Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-7/2026 07.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1997-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Müdafiə Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ürək-damar cərrahiyyə bölməsinin texniki vəzifəsində, R hərbi rütbəsində xidmət edən, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Hərbi Məhkəməsinin (sədrlik edən S.S.Hüseynov) ## ### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra ləğv edilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ürək-damar cərrahiyyə bölməsinin texniki vəzifəsində, R hərbi rütbəsində xidmətdə olan zaman üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ürək-damar cərrahiyyə bölməsinin texniki vəzifəsində, R hərbi rütbəsində xidmət edərkən, ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək 35 (otuz beş) gün müddətinə məzuniyyətə buraxılmış, ## ###### 2026-cı il tarixdə saat 08:30-da məzuniyyətdən xidmət yerinə qayıtmalı olduğu halda gəlməmiş və yalnız ## ##### 2026-cı il tarixdə saat 15:30-da xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməklə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq müəyyən edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmündə göstərilənləri qeyd edərək şikayətində göstərmişdir ki, hökmün əməlin tövsifi hissəsini mübahisələndirilməsələrdə, təyin edilmiş cəza ilə bağlı hissəsini qanuni, əsaslı və ədalətli hesab etmir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini tam etiraf etmiş, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. Bu baxımdan da, qənaətə gəlmək olur ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Lakin birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini tam həcmdə nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsdir. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ictimai qaydalara zidd həyat tərzi sürməmişdir. Bundan əlavə, onun ailə vəziyyəti son dərəcə ağırdır. Belə ki, Təqsirləndirilən şəxs atası vəfat etdiyindən ailənin bütün maddi və mənəvi yükü onun üzərinə düşmüşdür. Hazırda səhhətində problemləri olan anasının qayğısına qalacaq, onun gündəlik tələbatlarını və müalicə xərclərini qarşılayacaq başqa şəxs mövcud deyildir. Məhkumun azadlıqdan məhrum edilməsi faktiki olaraq səhhətində problemləri olan anasının himayəsiz qalmasına və ailənin ağır sosial vəziyyətə düşməsinə səbəb olmuşdur. Qeyd edilməlidir ki, cəzanın məqsədi şəxsi cəmiyyətdən təcrid etmək deyil, onun islah olunmasına nail olmaqdır. Iş materiallarında mövcud olan məlumatlar göstərir ki, məhkumun islah olunması üçün onun real olaraq azadlıqdan məhrum edilməsi zəruri deyildir. Əksinə, onun 1 ailə üzvlərinin, xüsusilə də səhhətində problemləri olan anasının yanında qalması həm ailə mənafelərinin, həm də sosial ədalət prinsipinin qorunmasına xidmət edər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq müəyyən edilməsi daha ədalətli, humanist və məqsədəmüvafiqdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsi nəticəsində cəzanın ağırlığı təkcə məhkumun özünə deyil, onun himayəsində olan anasına da təsir göstərəcəkdir. Məhkəmə kollegiyasından xahiş olunur ki, cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq, məhkumun ailə vəziyyətini, atasını itirməsini, anasının sağlamlıq vəziyyətini və ailənin yeganə təminatçısı olmasını nəzərə alınsın. Bundan əlavə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs gəncdir, ilk dəfə cinayət törətmişdir, törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir, həmçinin ailəsində yalnız, ailə başçısını itirmiş və səhhətində problemləri olan anası vardır. Həmçinin qeyd edir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlindən peşman olmasını, əvvəllər məsuliyyətə cəlb olunmamasını və törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsada, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya şikayətində apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 9, 58 və 70-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli qərarına istinad edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2 ## #### 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair etiraz göndərərək etirazında Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 məhkəmə baxışı iclasında apellyasiya şikayətinin dəlillərinə istinad edərək, Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü üzrə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, bütün bunlara hüquqi qiymət verərək ilk növbədə onu qeyd edir ki, müvafiq qanunvericiliyin tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilməsini kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 333.4-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, yalnız cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs tərəfindən müvafiq cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində də işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, yalnız hökmün cəza hissəsi mübahisələndirilmişdir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədləri qeyd edilmiş, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində isə cəza təyin etmənin meyarları göstərilmişdir. Həmin maddəyə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhz Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddələrinə uyğun olaraq təyin edilmiş cəzanı ədalətli cəza kimi müəyyən edən CM-in 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Onu da qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsinə nail olmaq üçün işin faktiki hallarının da nəzərə alınması zəruridir. Belə hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı olan hallarla yanaşı, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar da aiddir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, yəni CM-in 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmuş hallar, 59.2ci maddəsində isə cəza təyin edən məhkəmənin nəzərə aldığı hallar nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məsuliyyətə cəlb olunmamasını və törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin təmin olunması üçün əsas təşkil etmir. Belə ki, təqsirləndirilən şəxsin ağır sosial vəziyyəti ilə bağlı dəlillər öz təsdiqini tapmır. Eyni zamanda anasının xəstəliyi ilə bağlı dəlillər və digər dəlillər də mülahizə xarakterlidir və cəzanın şərti olaraq tətbiq edilməsinə əsas vermir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, həmçinin də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərindən bəhs edən 41.2-ci maddəsinin tələblərinə əməl etmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq şərti tətbiq edilməsi üçün qanuni və hüquqi əsaslar görmür. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-1)-7/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-7/2026
07.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver