Məhkəmə qərarları › İş №1-1(3-8)-15/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-15/2026

06.08.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-15/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 335.2ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin *-*(*- **)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ## ##### 2001-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, barəsində ««polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1200 (bir min iki yüz) manat cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilmiş, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış ünvanı üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmiş və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi saxta sənəddən istifadə etməklə sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu iyun və iyul aylarında ali təhsilin bakalavriat səviyyəsinə III ixtisas qrupu üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək qəbul şərtlərinə uyğun bal toplamadığı üçün heç bir təhsil müəssisəsinə qəbul olunmadıqdan sonra istintaqla şəxsiyyəti tam müəyyən edilməmiş Aidə adlı şəxslə əlaqə yaradıb faktiki olaraq heç bir tədris prosesində, o cümlədən semestr və imtahan sessiyalarında iştirak etmədiyi, məqbul və imtahanları, habelə dövlət imtahanını vermədiyi, kurs və diplom işlərini yazmadığı, beləliklə də faktiki olaraq ali təhsil almadığı halda sonuncu tərəfindən təqdim edilməklə guya Ukraniya Respublikasının “Avropa Universiteti”nin Gürcüstan Respublikasında fəaliyyət göstərən filialında bakalavr dərəcəsi üzrə ali təhsil almasına dair B23 seriyalı ****** nömrəli saxta diplomun surətini əldə etməyə nail olmuşdur. Bundan sonra o, ## #### 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmaqla xidmət etmək üçün Müdafiə Nazirliyinin Abşeron rayonu Perekeşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissənin 4-cü radiokəşfiyyat və radiomaneə taborunun 1-ci radiokəşfiyyat və radiomaneə bölüyünün radiomaneə taqımının 2-ci ultraqısadalğalı radiomaneə stansiyasının sürücüelektriki vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətə qəbul olunmuşdur. O, sözügedən vəzifədə müddətli həqiqi hərbi xidmətdə olarkən, əldə etdiyi saxta diplom əsasında Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş ali təhsilli şəxslərin 1 (bir) il müddətli həqiqi hərbi xidmət keçmələrinə dair hüququndan qanunsuz yolla yararlanaraq həmin maddəyə əsasən möhlət hüququ olmayan şəxslər üçün 18 ay həddində müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətin son 6 aylıq müddəti ilə əlaqədar hərbi xidmət vəzifəfələrinin icrasından tamamilə boyun qaçırmaq qərarına gəlmiş, bunun üçün ali təhsilli olması zəruri olduğundan və təsdiqedici sənəd kimi diplomun surəti tələb edildiyindən, tanışı Aidə adlə şəxs vasitəsilə əldə etdiyi diplomun ona qanunsuz verildiyini və buna görə də saxta olduğunu şüurlu surətdə dərk etdiyi və bildiyi halda, 2024-cü ilin may ayında guya «Avropa Universiteti»nin Gürcüstan filialında bakalavr dərəcəsi üzrə ali təhsil almasına dair B23 seriyalı ****** nömrəli saxta diplomun surətini N nömrəli hərbi hissəyə təqdim etmiş, həmin sənəd N nömrəli hərbi hissədə nizami hissə üzrə qeydiyyata alındıqdan sonra o, ali təhsilli hesab edilərək ## #### 2024-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmaqla, bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmiş və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi saxta sənəddən istifadə edib sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmışdır. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin *-*(*-**)- **/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilərək cəzanın yüngülləşdirilməsi, barəsində 500 (beş yüz) manat məbləğində cərimə cəzasının müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək təqsirli bilindiyi maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 ərizəni müdafiə edərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 çıxış edərək hazırkı cinayət işi üzrə törədilmiş cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 320.2 və 335.2-ci maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 335.2-ci maddələri təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 335.1-ci maddəsinə əsasən hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması —bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 335.2-ci maddəsinə əsasən eyni əməllər hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə törədildikdə —iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. İş materiallarının tədqiqi nəticəsində müəyyən olunur ki, təqsirləndirilən şəxs böyük ictimai təhlükəli törətməyən cinayət kateqoriyasına aid hüquqa zidd əməllərdən birini 2024-cu ilin may ayında, ikincini isə ## #### 2024-cü ildə törədilmişdir. Göründüyü kimi göstərilən əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti (2 ildən artıq müddət) keçmişdir. Həmçinin, təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə icraat zamanı müdafiə tərəfinin razılığı ilə yazılı ərizə verərək özünü cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 398.1.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 335.2-ci maddələri təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işi materiallarında saxlanılan B23 seriyalı ****** nömrəli diplomun və apostilin surətləri, rus dilində tərcüməsinin və gürcü dilində tərtib edilən notarial təsdiqinin, notarius Məmmədov İlqar Aydın oğlunun təsdiqi ilə azərbaycan dilinə tərcüməsi iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X2 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar