Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-6/2026 25.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İsmayılov Coşqun Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Arvadını qısqanclıq zəminində qəsdən öldürməyə cəhdə görə ittiham verilmiş, birinci instansiya məhkəməsində 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən əməlin daha yüngül cinayətə (CM 128) tövsif olunması üçün apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunmamış Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və X1 ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov İbrahim Fətulla oğlunun, təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## ##### 1999-cu il tarixdə Babək rayonunun Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN *******), tam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan (əvvəlki məhkumluğu ödənilmiş), Babək rayonunun Qahab kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, ## ####### 2025-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin MAHHXHQ-su əsgəri İsmayılov Coşqun Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İsmayılov X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin MAHHXHQ-su əsgər vəzifəsində xidmətdə olarkən, ## ####### 2025-ci il tarixdə, saat 10 radələrində xidmət yerində olan zaman əvvəllər tanımadığı İsgəndərova Sunay Miri qızı adlı bir qadının onun mobil telefonuna zəng edərək arvadı İsmayılova Mələk İntiqam qızının onun əri İsgəndərov Təbriz Əfsələddin oğlu ilə birlikdə ona xəyanət etməsi barədə verdiyi məlumatdan sonra hərbi hissədən icazəsiz olaraq yaşadığı, Babək rayonunun Qahab kəndində yerləşən fərdi yaşayış evinə getmiş, yaşayış evinin salon otağında arvadı Mələk İsmayılovaya aldığı məlumat barədə bildirdikdə sonuncu həmin halı inkar etmiş, onu S.M.İsgəndərova ilə üzləşdirsə də, M.İsmayılova imtina edərək mobil telefonu söndürmüş, yataq otağına keçərək orada sözlü mübahisə edən zaman əsəbiləşib Mələk İsmayılovanın sifətindən bir şillə zərbəsi vurduqdan sonra onu evin darvaza qapısından çölə çıxarmışdır. C.İsmayılov həyətyanı sahədə olarkən gələn mobil telefon səslərindən M.İsmayılovanın darvazanın qarşısında kiminləsə yazışdığını bilib onu içəri salaraq əlində olan mobil telefonu alıb baxdıqda sonuncunun bir qədər əvvəl inkar etdiyi halda T.Ə.İsgəndərovla yazışdığını görüb ona xəyanət etdiyinə tam əmin olaraq əvvəlcə sifətindən bir şillə zərbəsi vurmuş, daha sonra qısqanclıq zəminində M.İsmayılovanı qəsdən öldürmək qərarına gələrək həmin məqsədlə bir əli ilə sonuncunun saçından və bir əli ilə boyun nahiyəsindən tutub yerə yıxdıqdan sonra kürəyi üstə yerdə uzanmış vəziyyətdə olan M.İsmayılovanın üzərinə oturub hər iki əli ilə sonuncunun boyun nahiyəsinin ön tərəfindən sıxmağa başlamış, bu zaman M.İsmayılova buraxmasını, həqiqətləri danışacağını dediyi üçün o, ona xəyanət etməsini etiraf edəcəyini düşünərək əllərini M.İsmayılovanın boyun nahiyəsindən çəksə də, yenə də inkar etdiyini görüb, sonuncunu öldürməsi üçün həyətyanı sahədə paltar asmaq üçün dirəyə bağlanmış ipi alışqanla yandırıb 107 sm uzunluğunda ipi qopardıqdan sonra həmin ipi yerdə uzanmış vəziyyətdə olan M.İsmayılovanın boyun nahiyəsinin ön tərəfindən keçirib dartaraq onu pilləkənlərin yanına gətirmiş, orada üzərində oturmuş vəziyyətdə boyun nahiyəsinə keçirdiyi ipi hər iki əli ilə bir qədər sıxdıqdan sonra M.İsmayılovanın hərəkətsiz və huşsuz halda qaldığını, ağzından köpük gəldiyini görüb öldüyünə əmin olaraq ipi əlindən buraxmış və yenə də onun hərəkət etmədiyini görüb mobil telefonu ilə həmin vaxt işlədiyi çörəkbişirmə sexində olan anası İsmayılova Xalidə Abbasəli qızına zəng edərək arvadı M.İsmayılovanı öldürdüyünü deyib təcili olaraq evə gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra anası X.İsmayılova evə gəldikdə M.İsmayılovanın huşsuz halda yerdə uzanılı vəziyyətdə olmasını, ağzından köpük gəlməsini, qeyri-iradi olaraq sidik ifraz edib paltarını batırmasını görüb əvvəlcə sifətinə və əlinə su vuraraq, daha sonra ürək masajı etməyə başlamış, az müddət ürək masajı etdikdən sonra M.İsmayılova nəfəs almağa və ayılmağa başlamış, bu zamanı arvadının ölmədiyini görən C.İsmayılov kürəyinə təpik, sifətinə isə sillə zərbəsi vuraraq əməlini başa çatdırması, yəni M.İsmayılovanı öldürməsi üçün mətbəxə gedərək orada olan ümumi uzunluğu 240 mm, tiyəsinin uzunluğu 125 mm, eni 20 mm olan mətbəx bıçağı götürüb yenidən M.İsmayılovanın üzərinə gələn zaman atası İsmayılov Məhərrəm Hüseyn oğlu, eləcə də həmin vaxt anası X.İsmayılova M.İsmayılovanı hamam otağına aparıb qapını bağlayaraq özləri C.İsmayılovanın qarşısını kəsməklə hamam otağına daxil olmasına imkan verməmiş və sonuncunun sakitləşmədiyini görüb polisə məlumat verdikləri üçün təxminən 30 dəqiqə sonra hadisə yerinə Babək rayon Polis İdarəsinin əməkdaşları gəlmiş və bununla da, C.İsmayılov öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək M.İsmayılovanı qəsdən öldürməyə cəhd etmiş, hadisə zamanı M.İsmayılova dərəcəsinə görə sağlamlığa zərər vurmayan boyun nahiyəsinin ön, sağ və sol yan səthlərinin, sol said nahiyəsinin arxa səthinin, sağ baldır nahiyəsinin ön səthinin qançırları, boyun nahiyəsinin sol yan səthinin, sol said nahiyəsinin arxa səthinin, hər iki dirsək oynağı nahiyəsinin arxa səthinin, hər iki diz oynağı nahiyəsinin ön səthinin və sağ baldır nahiyəsinin ön səthinin sıyrıqları xəsarətləri almışdır. II. Birinci instansiya məhkəməsində icraat
2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim S.Hüseynov) ## ### 2026cı il tarixli *-*(*-**)-*/**** nömrəli hökmü ilə İsmayılov Coşqun Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, İsmayılov Coşqun Məhərrəm oğlunun cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində saxlandığı ## ####### 2025-ci il tarix, saat 18:45-dən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.
3. Təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *- *(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilməsini və cinayət işi üzrə təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğluna cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CMnin 29, 120.1-ci maddəsinin tərkibinin olmadığını nəzərə almamış, İsmayılov Coşqun Məhərrəm oğlunun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onun sadəcə olaraq həyat yoldaşının kiminlə danışıqlar aparmasını öyrənmək niyyəti olmuşdur. O, məhkəmə baxışı iclasında verdiyi ifadəsində də həyat yoldaşı İsmayılova Mələyi öldürmək niyyətinin olmadığını bildirmiş, yəni Mələyi öldürmək istəsəydi həmin zaman həyətdə kimsənin olmadığından niyyətini başa çatdıra bilərdi. Demək olar ki, məhkəmə təqsirləndirilən şəxsin və onun anasının ibtidai istintaq zamanı verdikləri ifadələrə istinad edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1ci maddələri ilə təqsirli bilərək cəzalandırmışdır. Məhkəmə-tibbi ekspertin ## ####### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, İsmayılova Mələk İntiqam qızının aldığı boyun nahiyəsinin ön, sağ və sol yan səthlərinin sol said nahiyəsinin arxa səthinin, sağ baldır nahiyəsinin ön səthinin qançırları, boyun nahiyəsinin sol yan səthinin, sol said nahiyəsinin arxa səthinin, hər iki dirsək oynağı nahiyəsinin arxa səthinin, hər iki diz oynağı nahiyəsinin ön səthinin və sağ baldır nahiyəsinin ön səthinin sıyrıqları xəsarətləri bərk küt əşyanın təsirindən törənmişdir. M.İsmayılovanın aldığı boyun nahiyəsinin ön, sağ və sol yan səthlərinin qançırları xəsarətlərinin iplə yetirilməsi mümkündür. Həmin xəsarətlərin ## ####### 2025-ci il tarixdə C.M.İsmayılov tərəfindən zor tətbiq edilməsi, əllə və iplə boğulması nəticəsində yetirilməsi ekspert tərəfindən inkar olunmamış, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmur. Ekspertin rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə zor tətbiq olunsa da xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərdir. Belə olan təqdirdə hansı adam öldürməyə cəhddən söhbət gedə bilər. Məhkəmə baxışı iclasında Coşqun İsmayılov məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Mələyi öldürmək fikri olsaydı o bunu başqa alətlərlə də icra edə bilərdi. Bunun ona vaxtı və imkanı da var idi. Babək rayonunun Qahab kəndində ## ####### 2025-ci il tarixdə Məhərrəm İsmayılova məxsus olan həyətdə baş verən hadisə bilavasitə zərərçəkmiş şəxsin əxlaqa uymayan hərəkətləri nəticəsində baş vermişdir. Coşqun İsmayılovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin tərkibi yoxdur. Cinayət işi üzrə təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib hissəsi vardır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq hadisə baş verməmişdən əvvəl təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi çölə ötürdüyünü, ona çıxıb getməsini dediyini, zərərçəkmişin isə uşağını götürmək üçün təkrar qayıdanda hadisənin baş verdiyini, həmin vaxt çıxıb getsəydi, sonra gəlib uşağı götürə biləcəyini bildirərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və azyaşlı övladının olması nəzərə alınaraq onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməsini xahiş etmişdir.
7. Təqsirləndirilən şəxs İsmayılov X2çisinin qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək törətdiyi əməlin cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasıdırsa onun verilməsini, sadəcə olaraq törətdiyi əmələ görə cəzalandırılmasını xahiş etmişdir. Suallara cavabında “öldüyünü düşündüm buraxdım” demədiyini, sadəcə “ağzından köpük gəlirdi, buraxdım” dediyini, zərərçəkmiş şəxsi öldürmək istəsəydi öldürə biləcəyini, ifadəsində “qızım yanıma gəldi deyə buraxdım” dediyini, zərərçəkmişin nəfəs aldığını, ayağa durub birdə yıxıldığını, ifadəsində bunları dediyini, zərəçəkmiş şəxsin izahatlarında “mən özümdə deyildim, ölmüşdüm” dediyini, ancaq izahatlarında ipin ölçüsünü dəqiq dediyini, özündə olmayan adam bunu necə bilə bilər?, onu boğmaq üçün ipi qırdığını, heç kimin həmin hadisə vaxtı o əsəb-stresslə özünü idarə etmək qabiliyyətinin olmadığını, bıçağın əlində olduğunu, o bıçaqla zərərçəkmiş şəxsə heç nə etmədiyini, bıçaqla özünə qəsd etmək istəyəndə, atasının bıçağı alıb həyətə tulladıqlarını, ona aidiyyətinin olmadığını, həmin vaxt zərərçəkmiş şəxsin heç orada olmadığını, atasının sadəcə olaraq zəng edib polisə “qız əxlaqsızlıq edib, gəlin aparın verin ailəsinə, sabah bir hadisə baş verəndə məsuliyyətini biz daşımayaq” dediyini, anasına zəng edəndə zərərçəkmiş şəxsin pilləkəndə oturduğunu, zərərçəkmiş şəxsin ona “dədəmə zəng eləmə” deyərək yalvardığını, əli ilə boğmadan əvvəl iplə boğazını sıxaraq, “boğaram səni, çıx get bu həyətdən” dediyini, bir az boğazını sıxdığını, zərərçəkmiş şəxsin ağzından su gəldiyini, sonra da buraxdığını, zərərçəkmiş şəxsin ayağa durub, onunla söhbət etdiyini, onun getmədiyini, uşağı istədiyini dediyini bildirdi.
8. Dövlət ittihamçısı Hüseynov İbrahim Fətulla oğlu təqsirləndirilən şəxs, müdafiə tərəfi hər hansı istintaq hərəkətinin qanunsuz keçirildiyini, əlavə ekspertiza aparılmasını və ya hər hansı şahidin dindirilməsini mübahisələndirirdisə, bu barədə vaxtında Hərbi Məhkəmədə vəsatətin verilməli olduğunu, qanunun tələbinə görə apellyasiya məhkəməsində üzrsüz səbəbdən verilən vəsatətlərə baxılmadığını, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilk vaxtlarında törətdiyi əməli etiraf edərək arvadını öldürmək məqsədilə əli ilə və iplə boğduğunu, boğduqdan sonra öldüyünə əmin olduqdan sonra buraxdığını, anasının gəlib ürək masajı edərək zərərçəkmişi ayıltdıqdan sonra sonuncunun ölmədiyini görüb mətbəxdən götürdüyü bıçaqla zərərçəkmiş şəxsin üzərinə gedərkən valideynlərinin ona mane olduğu üçün öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədiyini, bu halların aparılmış istintaqla tam sübuta yetirildiyini, cinayət işinin materiallarında olan keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyindən zərərçəkmişdə boğulma zamanı espirator təngənəfəslik mərhələsində qıcolma baş verdiyinin, həmin mərhələdə olan zaman şəxsin oksigen təchizatı bərpa olunduqda sağ qalmasınin mümkün olduğunun göründüyünü, hətta bu zaman şəxsin qeyri-iradi sidik və nəcis ifraz etdiyini, bu halın da şəxsin iradəsindən asılı olmayaraq baş verdiyini, bununda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi boğandan sonra onun, tam huşsuz vəziyyətdə olduğunun demək olduğunu, anası gələrək ürək masajı və ilkin tibbi müdaxilələri etdikdən sonra zərərçəkmiş şəxsin həyata qayıtdığını, qeyd olunan halları və iş üzrə çoxsaylı sübutları nəzərə alaraq təqsirləndirilən şəxsin qəsdən adam öldürməyə cəhd cinayətini törətdiyinin sübuta yetirildiyini, təqsirləndirilən şəxsə verilmiş ittihamın onun adam öldürmək niyyəti ilə əlaqədar olduğunu, onun sağlamlığına vurulmuş xəsarətin verilmiş ittihama və təqsirləndirilən şəxsin əməlinə heç bir aidiyyətinin olmadığını, təqsirləndirilən şəxsin niyyətinin arvadının ona xəyanət etməsini bildiyi andan yarandığını, təqsirləndirilən şəxsin öldürmək məqsədilə deyil, qorxutmaq məqsədilə arvadını boğmasını bildirməsinə gəldikdə isə, ağzından köpük gələnə və huşsuz vəziyyətdə olanadək əli ilə və iplə boğması, öldüyünə əmin olduqdan sonra anasına zəng vuraraq “arvadımı öldürmüşəm” deməsinin onun qorxutmaq məqsədilə arvadını boğmasını tam təkzib etdiyini, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Mələk İsmayılovanın isə istər ibitdai istintaq, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında keçən məhkəmə iclasında təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onunla barışmadığını bildirərək Hərbi Məhkəmənin hökmünün qanuni qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etdiyini, Naxçıvan Hərbi Məhkəməsinin ən aşağı həddə ədalətli cəza təyin etdiyini, əməlin tövsifinin dəyişdirilməsinin və daha aşağı cəza təyin edilməsinin qanunun tələbinə açıq şəkildə zidd olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
9. Maddə 120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
10. Maddə 29. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
11. Maddə 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
12. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
13. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
14. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. (“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli qərarının 2-ci bəndi)
15. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən # ###### 2023-cü il tarixli *(***)-****/**** saylı 3 ulduzlu qərarı) c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
16. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. (Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli Qərarı) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)
18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)
19. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)
20. Hazırkı apellyasiya şikayətində müdafiəçi təqsirləndirilən şəxs İsmayılov Coşqun Məhərrəm oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, Azərbaycan Respublikasının cinayət və cinayət-
21. qanunvericiliyinin tələblərini, yuxarıda qeyd edilən plenum qərarlarında əks olunan prosessual hüquqi mövqeləri araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi üçün əsas deyildir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilmiş İsmayılov Coşqun Məhərrəm oğlunun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsi əlləri ilə boğmuş, sonradan isə məqsədli şəkildə həyətdə paltar asmaq üçün istifadə olunan ipi alışqan vasitəsilə qopararaq zərərçəkmiş şəxsin boynuna keçirib sıxmış, təqsirləndirilən şəxsin bu hərəkətləri zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş ardıcıl və məqsədyönlü davranış olmuşdur. Daha sonra zərərçəkmiş şəxsin huşunu itirməsi, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifraz etməsi və hərəkətsiz vəziyyətdə qalması nəticəsində təqsirləndirilən şəxs onun öldüyünə inanaraq anasına zəng etmiş və "arvadımı öldürmüşəm" məzmunlu məlumat vermişdir (bu həm təqsirləndirilən şəxs, həm də onun anasının ilkin izahat və ifadələri ilə də təsdiq olunur). Bu hal onun həmin anda zərərçəkmiş şəxsi öldürdüyünə əmin olduğunu və niyyətinin məhz onu həyatdan məhrum etməkdən ibarət olduğunu açıq şəkildə göstərir. İş üzrə məhkəmə-tibbi ekspertizasının rəyində müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsdə müşahidə edilən qeyri-iradi sidik ifrazı boğulmanın ekspirator təngnəfəslik mərhələsində baş verən ağır oksigen çatışmazlığının nəticəsidir. Ekspertiza həmçinin göstərmişdir ki, həmin mərhələdə vaxtında tibbi müdaxilə olunduğu halda şəxsin sağ qalması mümkündür. Bu isə onu göstərir ki, zərərçəkmiş şəxsin sağ qalması təqsirləndirilən şəxsin iradəsindən deyil, sonradan göstərilən yardım nəticəsində mümkün olmuşdur.
23. Kollegiya xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxsin anasının hadisə yerinə gələrək zərərçəkmiş şəxsə ürək masajı etməsi, üzünə su vurması və ilkin tibbi yardım göstərməsi nəticəsində zərərçəkmiş şəxsin həyata qayıtması, daha sonra isə təqsirləndirilən şəxsin mətbəxdən bıçaq götürərək yenidən zərərçəkmiş şəxsə hücum etməsi onun cinayəti törətmək niyyətindən dönmədiyini, cinayətin onun iradəsindən asılı olmadan başa çatmadığını təsdiq edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs yalnız valideynlərinin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxsə yaxınlaşa bilməmiş, atası onun qarşısını kəsmiş, anası isə zərərçəkmiş şəxsi hamam otağına apararaq qapını bağlamışdır. Bundan sonra atası polisə məlumat vermiş, polis əməkdaşlarının hadisə yerinə gəlməsi nəticəsində təqsirləndirilən şəxs cinayət əməlini başa çatdıra bilməmişdir. Beləliklə, cinayətin başa çatmaması təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmamışdır.
24. Müdafiəçinin apellyasiya şikayətində göstərdiyi zərərçəkmiş şəxsə zor tətbiq olunsa da xəsarətlərin sağlamlığa zərər vurmayan xəsarətlər olması ilə bağlı dəlili də əsassızdır. Çünki adam öldürməyə cəhd cinayətində hüquqi qiymət yalnız yaranmış xəsarətlərin ağırlığı ilə deyil, təqsirləndirilən şəxsin niyyəti, istifadə etdiyi üsul, hərəkətlərinin xarakteri və cinayətin başa çatmamasının səbəbləri ilə müəyyən edilir. İş üzrə sübutlar təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi boğaraq həyatdan məhrum etməyə yönəlmiş birbaşa qəsdlə hərəkət etdiyini tam təsdiq edir.
25. Kollegiya təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi “öldürmək istəsəydim öldürərdim”, “qorxutmaq istəmişəm”, “özümə xəsarət yetirmək istəyirdim”, “əsəbi olduğum üçün ilk ifadəmdə öldürmək istədiyimi demişəm” məzmunlu izahatlarını da inandırıcı hesab etmir. Həmin izahatlar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla ziddiyyət təşkil edir. Bundan əlavə, məhkəmə-psixoloji ekspertizasının rəyində də təqsirləndirilən şəxsin hadisə barədə özünü müdafiə məqsədilə müəyyən məlumatları təhrif etməyə meyilli olduğu göstərilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ## #### 2024-cü il tarixli *(***)-***/**** saylı 3 ulduzlu qərarında da göstərilmişdir ki, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayətmühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir.
27. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ilkin ifadələrini sonradan dəyişməsini digər mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək bunu özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini, törədilmə üsulunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları tam və hərtərəfli qiymətləndirmiş, ona həmin maddənin sanksiyası çərçivəsində mümkün olan ən aşağı həddə cəza təyin etmişdir. Apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi və ya təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Səxavət Bəylərli