Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1-1(3-9)-12/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs İbrahimov Vəlyəddin Elçin oğlunun, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İbrahimov Vəlyəddin Elçin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü (hakim İsmayılov Roman İsmayıl oğlunun sədrliyi) ilə ## #### 2007-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tank əleyhinə idarəolunan raket kompleksləri batareyasının 2-ci tank əleyhinə idarəolunan raket kompleksleri taqımının 5-ci tank əleyhinə idarəolunan raket kompleksləri manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində İbrahimov Vəlyəddin Elçin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 500 (beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, onun barəsində hər hansı qətimkan tədbiri seçilməməsinin nəzərə alınması, hökmün icrasının onun yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutun taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə İbrahimov Vəlyəddin Elçin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunun Qarıqışlaq kəndinin ərazisində dislokasiya olunmuş N nömrəl hərbi hissəsinin tank əleyhinə idarəolunan raket kompleksləri batareyasının 2-ci tank əleyhinə idarəolunan raket kompleksləri tağımının 5-ci tank əleyhinə idarəolunan raket kompleksləri manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, ## ###### 2025-ci il tarixdə saat 07 radələrində xidmət etdiyi taqımın əsgər yataqxanasının giriş qapısını zərblə örtməsi səbəbindən orada həmin taqımın 6-cı tank əleyhinə idarəolunan raket kompleksləri manqasının pulemyotçusu vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində bir-birilərinin ünvanına nalayiq ifadələr işlədib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 2, 5, 38 və 138-ci, habelə “İntizam Nizamnaməsi”nin 1 və 3-cü maddələrinin “Hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozaraq, sağ əlində olan təraş üçün nəzərdə tutulmuş köpük qabının arxa hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə bir zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Sol gözaltı nahiyənin sıyrılmış yarası, hematoması” ilə müşayiət olunan bədən xəsarəti yetirmişdir. Daha sonra o, aralarında yaranmış mübahisəni yataqxananın daxilində yerləşən ayaqyolunda davam etdirərək, orada əsgər Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq ifadə işlətməsindən qəzəblənib sağ əlində olan təraş üçün nəzərdə tutulmuş köpük qabının arxa hissəsi ilə əsgər Zərərçəkmiş şəxs təpə nahiyəsinə bir zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Təpə nahiyəsinin çapılmış yarası” ilə müşayiət olunan bədən xəsarəti yetirib, sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı X2 apellyasiya protesti verərək, hökmün dəyişdirilməsini, CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini və İbrahimov Vəlyəddin Elçin oğluna CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza həddində, 4 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə V.E.İbrahimovun barəsində CM-in 62-ci maddəsini tətbiq edərək törətmiş olduğu cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları obyektiv qiymətləndirməyib cinayət qanununu normasını düzgün tətbiq etməməklə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz və yüngül cəza təyin etmişdir. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi zərurətinin yaranmasına dair əsasları düzgün göstərməmişdir. Belə ki, məhkəmə V.E.İbrahimovun elan olunmuş ittihamla özünü tam təqsirli bilib əməlini səmimi etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul etsə də, əslində sonuncunun törətmiş olduğu əməli etiraf etməsi qəti olaraq onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Çünki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimov məlum olmayan faktı deyil, açıq-aşkar hamı üçün aydın olan və bilinən faktı ibtidai araşdırma dövründə etiraf etmək məcburiyyətində qalmışdır. Buna dair göstərilir ki, V.E.İbrahimov zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərkən əsgərlər şahid1, şahid2 və digər əsgər yoldaşları da bu hadisəni görüb onları ayırdıqları üçün birbaşa olaraq bu hadisənin şahidləri olmuşlar, eyni zamanda onun törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxs sol gözaltı və təpə nahiyələrindən xəsarətlər almış, həmin xəsarətlər isə vizual olaraq görsənmiş, buna görə də onun etiraf etməkdən başqa çıxış yolu qalmamışdır. Onun etiraf etmək məcburiyyətində qalmasının digər səbəbi isə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, raportlar, zədələnmələrin qeydiyyatı kitabından çıxarış, o cümlədən məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar olmuşdur. V.E.İbrahimovun cəzasını yüngülləşdirmək niyyəti ilə məcbur qalıb törətdiyi cinayəti etiraf etməsi onun şəxsiyyətinin göstəricisi olmaqla, islah yolunda olmayaraq şəxsiyyətinin ictimai təhlükəli olduğuna işarə edir. Həmçinin qeyd edilir ki, CM-in 72.1-ci maddəsinə əsasən, səmimi peşmançılıq yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib, təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması formasında təzahür edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. V.E.İbrahimov özü şəxsən könüllü gəlib dövlət orqanına (hərbi hissə komandanlığına, yaxud özünün birbaşa komandir heyətinə) təqsirini boynuna almadığı, yalnız ondan izahat alınarkən zərərçəkmiş şəxsin bədən xəsarətləri almasının, hadisənin birbaş şahidlərinin olmasının müəyyən edildiyi üçün əməlini etiraf etdiyi, cinayətin üstünün açılmasına isə fəal kömək etmədiyi üçün bu hallar ona şamil edilə bilməz. Bundan başqa, məhkəmə V.E.İbrahimovun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını düzgün olaraq cəzasını yüngülləşdirici hal kimi qiymətləndirmiş, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarını, onun hərbi xidmət yoldaşları arasında nüfuzdan düşməsini nəzərə almayıb məsələyə birtərəfli münasibət göstərməklə bunun müstəsna hal kimi qəbul etməsinin əsaslarını göstərə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi ona CM-in 62-ci maddəsinin təyini üçün əsas hesab edilə bilməz. Çünki, bu məntiqlə yanaşdıqda belə qənaətə gəlmək olar ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışmadığı hallarda ona ağır cəza təyin olunması dolayısı ilə qisas, əvəz çıxmaq anlamına gəlir və ya əksinə, əgər barışıq əldə olunmuşdursa, barəsində cəzanın sosial ədalətin bərpasına xidmət edən məqsədi nəzərə alınmadan cəza təyin edilməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun zərərçəkmiş şəxslə barışıq əldə etməsinin qabardılması subyektiv yanaşma ilə şərtlənmişdir. O da nəzərə alınmalıdır ki, CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət əleyhinə törədilən cinayət əməlinin obyekti təkcə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması ilə məhdudlaşmır, cinayətin digər obyekti kimi hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları da çıxış edir. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi halı cəmiyyətdə normal davranışın təzahürü olduğundan, bununla yanaşı, CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iki obyektə, yəni nizamnamə qaydalarına, habelə şəxsin sağlamlığına qəsd etdiyindən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cinayətin ictimai təhlükəliliyini azaltmır. Həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmiş bütün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə həmin əsasa görə CM-in 62-ci maddəsinin tətbiqi həmin normanın müstəsna əhəmiyyətinin itirilməsinə səbəb ola bilər. Eyni zamanda, məhkəmə cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun ilk dəfə cinayət törətməyə görə təqsirləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Lakin nəzərə almaq lazımdır ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə edilməsi üçün əsas ola bilməz. Xüsusilə qeyd etmək lazımdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun törətdiyi cinayət əməlinə diqqətlə nəzər yetirdikdə müəyyən edilir ki, o, əsgər yataqxanasının giriş qapısını zərblə örtdüyü üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona haqlı iradını bildirmiş, o isə bu iradı mübahisə etmək üçün bəhanəyə çevirmiş və mübahisəni böyütmüş, mübahisə zamanı isə əlindəki təraş üçün nəzərdə tutulmuş metal köpük qabının arxa hissəsi ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə bir zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Sol gözaltı nahiyənin sıyrılmış yarası, hematoması” xəsarətini yetirmiş, əsgər yoldaşları onları ayıraraq Zərərçəkmiş şəxs əl-üzünü yuması və özünə gəlməsi üçün ayaqyoluna aparmış, buna baxmayaraq V.E.İbrahimov cinayət əməlini davam etdirmək üçün ayaqyoluna daxil olmuş və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsini eşidib oraya daxil olduğunu bəhanə edərək yenə də həmin köpük qabının arxa hissəsi ilə Zərərçəkmiş şəxs təpə nahiyəsinə bir zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Təpə nahiyəsinin çapılmış yarası’’ xəsarətini yetirmişdir. Odur ki, V.E.İbrahimovun zərərçəkmiş şəxsin haqlı iradından nəticə çıxarıb üzr istəmək əvəzinə, bu iradı mübahisə səbəbinə çevirməsi, mübahisəni böyüdərək cinayət əməlini törətməsi, həmin cinayəti zərərçəkmiş şəxsə bir zərbə vurub xəsarət yetirməklə kifayətlənməyib, zərərçəkmiş şəxsin ondan aralandıqdan sonra yenidən başqa nahiyəsinə bir zərbə vurub daha bir xəsarət yetirməklə törətməsi onun islaholunmaz bir şəxs olduğunu, gələcəkdə bu qəbildən və hətta bundan da ağır kateqoriyalı cinayətləri yenidən törədə biləcəyi işarəsini verdiyini bir daha nümayiş etdirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun məhkəmə baxışı zamanı özünün səmimi peşmançılığını nümayiş etdirən davranışları və danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına dair məhkəməni inandırmış olduğunu hökmdə göstərsə də, onun konkret olaraq hansı davranışı və danışıq tərzi ilə islah yoluna qədəm qoyduğunu qeyd etməmişdir. Ümumiyyətlə, cinayət törətmiş şəxsin məhkəmədə davranışı və danışıq tərzi ilə onun islah yolunda olmasının müəyyən edilməsi mümkünlüyü subyektiv yanaşmadan irəli gəlməklə sübut kimi qəbul edilməsi yolverilməzdir. Çünki, cinayət törətmiş şəxsin bu kimi davranış və danışıq tərzləri aldadıcı xarakter daşıya bilər ki, belə olduqda həmin hallar sübut kimi qəbul edilə bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət keçməsini yüngülləşdirən hal kimi qiymətləndirərək bu halın onun barəsində CM-in 62-ci maddəsini tətbiqi üçün əsas kimi göstərmişdir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcu olmaqla qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Göründüyü kimi, məhkəmə V.E.İbrahimovun qanunvericiliyə əsasən yerinə yetirdiyi vəzifəsini əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, hətta həmin halı müstəsna hal kimi hesab etmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə hökmündə CM-in 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların məcmusunu sadalayarkən, V.E.İbrahimovun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə olunması təyin etdiyi yüngül cəzaya uyğun gəlmədiyindən, həmin halı qeyd etməmişdir. Nəzərə almaq lazımdır ki, hərbi qulluqçunun nümunəvi xidmət etməsi Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinə əsasən onun vəzifəsidir. Cinayət işinin materiallarından da göründüyü kimi, V.E.İbrahimov nəinki yuxarıda qeyd olunan cinayəti törətmiş, hətta hərbi qulluqçu kimi öz vəzifələrini düzgün icra etmədiyinə, nizam-intizamsız olduğuna görə hərbi hissə komandanlığı tərəfindən də mənfi xarakterizə olunmuşdur. Bundan əlavə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimovun cəmiyyətdən təcrid edilməsini onun özünə və ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi, bu kimi halların cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunması məqsədinə xidmət edə bilməyəcəyi qənaətinə gəldiyini hökmdə qeyd etsə də, V.E.İbrahimov müddətli həqiqi hərbi xidmətdə olduğu üçün onun intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsinin onun ailəsi ilə olan münasibətlərinə hansı mənfi təsir göstərə biləcəyini, ümumiyyətlə bu cəzanın onun ailə münasibətlərinə hansı bağlılığı olduğunu, o, subay olduğundan və ailə başçısı olmamaqla ailəni dolandıran şəxs olmadığından həmin cəzaya məhkum ediləcəyi halda özünü və ailə üzvlərini hansı ciddi məhrumiyyətlərə düçar edə biləcəyini açıqlamamış, ümumiyyətlə bu halların hökmdə qeyd edilməsinin hansı zərurətdən yarandığına dair heç bir izah verməmişdir. Məhkəmə intizam xarakterli hərbi hissədə saxlama cəzasının cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunması məqsədinə xidmət edə bilməyəcəyini göstərsə də, əksinə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsi onun islah edilməsində əsaslı rol oynayacağı və gələcəkdə həm özünün, həm də digər şəxslərin cinayət əməllərinə yol verməyəcəklərinə mühüm töhfə verəcəkdir. Bundan başqa, məhkəmə hökmdə ümumilikdə götürdükdə heç də hər zaman ağır cəzaların təyin edilməsinin həmişə cəzanın məqsədlərinə xidmət etmədiyinin aydın olmasını, cinayət törətmiş şəxsə qarşı humanist münasibət göstərməklə də şəxsin islah olunmasının mümkün olduğunu, yəni sərt, ən ağır və real çəkilməli olan cəzaların təyin edilməsinin həmişə öz islah təsirini göstərmədiyini qeyd etmiş, lakin təcrübədə hans hallara əsasən ağır cəzanın təyin edilməsinin cəzanın məqsədlərinə xidmət etmədiyini, sərt, ən ağır və real çəkilməli olan cəzaların təyin edilməsinin həmişə öz islah təsirini göstərmədiyini, ümumiyyətlə bu nəticəyə gəlməsinə səbəb olan faktları göstərməmişdir. Həmçinin, məhkəmə hökmdə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər” normasını əsas götürərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimova CM-in 62-ci maddəsini tətbiq etməklə, ona ittiham olunduğu CM-in 332.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəza növlərindən daha yüngül cəza növü olan, cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab etdiyini göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin maddənin sanksiyasında həm ağır cəza hesab edilən azadlıqdan məhrum etmə cəzası, həm də həmin cəzaya nisbətən daha yüngül cəza hesab edilən intizam xarakterli hərbi hissədə saxlama cəzasının olması məhz ona görədir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olduqda məhkəmə nisbətən yüngül cəza olan intizam xarakterli hərbi hissədə saxlama cəzasını təyin edə bilsin. Bundan əlavə, məhkəmə cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə aid olan və olmayan cəzasını yüngülləşdirən halları maksimal dərəcədə nəzərə almağa çalışsa da, nədənsə zərərçəkmiş şəxsin xidmətinin gələcək aqibəti barədə maraqlanmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə baş vermiş hadisənin məqsəd və motivinə diqqətlə nəzər salmamış, V.E.İbrahimovun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə cinayəti qərəzli və heç bir əsaslı səbəb olmadan törətməsinə biganə yanaşmış, V.E.İbrahimovun yüksək eqoizm motivlərini nümayiş etdirməsinə, özünü zərərçəkmiş şəxsdən üstün göstərməsinə laqeyd münasibət bəsləməklə əsassız olaraq ona yüngül cəza təyin etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs V.E.İbrahimova layiq olmadığı yüngül cəzanı təyin etməklə xidmətdə olan digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların da (əsgərlər) dolayı yolla gələcəkdə eyni xarakterli cinayət törətmələrinə şərait yarada bilər. Belə ki, V.E.İbrahimovun nizamnamə qaydalarını pozaraq xidmət yoldaşı olan zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməsini bilən digər hərbi qulluqçular V.E.İbrahimovun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin olunduğunu görüb, bu cür hərəkətləri normal hal kimi qəbul etməklə gələcəkdə aralarında narazılıq yarandığı təqdirdə xidmət yoldaşlarına qarşı zor tətbiq etməkdən çəkinməyərək bu qəbildən olan cinayətlər törətməyə meyl göstərəcəklər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrində qeyd olunmuşdur ki, “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, nalayiq hərəkətlər etməməli, hərbi nəzakət, davranış qaydalarına ciddi riayət etməlidir". Bütün bunlar isə gələcəkdə hərbi hüquq qaydasına, hərbi hissənin şəxsi heyətinin daimi döyüş hazırlığının təmin olunması mənafelərinə zərər vurulmasına, o cümlədən hərbi qulluqçuların sağlamlıqlarının təhlükə altına alınmasına, dolayı yolla hərbi hissələrdə nizam-intizamın pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daimi döyüşə hazır vəziyyətdə olmalıdır. Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Hərbi intizam hər bir hərbi qulluqçudan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qulluq etdiyi hərbi hissənin və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərb nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd edilən Nizamnamələrdən göründüyü kimi, yüksək hərbi intizama nail olmaq və bununla da daim döyüşə hazır vəziyyətdə olmaq üçün hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməli, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməlidirlər. V.E.İbrahimov isə hərbi intizamı yüksək səviyyədə qorumalı və yuxarıda qeyd edilən Nizamnamələrin tələblərini yerinə yetirməli olduğu halda, öz şəxsi mənafeyi naminə Nizamnamələrin tələblərini kobud şəkildə pozmaqla, hərbi hissənin intizamının aşağı səviyyəyə düşməsinə səbəb olacaq qanunsuz hərəkətlər etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-ci il tarixli, * saylı qərarının 8-ci bəndinin və CM-in 62-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi, şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar olduqda mümkündür. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Göründüyü kimi, hazırki hökmdə V.E.İbrahimovun əməllərinin hansı meyarlara əsasən ictimai-təhlükəliliyinin azalmasını göstərən əsaslandırma mövcud deyildir. Bundan başqa, o da qeyd edilməlidir ki, cinayət qanunvericiliyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin üç formasını müəyyən etmişdir ki, bunlardan da biri CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsidir. Digər hallarda olduğu kimi həmin halın tətbiqi zamanı da məhkəmə müəyyən edilən müstəsna halları və daha yüngül cəza təyin edilməsinin əsaslarını hökmdə göstərməyə borcludur. Məhkəmə V.E.İbrahimova cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, təsnifatını, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, məhkumun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını, onun şəxsiyyətini, işin vəziyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları lazımı qaydada nəzərə almamış, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə əməl etməmiş, kifayət qədər əsaslar olmadan, habelə hansı halların müstəsna hal hesab edilməsini yekun məhkəmə qərarında göstərmədən CM-in 62-ci maddəsini tətbiq etmişdir. Habelə məhkəmə tərəfindən V.E.İbrahimova cəza təyin edilərkən məhkumun faktiki olaraq hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun hərbi xidmət qaydalarına qəsd etməklə cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmişdir. Qanunun mənasına görə CM-in 62-ci maddəsinə əsasən maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan daha yüngül cəza təyin etmək zərurəti o halda yaranır ki, əməlin tövsif edildiyi maddənin sanksiyasında göstərilən yüngül cəzanın aşağı həddində belə, təyin ediləcək cəzanın işin vəziyyətinə və təqsirkarın şəxsiyyətinə adekvat olmadığı müəyyən edilir. Bu halda məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq məhkuma maddənin sanksiyasında göstərilən cəzadan daha yüngül olan cəzanın təyin edilməsinin zəruri olduğunu müəyyən etdikdə CM-in 62-ci maddəsini tətbiq edərək belə cəza təyin etməyi məqsədəmüvafiq hesab edə bilər. Yəni, iş üzrə elə müstəsna hallar olmalıdır ki, məhkəmə məhkuma qanunda nəzərdə tutulduğundan yüngül cəza təyin olunmasının qaçılmaz olduğu qənaətinə gəlsin. Bir sözlə, məhkəmə təqsirkara aid olan CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə, həmin halların müstəsnalığının nədən ibarət olmasını, özünü nədə biruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmdə belə hallara istinad edə bilməmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, cəzanı yüngülləşdirən halların hökmdə sadəcə sadalanması, onların məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi CM-in 62-ci maddəsinin tətbiqini zəruri etmir. CM-nin 62-ci maddəsinin tətbiqini zəruri edən mühüm əlamət ondan ibarətdir ki, cəzanı yüngülləşdirən hal və yaxud bu cür halların məcmusu törədilmiş cinayətlə əlaqəli olmalı, törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalı və əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, ancaq o halda onların müstəsna xarakterə malik olduğu müəyyən edilməlidir. Hazırkı vəziyyətdə Füzuli Hərbi Məhkəməsinin müvafiq hökmü ilə V.E.İbrahimova ittiham olunduğu maddənin sanksiyası həddində cəza verilməməsi, yəni açıq-aşkar daha yüngül cəzanın verilməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq, apellyasiya protestinin təmin olunmadan, Füzuli Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İbrahimov Vəlyəddin Elçin oğlu müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya protestinin təmin olunmadan, Füzuli Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində yalnız təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Vəlyəddin İbrahimovun əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Vəlyəddin İbrahimovun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid1 və şahid2 ifadələri, məhkəmə-Tibbi Ekspertizasının ## ###### 2026-cı il tarixli ** №-li rəyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarış, habelə işdə оlаn digər sübutlarla Vəlyəddin İbrahimovun Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Vəlyəddin İbrahimovun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Vəlyəddin İbrahimovun Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Vəlyəddin İbrahimovun təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Vəlyəddin İbrahimova istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Vəlyəddin İbrahimovun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 332.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı məhkəmə tərəfindən cəzanı yüngülləşdirən bəzi halların düzgün qiymətləndirilməməsini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamasını qeyd etməklə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə İbrahimov Vəlyəddin Elçin oğluna cəza təyin edərkən onun törətdiyi cinayəti ilk gündən boynuna almasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət keçməsini, özünün davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəməni inandırmasını CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmiş, sonuncunun CM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 500 (beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs İbrahimov Vəlyəddin Elçin oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya protestindən görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İbrahimov Vəlyəddin Elçin oğlunun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinin və əməlindən səmimi peşmançılıq hissi keçirməsinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını mübahisələndirmiş, onun törətdiyi əməlin çoxsaylı şahidlərin müşahidəsi altında baş verdiyini, hadisə nəticəsində zərərçəkmiş şəxsdə görünən xəsarətlərin yarandığını və iş üzrə kifayət qədər sübutlar toplandığını göstərərək, V.E.İbrahimovun əməlini etiraf etməkdən başqa çıxış yolunun qalmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin həmin dəlili ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ və onun nəticələrinə daxilən verdiyi mənəvi qiyməti ifadə edən subyektiv münasibətdir. Bu hal yalnız təqsirin etiraf edilməsində deyil, həmçinin şəxsin cinayət hadisəsinə münasibətində, davranışında, ifadələrinin ardıcıllığında, törətdiyi hərəkətin yanlış olduğunu qəbul etməsində və gələcəkdə belə halların təkrarlanmayacağına yönəlmiş mövqeyində öz əksini tapır. İş materiallarından görünür ki, Vəlyəddin İbrahimov istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, hadisənin baş vermə hallarını inkar etməmiş, törətdiyi əməlin qanunsuz və yolverilməz olduğunu qəbul etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Onun ifadələrində cinayət məsuliyyətindən yayınmağa, hadisənin həqiqi hallarını təhrif etməyə və ya təqsiri digər şəxslərin üzərinə yönəltməyə cəhd göstərməsi müəyyən edilməmişdir. Dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlini etiraf etməsinin yalnız iş üzrə kifayət qədər sübutların mövcudluğu ilə şərtlənməsi barədə mövqeyi isə mülahizə xarakterli olmaqla sonuncunun əməlindən səmimi şəkildə peşman olması faktını inkar etmir. İş üzrə sübutların mövcudluğu və ya cinayət hadisəsinin şahidlər tərəfindən müşahidə olunması özlüyündə şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma qəbul edilərsə, yalnız gizli şəraitdə törədilmiş və sübut edilməsi çətin olan cinayətlər üzrə verilmiş etirafların səmimi hesab edilməsi nəticəsinə gəlinər ki, bu da cinayət qanununun mahiyyəti və cəza təyininin prinsipləri ilə uzlaşmaz. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir ki, bu hal gələcəkdə yenidən cinayət törətməsinin qarşısının alınmasına xidmət edən müsbət amil kimi çıxış edir. Bu da öz növbəsində CM-nin 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Odur ki, birinci instansiya məhkəməsinin Vəlyəddin İbrahimovun əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması düzgün və işin faktiki hallarına uyğun olmuşdur. Bundan başqa, dövlət ittihamçısı protestdə həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alsa da, zərərçəkmiş şəxsin hərbi kollektiv daxilində nüfuzdan düşməsini nəzərə almamış və həmin halları əsassız olaraq müstəsna hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfinin həmin dəlili də əsaslı qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxs İbrahimov Vəlyəddin Elçin oğlunu bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Həmçinin iş materiallarından görünür ki, hadisədən sonra tərəflər arasında yaranmış münaqişə aradan qalxmış, onlar arasında barışıq əldə edilmiş və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ciddi şəkildə cəzalandırılmasında israr etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi cəza təyin edilərkən məhkəmədən yalnız törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini deyil, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətdən sonrakı davranışını, zərərçəkmiş şəxslə münasibətlərinin vəziyyətini, vurulmuş zərərin aradan qaldırılması istiqamətində atılmış addımları və cəzanın məqsədlərinə təsir göstərə bilən digər halları da nəzərə almağı tələb edir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması və ya onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş davranışlar cəzanı yüngülləşdirən hallar sırasında nəzərdə tutulmuşdur və bu halın məhkəmə tərəfindən nəzərə alınması qanunun birbaşa tələbindən irəli gəlir. Zərərçəkmiş şəxslə barışığın əldə olunması, sonuncunun təqsirləndirilən şəxsi bağışlaması və ona qarşı hər hansı tələb irəli sürməməsi də məhz bu kontekstdə təqsirləndirilən şəxsin cinayətdən sonrakı davranışını xarakterizə edən vacib göstəricidir. Kollegiyanın qənaətincə, bu hal öz növbəsində təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətdə peşmanlıq nümayiş etdirməsini, cinayət nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atmasını və cəmiyyət üçün təhlükəlilik səviyyəsinin azaldığını göstərən mühüm amillərdən biridir. Digər tərəfdən, dövlət ittihamçısının zərərçəkmiş şəxsin hərbi qulluqçular arasında nüfuzdan düşməsi barədə dəlili formal mülahizə xarakterli dəlil olmaqla işdə olan hər hansı sübutla təsdiq olunmur. Cinayət təqibi zamanı, eləcə də məhkəmə baxışı gedişində zərərçəkmiş şəxsin hərbi kollektivdə nüfuzunun sarsılması, onun xidmət fəaliyyətinə və ya kollektiv daxilində mövqeyinə mənfi təsir göstərməsi barədə hər hansı mötəbər məlumat əldə edilməmişdir. Dövlət ittihamçısı tərəfindən də həmin xüsusatla bağlı konkret sübutlara istinad olunmamış, bu hal yalnız ehtimal və mülahizə şəklində irəli sürülmüşdür. Halbuki cinayət mühakimə icraatında nəticələr və hüquqi qiymətləndirmə ehtimallara deyil, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara və sübutlara əsaslanmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, barışığın əldə olunması zərərçəkmiş şəxsin pozulmuş hüquq və qanuni mənafelərinin bərpasına xidmət edən əsas vasitələrdən biri olmaqla, zərərçəkmişin mənafelərinin nəzərə alınmaması kimi qiymətləndirilə bilməz. Əksinə, məhkəmənin bu halı nəzərə alması zərərçəkmiş tərəfin hüquqlarının bərpasına yönəlmiş hüquqi mexanizmin tətbiqi kimi qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlaması, ona qarşı hər hansı şikayət və tələbinin olmaması, tərəflər arasında barışığın əldə edilməsi və münaqişənin faktiki olaraq aradan qalxması halları təqsirləndirilən şəxsin şəxsiyyətini və cinayətdən sonrakı davranışını səciyyələndirən mühüm amillər kimi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq nəzərə alınmışdır. Bu halların nəzərə alınması nə cinayət qanununun tələblərinə zidd olmuş, nə də cəzanın fərdiləşdirilməsi prinsiplərinin pozulmasına səbəb olmuşdur. Bundan əlavə, apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi heab etmişdir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun müsbət xarakterizə edilməsi üçün əsas hesab edilə bilməz və həmin halın cəza təyini zamanı nəzərə alınması düzgün olmamışdır. Bununla yanaşı, dövlət ittihamçısı törədilmiş əməlin hallarına istinad edərək Vəlyəddin İbrahimovun islaholunmaz şəxs olması və gələcəkdə daha ağır cinayətlər törədə biləcəyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin qeyd olunan mövqeyi ilə də razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, İbrahimov Vəlyəddin Elçin oğlu əvvəllər məhkum olunmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Vəlyəddin İbrahimovun əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini xarakterizə edən məlumatlardan biri kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən təqsirkar şəxsin şəxsiyyəti, həyat tərzi, davranışı və onu xarakterizə edən digər hallar qiymətləndirilməlidir. Şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, sabit antisosial davranış meyllərinin müəyyən edilməməsi və ilk dəfə cinayət törətməsi məhz onun şəxsiyyətini səciyyələndirən məlumatlar sırasına aiddir və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınması qanunun tələblərinə tam uyğundur. Digər tərəfdən, dövlət ittihamçısının Vəlyəddin İbrahimovun islaholunmaz şəxs olması və gələcəkdə daha ağır cinayətlər törədə biləcəyi barədə qənaəti iş materiallarında olan hər hansı sübutdan irəli gəlmir. Cinayət mühakimə icraatında şəxsin şəxsiyyəti barədə nəticələr ehtimallara, fərziyyələrə və ya gələcəkdə baş verə biləcəyi güman edilən hadisələrə deyil, müəyyən edilmiş konkret faktlara əsaslanmalıdır. İş materiallarında Vəlyəddin İbrahimovun əvvəllər cinayət törətməsi, hüquqazidd davranışa meylli olması, davamlı olaraq ictimai qaydaları pozması və ya onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyini göstərən hər hansı məlumat mövcud deyildir. Kollegiya qeyd edir ki, dövlət ittihamçısı tərəfindən törədilmiş əməlin konkret hallarına geniş şəkildə istinad edilsə də, həmin hallar artıq cinayətin hüquqi tövsifində və ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsində nəzərə alınmışdır. Eyni hallardan çıxış edərək təqsirləndirilən şəxsin gələcəkdə daha ağır cinayətlər törədə biləcəyi nəticəsinə gəlmək isə hüquqi qiymətləndirmədən daha çox ehtimal xarakterli mülahizədir. Bundan başqa, iş materiallarından görünür ki, Vəlyəddin İbrahimov cinayət hadisəsindən sonra öz davranışına tənqidi yanaşmış, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə barışmışdır. Bu hallar onun şəxsiyyətinin mənfi istiqamətdə formalaşmış və ya islaholunmaz olması barədə deyil, əksinə, törətdiyi əmələ münasibətdə tənqidi mövqe nümayiş etdirməsi və islah olunma potensialının mövcudluğu barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin məqsədi şəxsi yalnız törətdiyi əmələ görə məsuliyyətə cəlb etməkdən ibarət olmayıb, eyni zamanda onun islah olunmasına nail olmaqdan ibarətdir. İş üzrə müəyyən edilmiş hallar isə Vəlyəddin İbrahimovun şəxsiyyətinin ittiham tərəfinin iddia etdiyi kimi yüksək ictimai təhlükəliliyə malik və ya islaholunmaz şəxs kimi qiymətləndirilməsinə əsas vermir. Bununla yanaşı, ittiham tərəfi Vəlyəddin İbrahimovun komandanlıq tərəfindən mınfi xarakterizə olunmasına istinad edərək göstərmişdir ki, təqsirləndirilən şəxsə təyin edilmiş yüngül cəza bu hal ilə uzlaşmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən cəza təyin edilərkən məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün halları onların məcmusunda qiymətləndirməlidir. Bu zaman hər hansı bir halın mövcudluğu məhkəməni digər halları nəzərə almaq imkanından məhrum etmir və cəza təyin edilərkən ayrı-ayrı hallar təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarında Vəlyəddin İbrahimovun hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasına dair məlumatın mövcudluğu özlüyündə mübahisə doğurmur. Lakin həmin hal təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən çoxsaylı məlumatlardan yalnız biridir və onun mövcudluğu avtomatik olaraq daha ağır cəzanın təyin edilməsini zəruri etmir. Şübhəsiz ki, hərbi qulluqçudan nizam-intizamlı davranış gözlənilir və bu, onun vəzifəsidir. Lakin məhz bu səbəbdən həmin xüsusatlar təqsirləndirilən şəxsin şəxsiyyətinə dair məlumatlardan biri kimi qiymətləndirilsə də, iş üzrə mövcud olan digər mühüm halları, o cümlədən onun özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun onu bağışlamasını və ona qarşı hər hansı şikayət və tələbinin olmamasını aradan qaldırmır. Bu baxımdan məhkəmə yalnız mənfi xarakterizəedici məlumatlara deyil, eyni zamanda şəxsin cinayətdən sonrakı davranışına, törətdiyi əmələ münasibətinə və islah olunma imkanlarına da qiymət verməlidir. Birinci instansiya məhkəməsi də məhz bu aspektdən çıxış edərək iş üzrə mövcud olan bütün halları məcmu şəkildə qiymətləndirmişdir. Kollegiya hesab edir ki, işdə olan mənfi xasiyyətnamə Vəlyəddin İbrahimovun şəxsiyyətini xarakterizə edən göstəricilərdən biri olsa da, həmin halın mövcudluğu iş üzrə müəyyən edilmiş digər yüngülləşdirici halların əhəmiyyətini aradan qaldırmır və özlüyündə CM-nin 62-ci maddəsinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə kollegiyası ittiham tərəfinin təyin edilmiş cəzanın digər hərbi qulluqçular tərəfindən yanlış nümunə kimi qəbul edilə biləcəyi və gələcəkdə analoji cinayətlərin törədilməsinə şərait yarada biləcəyi barədə dəlili də əsaslı hesab etmir. Belə ki, cinayət qanununa görə cəza hər bir təqsirləndirilən şəxsə münasibətdə fərdiləşdirilmiş qaydada, törədilmiş əməlin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və iş üzrə müəyyən edilmiş digər hallar nəzərə alınmaqla təyin edilir. Cəzanın qanuniliyi və ədalətliliyi konkret işin halları əsasında qiymətləndirilməli, gələcəkdə digər şəxslərin davranışı ilə bağlı ehtimallara əsaslanmamalıdır. Kollegiya hesab edir ki, dövlət ittihamçısının qeyd etdiyi xüsusatlar ehtimal xarakterli mülahizələrdən ibarət olmuşdur. Eyni zamanda, Vəlyəddin İbrahimova təyin edilmiş cəza onu cinayət məsuliyyətindən azad etməmiş, əksinə, törətdiyi əmələ görə məhkum edilməsini və cinayət-hüquqi təsir tədbirinə məruz qalmasını nəzərdə tutmuşdur. Buna görə də, təyin edilmiş cəzanın digər hərbi qulluqçular tərəfindən hüquqazidd davranışlara təşviqedici amil kimi qəbul ediləcəyi barədə nəticə əsaslı sayıla bilməz. Bundan başqa, ittiham tərəfinin mövqeyinə görə, birinci instansiya məhkəməsi tərəfindən Vəlyəddin İbrahimovun müddətli həqiqi hərbi xidmət keçməsi əsassız olaraq onun cəzasını yüngülləşdirən və CM-nin 62-ci maddəsinin tətbiqini şərtləndirən hal kimi qiymətləndirilmişdir. Kollegiya həmin dəlillə də razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən həmin xüsusatın da təqsirləndirilən şəxsin şəxsiyyətini və sosial statusunu xarakterizə edən məlumatlardan biri kimi digər hallar ilə birlikdə qiymətləndirilməsi əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, doğrudan da Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətənin müdafiəsi hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş hallarda vətəndaşlar hərbi xidmət keçirlər. Lakin bu hal özlüyündə məhkəmənin təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə almaq səlahiyyətini aradan qaldırmır. Əks yanaşma qəbul edilərsə, cəza təyin edilərkən şəxsin təhsili, əmək fəaliyyəti, ailə vəziyyəti, ictimai faydalı məşğulluğu və digər fərdiləşdirici xüsusatların da nəzərə alınması mümkünsüz olardı. Halbuki cinayət qanunu məhkəmədən məhz təqsirləndirilən şəxsin şəxsiyyətini bütün əlamətləri ilə birlikdə qiymətləndirməyi tələb edir. Bundan əlavə, CM-nin 62-ci maddəsinin tətbiqi hər hansı bir ayrıca götürülmüş hala deyil, iş üzrə müəyyən edilmiş bütün əhəmiyyətli halların məcmusuna əsaslanır. Birinci instansiya məhkəməsi də yekun qərar qəbul edərkən yalnız Vəlyəddin İbrahimovun hərbi xidmət keçməsini deyil, onun özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun onu bağışlamasını və ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, onun ilk dəfə cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın məqsədlərinə daha yüngül cəza ilə nail olunmasının mümkünlüyünü nəzərə almışdır. Kollegiya xüsusilə vurğulayır ki, ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə, qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə, şərti məhkum etmə institutunu tətbiq etməyə və təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusu məhkəmə kollegiyasında belə qənaət formalaşdırır ki, təqsirləndirilən şəxsə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, qanuni, əsaslı və ədalətli olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Bundan başqa, CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-nin 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, yuxarıda nəzərə alınan cəzanı yüngülləşdirən halların istər təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar baxımından müstəsna hallar kimi qiymətləndirilməsi məqsədəmüvafiq olmuşdur. Kollegiyanın qənaətinə görə müstəsna hallar bir qayda olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı olan elə halları ehtiva edir ki, belə halların nəticəsində cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalır, təqsirkar özünün ən yüksək etimada layiq olduğunu, habelə islah olunduğunu sübut etmiş olur, iştirakçılıqla törədilən cinayətlərdə həmin cinayətin üstünün açılmasına fəal kömək edir və s. Cinayəti törətdikdən sonra təqsirkarın hərəkətlərində müşahidə olunan cəzanı yüngülləşdirən halların məcmusu kollegiyaya belə nəticəyə gəlməyə əsas verir ki, təqsirkar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış, həm də özünün şəxsiyyətinin təhlükəli olmadığını isbat etmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən hallar müstəsnalıq barədə məhkəmə kollegiyasında təsəvvür formalaşmasına kifayət edir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cinayət törətdikdən sonrakı davranışını, onun barəsində olan yüngülləşdirici halları, həmçinin apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi məqsədəmüvafiq olmuşdur. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edən növdə qanuni və ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin ona təyin edilmiş növdə və həddə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Kollegiya, həmçinin onu da vurğulayır ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin prinsip cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətlərini və iş üzrə mövcud olan yüngülləşdirici halları, habelə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cəzanın ədalətlilik və fərdiləşdirilməsi prinsipləri arasında zəruri tarazlığı qorumuşdur. Bu halda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə ona işgəncə vermək və qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu konteksdən çıxış edərək və yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq qanuni və əsaslı hökm çıxarmışdır. Odur ki, apellyasiya protestinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermədiyindən, məhkəmə kollegiyası hökmdən təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini və ona təyin edilmiş cəzanın daha ağır cəza növü ilə əvəz olunmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü isə apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Yaşar Həşimov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1-1(3-9)-12/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-9)-12/2026
22.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver