Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1-1(107)-4/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 320.2-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim S.Əzizov) 22 iyul 2020-ci il tarixli hökmü ilə xx.xx.1993-cü ildə Bərdə rаyоnunun Kətəlparaq kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, tаm оrtа təhsilli, subay, Bərdə rаyоnunun Kətəlparaq kəndində qeydiyyаtdа оlаn, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1ci tağımının, 3-cü manqasının komandiri vəzifəsində işləyən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik-çavuş, bаrəsində 12 mаrt 2020-ci il tаrixdə bаşqа yerə getməmək hаqqındа iltizаm qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinib, bir min manat məbləğində cərimə təyin edilməsi, ona təyin edilmiş cərimə cəzasınının icrasının onun qeydiyyat və yaşayış yeri üzrə Bərdə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş SQ ******* nömrəli gizirin, miçmanın şəxsi vəsiqəsinin Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən, cinayət işinin saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 61,52 manatın ondan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X6 işlədiyi Bərdə Rayon Vəkil Bürsounun hesbına 36 manat, Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesbına isə 60 manat köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Müdаfiə Nаzirliyinin Ağdam rаyоnu ərаzisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1ci bölüyünün 1-ci taqımının 3-cü manqa komandiri vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə оlаrkən X7 və X3 ilə danışaraq, bankdan əlverişli şərtlərlə və yüksək məbləğdə kredit götürmək məqsədi ilə həmin şəxslərin vasitəçiliyi ilə hazırlanacaq saxta “gizirin şəxsi vəsiqəsi” əsasında bankdan kredit götürməsinə kömək etmələri barədə razılığa gəldikdən sonra kredit alması üçün zəruri sənədlərin, yəni şəxsiyyət və hərbi qulluqçunun şəxsi vəsiqəsi, əmək haqqı kartının fotoşəkillərini Ülvi Zeynalovun vasitəsilə “Whatsapp” mobil proqramından vətəndaş X2, Mətləb Məmmədov isə öz növbəsində həmin mobil proqram vasitəsilə hazırda şəxsiyyəti istintaqa məlum olmayan, özünü Mətləb Məmmədova “xxxx” ASC-nin işçisi kimi təqdim etmiş Şahin adlı şəxsə göndərmişdir. Şahin adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs adına məzmunu təhrif edilməklə guya onun “gizir” hərbi rütbəsində xidmət etməsini təsdiq edən saxta “gizirin şəxsi vəsiqəsi” hazırlanıb aralarındakı sövdələşməyə uyğun olaraq Bakı şəhərində Mətləb Məmmədov vasitəsilə Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının əvvəllərində saxta “gizirin şəxsi vəsiqəsi”ni əldə edib kredit götürmək üçün “xxxx” ASC-nin Nərimanov filialına təqdim etməklə qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmiş, lakin əvvəlki kredit ödəmələrində gecikmə olduğundan bank əməkdaşları tərəfindən ona kredit təyin olunmamışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən əvvəlcə müraciət etdiyi “xxxx” ASC-nin Nərimanov filialından kredit əldə edə bilmədiyindən, bu məqsədlə 2019-cu ilin avqust ayının sonlarında Yevlax rayonu ərazisində vətəndaş Mətləb Məmmədovla yenidən görüşərək, yuxarıda qeyd olunan, yəni Şahin adlı şəxs tərəfindən adına hazırlanmış məzmunu təhrif edilməklə guya onun “gizir” hərbi rütbəsində xidmət etməsini təsdiq edən saxta “gizirin şəxsi vəsiqəsi”ni əldə edib kredit götürmək üçün “xxxx” ASC-nin Yevlax filialına təqdim etməklə qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə təkrar istifadə etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Müdafiəçi verdiyi apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükəli törətməyən cinayət əməli törətməsini, törətmiş olduğu cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cinayətin açılmasına, yəni bütövlüklə ibtidai və məhkəmə istintaqının aparılmasına fəal köməklik göstərməsini, törətmiş olduğu cinayət əməlinin ağır nəticələrə səbəb olmamasını, ailədə işləyib qazanc gətirən yeganə şəxs olmasını, gənc olmasını, 2019-cu ilin avqust ayından bu günədək yeni cinayət əməli törətməyərək artıq islah olunmasını, döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etməsini, ağır ailə şəraitini nəzərə almadan 1000 manat cərimə cəzası təyin etmişdir. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsə təyin edilmiş cəza CM-in 62-ci maddəsi tətbiq etməklə aşğı həddə endirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, Vətən müharibəsinin iştirakçısıyam. Səhv etdiyimi dərk edirəm. Əslində mən aldadılmışam. Əməlimdən peşmanam. Maddi vəziyyətim ağırdır. Ailə qurmuşam, bir azyaşlı övladım var. Cərimədən 460 manat ödəmişəm, qalanını ödəməyə imkanım yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, hazırda Təqsirləndirilən şəxs hərbi hissədə xidmət edir, himayəsində azyaşlı uşağı var. Eyni zamanda, o, torpaqlarımızın azad edilməsində iştirak etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsini tətibiq etməklə təqsirli bilindiyii maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddində, yəni 460 manat həddində cərimə təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməli və Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi nə onun özü, nə də müdafiəçisi tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyasının qənaətincə, ibtidai istintaq orqanı tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış, bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 320.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır, lakin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı sərt hesab edir. İş materiallarında olan AD seriyalı ******* nömrəli şəxsi vəsiqənin kserosurətindən görünür ki, müddətdən artıq həqiqi lərbi xidmət hərbi qulluqçu Təqsirləndirilən şəxs Məhəmməd oğlu xx xxxx 1993-cü ildə Bərdə rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. N nömrəli hərbi hissə komandirinin 26.04.2017-ci il tarixli 121 №-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi Xidmət keçmə haqqıda” Əsasnamənin 12-ci maddəsinin "b” bəndinə, 26 maddəsinin “a”, 33-cü maddəsinin “b”, 72-ci maddəsinin “v” bəndlərinə və Azərbaycan Respublikası Müdafiə Nazirinin 08.08.2015-ci il tarixli 277 nömrəli müvafiq olaraq, ”08 nömrəli hərbi hissədə “motoatıcı manqa komandiri” ixtisası üzrə 06.02.2017-ci il tarixdən 18.03.2017-ci il tarixədək keçirilən “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı” kursunu bitirmiş və N nömrəli hərbi hissə komandirinin 16.04.2017ci il tarixli 064 əç nömrəli əmri ilə 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyi üçün SHXÇDX-nin Bərdə rayon şöbəsindən gəlmiş hesab edilmiş, 26.04.2017-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyularaq hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 1-ci manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N nöməli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin 12.06.2018-ci il tarixli 1N nömrəli əmrinə əsasən hərbi hissənin 2-ci taborunun 4-cü bölüyündə qumbaraatan vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Təqsirləndirilən şəxs kiçik çavuş hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 06 aprel 2021-ci il tarixli 122923/2020-6-1 nömrəli məktubda göstərilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)-109/2020 nömrəli 22 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilişdir. Hökm icra edilməsi üçün 03.09.2020-ci il tarixdə məhkumun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N saylı 02.12.2020-ci il tarixli məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs bu günə qədər əmək haqqından 459,46 manat tutularaq dövlət nəfinə ödətdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan maddi hüquq normasının və qərarın məna və mahiyyətinə görə cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən əməllərinə görə CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də yüngül cərimə cəzası təyin edilə bilər. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 59.1-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, habelə digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğunun olmaması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, əməlindən peşman olması, ailədə işləyib yeganə qazanc gətirən şəxs olması, habelə Vətən müharibəsində iştirak etməsi cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Çünki, CM-in 59.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olmasını təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar (təqsirləndirilən şəxsin dövlət büdcəsinə artıq 459,46 manat ödəməsi) habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi CM-in 320.2-ci maddədəsində müəyyən edilən bir min manatdan da aşağı həddə cərimə cəzasının təyin olunması məqsədəuyğun hesab edilməlidir. CM-in 62.1-ci maddəsinə sasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Krcmar və digərlərinin Çex Respublikasına qarşı iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi, hər tərəfə onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitə qoymayan şəkildə öz işini təqdim etmək imkanın verilməsini tələb edir. Hər halda, ədalətli araşdırma anlayışı həmçinin çəkişmə əsasında həyata keçirilən məhkəmə araşdırması hüququnu nəzərdə tutur ki, bu hüquqa müvafiq olaraq tərəflər, yalnız öz tələblərinin təmin olunması üçün zəruri olan hər hansı sübutların aşkarlanması imkanına deyil, həm də bütün təqdim olunmuş sübutlardan və verilmiş mülahizələrdən xəbərdar olmaqla onlara dair məhkəmə qərarına təsiredici tərzdə öz dəlillərini gətirmək imkanına da malik olmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barədə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 320.2-ci ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 459,46 (dörd yüz əlli doqquz manat qırx altı qəpik) manat miqdarında cərimə cəzasına məhkum edilməli və baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh olunanlara əsaslanıb və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 459,46 (dörd yüz əlli doqquz manat qırx altı qəpik) manata endirilsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(107)-4/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(107)-4/2021
17.05.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver