Məhkəmə qərarları › İş №1-1(3-1)-8/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-8/2026

17.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-8/2026 17.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 341.1 və 32.5, 335.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti Açar sözlər: Rüşvət alma, vəzifə səlahiyyətlərini aşma və hərbi qulluqçunun hərbi xidmətdən yayınmasına köməklik etmə ittihamları ilə təqsirləndirilmiş, 8 il 1 ay azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və 2500 manat cərimə cəzası təyin edilmiş, şərti məhkum etməyə dair hissədən apellyasiya protesti verilmiş, protest təmin edilməmiş, hökm dəyişdirilərək vəzifə səlahiyyətlərini aşma maddəsi ittihamdan xaric edilmiş Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov İbrahim Fətulla oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, ## ####### 1993-cü il tarixdə Yardımlı rayonunda doğulmuş, Yardımlı rayonu Urakəran kəndində daimi qeydiyyatda olmaqla, Kəngərli rayonu Qıvraq qəsəbəsi, * nömrəli hərbi şəhərcik, bina 1, ev 21 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali tibbi təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidmət rəisi vəzifəsində, R hərbi rütbəsində xidmət edən, barəsində ##.##.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 341.1 və 32.5, 335.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin tibb xidmət rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən, ## #### 2025-ci il tarixdə hərbi hissənin ideoloji iş və mənəvi psixoloji şöbəsinin rəisi, R şahid8 ilə aralarındakı söhbət zamanı sonuncu ona tanışı şahid9 hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının şəxsi heyətinin xidmət apardığı, Şərur rayonunun Günnüt kəndi istiqamətində döyüş şəraitində yerləşən “71-ci post” adlanan döyüş mövqeyində xidmət edən övladı, əsgər şahid10 ayağındakı ağrılarla bağlı dağlıq ərazidə yerləşən həmin döyüş mövqeyində xidmət etməkdə çətinlik çəkdiyi üçün xidmət yerinin hərbi hissənin ehtiyat bölmələrindən birinə dəyişdirilməsinə kömək edəcəyi təqdirdə ona hörmət edəcəyini, yəni pul verəcəyini bildirdikdə o, təklifi qəbul edərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə şahid9 ## #### 2025-ci il tarixdə 416973********** nömrəli bank kartına köçürmə yolu ilə göndərdiyi 500 (beş yüz) manat məbləğində pulu özü üçün şəxsən, birbaşa rüşvət almış və aldığı rüşvətin müqabilində əsgər M.şahid9 # #### 2025-ci il tarixdə *** nömrəli hərbi hospitalda ambulator müayinə zamanı qoyulmuş “sağ diz oynağının artriti?” diaqnozunu dəqiqləşdirməsi üçün sonuncunu əlavə tibbi müayinələrdən keçirmədən və Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2014-cü il tarixli ** №-li qərarının 12.3.23- 24-cü bəndlərinin tələblərini pozaraq onu hərbi-həkim komissiyasına təqdim etmədən aldığı rüşvətin qarşılığında tamah niyyəti ilə ## #### 2025-ci il tarixdə hərbi hissə komandirinə yazdığı raporta əsgər M.şahid9 hər hansı ciddi xəstəliyi olmadığı halda onun xidmət yerinin yüksək dağlıq şəraitində yerləşməyən hərbi hissənin daimi dislokasiya yerində yerləşən bölmələrin birinə dəyişdirilməsi barədə məlumatlar daxil edərək hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmış və hərbi hissə komandirinin ## ##### 2025-ci il tarixli, *** nömrəli əmri ilə əsgər M.şahid9 xidmət yerinin hərbi hissənin ehtiyatda yerləşən 3-cü motoatıcı taborunun 9-cu bölüyünə dəyişdirilməsinə nail olmaqla hərbi qulluqçunun özünü xəstəliyə vurmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmasına köməklik etmiş, həmçinin hər hansı əmr olmadığı halda M.şahid9 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsində qalmasına şərait yaratmaqla vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və rütbədə xidmətdə olarkən ## ##### 2025-ci il tarixdə sol ayağındakı 1(bir) ədəd yara ilə bağlı N nömrəli hərbi hissəyə - hospitala müayinəyə göndərilmiş, müayinə nəticəsində stasionar və ya ambulator müalicəyə ehtiyac olmadan xidmət etdiyi hərbi hissəyə qaytarılmış şahid10 ilə ##.##.2025-ci il tarixdə saat 1N radələrində hərbi hissənin tibb məntəqəsində aralarındakı söhbət zamanı sonuncu tibb məntəqəsində stasionar müalicəyə qəbul olunmasına kömək edəcəyi təqdirdə ona hörmət edəcəyini, yəni pul verəcəyini dedikdə o, təklifi qəbul edərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə sonuncunun atası şahid9 ## ##### 2025- ci il tarixdə 416973********** nömrəli bank kartına köçürmə yolu ilə göndərdiyi 50 (əlli) manat məbləğində pulu təkrarən birbaşa rüşvət kimi almış və aldığı rüşvətin müqabilində əsgər M.şahid9 “piodermiya” diaqnozu ilə stasionar müalicəyə qəbul edib, sonuncunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin “Daha geniş yayılmış xəstəlik və travmaların müalicəsinin orta müddətlərinin siyahısı” nın təsdiq edilməsi barədə ##.##.2015-ci il tarixli, ** nömrəli əmrinin tələblərini pozaraq ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək əsassız olaraq tibb məntəqəsində saxlamaqla təkrarən hərbi qulluqçunun özünü xəstəliyə vurmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmasına köməklik etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və rütbədə xidmətdə olarkən ## ### 2025-ci il tarixdə saat 16 radələrində vətəndaş şahid9 ilə aralarındakı telefon danışığı zamanı sonuncu övladı, əsgər şahid10 tibb məntəqəsində stasionar müalicəyə qəbul edərək orada saxlayacağı təqdirdə ona hörmət edəcəyini, yəni pul verəcəyini dedikdə o, təklifi qəbul edərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə şahid9 həmin gün 416973********** nömrəli bank kartına köçürmə yolu ilə göndərdiyi 50 (əlli) manat məbləğində pulu təkrarən birbaşa rüşvət kimi almış, aldığı rüşvətin müqabilində əsgər M.şahid9 belindəki ağrılarla bağlı müraciətinə əsasən onu müayinə, müalicə və diaqnostika üçün ll-lll səviyyəli tibb xidmətini həyata keçirən müəssisələrə göndərməli olduğu halda göndərməmiş, “Hərbi hissənin tibb məntəqəsində müalicə-diaqnostika işinin təşkili” haqqında Təlimatda “lumbalgiya” və “vertebrogen lumbalgiya” diaqnozlu xəstələrin hərbi hissənin tibb məntəqəsinin lazeretində müalicəsi nəzərdə tutulmadığına baxmayaraq xəstənin subyektiv şikayətlərinə əsasən “lumbalgiya” və “vertborgen lumbalgiya” diaqnozu ilə stasionar müalicəyə qəbul edib, sonuncunu əsassız olaraq ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək tibb məntəqəsində saxlamaqla təkrarən hərbi qulluqçunun özünü xəstəliyə vurmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmasına köməklik etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)- */**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 341.1 və 32.5, 335.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 335.2-ci maddələri ilə 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi, Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 2500 (iki min beş yüz) manat məbləğndə cərimə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin edilmiş 8 (səkkiz) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunması və barəsində 3 (üç) il sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin başlanğıcının hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində ## ###### 2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməsi hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilməklə, hökmdən CM-in 70-ci maddəsinin tədbiqinə dair müddəaların xaric edilməsini xahiş etmişdir. III. Apellyasiya protestinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya protestinin dəlilləri

4. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, cinayətin törədilmə hallarından görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə tibb xidmət rəisi vəzifəsində xidmət edərkən Nizamnamə və digər normativ hüquqi aktlara əsasən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə şahid9 ## #### 2025-ci il tarixdə bank kartına köçürmə yolu ilə göndərdiyi 500 (beş yüz) manat məbləğində pulu qəbul etdikdən sonra əsgər M.şahid9 əlavə tibbi müayinələrdən keçirmədən və Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2014-cü il tarixli ** №-li qərarının 12.3.23-24-cü bəndlərinin tələblərini pozaraq onu hərbi-həkim komissiyasına təqdim etmədən aldığı rüşvətin qarşılığında ## #### 2025-ci il tarixdə hərbi hissə komandirinə yazdığı raporta əsgər M.şahid9 ciddi xəstəliyi olmadığı halda onun xidmət yerinin yüksək dağlıq şəraitdə yerləşməyən hərbi hissənin daimi dislokasiya yerində yerləşən bölmələrin birinə dəyişdirilməsi barədə həqiqəti əks etdirməyən məlumatlar daxil edərək hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmış və hərbi hissə komandirinin ## ##### 2025-ci il tarixli, *** nömrəli əmri ilə əsgər M.şahid9 xidmət yerinin hərbi hissənin ehtiyatda yerləşən 3-cü motoatıcı taborunun 9-cu bölüyünə dəyişdirilməsinə nail olmaqla hərbi qulluqçunun özünü xəstəliyə vurmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmasına köməklik etmiş, bununla kifayətlənməyərək şahid9 2025-ci ilin aprel ayının 06-da və may ayının 03-də hər dəfə bank kartına köçürmə yolu ilə göndərdiyi 50 (əlli) manat məbləğində pula görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin "Daha geniş yayılmış xəstəlik və travmaların müalicəsinin orta müddətlərinin siyahısı" nın təsdiq edilməsi barədə ##.##.2015-ci il tarixli, ** nömrəli əmrinin tələblərini pozaraq ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək və ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək əsassız olaraq M.şahid9 tibb məntəqəsində saxlamaqla təkrarən hərbi qulluqçunun özünü xəstəliyə vurmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmasına köməklik etmiş, hətta qadağan olunduğu halda onun tibb məntəqəsində smartfon tipli telefon işlətməsinə şərait yaratmış, habelə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində aldığı rüşvətin müqabilində əsgər şahid9 "arzusuna uyğun" xidmət şəraiti yaratmaqla həmin hərəkətlərin digər hərbi qulluqçular, o cümlədən cəmiyyət arasında hərbi xidmət barədə neqativ, mənfi fikirlərin yaranmasına səbəb olmasını bildiyi halda laqeydlik nümayış etdirərək xidmət rəisinə-həkimə yaraşmayan qanunsuz hərəkətlərini davam etdirmiş, əsgər şahid9 özünün maddi ehtiyaclarını ödəmək üçün istifadə etmişdir ki, bu da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli şəxs olduğuna dəlalət edir. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməsi ilə bağlı qeyd edilməlidir ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışının təzahürü kimi çıxış edir. Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayətlər üzrə təqsirləndirildiyi CM-in 311.3.2-ci maddəsi üzrə ixtisaslaşdırılmış əməl ağır cinayət olmaqla həmin maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu səbəbdən məhkəmənin Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hökmdə M.E. Şirinovun komandanlıq tərəfindən müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə N №-li hərbi hissənin tibb xidmət rəisi vəzifəsinə təyin edilmiş, aradan az müddət keçdikdən sonra 2025-ci ilin mart ayından başlayaraq may ayınadək olan qısa müddət ərzində bir neçə cinayət əməli törətmişdir ki, belə olan halda məhkəmə tərəfindən hərbi hissə komandanlığının tam əsassız və açıq-aşkar şəkildə formal verdiyi xidməti xasiyyətnaməni düzgün qiymətləndirilməməsi əsaslı suallar doğurur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs biri ağır cinayət əməli olmaqla bir neçə cinayət törətdiyi halda məhkəmə tərəfindən onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi cəzanın məqsədinə xidmət etməməklə şərti məhkum etmənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olur ki, bu da hərbi hissələrdə hərbi qulluqçular arasında cəzasızlıq sindiromunu formalaşdırmaqla hərbi cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət etmir, əksinə başqa hərbi qulluqçular tərəfindən də oxşar və başqa növ cinayətlərin törədilməsinə zəmin yaratmaqla ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə, hərbi hissələrdə isə hərbi intizama ciddi təsir edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Lakin məhkəmənin Təqsirləndirilən şəxs şərti məhkum etməni tətbiq etməsi həmin normaların tələblərinə zidd olaraq qəbul edilmişdir. b) Apellyasiya protestinə qarşı etirazın dəlilləri

5. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında dövlət ittihamçısı Hüseynov İbrahim Fətulla oğlu apellyasiya protestinin məzmununa uyğun çıxış edərək əlavə olaraq tibb xidmət rəisinin rüşvət almasının hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıtmaqla yanaşı hərbi hissənin iş prinsipinin pozulmasına səbəb olduğunu, həmçinin təqsirləndirilən şəxsin bu cinayət əməllərini 2025-ci ilin mart ayından başlayaraq may ayınadək olan qısa müddət ərzində törətməsinin hərbi hissə komandanlığı tərəfindən formal olaraq verdiyi xidməti xasiyyətnamənin məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinin əsassız olduğunu, habelə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinin, əməlindən səmimi peşman olmasının qətiyyən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməməli olmasını, təqsirləndirilən şəxsin məlum olmayan faktı deyil, açıq-aşkar bilinən faktı ibtidai araşdırma dövründə etiraf etmək məcburiyyətində qaldığından cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilinməzliyini, məhkəmənin təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ictimai təhlükəli şəxs olmaması hallarını hökmdə əsaslandırmadığını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsinin ona Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas olmadığını, təqsirləndirilən şəxsin biri ağır cinayət əməli olmaqla bir neçə cinayət törətdiyi halda məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinin cəzanın məqsədinə xidmət etməməklə yanaşı gələcəkdə hərbi hissələrdə hərbi qulluqçular arasında cəzasızlıq yaratmaqla hərbi cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət etmədiyini, əksinə, başqa hərbi qulluqçular tərəfindən oxşar və başqa növ cinayətlərin törədilməsinə zəmin yaratmaqla ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə, hərbi hissələrdə isə hərbi intizama ciddi təsir edə biləcəyini bildirərək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməklə, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə iclas zalında dərhal həbs edilməsini, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2026-cı il tarixdən hesablanmasını xahiş etmişdir.

7. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məlum hadisəyə kimi R Təqsirləndirilən şəxs tibb xidməti məntəqələrində həkim, rəis kimi xidmət etdiyini, hər hansı bir pozuntu, cinayət əməlinin olmadığını, lakin ## #### 2025-ci il tarixdə N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji şöbəsinin rəisi, R şahid8, həm rütbəcə yuxarı, həm də tabelik münasibətində olan birinin sayəsində məlum hadisənin baş verdiyini, buna görə də Təqsirləndirilən şəxs çox peşman olduğunu, protest verən tərəfin təqsirləndirilən şəxsin ancaq cəzaçəkmə müəssisəsində islah olunmasının mümkünlüyünü düşündüyünü bildirərək Hərbi Məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında ön xətlərdə xidmət etdiyini, N nömrəli hərbi hissəyə yeni təyin edildiyini, N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji şöbəsinin rəisi şahid8 həmin əsgəri müayinə etməyi barədə ona göstəriş verdiyini, onu müayinə etdiyini, rüşvət məsələsi ilə əlaqədar olaraq əsgərin valideyni ilə ümumiyyətlə əlaqə saxlamadığını, ondan hər hansı tələbinin də olmadığını, pul qarşılığında kiməsə nəsə iş görəcəyini bildirmədiyini, sadəcə olaraq əsgər şahid10 səhhətində olan problemlə əlaqədar olaraq ön xətdə xidmət etməsinin uyğun olmadığını qeyd etdiyini, bunu onunla yanaşı başqa 2 əsgərin barəsində də qeyd etdiyini, onun qərarı ilə əsgərin ön xətdə xidmətdən kənarlaşdırılmadığını, bu barədə qərarı hərbi hissə komandirinin verdiyini, hərbi hospitalın rəyi əsasında həmin əsgərin orada saxlanıldığını, kart hesabını əsgərin valideyninə şahid8 verdiyini, bunu həmin şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsində də bildirdiyini, sadəcə olaraq “əziyyət çəkib köməklik edib, gedib yeyib-içsinlər” deyə düşünərək onun kart hesabına pul göndərdiyini qeyd etdiyini, hər hansı pul tələbinin olmadığını, həmçinin əsgər şahid10 smartfon tipli telefon işlətməsindən məlumatının olmadığını, həmin hala şərait yaratmadığını, xidmət illərini, həmin illərdə nöqsanının olmamasını, ön xətlərdə xidmət etməyini, himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının Qazaxıstan Respublikası vətəndaşı olmasını, ondan başqa heç kimlərinin olmamasının nəzərə alınmasını bildirərək Hərbi Məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında pulun onun kart hesabına köçürüldüyünü, lakin həmin pulu tələb etmədiyini, hazırkı əməldən başqa heç vaxt belə bir hala yol vermədiyini, hospitalın rəyinə əsaslanaraq əsgər şahid10 ön xətlərdə xidmət etməsinin məsləhətli olmaması barədə raport yazdığını bildirdi. IV. Tətbiq edilən hüquq və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Konstitusiyası

9. Maddə 125 (VII). Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. b) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

10. Maddə 311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi.

11. Maddə 311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma.

12. Maddə 311.3.2. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

13. Maddə 341.1. Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14. Maddə 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

15. Maddə 335.2. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması eyni əməllər hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

16. Maddə 17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.

17. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)

19. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi)

20. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

21. Maddə 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

22. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri

23. Cinayət əməlinə görə təyin edilən cəzanın, digər məsələlərlə yanaşı, bu əməlin ictimai təhlükəliliyinin xarakterinə və dərəcəsinə uyğun gəlməsini tələb edən ədalət prinsipi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində əks olunan müvafiq normalar vasitəsilə təmin edilir. Bu zaman həmin normalar cinayətlərin məcmusuna görə cəzaların təyini qaydalarını müəyyənləşdirən müddəalarla əlaqəli şəkildə tətbiq olunmalıdır (Cinayət Məcəlləsinin 8, 17 və 66-cı maddələri). Konstitusiya baxımından əhəmiyyətli sayılan bu məqsədə, konkret şəxs tərəfindən cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş və buna görə də birbirindən cinayətin obyekti və predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənən əməllərin cinayətlərin məcmusuna dair qaydalara uyğun olaraq tövsif edilməsi və cəzalandırılması zamanı nail olunur. Əks təqdirdə cinayət qanununun məqsədlərinə və vəzifələrinə, habelə cinayətə görə təyin edilən cəzanın məqsədlərinə zidd olan vəziyyət yarana bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı)

24. Cinayət Məcəlləsinin 17.4-cü maddəsi cinayətlərin məcmusundan ümumi və xüsusi normaların rəqabəti (konkurensiyası) institutunu fərqləndirir. Qeyd edilən maddəyə görə əməl xüsusi norma ilə tamamilə əhatə olunduğu (əməlin qiymətləndirilməsi üçün kifayət etdiyi) hallarda ümumi norma ilə xüsusi norma arasındakı rəqabəti xüsusi normanın xeyrinə həll etməklə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini istisna edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarı) d) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri

25. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CMin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3cü maddəsi ilə tövsif olunmalıdır)... (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı39-cu bənd)

26. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və.s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndi) V. Apellyasiya protestinə baxılması hüdudları

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

28. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

29. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarı)

30. Hazırkı apellyasiya protestinə baxılmasının hüdudları baxımından dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün dəyişdirilməklə, hökmdən CM-in 70-ci maddəsinin tədbiqinə dair müddəaların xaric edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya protesti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda və ya ağırlaşdırdığı halda isə (apellyasiya protestinin dəlillərində göstərilməmişdirsə yekdilliklə) yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları və həmin sübutların məcmusunu yoxlayaraq hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü isə şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirləndirilməsi və həmin maddə üzrə cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə keçməzdən öncə ilk növbədə diqqəti Təqsirləndirilən şəxs törətməkdə ittiham olunduğu əməllərə görə həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci, həm də 341.1-ci maddələri ilə təqsirli bilinməsinin qanuni olub-olmaması məsələsinə cəlb edir. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələyə cinayət qanununda nəzərdə tutulmuş ümumi və xüsusi normaların rəqabəti qaydaları nəzərə alınmaqla qiymət verilməlidir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 39-cu bəndində də izah edilmişdir ki, əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunmalıdır. Plenum bu hüquqi mövqeyini, o cümlədən vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi nümunəsində açıqlamış və belə halda xüsusi normanın tətbiq edilməli olduğunu, əməl üzrə ayrıca vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətinin tövsif edilməməli olduğunu göstərmişdir.

34. Hazırkı işdə Təqsirləndirilən şəxs aldığı pul vəsaitlərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar konkret qanunsuz hərəkətlərin müqabilində verilməsi və qəbul edilməsi ittihamın əsasını təşkil edir. Başqa sözlə, birinci instansiya məhkəməsinin CM-in 341.1-ci maddəsi üzrə təqsirləndirmənin əsasını təşkil edən əməl kimi qiymətləndirdiyi hərəkətlər - hərbi-həkim komissiyasının rəyi olmadan hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi barədə raport təqdim edilməsi, tibbi əsaslar olmadan hərbi qulluqçunun tibb məntəqəsində saxlanılması və bununla xidməti səlahiyyətlərdən qulluq mənafeyinə zidd istifadə edilməsi - ayrıca, rüşvət alma cinayətindən kənar və müstəqil hüquqi nəticəyə malik davranışlar deyil, məhz alınmış rüşvətin müqabilində həyata keçirilmiş qanunsuz hərəkətlərdir. Bu baxımdan Təqsirləndirilən şəxs xidməti səlahiyyətlərindən sui-istifadə etməsi ilə rüşvət alması arasında cinayət-hüquqi baxımdan birbaşa funksional bağlılıq mövcuddur. Şirinov xidməti səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi üçün pul vəsaitlərini qəbul etmişdir. Deməli, CM-in 341.1ci maddəsi ilə tövsifə əsas verən hərəkətlər eyni zamanda CM-in 311-ci maddəsində nəzərdə tutulan “xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə” rüşvət alma əməlinin obyektiv ifadəsidir. Bu səbəbdən həmin hərəkətlərin ayrıca olaraq 341.1ci maddə üzrə ikinci dəfə tövsüf edilməsi eyni əmələ iki dəfə cinayət-hüquqi qiymət verilməsinə gətirib çıxarır. Təbii ki, burada cinayətlərin ideal məcmusundan da söhbət gedə bilməz. Hazırkı işdə ideal məcmu CM-in 335.2-ci maddəsinə münasibətdə mövcuddur.

35. Konstitusiya Məhkəməsinin Plenumu da müxtəlif cinayət-hüquqi normaların eyni əmələ münasibətdə tətbiqi zamanı onların cinayətin obyekti, predmeti, obyektiv və subyektiv cəhətləri baxımından münasibətinin müəyyən edilməsinin zəruriliyini vurğulamış, ümumi və xüsusi normalar arasında rəqabət olduqda xüsusi normanın tətbiq edilməsini CM-in 17.4-cü maddəsinin tələbi kimi izah etmişdir. Məhz bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında da CM-in 17.4-cü maddəsinin tətbiqi zamanı eyni əməlin həm ümumi, həm də xüsusi norma ilə əhatə olunmasının cinayətlərin məcmusu yaratmadığı və xüsusi normanın tətbiq edilməli olduğu qeyd edilmişdir. Həmin hüquqi mövqedə, eyni zamanda, müxtəlif maddələrin tətbiqinin mümkün olduğu hallarda əməllərin bir-birindən cinayətin obyekti, predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənibfərqlənməsinin müəyyən edilməsinin vacibliyi göstərilmişdir. Hazırkı işdə isə CM-in 341.1-ci maddəsi üzrə göstərilən hərəkətlərin hər biri rüşvət alma ittihamının faktiki əsasını təşkil edən qanunsuz hərəkətlərdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 311.3.2-ci maddəsi ilə tam əhatə olunduğu halda onun eyni hərəkətlərə görə CMin 341.1-ci maddəsi ilə də ayrıca təqsirli bilinməsi CM-in 17.4-cü maddəsinin tələblərinə uyğun deyildir.

36. Məhkəmə kollegiyası bununla yanaşı dövlət ittihamçısının apellyasiya protestində CM-in 70-ci maddəsinin tətbiq edilməsinin yolverilməzliyi barədə göstərdiyi dəlillərlə də razılaşmır. Qanunverici CM-in 70-ci maddəsinin tətbiqini yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə cəza təyin edilmiş şəxslərlə məhdudlaşdırmamışdır. Bu normada müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə cinayətin kateqoriyasından asılı ayrıca qadağa nəzərdə tutulmamışdır. Bu baxımdan dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-in 311.3.2-ci maddəsi ilə ağır cinayət törətməsinin özüözlüyündə CM-in 70-ci maddəsinin tətbiqini istisna etməsi barədə dəlili cinayət qanunun tələbindən irəli gəlmir.

37. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən peşman olmasını, habelə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini nəzərə almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması qanunvericilikdə birbaşa CM-in 59.1.4-cü maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi və peşman olması da onun şəxsiyyətinin və cinayətdən sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətli hallardır. Məhkəmə bu halları digər sübutlardan təcrid olunmuş şəkildə deyil, iş üzrə müəyyən edilmiş bütün hallarla birlikdə qiymətləndirmişdir.

38. Məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs qısa müddət ərzində bir neçə cinayət əməli törətməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, bu özü-özlüyündə CM-in 70-ci maddəsinin tətbiqini qadağan edən hüquqi əsas deyildir. Cinayətlərin məcmusu institutunun mövcudluğu şəxsiyyətin cəza çəkmədən islah olunmasının mümkünsüzlüyünü müəyyən etmir. Məhkəmə məcmuya daxil olan hər bir cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətlərin törədilmə üsulunu, şəxsin motiv və məqsədini, onun cinayətdən əvvəlki və sonrakı davranışını və digər fərdi halları birlikdə qiymətləndirməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi də məhz bu meyarları nəzərə alaraq Təqsirləndirilən şəxs real cəza çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gəlmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilinməsi, həmin maddə ilə 2500 manat cərimə cəzasının təyin edilməsi və həmin cəzanın müstəqil icra olunması ilə bağlı müddəalar çıxarılmaqla dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.4, 403.0.2 və 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya protesti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- */**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 341.1 və 32.5, 335.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittihamdan 341.1-ci maddə xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirli bilinməsi, həmin maddə ilə 2500 manat cərimə cəzasına məhkum edilməsi və həmin cəzanın müstəqil icra olunması ilə bağlı müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: İlqar Mirzəyev, Mehman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar