdən normal, xasiyyətcə sakit xarakterə malik olmuş, hərbi geyimi səliqəli saxlamış, şəxsi və gigiyenik qaydalara həmişə əməl etmişdir. Bundan başqa, Qax Rayon İcra Hakimiyyəti başçısının Qorağan kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamə ilə yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2 nömrəli tələbnamədən isə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən demişdir ki, mənə elan edilmiş ittihamda özümü təqsirli bilirəm, əməlimdən səmimi peşmanam. Səhv hərəkətlər etdiyimi başa düşürəm. Atamın anamın tək oğluyam. Ailəm üçün darıxmışdım, cox sıxılmışdım, hadisə ona görə baş vermişdir. Gələcəkdə oxşar hallara yol verməyəcəyimə söz verirəm. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hadisədən sonra təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi, törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Şəxsin əməlindən peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə bunların əhəmiyyəti ondadır ki, bu hallar cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi əmələ münasibəti islah olunmaq perspektivləri haqqında düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Əməlin etiraf olunması ilə peşmançılıq hissinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin təzahürü olub onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olmasına dəlalət edən haldır. Beləliklə, iş mаteriаllаrındаn və məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir, baş verənlərdən əzab çəkir, özünü məzəmmət edir. O, ümumiyyətlə əvvəllər məhkum olunmamış, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Belə olan halda, məhkəmə kollegiyаsı CM-in 70.2-ci mаddəsinə uyğun olаrаq, törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən olunmuş cəzаnı yüngülləşdirən hаllаrı, cəzаnı аğırlаşdırаn hаllаrın olmаmаsını nəzərə аlaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barədə CM-in 70-ci maddəsinin tətbiq edilməsi, eyni zamanda, BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydalarının (Tokio, qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da, təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq da cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış, ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, CM-in 70-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq məhkum edildiyi altı ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası bir il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs davranışına nəzarət onun xidmət keçdiyi hərbi hissənin komandanlığına həvalə edilməli və Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək vəzifəsi qoyulmalıdır. CPM-in398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 394, 397-399, 407 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 335.1-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası bir il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun xidmət keçdiyi hərbi hissənin komandanlığına həvalə edilsin və onun üzərinə nümunəvi hərbi xidmət keçmək vəzifəsi qoyulsun. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar