Məhkəmə qərarları › İş №1(1-8)-101/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-101/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-101/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi E.M.Quliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Asif Əmrah oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum, ## #### 1984-cü ildə Göyçay rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evində yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə, CM-in 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilərək və hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin onun barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ##.##.2025-ci il tarixdə səhər saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan X adlı Iran Islam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ şəhər” yaşayış kompleksində qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## ######## 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarına daxil olan, 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,448 qram, 0,227 qram, 0,910 qram, 0,767 qram, ümumi çəkisi 3,352 qram olan külli miqdarda narkotik vasitə heroini, iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,145 qram, 0,254 qram, ümumi çəkisi 0,399 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd üzərlərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili metadon təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram olan dərman həblərini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək, Abşeron rayonu, Masazır kəndinə daşımış və üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,254 qramını ##.##.2025-ci il tarixdə saat 18:12-də Abşeron rayonu, Masazır kəndi, Fikrət Əmirov küçəsində tanışı şahid1 20 (iyirmi) manata satmış, ##.##.2025-ci il tarixdə saat 18:43-də radələrində Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evinin qarşısında saxlanılmaqla orada həmin günü saat 18:43-dən 18:53 kimi video çəkilişlə üzəri yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 4 bükümdə ümumi çəkisi 3,352 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə çəkisi 0,145 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd tərkibində metadon təsiredici maddə, ümumi miqdarı 0,080 qram olan dərman həbləri aşkar edilərək götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi E.M.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından müdafiəçi E.M.Quliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 416 və 419-cu maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Məhkum təqsirli bilindiyi ittihama, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclalarında araşdırılmış bir sıra sübutlarla və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.M.Quliyev kassasiya şikayətini ümumi şəkildə belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda apellyasiya instansiyası məhkəməsi onun tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətini əsassız olaraq təmin etməmiş və həmin hökmün qüvvədə saxlanılmasına dair qanunsuz qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirsizliyini sübut edən kifayət qədər sübutların olmasını nəzərə almamış və öz qərarında həmin hallara heç bir hüquqi qiymət verməmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü ona qarşı elan edilmiş ittiham üzrə qismən təqsirli bilmiş və göstərmişdir ki, polis əməkdaşları onun yaşadığı evdə günorta saatlarında axtarış aparmış, lakin ona istinad edilən heç bir narkotik vasitə aşkar etməmiş, evində olan müşahidə qurğusunu isə çıxararaq özləri ilə aparmışlar. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları öz ifadələrində əvvəlcə şahid1 adlı şəxsi, daha sonra isə Məhkum saxladıqlarını və şahid1 verdiyi ifadələr əsasında ona ağır cinayətin törədilməsinə görə ittiham elan olunduğunu bildirmələrinə baxmayaraq ibtidai istintaq zamanı bu şəxslər arasında üzləşdirmə istintaq hərəkəti aparılmamış, şahid1 şahid qismində işə cəlb edilməmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında da sonuncu şahid qismində dindirilməmişdir. Bundan başqa narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə də bağlı hər hansı istintaq hərəkəti aparılmamış, Məhkum və onu saxlayan polis əməkdaşlarına məxsus mobil telefonların anten dairələri yoxlanılmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi E.M.Quliyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum müdafiəçisi E.M.Quliyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı CMin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, nəticə də sonuncu təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müraciət müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş # ###### 2025-ci il tarixli qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.M.Quliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədinin olması bəyan edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi və CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəməyə təqdim olunan bütün sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, araşdırılmış sübutları isə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum narkotik vasitənin, psixotrop maddənin və tərkibində metadon təsiredici maddə olan dərman həblərinin qanunsuz dövriyyəsi ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxarkən həmin sübutların bir qismini yenidən tədqiq etmiş, eyni zamanda müdafiəçi E.M.Quliyevin məhkəmə iclaslarında qaldırdığı vəsatətləri qismən təmin edərək əlavə sübutları da (şahid1 ifadəsinin alınması) əldə edərək tədqiq etmiş və bütün bu sübutların Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda, yəni Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum narkotik vasitənin, psixotrop maddənin və dərman həblərinin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllər üzrə onun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum Məhkum ibtidai araşdırmanın ilkin mərhələsində, ona qarşı heç bir təsir göstərilmədən, müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı, şahid1 həm ibtidai istintaq zamanı, həm də apellyasiya şikayətinə məhkəmə baxışı iclasında verdiyi ifadələri ilə eləcə də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları şahid4, şahid5 və şahid3 ifadələri ilə, şəxsi axtarış və götürmə haqqında ## ###### 2025-ci il tarixli, mobil telefona baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokollarla, bu istintaq hərəkətlərini aparılmasını özündə əks etdirən videogörüntülərlə, məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli *-**- **/***/**** nömrəli və ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## #### 2025-ci il tarixli **** nömrəli rəyləri ilə, habelə bir sıra istintaq hərəkətlərinin aparılmasına dair protokollarda əksini tapmış hallarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Iş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırmalar zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum ##.##.2025-ci il tarixdə səhər saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan X adlı Iran Islam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospeketində yerləşən “Ağ şəhər” yaşayış kompleksində qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## ######## 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarına daxil olan, 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,448 qram, 0,227 qram, 0,910 qram, 0,767 qram, ümumi çəkisi 3,352 qram olan külli miqdarda narkotik vasitə heroini, iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,145 qram, 0,254 qram, ümumi çəkisi 0,399 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd üzərlərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili metadon təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram olan dərman həblərini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək, Abşeron rayonu, Masazır kəndinə daşımış və üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,254 qramını ##.##.2025-ci il tarixdə saat 18:12-də Abşeron rayonu, Masazır kəndi, Fikrət Əmirov küçəsində tanışı şahid1 20 (iyirmi) manata satmış, ##.##.2025-ci il tarixdə saat 18:43-də radələrində Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evinin qarşısında saxlanılmaqla orada həmin günü saat 18:43-dən 18:53 kimi video çəkilişlə üzəri yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 4 bükümdə ümumi çəkisi 3,352 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə çəkisi 0,145 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd tərkibində metadon təsiredici maddə, ümumi miqdarı 0,080 qram olan dərman həbləri aşkar edilərək götürülmüşdür. Müdafiəçi E.M.Quliyev kassasiya şikayətində Məhkum və bir sıra şahidlərin onun lehinə verdikləri ifadələrə istinad edərək hüquqlarını müdafiə etdiyi şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasını iddia etsə də, onun bu iddiaları iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutlarla tam təkzib edilmiş və məhkəmələr Məhkum barəsində yekun məhkəmə aktları qəbul edərkən haqlı olaraq məhz həmin sübutlara əsaslanmış, bununla da hər hansı qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, müdafiəçi E.M.Quliyev hazırkı iş üzrə çıxarılmış ## ###### 2025-ci il tarixli hökmdən verdiyi və kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində də göstərilən eyni dəlillərə əsaslanaraq Məhkum barəsindəki həmin hökmün ləğv edilərək onun haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə öz yekun qərarında bu dəlillərin hamısına əsaslandırmış və inandırıcı cavablar vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq həmin əsaslandırmanın hazırkı qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür və qeyd edir ki, bu əsaslandırma, yəni məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktları üzrə gəldikləri nəticələr ehtimallar deyil, konkret sübutlar üzərində qurulmuş və bu zaman məhkəmələr hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində lazımi qaydada qiymətləndirərək Məhkum ona istinad olunan cinayət əməllərini törətməsinin həmin sübutlarla təsdiq olunmasını hesab etmişlər. Müdafiəçi E.M.Quliyev kassasiya şikayətində bunun əksini, yəni yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutların yol verilməz olması barədə dəlillər irəli sürsə də, bu dəlilləri təsdiq edən mötəbər sübutlar istər onun özü, istərsə də Məhkum tərəfindən məhkəmələrə təqdim olunmamış, kassasiya şikayətində də belə sübutlara istinad edilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür, CPM-in 139.0.6-cı maddəsinin tələbinə görə isə - bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir: Eyni zamanda məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin məhkəmələr tərəfindən onun təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi qiymətləndirilməsində və həmin ifadələrin qəbul olunmuş yekun məhkəmə aktlarının əsasına qoyulmasında da heç bir qanun pozuntusu görmür, çünki məhkumun bu ifadələri CPM-in 126.6-cı maddəsinin tələb etdiyi kimi, iş üzrə qanuni yolla toplanmış və araşdırılmış bütün digər mötəbər sübutların məcmusu ilə, eyni zamanda şahid1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli hökmü ilə, habelə həmin işə baxılarkən sonuncunun verdiyi ifadələrlə təsdiq olunur. Hazırkı iş üzrə apellyasiya icraatı zamanı şahid1 onda aşkar edilmiş 0,254 qram çəkidə psixotrop maddə olan metamfetamini Anar Ələkbərovun ona təmənnasız verməsini bildirsə də, həm ibtidai araşdırma zamanı, həm də özünün barəsindəki cinayət işi üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclasında həmin psixotrop maddənin ona sonuncu tərəfindən 20 manata satıldığını göstərmişdir. şahid1 müxtəlif vaxtlarda belə ziddiyyətli ifadələr verməsinə baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, Məhkum istər hər hansı məbləğdə pul müqabilində, istərsə də təmənnasız olaraq psixotrop maddəni başqa şəxsə verməsi həmin maddənin onun tərəfindən qanunsuz olaraq yayılmasına, onun üzərindən aşkar edilərək götürülmüş, ayrıayrı hissələrə bölünərək bükümlürdə qablaşdırılmış həm narkotik vasitələri, həm də psixotrop maddəni də məhz satış məqsədilə əldə edilərək saxlanılmasına və daşınmasına dəlalət edir. Məhkəmə kollegiyasının bu, yəni Məhkum məhz CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə qənaəti isə iş üzrə toplanmış və araşdırılmış sübutlarla yanaşı, həmçinin aşağıda göstərilənlərə də əsaslanır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.3-cü maddəsində satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün isə aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə təfsirə uyğun olan müvafiq izah və tövsiyələr həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarın 8 və 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən, Məhkum təqsirli bilindiyi ittihamda göstərilən narkotik vasitələr və psixotrop maddə onun tərəfindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış şəkildə saxlanılmış, psixotrop maddənin bir hissəsini o, başqa şəxsə satmışdır ki, məhkəmə kollegiyasının fikrincə, bütün bu hallar onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına, ondan götürülmüş külli miqdarlarda narkotik vasitələri və psixotrop maddəni isə məhz satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlamasına və daşımasına, nəticə etibarı ilə isə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, cinayət təqibi aparılarkən onun CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və adı çəkilən məhkum olunmuş şəxsin təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən təqsirli bilindiyi cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmiş, belə qiymətləndirmə və sonuncunun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərə maddi hüquq normalarının tətdbiqi, yəni onun əməllərinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi araşdırılmış sübutlarla yanaşı, yuxarıda təsvir edilənlərlə də tam uzlaşır. Məhkəmə kollegiyası hesab edir ki, bütün qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetirilməsi və onun əməllərinin hüquqi tövsifi ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqi, ümumilikdə isə CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini mümkün bilməyən məhkəmə kollegiyası o nəticəyə gəlir ki, məhkumun müdafiəçisi E.M.Quliyevin bu məsələlərlə əlaqədar kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və buna görə bu dəlillər məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin olunmuş həmin cəzaların da yüngülləşdirilməsi, ümumilikdə isə apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib kassasiya şikayətinin təmin olunması haqda məhkum Məhkum müdafiəçisi E.M.Quliyevin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi E.M.Quliyevin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar