Məhkəmə qərarları › İş №1(1-8)-107/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-107/2026

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-107/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Nümayəndə – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili nümayəndə2 oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli 1(100)-21/2025 (hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Imanov Dadaş Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə # #### 1987-ci il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin tutulduğu 30.05.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi, mülki cavabdeh X5 dəymiş maddi ziyanın əvəzi olaraq 84074 (səksən dörd min yetmiş dörd) manat, 500 (beş yüz) manat sərbəst auditor xərci və 343 (üç yüz qırx üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 84917 (səksən dörd min doqquz yüz on yeddi) manat pulun tutularaq mülki iddiaçı “xxxx” ASC-yə ödənilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) 28 noyabr 2025-ci il tarixli 1(104)-302/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 23.02.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla x rayonu üzrə satış nöqtəsinin satıcı-anbardarı vəzifəsinə təyin edilib həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsi və terminalın təhkim əmrinə əsasən ona etibar edilmiş malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsi, sifarişlərin vaxtlı-vaxtında toplanması və təhvil verilməsi, malmaterialların saxlanılmasının təmin edilməsi, malların və satışdan əldə olunmuş vəsaitin qorunub saxlanılması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olan və cinayətdən xəbərsiz şahid10 səlahiyyətlərini faktiki olaraq birbaşa icra edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə x rayon satış nöqtəsinə “xxxx” ASC-də satış təmsilçisi işləmiş cinayətdən xəbərsiz şahid7 və qeyrilərinə müxtəlif adda və sayda kənd təsərrüfatda istifadə edilən gübrə məhsullarını şifahi qaydada sifariş edərək, 13.03.2021ci il tarixli AT**-****** nömrəli, 18.03.2021-ci il tarixli AT**-****** nömrəli, 18.03.2021-ci il tarixli AT**-****** nömrəli, 19.03.2021-ci il tarixli ST**-****** nömrəli, 24.03.2021-ci il tarixli AT-****** nömrəli, 25.03.2021-ci il tarixli AT00-002772, 26.03.2021-ci il tarixli AT00 002799, 29.03.2021ci il tarixli AT**-****** nömrəli,31.03.2021-ci il tarixli AT00-002900, 05.04.2021-ci il tarixli AT**- ****** nömrəli, 06.04.2021-ci il tarixli AT**-****** nömrəli, 08.04.2021-ci il tarixli AT**-****** nömrəli, 08.04.2021-ci il tarixli AT**-****** nömrəli, 09.04.2021-ci il tarixli AT**-****** nömrəli, 12.04.2021-ci il tarixli AT**-****** nömrəli, 13.04.2021-ci il tarixli AT**-****** nömrəli,14.04.2021ci il tarixli AT**-****** nömrəli, 19.04.2021-ci il tarixli AT**-****** nömrəli, 19.04.2021-ci il tarixli AT**-****** nömrəli, 19.04.2021-ci il tarixli AT**-****** nömrəli, 15.05.2021-ci il tarixli AT**-****** nömrəli və 15.05.2021-ci il tarixli AT**-****** nömrəli təhvil-təslim aktları əsasında Cəmiyyətə məxsus “ammofos apatit phosagro”, “ammofos evroxim” “ammonium nitrat evroxim”, 1 kisə “kalium nitrat/kemapco”, “kalium sulfat/ICL Nova”, “kalsium Nitrat/Himdiviziyon”, “karbamid marka B/Socar”, “Nitroammofos/ minudobreniya”, “qarğıdalı toxumu 72may80” və “buğda toxumu 100 R1/kuban zerno” adlı ümumilikdə 182,079.12 kq və 2 kisə gübrə və kənd təsərrüfatı məhsullarını cinayətdən xəbərsiz ASC-nin ayrı-ayrı sürücülərdən x və x rayonlarında qəbul edərək həmin məhsullardan 9,732 kq məhsulu satıb əldə edilən pul vəsaitini şirkətin hesabına ödəsə də, 104,074 (bir yüz dörd min yetmiş dörd) manat dəyərində 172.347,12 kq və 2 kisə gübrə və kənd təsərrüfatı məhsullarının satışından əldə olunan ümumilikdə Cəmiyyətə məxsus 104,074 (yüz dörd min yetmiş dörd) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə “xxxx” ASC-ə məxsus cəmi 104.074 (bir yüz dörd min yetmiş dörd) manat məbləğində pul vəsaitini ələ keçirib vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC ilə dəfələrlə məhkəmə baxışı zamanı barışmağa cəhd göstərmiş, hal-hazırda isə ona dəymiş olan maddi ziyanı ödəməyə hazırdır. Odur ki, qeyd olunanları və ailəli olaraq himayəsində 2 azyaşlı övladının olmasını, səhhətində ciddi problemlərin olaraq cəza çəkdiyi dövr ərzində 2 dəfə cərrahiyyə əməliyyatı keçməsini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarının dəyişdirilərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Məhkum Məhkum kassasiya şikayətinə əlavəni isə onunla əsaslandırmışdır ki, ibtidai istintaq dövründən indiyə kimi özünü əməlində cinayət tərkibi olmadığından heç vaxt dələduzluq cinayətində təqsirli bilməmişdir. “xxxx” ASC ilə aralarında müqavilələr mövcud olmuş, beləliklə də mülki-hüquq münasibətləri mövcud olmuşdur. Həmin şirkətlə aralarında il ərzində 8***** manatlıq gübrə məhsullarının alqı-satqısı həyata keçirilmiş və sonda sadəcə 73000 manatlıq borc yaranmışdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, barəsində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, dəymiş zərərlə bağlı ödəniş etmək istədiyini, hələ razılığa gəlmədiklərini bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə çıxış edərək, məhkumun 2 il ərzində ödəniş etmədiyini, atasının dəymiş zərərə qarşı satmaq üçün mal təklif etdiyini, hər dəfə ödəniş etməyə hazır olduqlarını bildirib, lakin heç bir ödəniş etmədiklərini bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin (bundan sonra “kassasiya şikayəti”) dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun CM-in 178.3.2-ci maddəsi üzrə əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya şikayətində irəli sürülən dəlillər iş materialları və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə müqayisəli şəkildə təhlil edildikdə onların əsassız olduğu aydın görünür. Kassasiya şikayətində göstərilən dəlillər məhkəmələr tərəfindən araşdırılmış sübutların məcmusu ilə təkzib olunur və iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, məhkumun müdafiə mövqeyi əsasən tərəflər arasında mülki-hüquqi münasibətlərin mövcudluğu və borcun yaranmasının təsadüfi xarakter daşıması ilə əsaslandırılsa da, məhkəmələr haqlı olaraq müəyyən etmişdir ki, bu hal onun əməllərində cinayət tərkibinin olmamasına dəlalət etmir. Əksinə, iş üzrə toplanmış sübutlar göstərir ki, təqsirləndirilən şəxs əvvəlcədən formalaşmış niyyətlə özgə əmlakını ələ keçirmə məqsədi güdmüş və bu məqsədlə etibardan sui-istifadə etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və ekspertiza rəylərini qarşılıqlı şəkildə təhlil edərək onların bir-birini tamamladığını və cinayət hadisəsinin baş verməsini, habelə məhkumun həmin əməldə iştirakını tam sübuta yetirdiyini əsaslı şəkildə qeyd etmişdir. Kassasiya şikayətində isə bu sübutların heç biri inandırıcı arqumentlərlə təkzib olunmur, yalnız təqsirləndirilən şəxsin öz mövqeyi təkrar olunur ki, bu da obyektiv həqiqətin müəyyən edilməsi üçün kifayət hesab edilə bilməz. Eyni zamanda, məhkumun tərəflər arasında mülki müqavilə münasibətlərinin mövcud olmasına istinad etməsi də hüquqi baxımdan əsassızdır. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, mülki münasibətlərin mövcudluğu, əgər şəxs əvvəlcədən özgə əmlakını ələ keçirmək niyyəti ilə hərəkət etmişdirsə, onun əməlinin cinayət-hüquqi qiymətləndirilməsini istisna etmir. Iş materialları ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs gübrə məhsullarını realizə etmək adı altında əldə etmiş, lakin satışdan əldə olunan vəsaiti şirkətə ödəməyərək şəxsi ehtiyaclarına sərf etmişdir ki, bu da dələduzluq cinayətinin obyektiv və subyektiv əlamətlərinə tam uyğun gəlir. Bundan başqa, məhkumun digər şəxsin adına formal rəsmiləşdirmələr aparmaqla fəaliyyətini gizlətməyə çalışması, elektron sifariş və qaimələrdən istifadə etməsi onun hərəkətlərinin təsadüfi deyil, məqsədyönlü və planlı xarakter daşıdığını göstərir. Bu hallar isə dələduzluq cinayətinin törədilməsi üçün zəruri olan aldatma və etibardan sui-istifadə üsullarının mövcudluğunu bir daha təsdiq edir. Kassasiya şikayətində qeyd olunan borcun yalnız müəyyən məbləğdə qalması və sonradan ziyanın ödənilməsinə cəhd edilməsi də təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmir. Məhkəmə bu halı artıq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır və bu xüsusat cinayət tərkibinin mövcudluğunu aradan qaldıran əsas kimi qəbul edilə bilməz. Beləliklə, aşağı instansiya məhkəmələri iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, düzgün hüquqi qiymət vermiş və nəticədə əsaslı qərar qəbul etmişlər. Kassasiya şikayətində göstərilən dəlillər isə həmin nəticələri şübhə altına almaq üçün kifayət etmir və formal xarakter daşıyır. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Eyni zamanda, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri də zərərçəkmiş hüquqi şəxsin mövqeyini dolayısı ilə təsdiqləmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, təqsirləndirilən şəxs əvvəlcədən öhdəliyini yerinə yetirmək niyyəti olmadan zərərçəkmiş hüquqi şəxsin etibarından sui-istifadə edərək onun külli miqdarda pul və əmlakını ələ keçirmişdir. Bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkibini tam şəkildə yaradır. Nəticə etibarilə, kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir, iş üzrə sübutların düzgün qiymətləndirilmədiyini göstərmir və qərarın ləğvi üçün əsas vermir. Buna görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətində Məhkum əməlində hər hansı bir cinayət tərkibinin olmadığı, onun barəsində cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməli olduğunu irəli sürməklə, həmçinin yeni faktlardan çıxış edərək kassasiya instansiyası məhkəməsini sübutları yenidən tədqiqi edib, gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum vermiş olduğu kassasiya şikayətində həmçinin təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi, ürək xəstəliyindən əziyyət çəkməsi və hazırda müalicə alması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmişlə barışıq cəhdlərini və səhhəti ilə bağlı halları artıq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bu səbəbdən həmin arqumentlər cəzanın yenidən yüngülləşdirilməsi üçün əsas verə bilməz. Bundan əlavə, məhkəmə cəza təyin edərkən bütün halları düzgün qiymətləndirmiş, ağırlaşdırıcı halların olmadığını nəzərə alaraq qanuni və ədalətli cəza müəyyən etmişdir. Odur ki, şikayətin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2025ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar