Məhkəmə qərarları › İş №1-1(3-7)-22/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-22/2026

21.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-22/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin «21» may 2026cı il tarixli, *-*(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin «21» may 2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim V.K.Məmmədov) # ###### 1997-ci il tarixdə Gədəbəy rayonunun Şurakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Şahdağ kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni ## ### 2026-cı il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs rəis kimi təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Daşkəsən rayonunda dislokasiya olunmuş 3-cü taborunun 8-ci bölüyünün 1-ci V vəzifəsində, R rütbəsində 8-ci bölüyə məxsus “G-45ç” döyüş mövqeyində mövqe başçısı kimi hərbi xidmətdə olarkən, 2025-ci ilin fevral ayının sonlarında səhər saatlarında döyüş mövqeyinin yataqxanasında istirahət edən həmin bölüyün 1-ci tağımının 1-ci manqasının atıcısı, əsgər zərərçəkmiş şəxs2 yatdığı yerdən qalxmasını bildirmiş, zərərçəkmiş şəxs2 əmri icra edərək yataqdan qalxmasına baxmayaraq onun köynəyindən tutub çarpayının ikinci mərtəbəsindən məcburi şəkildə düşürdərək yerə yıxıb ona qarşı nalayiq ifadə işlədərək növbəsinin vaxtının çatdığını bildirmiş və yerdə zərərçəkmiş şəxs2 baş nahiyəsinin arxasına və boyun nahiyəsinə bir neçə sillə zərbəsi, habelə sağ sağrı nahiyəsinə bir təpik zərbəsi vurmaqla, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə qeyd edilən döyüş mövqeyində mövqe başçısı kimi hərbi xidmətdə olarkən, ## ##### 2025-ci il tarixdə saat 21 radələrində döyüş mövqeyinin yataqxanasına daxil olub həmin vaxt sobada çörək bişirən bölüyün 1-ci tağımının 1-ci manqasının atıcı-sanitarı, əsgər zərərçəkmiş şəxs1 bişirdiyi çörəklərin yağlı olmasını irad tutaraq nalayiq ifadə işlədib onun başının arxa nahiyəsinə bir sillə zərbəsi vurmaqla, rəis kimi təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-nin 329.2.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də, məhkəmə istintaqı zamanı ona CM-nin 329.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əsgər zərərçəkmiş şəxs2 növbəsinin vaxtı çatdığından sonuncuya yerindən qalxmasını bildirmiş, lakin zərərçəkmiş şəxs2 vaxtında qalxmadığından sonuncunu yatdığı çarpayıdan çəkib qaldırmışdır. zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməmişdir, sadəcə olaraq o, əsgərin döyüş növbəsinə vaxtında qalxmadığı üçün Vnə məlumat verməli idi ki, bununla bağlı tədbir görülsün. Bundan başqa o, əsgər zərərçəkmiş şəxs1 yataqxanada çörək bişirdiyini görmüş, bişirdiyi çörəyi bəyəndiyindən zərərçəkmiş şəxs1 başının arxa nahiyəsindən tərif kimi yavaşca vurmuş və sonuncuya “belə bişir” demişdir. zərərçəkmiş şəxs1 bişirdiyi çörəklərin yağlı olmasını irad tutaraq sonuncunu vurmamışdır, sadəcə onun bişirdiyi çörəyi bəyəndiyindən zərərçəkmiş şəxs1 başının arxa nahiyəsindən yavaşca vurmuş və sonuncuya “belə bişir” demişdir. O, şəxsi heyətə qarşı nalayiq ifadə işlətməmiş, xidmətdən kənar heç nə tələb etməmiş, onları balaca qardaşı kimi qorumuşdur. O, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onlara qarşı zor tətbiq etmiş olsa da, hazırda Təqsirləndirilən şəxs şikayətləri yoxdur, təqsirləndirilən şəxsə cəza təyin olunmamasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələrə tənqidi yanaşaraq, həmin ifadələrin zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, həmin ifadələri təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş qeyri-səmimi ifadələr kimi qiymətləndirərək Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin qoyulmasını qanuni və əsaslı hesab edərək onun əməlini ittiham olunduğu CM-nin 329.2.1-ci maddəsi təqsirli bilib azadlıqdan məhrumetmə cəza təyin etmişdir. Hesab edir ki, məhkəmə belə qənaətə gəlməkdə haqlı olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 329.2.1ci maddəsi ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs evlidir, himayəsində iki azyaşlı uşağı var, əvvəllər məhkum olunmamış, ailə vəziyyəti ağırdır, o ailəyə yeganə qazanc gətirən şəxsdir, atası Şaməddin Verdiyev İ-ci Qarabağ uğrunda gedək döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır, əvvəlki xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuş, həmin xasiyyətnaməyə əsasən Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2016-ci ilin aprel ayında təmas xəttində törədilən silahlı təxribatın qarşısının alınmasında fəal iştirak etmişdir, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbləri yoxdur. CM-nin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər. Müdafiəçi əlavə olaraq Təqsirləndirilən şəxs xidmətini davam etdirmək arzusunda olmasını, hal-hazırda özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirərək apellyasiya şikayətinə dəqiqləşmə edib Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tədbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Hərbi Məhkəməsinin «21» may 2026cı il tarixli, *-*(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin «21» may 2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tədbiq edilməsi xahiş olunur. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlayaraq müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən iş materiallarında olan sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 329.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Kollegiya hazırda həmin sübutların yenidən təkrarlanmasına zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 329.2.1ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunmasının mümkünlüyünü yetərincə müzakirə etməmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Müdafiəçinin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs heç bir inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsini istəmirlər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə - onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-nin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini məsələsinə baxaraq, apellyasiya baxışı zamanı özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəlki xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını və həmin xasiyyətnaməyə əsasən Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2016-ci ilin aprel ayında təmas xəttində törədilən silahlı təxribatın qarşısının alınmasında fəal iştirak etməsini, həmçinin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və hazırda törətdiyi əməldən peşman olması ilə əlaqədar törətdiyi cinayətin və özünün ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, hazırda xidmətini davam etdirmək arzusunda olmasını, habelə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və bunları məcmu halında qiymətləndirərək hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real olaraq çəkilməsinin davam etməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və nəticədə onun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. O, cəza çəkmədən və cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Bu nəticəyə gələrkən kollegiya humanizm prinsipindən çıxış edir və hər bir şəxsə cəza təyin edərkən fərdi yanaşılmanı və bu cəzanın onun ailə şəratinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müdddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilməli, sınaq müddəti ərzində onun üzərinə müvafiq vəzifələr qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək onun hazırda hərbi qulluq keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin «21» may 2026-cı il tarixli, *-*(***)- ***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin «21» may 2026-cı il tarixli, *-*(***)-***/**** saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli ## #### 2026-cı ildən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nümunəvi hərbi xidmət keçmək, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hazırda hərbi qulluq keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə yaşayış yeri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar