Məhkəmə qərarları › İş №1(1-8)-10/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-10/2026

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-10/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X1, məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: # ##### 1986-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Yenikənd ərazi Dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhərinin Xəzər Rayonunun Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə təqsirsiz bilinərək ona bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dərhal ləğv edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum CM-in 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək, ona CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 310cu maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmiş, təyin edilmiş 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzası CM-in 68.3-cü maddəsinə əsasən islah işlərinin iki günü, azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, ona CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanmış, ona 2 (iki) il, 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanması nəzərə alınaraq hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il, 6 (altı) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkdiyi müddət ərzində, Məhkum üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhərinin Xəzər Rayonunun Binə Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evi ünvanında yerləşən evindən çıxmamaq, günün qalan hissəsini yaşadığı Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. IŞIN HALLARI: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələri ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 özünü özbaşına olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra Baş Idarəsinin Siyəzən rayon icra və probasiya şöbəsinin vəzifəli şəxsi kimi təqdim etməklə, faktiki nikah münasibətində olduğu həyat yoldaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru şahid1 orada işləməsi ilə əlaqədar olaraq şöbəyə məxsus xidməti maşını idarə etməklə guya həmin şöbədə işləməsi görüntüsü yaratmaqla, barəsində məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin ayağına elektron nəzarət vasitəsini tətbiq edən ədliyyə orqanının vəzifəli şəxsi kimi təqdim edib özünü həqiqətən ədliyyə orqanlarının işçisi olduğuna inandırdıqdan sonra, III qrup əlilliyi ilə əlaqədar olaraq müavinət alan zərərçəkmiş şəxs2 öz adına bankdan kredit götürüb ona verəcəyi halda, ədliyyə orqanlarının işçisi olduğu üçün rəsmi olaraq maaş aldığına görə həmin aylıq krediti onun adından vaxtı-vaxtında banka ödəyəcəyinə inandıraraq, 2020-ci ilin mart ayının 13-də sonuncunun adına “xxxx” ASC-nin Siyəzən rayon filialından 60 ay müddətinə, illik 27,84 faizlə 1700 (bir min yeddi yüz) manat pulun zərərçəkmiş şəxs2 tərəfindən götürülməsinə nail olmuş və həmin pulu elə bankdan çıxan kimi zərərçəkmiş şəxs2 tam olaraq alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş, əldə etdiyi bu pula görə aylıq kredit ödənişini tam olaraq ödəməmiş, zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına, əlilliyə görə ona təyin edilmiş müavinətdən bank tərəfindən aylıq olaraq kredit ödənişinin çıxılmasına, sonuncunun əmlak vəziyyətinin pisləşməsinə və maddi ziyan vurulmasına səbəb olan hərəkətlər etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, Məhkum 2022-ci ilin oktyabr ayında “Instagram” sosial şəbəkəsində tanış olduğu Siyəzən şəhər sakini zərərçəkmiş şəxs1 özbaşına özünü ədliyyə orqanlarında (Siyəzən rayon icra və probasiya, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbələrində, məhkəmədə) işləyən vəzifəli şəxs qismində təqdim edib ona faktiki nikah münasibətində olduğu həyat yoldaşına məxsus ədliyyə orqanlarının geyim formasını göstərməklə guya rəsmi olaraq ədliyyə işçisi olduğuna inandırıb, onunla nikaha daxil olmaq istədiyini bildirib, ailə quracağına dair vəd verib onun etibarını qazandıqdan sonra vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu və özgə əmlakını ələ keçirmək məqsədi ilə guya işlədiyi ədliyyə orqanlarında və Ədliyyə Nazirliyində daha yüksək vəzifəyə təyin edilməsi üçün ona pul lazım olduğunu bildirib, yüksək vəzifəyə təyin ediləcəyi halda daha yüksək maaş alacağını, gələcəkdə ər arvad kimi yaxşı dolanışıqları üçün bunun vacib olduğunu qeyd edib, özünə məxsus “xxxx” ASC-yə aid olan adi debet, yəni hesab kartını guya ədliyyə orqanlarında işlədiyi işinə görə aldığı maaş kartı kimi təqdim edərək verəcəyi pulun əvəzində aylıq həmin kartdan pulu çıxara biləcəyinə inandırıb 2022-ci ilin oktyabr ayından dekabr ayınadək hissə-hissə olmaqla zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat pulunu ələ keçirməklə dələduzluq etmiş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin pozulmasına, əmlak vəziyyətinin pisləşməsinə, sonuncunun ailədə nüfuzuna xələl gətirməsinə səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ## #### 2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, - "Məhkum tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən, zərərçəkmiş şəxs1 Orxanla barışmış, Məhkum qarşı heç bir şikayət və tələbi olmamaqla yanaşı, gələcəkdə də sonuncuya qarşı heç bir iddiası və tələbi olmayacaqdır". Digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən ## ###### 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, - "Məhkum zərərçəkmiş şəxs2 olan borcunu tam ödədiyindən, Nicatın Orxana qarşı heç bir şikayət və tələbi yoxdur". Bundan başqa, Məhkum barəsində ancaq cəzasını yüngülləşdirən hallar mövcuddur və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, apellyasiya məhkəməsində məhkəmə araşdırmaları zamanı bir daha sübuta yetirilmişdir ki, Məhkum ilə zərərçəkmiş şəxslər arasında yalnız borc pul vəsaitinin ödənilməsi ilə bağlı mübahisə mövcud olmuşdur və borc pul vəsaitinin ödənilməsi ilə əlaqədar münasibətlər də qeyri-müəyyən xarakter daşımaqla yanaşı, bu münasibətlər mahiyyətcə mülki xarakterli münasibətlərdir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək, Məhkum ona qarşı cinayət əməlini törətmədiyini, özünü vəzifəli şəxs kimi təqdim etmədiyini və pulu borca verdiyini bildirmişdir. Daha sonra cinayət işi üzrə digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 isə istintaqda yalan ifadə verərək, Məhkum ona qarşı dələduzluq edərək, özünü vəzifəli şəxs kimi təqdim etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut istintaqa təqdim etməmişdir. Əksinə, təqsirləndirilən şəxsdən qisas almaq məqsədi ilə öz atası ilə birləşərək istintaqa yalan məlumatlar vermiş, bəzi sübutları və faktları isə istintaqdan gizlin saxlamışdır. Məhkəmə istintaqı zamanı isə müəyyən olunmuşdur ki, Nicat və atası şahid2 Məhkum və onun ailəsini çoxdan tanımış, qapı qonşuları olaraq evlərinə gedib-gəlmiş, aralarında ailəvi dostluq münasibətləri olmuşdur. zərərçəkmiş şəxs2 ibtidai istintaqı zamanı Məhkumla olan whatsap yazışmaları təqdim etsə də, sonuncunun keçmiş həyat yoldaşı şahid1 ilə olan yazışmaları istintaqa təqdim etməmişdir. Həmin yazışmalar təqsirləndiriən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və həmin yazışmalardan aydın olur ki, zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı şahid1 hədə qorxu gələrək, borcun tərəfindən ödənilmədiyi halda ondan rəhbərliyə şikayət edəcəyini bildirmişdir. Bu o deməkdir ki, zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum yox, onun keçmiş həyat yoldaşı şahid1 vəzifəli şəxs olduğu barədə məlumatı var idi. Əlbəttə, məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də aydın olur ki, zərərçəkmiş şəxs2 hadisədən əvvəl dəfələrlə Məhkum məxsus evinə gəlib getmiş, orada keçirilən qardaşının ad günündə fəal iştirak etmiş, deməli onun Məhkum və ailə üzvlərinin kim olduqları, harada və nə işləmələri, o cümlədən Məhkum vəzifəli şəxs olmadığı barədə məlumatı var idi. Ən əsası zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı bildirmişdir ki, təqsirləndirilən şəxs ona ümumiyyətlə pul qaytarmamış, 1700 manat ziyanı üzrə heç bir ödəniş etməmişdir. Lakin, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 yalanları üzə çıxmış, aralarında olmuş razılığa əsasən təqsirləndirilən şəxsin 2 il 2 ay ərzində hər ay pensiyasından tutulan 53 manatı (ümumilikdə 1378 manat) ona qaytardığını etiraf etmişdir. Müdafiəçi bildirmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin hüquqlarını kobud şəkildə pozmuş, mötəbər və obyektiv sübut olmadan təqsirləndirilən şəxs barəsində qanunsuz cinayət işi başlanılmışdır. Iş materiallarında Məhkum ona istinad olunan cinayət əməlini törətməsini təsdiq edən heç bir sübut növü yoxdur, yəni fotoşəkil, video-çəkilişlər və ya yazışmalar ümumiyyətlə mövcud deyil. Ibtidai istintaq orqanı yalnız zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin yaxın qohumları olan şahidlərin ifadələri ilə kifayətlənmişdir. Əlavə şahidlər, yəni yaxın qohum olmayan şəxslər, məsələn, qonşular, icra və probasiya şöbəsində işləyənlər və ya digər şəxslər dindirilməmişdir. Həmçinin, ibtidai araşdırma zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Əmirsolltan qızı təqsirləndirilən şəxsin tutulmasını istəməmiş, dəfələrlə bu barədə müstəntiqə bildirmiş, lakin onun xahişi nəzərə alınmamışdır. Müstəntiqin hərəkətlərindən narazı qalan zərərçəkmiş şəxs1 Sumqayıt Apellyasiya Məhkəməsinə gələrək, məhkəmə iclasında iştirak etmiş, halbuki o, məhkəməyə çağırılmamışdır. zərərçəkmiş şəxs1 apellyasiya protestinə baxılan zaman təqsirləndirilən şəxsin həbs olunmasını istəmədiyini, ona olan borcun təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də ona qarşı heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Borcun tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş sənəd cinayət işi materiallarına əlavə edilmişdir. Ibtidai istintaq bir tərəfli aparılmış, cinayət işinə yalnız zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş sənədlər əlavə olunmuş, təqdim olunmuş sübutlara düzgün qiymət verilməmişdir. Bundan başqa, üzləşmələr zamanı isə təqsirləndirilən şəxsin xahişi ilə videoçəkilişlər aparılsa da, həmin çəkilişlər cinayət işinə əlavə olunmamış, çünki təqsirləndirilən şəxsin cinayət törətməsi sübuta yetirilmir. Cinayət işi materiallarına telefonun sınması barədə saxta akt əlavə olunmuşdur. Maraqlı fakt odur ki, telefonun sınması barədə məlumat hamıya məhkəmə istintaqı zamanı məlum olur, bu barədə təqsirləndirilən şəxsə bildirilməmişdir. Göründüyü kimi, Siyəzən rayon prokurorluğunun müstəntiqi Səkinə Zeynalova (Hüseyinova) təqsirləndirilən şəxsə qarşı qərəzli olaraq, cinayət işində kobud pozuntulara yol vermişdir. Bununla da o, kifayətlənməmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən dəfələrlə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlər verilmiş, halbuki o məhkəmədən yayınmamış və istintaqa mane olmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının #.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını, məhkum Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının #.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu və ona təyin edilmiş cəzanın yüngülləşdirilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış və qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkum Məhkum qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı, onun cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli hökmü, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar