Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-100/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2025-ci il tarixli qərarından məhkum1 müdafiəçi1 və məhkum2 müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2025-ci il tarixli 1(101)-479/2025 nömrəli (hakimlər: Rüstəmov Elmin Iltizam oğlu (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə ##.##.1976-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona CM-in 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunaraq, 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 182.2.1, 182.2.2-ci maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması, CM-in 66.4-cü maddəsinə əsasən, əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasının əvvəlinin 27 noyabr 2023cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; ## #### 1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək ünvan 2 ünvanında yaşamış məhkum2 Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.4, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunaraq, 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CMin 182.2.1, 182.2.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması, CM-in 66.4-cü maddəsinə əsasən, əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasının əvvəlinin 9 may 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 mülki iddiasının təmin olunması və ümumilikdə 16.231 (on altı min iki yüz otuz bir) manat pulun məhkum1 tutularaq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 ödənilməsi, cinayət işi üzrə DIN-in Maliyyə-Plan Idarəsinin depozitində saxlanılan məhkum1 pul qabından aşkar edilərək götürülmüş 16.000 manat pulun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddianın ödənilməsinə yönəldilməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs məhkum2 vəməhkum edilmiş şəxs məhkum1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ibrahimli Ibrahim Adil oğlu (sədrliyi və məruzəsi ilə), Qəniyev Faiq Əsəd oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) 9 iyul 2025-ci il tarixli 1(103)-1046/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü məhkum2 aid hissədə dəyişdirilmiş, məhkum2 təqsirli bilinib məhkum olunduğu CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində cinayət təqibinə xitam verilmiş, məhkum2 CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunması barədə göstərişlər xaric edilmiş və üzərində hökmlə CM-in 182.2.1, 182.2.2-ci maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm məhkum2 aid qalan hissələrdə, məhkum1 aid hissədə isə bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2025-ci il tarixli qərarından məhkum1 müdafiəçi1 və məhkum2 müdafiəçi5 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya müraciətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2026-cı il tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən və 2 saylı Cəzaçəkmə Müəssisəsindən müvafiq olaraq 10 aprel 2026-cı il və 13 aprel 2026-cı il tarixli müşayiət məktubları ilə daxil olmuş ərizələr ilə məhkum edilmiş şəxslər məhkum2 və məhkum1 ayrı-ayrılıqda məhkəməyə müraciət edərək, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 412.6-cı maddəsinə görə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur. Cinayət-Prosessual Məcəlləsinin 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalı və onların baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2025-ci il tarixli qərarından məhkum1 müdafiəçi1 və məhkum2 müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın və kassasiya şikayətlərinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-100/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-100/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver