Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-102/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1982-ci il tarixdə Kəlbəcər rayonu Lev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Qaraçinar kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim T.Mustafayev) Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Məhkum faktiki olaraq ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan 2 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılması və üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Mahmudov (sədrlik edən), S.Hüseynov və S.Əzizov) apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli *(*-**)-***/**** nömrəli qərarına əsasən məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3-cü bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ## ###### 2024-cü il tarixdə günorta saatlarında işğaldan azad olunmuş Xocalı rayonu Ballıca kəndində yerləşən fərdi yaşayış evində usta kimi təmir işləri görərkən evin həyətyanı sahəsində olan dəmir borunun içərisindən tapdığı TF-**** nömrəli, 7,62 mm kalibirli, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, odlu yivli silah hesab edilən bir ədəd avtomatı qanunsuz olaraq əldə edib əl çantasına yerləşdirməklə həmin evdə gizlədərək iki gün saxlamış, sonradan həmin avtomatı yaşadığı evə gətirmək qərarına gəlmiş və bu məqsədlə ## ###### 2024-cü il tarixdə saat 18 radələrində avtomatı yerləşdirdiyi əl çantasını özü ilə götürərək Xankəndi-Ağdam avtomobil yolunun Xocalı rayonu Ballıca kəndi ərazisindən keçən hissəsində dayanmış, həmin vaxt Goranboy rayonu istiqamətində hərəkətdə olan, əvvəllər tanımadığı şahid3 idarə etdiyi “Ford Transit” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əl edib saxladaraq onu da aparmasını xahiş etmiş, şahid3 onun çantasında silah olmasını bilmədən aparmağa razılıq verdikdən sonra o, əl çantasını avtomobilin yük yerinə yerləşdirib özü isə sərnişin oturacağında əyləşməklə qeyd olunan odlu silahı qanunsuz olaraq daşıyaraq yaşadığı Goranboy rayonu Qaraçinar kəndində yerləşən fərdi yaşayış evinə gətirən zaman həmin gün saat 20:30 radələrində Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə baxış keçirilərkən avtomobilin yük yerindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd odlu yivli silah hesab edilən avtomat aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, onun himayəsində iki yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirən şəxsidir, əvvəllər məhkum olunmamışdır. Şikayət müəllifi qeyd edilən cəzanı yüngülləşdirən halların nəzərə alınaraq, məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirdiyindən, faktiki olaraq mübahisələndirilən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən göründüyü kimi o, törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi məsələlərini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı bütün ifadələrində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Məhkum ifadəsi və ittihamı təsdiq edən digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, təqsirlilik və əməlin tövsifi ilə bağlı hissədə hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum Məhkum təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkumun ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmamış və belə qənaətə gəlmişdir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, avtomat tipli odlu silah yüksək təhlükə mənbəyi olmaqla, onun qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ictimai təhlükəsizliyə ciddi təhdid yaradır. Belə silahların qanunsuz saxlanılması insanların həyat və sağlamlığına zərər vurulması riskini artıra, ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün real şərait yarada bilər, cəmiyyətdə sabitliyin pozulmasına səbəb ola bilər. Bu səbəbdən belə əməli törətmiş şəxslərə yalnız ədalətli və kifayət qədər ciddi cəzanın təyin olunması onların islah olunmasına, yeni cinayətlərin qarşısının alınmasına, cəmiyyətdə qanuna hörmət ruhunun möhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar kimi əməlini etiraf edərək peşman olmasından, himayəsində beş uşağının olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib məhkuma təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə və cəzanın hesablanmasına dair CM-in müvafiq olaraq 41.2, 58, 59, 61, 69.3-cü maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində göstərilən halları məhkumun cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi CM-in yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ######## tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-102/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-102/2026
17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver