Məhkəmə qərarları › İş №1-1(3-7)-15/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-15/2026

02.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-15/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 329.2.5-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin «13» mart 2026 cı il tarixli, *-*(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim T.Ə.Qənbərov) «13» mart 2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü ilə ## ### 1999-cu il tarixdə Goranboy rayonunun Nizami kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Nizami kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 329.2.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlama müddətinin təyin olunmuş cəza müddətinə daxil edilməklə, cəzasının əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 329.3-cü maddəsi ilə ittiham verilmişdir ki, rəis kimi hərbi xidmət üzrə vəzifələrini yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq edərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Goranboy rayonu Nizami kəndində yerləşən N nömrəli hərbi hissəsinin texniki bölüyünün 2-ci takelaj tağımının 2 ci takelaj manqasının komandiri vəzifəsində, R hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, ##.##.2025-ci il tarixdə saat 09:30 radələrində həmin bölüyün silah təmiri tağımının artilleriya silahları təmiri manqasının sürücü-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs bölüyün qarşısına gələrək şəxsi əşyaları olan çantanı avtomobildən götürüb bölüyün əsgər yataqxanasına aparmasına dair əsgər Namazov İsa Teymur oğluna verdiyi tapşırığı Namazov İsa Teymur oğlunun icra etməsinə mane olduğundan Zərərçəkmiş şəxs özünün şəxsi heyətin arasında nüfuzdan düşdüyünü hesab edib, ##.##.2025-ci il tarixdə saat 08:10 radələrində onu bölüyün paltar qurutma otağına aparıb, ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduqda Zərərçəkmiş şəxs çiyin nahiyəsinə bir yumruq zərbəsi vuraraq hər iki əli ilə arxaya doğru itələmiş, səs-küyə gəlmiş hərbi qulluqçuların ayırmasına, Zərərçəkmiş şəxs artıq ona hər hansı formada zor tətbiq etməməsinə və buna cəhd göstərməməsinə baxmayaraq, daha sərt şəkildə zor tətbiq edərək “cəzalandırmaqla” qisas almaq məqsədi ilə otaqda olan “TVN-12” markalı metal hərbi termosu Zərərçəkmiş şəxs baş nahiyəsinə vurub ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid “sağ gözaltı nahiyənin hematoması, burun əsası və alın nahiyəsinin əzilmişcırılmış yarası ilə müşayiət olunan burun və xəlbir (etmoidal) sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları” xəsarətlərini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq edərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmə əsasən, məhkəmə istintaqında tədqiq olunmuş sübutları nəzərə alan birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər deyil, qəsdən az ağır zərər vurulmuşdur. Buna görə də onun əməli birinci instansiya məhkəməsi tərəfindən CM-nin 329.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri verərək, təqsirləndirilən şəxs şikayətində həbsdən azad olunmasını, müdafiəçi isə şikayətində CM-nin 62-ci maddəsi saxlanılmaqla təyin edilmiş cəzanın hərbi xidmət üzrə məhdudlaşdırma cəzası ilə əvəz edilməsini və ya təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi xidmətə qayıdıb xidmətini davam etdirmək istəyir, özünü təqsirli bilir, əməlindən peşmandır. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə şəxsə daha yüngül cəza təyin etməli olduğu halda bunu etməmişdir. Onun barəsində olan cəzanı yüngülləşdirən halların məcmusu barəsində CM-in 70-ci maddəsinin tətbiqini və ya hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiqini zəruri etsə də, məhkəmə bu halları nəzərə almamışdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs hərbiçidir və xidmətini davam etdirmək istəyir. Barəsində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Odur ki, qeyd olunanlara əsasən CM-nin 62-ci maddəsi saxlanılmaqla təyin edilmiş cəzanın hərbi xidmət üzrə məhdudlaşdırma cəzası ilə əvəz edilməsini və ya təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi, şikayətlərin təmin edilərək təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə etdi, məhkəmə tərəfindən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını, ona görə də, şikayətlərin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs hadisədən dərhal sonra təqsirləndirilən şəxslə barışdığını, apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxsin azadlığa buraxılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, təqsirləndirilən şəxsin əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və ona təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi. Odur ki, şikayətlərin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, şikayətlərdə işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisələndirilmir, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın ağırlığı mübahisə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri ona istinad edilmiş qeyd olunan maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür və bu da birinci instansiya məhkəməsinin onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olduğunu göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eksperti rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddəyə əsasən təyin edilmiş cəzanın növünə və həddinə CM-nin norma və prinsiplərinin tələbləri baxımından qiymət verərək aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 329.2.5-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə həmin maddə ilə CM-in 62-ci maddəsini tətbiq etməklə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə cəza təyin edərkən onun cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış və xidmət yerləri üzrə müsbət xarakterizə olunmasını, ailədə əsas qazanc gətirə bilən şəxsin onun özü olmasını nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi qənaətinə gələrkən düzgün nəticəyə gəlmiş, lakin CM-nin 62-ci maddəsinin tətbiqi ilə təyin edilmiş cəza cinayətin xarakterinə, təqsirkarın şəxsiyyətinə və işin faktiki hallarına, eləcə də cəzanı yüngülləşdirən halların məcmusuna uyğun olmamış, şəxsə həddən artıq ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin ədalətliliyi qiymətləndirilərkən qeyd edilməsi zəruridir ki, o, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmuş, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan başqa təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmiş, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmiş, yaşayış və xidmət yerləri üzrə müsbət xarakterizə olunur və ailədə əsas qazanc gətirə bilən şəxs onun özüdür. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs davranışları, səmimi peşmanlığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də onun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində rolu, cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, həm də apelyasiya instansiya məhkəməsində müəyyən edilən halları müstəsna hal kimi nəzərə almaqla, onun məhkum edildiyi CM-nin 329.2.5-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədə müvafiq hesab edir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edilməlidir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X3 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Yuxarıda sadalanan halları, eləcə də təqsirləndirilən şəxsin gənc olmasını, hərbi qulluqçu olmaqla xidmətini davam etdirmək arzusunda olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olması kimi halları nəzərə alaraq məhkəmə kollegiyası ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyinini məqsədə müvafiq hesab edir. CM-nin 50.1-ci maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən fasiləsiz olaraq hazırkı günədək həbsdə saxlanılır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təyin edilmiş cəza hissəsində dəyişdirilməli, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 175, 397, 398.1.4, 399.1.5, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin «13» mart 2026 cı il tarixli, *-*(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.5ci maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla ona aylıq pul təminatından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlandığı 10 (on) ay 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd gününə bərabər hesablanmaqla ona hazırkı qərarla təyin edilmiş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar